header

 Bu nə eşqdir, ilahi!

Bu nə eşqdir, ilahi!

Kənan Rövşənoğlu

Ərbəin səfərinə gedən yoldaşların yazdığını oxuyur, çəkdiyinə baxıb heyrətə düşürəm. Bu nə eşqdir, İlahi, kobud, təkəbbürlü ərəbi ipək kimi yumşaldıb, tanımadığı əcəm yolçularına xidmətçi edib.

 

Hər il milyonlarla insan Ərbəin günlərində Nəcəfdən Kərbəlaya piyada səfər edir. Ötən il Kərbəla şəhər bələdiyyəsi şəhər girişindəki kameralar vasitəsilə yalnız Ərbəin günü şəhərə 13 milyondan bir qədər çox insanın daxil olduğunu açıqlamışdı. Böyük rəqəmdir, dünyada analoqu olmayıb.

 

Bilənlər bilir, Aşuradan az sonra bir qism İraq əhalisi çox pərt və peşman oldular. Başlarına torpaq tökdülər (ərəb leksikonunda ölüm diləmək kimi məna verir, indi də ərəb ölkələri və İranda məhərrəmlikdə üzlərinə palçıq vuranlar var) Kərbəlaya axışıb başlarına, gözlərinə döydülər. Sonra əli silah tutan üsyan qaldırdı, "Təvvabinlər", yəni tövbə edənlər hərəkatı baş verdi. Çox pərt idilər, qürurlarına toxunmuşdu. Həm Həzrət Zeynəbin (ə) o sitəmləri, həm də dəvət etdikləri Peyğəmbər övladına sahib çıxa bilməmələri, çıxmamaları... Cahiliyyə dövründə ərəb üçün qonaq müqəddəs idi. Hətta bir gün ərəb onun çadırına qonan çəyirtkələri tutub yemək istəyən adamlara hücum edib ki, bu çəyirtkələr mənim qonağımdır, amandadırlar, onlara dəyə bilməzsiniz. İndi belə bir adəti olan ərəblər Peyğəmbərin (s) nəvəsi, Həzrət Əlinin (ə) oğlunu dəvət edib sonra yalnız qoymuşdular, peşman idilər... Amma gec idi.

 

Bir ənənə var, Nəcəfdən Kərbəlaya qədər olan məsafəni Ərbəinə az qalmış yola çıxar, piyada gedərək Ərbəin günü Kərbəlaya çatarlar. Bəlkə də o zaman İmam Hüseynin (ə) oğlu və ailə üzvlərinin bu yolu piyada aparılmasını simvolizə edir. İndi də bu yolu hər il insanlar gedir. Artıq İraqda diktatura yoxdur, sərhədlər açıqdır, insanlar dəstə-dəstə bu yolu gedirlər, hətta İrandan gələn bəzi zəvvarlar sərhəddən Kərbəlaya qədər piyada gedirlər. Bu bir növ nəzirdir, özünü fəda etməkdir.

 

Yol boyu ərəblər çadır qurur, samovar asır, süfrə düzəldir, kimin nəyə gücü çatır bu yolu piayada gedən zəvvarla xidmət edir. Hətta yorulan zəvvaraın ayağını masaj edən, ayaqqabısını təmizləyənlər də var. Hər kəs qapısını açır, zəvvarları evinə dəvət edir. Ayrı vaxt, səni bəlkə də qapısına buraxmayacaq olan ərəb "İmam Hüseyn (ə) qonağıdır", deyib yolda gedənlərə xidmət edir. Şahidlər deyir ki, yeni toyu olmuş ailələr işlətmədikləri mebellerini belə tanımadığı Hüseyn (ə) yolçularına təqdim edir, onları evində saxlayır. İraqda bir azərbaycanlı danışırdı ki, Ərbəində piyada gedirdik, yolda bir ərəb axşamüstü evinə dəvət etdi, biz də getmək istəmədik, biri yarı bəhanə olaraq "internet varmı" deyə soruşub. Ərəb "var" deyib, amma tərəddüdlü olub. Razılaşıblar, evə gələndə rabitə işçilərini də evdə görüblər, sən demə ev sahibi ərəb qonaqları qaçırmamaq üçün evinə internet çəkdirmək üçün sifarişi yolda edibmiş...

 

Bilənlər bilir. Ərəblər bizim bildiyimiz nəzakətli insan deyillər, amma mərdliyin, hörmətin də onlara xas formaları var. Avtobusda ayağını tapdayan ərəb buna görə səndən üzr istəməyi ağlına gətirməz, amma yolu tanımadığını bilsə qarşına düşüb 1 kilometr məsafəni gedib yolu göstərəcək.

 

İraq ərəbləri travmalı xalqdır. İllərlə davam edən müharibələr, diktatura, total qorxu, şiddət bu xalqın xarakterinə hopub. Bunun üstünə bir də İraqlıların davakar xarakterini gələndə çox sərt mənzərə alınır. Bunu İraqa ən azı bir dəfə səfər edən bilir. Amma ilin 11 ay 20 günü ilə müqayisədə 10 gün, Ərbəin öncəsi ərəblər arasında çox kəskin fərq olur. Bunu ancaq yaşayanlar, görənlər bilir.

 

Bəlkə də İraq xalqı 14 əsr əvəvl etmədiyinin, edə bilmədiyinin peşmanlığının yükü təmizləmək istəyir. Həzrət Hüseyni (ə) ziyarətə gedənlər Onun qonağıdır, Onun qonağına hörmət etmək isə bizə borcdur düşüncəsi bir xalqın geninə hopub. Bu qeyd etdiklərim yalnız şiələr üçün deyil, Ərbəin yollarında sünni, xristian və başqa inanclardan insanlar da var. Bu eşq, ehtiram, sevgi yolçuluğudur. Yolunuz mübarək! /musavat.com/

Bu nə eşqdir, ilahi!
Admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-02-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap