header

 Quran baxımından həzrət Mehdinin (ə) varlığı

Sual: “Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu təsdiqləyirmi?
Cavab: “Qədr” surələrində bildirilir ki, mələklər hər ilin qədr gecəsi yerə enirlər.
“Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh həmin gecə Rəbbinin izni ilə hər işdən ötrü nazil olar. Bu gecə sübh ağartısınadək salamatlıqdır.” (“Qədr”, 1-5.)
“Duxan” surəsində də bu məsələyə işarə olunur: “Ha, mim. And olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz daim qorxudan olmuşuq. Həmin gecə hər bir iş hikmət əsasında tənzim (tədbir) olar.” (“Duxan”, 1-4.)
Ramazan ayı qiyamət gününədək təkrarlanar. Qədr gecəsi də qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: “Hər qədr gecəsi yerə enən mələklər və ruh həzrət Peyğəmbərdən (s) sonra kimə nazil olur? Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun. İmam Baqir (ə) buyurur: “Ey şiələr! “İnna ənzəlnahu” surəsinə sarılsanız, qalib gələcəksiniz. And olsun Allaha ki, bu surə, peyğəmbərdən sonra Allahın höccəti üçündür. Bu surə, həqiqətən, sizin dininizin təsdiqi, bizim elmimizin nəhayətidir. Ey şiələr! “Ha, mim, vəl kitabil-mubin” ayəsi haqqında danışın. Çünki bu ayələr peyğəmbərdən sonrakı əmr sahiblərinә aiddir...” (“Kafi”, c. 1, s. 249.)
Başqa bir məqamda İmam (ә) buyurur: “And olsun Allaha, həqiqətən, qədr gecəsini təsdiq edən şəxs bizə aid elmdən əldə edər...” (Həmin mənbə, s. 252, 253.)
Həzrət Əli (ə) ibn Abbasa buyurur: “Həqiqətən, hər ilin qədr gecəsi var. Həmin gecə bir ilin işləri nazil olar. (Bir ildə baş verəcək işlər müəyyənləşər.) Onun üçün peyğəmbərdən sonra vәlilər var.” İbn Abbas deyir: Ərz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: “Mən və məndən olan on bir övladım hamısı imam və mühəddisdir.” (Həmin mənbə, c. 1, s. 247, 248.)
Həzrət Peyğəmbər (s) səhabələrinə buyurmuşdur: “Qədr gecəsinə iman gətirin. Çünki o, Əli ibn Əbi-Talib və onun on bir övladı üçündür.” (“Kəmalud-din”,c.1, s.280, 281)

Sual: “İmam” (“İsra” surəsinin 71-ci) ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?
Cavab:
Allah-tәala “İsra” surəsində buyurur: “Bir gün ki, hər bir güruhu imamı vasitəsi ilə çağırarıq. Əməl naməsi sağ əlinə verilənlər onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm qılınmaz.”
Ayədən məlum olur ki, qiyamət günü hər bir kəsdən imam haqqında soruşular. Əgər etiraf etsə, nicat tapar və əməl naməsi sağ əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə bir imam ki, onu tanımadan kimsə nicat tapmaz. Həzrət Peyğəmbər (s) buyurur: “İmamını tanımamış ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.” (“Kafi”, c. 2, s. 19.)
Hər bir dövrdə imam olmalıdır ki, xalq öz istəyi ilə onu rəhbər seçib itaət edə bilsin.
“Lövhe-məhfuz” (müqəddəratın qeyd olunduğu lövhə) bir olduğundan və hər tayfanın öz lövhəsi olmadığından ayədəki “imamları” sözü hər qövmün kitabı kimi də təbir oluna bilməz. Çünki söhbət yaranışdan sonadək bütün insanlardan gedir. Hansı ki, göndərilmiş ilk şəriət kitabı Nuhun kitabıdır. Ondan öncə insanlara heç bir kitab nazil olmamışdır.
Süyuti uyğun ayə ilə bağlı həzrət Peyğəmbərdən (s) belə nəql edir. Hər bir qövm dövrünün imamı, Rəbbinin kitabı və peyğəmbərinin sünnəsi ilə məhşur olacaq.” (“Dürrül-mənsur”, c. 4, s. 194.)
İbn Abbas ayədəki “imam” sözünün hidayət və ya zəlalət imamına (rəhbərinə) işarə olduğunu bildirir. (Həmin mənbə.)
Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “İmam” ayəsi nazil olan vaxt müsəlmanlar ərz etdilər: “Ey Allahın rəsulu! Məgər sən bütün xalqın imamı deyilsən?” Həzrət buyurdu:“Mən bütün bəşəriyyət üçün göndərilmiş bir peyğəmbərəm. Amma tezliklə məndən sonra əhli-beytimdən imamlar gələr. Onlar xalq arasında qiyam qaldırar, amma təkzib olunarlar...” (“Kafi”, c. 1, s. 215.) Bişr ibn Ğalib imam Sadiqdən (ə) uyğun ayə haqqında soruşduqda həzrət buyurur: “O, xalqı hidayətə çağıran və xalq tərəfindən qəbul olunan imamdır. O, xalqı zəlalətə çağıran rəhbər də ola bilər. Birincilər behiştdə, ikincilər cəhənnəmdədir.” (“Bihar”, c. 51, s. 161.)

Sual: “İnzar” (“Rəd”, 7) ayəsi imamın varlığını necə sübut edir?
Cavab:
Allah-tәala öz peyğəmbərinə xitabən buyurur: “Həqiqətən, sən bir qövm üçün qorxudan, hidayət edən şəxssən.”
Ayədən məlum olur ki, hər bir dövrdə hər bir qövm üçün onu haqqa çağıran rəhbər var. Belə bir çağırış Allahın rübubiyyət (Rəblik) tələbidir. Bu da məlum olur ki, yer üzü heç vaxt həqiqi hidayətçidən, rəhbərdən məhrum olmamışdır. Ayədə yalnız peyğəmbərlər nəzərdə tutulmur. Zəməxşəri ayə ilə bağlı qeyd edir ki, yalnız peyğəmbərlər nəzərdə tutulsaydı, peyğəmbərlər olmadığı dövrdə yer üzü höccətsiz qalardı.
Təbəri uyğun ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: “Bu ayə nazil oldu. Həzrət Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu: “Mən qorxudanam və hər bir qövm üçün yol göstərənəm. Sonra əlini həzrət Əlinin (ə) çiyninə qoyub buyurdu: “Hidayət olanlar məndən sonra yalnız sənin vasitənlə olar.” (“Cameul-bəyan”, c. 13, s. 142.)
Hakim Nişapuri səhih sənədə əsasən həzrət Əlinin (ə) dilindən belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır, mən hadiyəm.” (“Mustədrəke-hakim”, c. 3, s. 129.)
Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “Həzrət Peyğəmbər (s) qorxudandır. Hər bir dövrdə xalqı peyğəmbərin gətirdiyinə dəvət edən imam və hadi var...” (“Kafi”, c. 1, s. 191.)
Uyğun ayə ilə bağlı imam Baqir (ə) buyurmuşdur: “Allahın rəsulu qorxudandır, Əli isə hadidir. Agah ol! And olsun Allaha ki, ayə bizdən kənar olmaz və qiyamət gününədək aramızdadır.” (Həmin mənbə, s. 192.)

Sual: Şəhadətdən danışan ayələr imamın mövcudluğunu necə sübut edir?
Cavab:
Bir çox ayələrdə Allah-tәala qiyamət günü ümmətin əməllərinə şahid olacaq insanlardan (şahidlərdən) danışır. Bu ayələrdən bəzilərini nəzərdən keçirək:
a) “Məhşər günü, hər bir tayfaya şahid gətirdiyimiz və səni (peyğəmbəri) şahid tutacağımız vaxt necə olacaq?!” (“Nisa”, 41.)
b) Hər bir ümmətdən şahid seçəcəyimiz gün kafirlərə danışmaq icazəsi verilməz və onların tövbələri qəbul olunmaz.” (“Nəhl”, 84.)
v) Hər ümmət üçün onların öz arasından şahid seçəciyimiz, səni (peyğəmbəri) ümmətə şahid gətirəcəyimiz gün...” (“Nəhl”, 89.)

Ayələrdən məlum olur ki, Allah-tәala qiyamət günü hər bir ümmətin əməlinə şəhadət vermək üçün dünya həyatında məsum şəxslər müəyyənləşdirmişdir. Ümmətin əməllərinə şəhadət verəcək kəs öz şəhadətində yanılmamalıdır. O ümmətin əməllərindən xəbərdar olmalıdır. Onlar bəşərin hidayətində Allahın höccətidirlər.
Fəxr Razi “Qəsəs” surəsinin 75-ci ayəsi haqqında deyir: “Onlar hər bir dövrdə xalqın əməllərinə şahid duranlardır. Peyğəmbərlər də bu qəbildəndir.” (“Təfsire-Fəxr-Razi”, c. 25, s. 12, 13.) Müəllif “Nəhl” surəsinin 84-cü ayəsi haqqında deyir: “Dünyada mövcud olan hər bir cəmiyyətin əməllərinə şahid durası şəxsə ehtiyac var.” Peyğəmbər öz dövrünün şahidi idi. Peyğəmbərdən sonra da hər bir dövrün şahidə ehtiyacı var.
Aydın olur ki, heç bir dövr şahidsiz deyil. Bu şahid pak olmalıdır. Əks-təqdirdə onun özünün də şahidə ehtiyacı olar. Belə olsa, sonsuz şahidlər silsiləsi yaranar. Bu batil fikirdir. (Həmin mənbə, c. 20, s. 98.)

Sual: Hər bir dövrdə xalqın əməllərinə şahid olan şəxsin hansı xüsusiyyətləri olmalıdır?
Cavab:
Quran ayələrinə əsasən, məsum höccətin bir sıra səciyyələri olmalıdır: Allahın höccəti insan növündən olmalıdır; hər dövrün bir höccəti ola bilər; höccətin elmi əhatəsi olmalıdır; Allahın kitabından xəbərdar olmalıdır. (Bax: “Rəd”, 43.)
Əbu-Səid Xidri deyir: Həzrət Peyğəmbərdən (s) bu ayə haqqında soruşdum. O buyurdu: “O (höccət), qardaşım Əli ibn Əbi-Talibdir.” (“Əl-Mizan”, c. 11, s. 388.)

Sual: “Nəzir” (qorxudan) ayəsi imamın vücudunu necə təsdiqləyir?
Cavab:
Allah-tәala buyurur: “Hər bir ümmətin keçmişdə qorxudanı olub.” (“Fatir”, 24.)
Ayədən məlum olur ki, hər bir dövrdə xalq arasında Allahın höccəti, hidayətçi olmuşdur.
İmam Baqir (ə) buyurur: “Ey şiələr! Allah-tәala buyurur ki, hər bir ümmətin qorxudanı olmuşdur.” Ərz olundu: “Ey Əba-Cəfər! Məgər bu ümmətin qorxudanı Məhəmməd deyilmi?” Həzrət buyurdu:“Bəli, düz deyirsiniz. Peyğəmbər olduğu gündən həyatı boyu bütün yer üzü üçün qorxudan olmayıbmı?!” (“Kafi”, c. 1, s. 249.)
Əli ibn İbrahimin təfsirində oxuyuruq: “Hər bir zaman üçün imam olmuşdur.” (“Təfsire Əli ibn İbrahim Qummi.)

Sual: “Hidayət” ayəsi imamın mövcudluğunu necə təsdiq edir?
Cavab:
Allah-tәala buyurur: “Xəlq etdiyimiz kəslərdən bir firqəsi hidayət olub haqqa dönər.”
Fəxr Razi ayənin təfsiri ilə bağlı deyir: “Ayədən məlum olur ki, heç bir zaman dönәmi qiyam qaldırıb xalqı hidayət edən şəxssiz olmamışdır.” (“Təfsire-Fəxr-Razi”, c.15, s. 72.)
Mirzә Məhəmməd Məşhədi “Kənzul-dəqaiq” təfsirində deyir: “Ayə hər bir dövrdə məsum şəxsin varlığını təsdiqləyir. Ayədə bildirilir ki, hidayətçilər xalqın bir hissəsidir və hər kəs məsum deyil.” (“Təfsire-Kənzul-dəqaiq”, c. 3, s. 637.)
Əbdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu: “Ayədə imamlar nəzərdə tutulmuşdur.” (“Kafi”, c. 1, s. 414.)

Sual: “Sadiqin” təbiri imamın mövcudluğunu necə təsdiq edir?
Cavab:
Allah-tәala buyurur: “Ey möminlər! Təqva yolunu tutub daim sadiqlərlə olun.” (“Tövbə”, 119.)
Ayədə “sadiqlər” dedikdə bütün möminlər yox, onların bir qrupu nəzərdə tutulmuşdur. Bəs bu firqənin hansı xüsusiyyətləri olmalıdır?
Ayənin özündən məlum olur ki, sadiqlər xalqı xoşbəxtlik yoluna hidayət edənlərdir. Vəhy gətirənlər, peyğəmbərin xəlifələri sadiqlər zümrəsindəndir. Allah bu zümrədən çirkinliyi uzaqlaşdırmışdır. Onlar hər bir nöqsandan pakdır. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbi-Talib (ə), sonuncusu həzrət Mehdidir (ə).
Fəxr Razi yuxarıdakı ayədən istifadə edərək deyir: “Hər bir dövrdə məsum sadiqlər olmalıdır...” (“Təfsire-Fəxr-Razi”, c.16, s. 220.)
Kuleyni Bürəyd ibn Müaviyədən belə nəql edir: “İmam Baqirdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu:“Nəzərdə tutulan bizik.” (“Kafi”, c. 1, s. 208.)
Uyğun ayə ilə bağlı imam Sadiq (ə) buyurur: “Sadiqlər həmin imamlardır...” (Həmin mənbə.)
Hakim Həsəkani Hənəfi Əbdüllah ibn Ömərə istinadən bildirir ki, ayədə həzrət Məhəmməd və onun Əhli-beyti (ə) nəzərdə tutulmuşdur. (“Təzkirətul-xəvvas”, s. 16.)

Sual: “Ulil-Əmr” ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?
Cavab:
Allah-tәala buyurur: “Allaha, rəsula, özünüzdən olan əmr sahiblərinə itaət edin.” (“Nisa”, 59.)
“Ulil-əmr” “əmr sahibləri” deməkdir.
Yuxarıdakı ayədən aydın olur ki, hər bir dövrdə məsum imam olmalıdır. İnsanlar Allaha itaət etdikləri kimi bu imama itaət etməlidir.
“Ulul-əmr” dedikdə xalqın itaət etməli olduğu məsum əmr sahibləri nəzərdə tutulur. Ayədə qeyd-şərtsiz itaət qeyd olunduğundan bu təbirin məsum imamlara aid olduğu aydınlaşır. Əgər əmr sahibi məsum olmazsa, onun nöqsanları olar və belə bir şəxsə mütləq itaət əmr edilməz. Demək, “ulil-əmr” bütün dövrlərdə mövcudluğu labüd olan məsumlardır. Hazırkı dövrdə həzrət Mehdidən (ə) savay belə bir şəxs yoxdur.
Bu həqiqəti rəvayətlər də təsdiqləyir.
“Səqələyn” adı ilə tanınmış hədis misal göstərilə bilər. Bu hədisdə həzrət Peyğəmbər (s) məsum Əhli-beytə (ə) itaəti göstəriş verir.
“Rəd” surəsinin 7-ci ayəsi və “12 xəlifə” hədisi də yuxarıdakı ayədən uyğun nəticəni çıxarmağa əsas verir. Sünnə əhlindən olan bəzi alimlər də yuxarıdakı ayənin əhli-beyti nəzərdə tutduğunu qəbul edir. İbn Həyyan Əndəlоsi, Nişapuri, Məhəmməd Saleh Kəşfi Termizi, Qunduzi Hənəfi, Həməvini Şafei, Hakim Həsəkani bu qəbil alimlərdəndir.
Hakim Həsəkani Mücahidə istinadən ayənin təfsirində bildirir ki, ayədə Əmirəl-möminin nəzərdə tutulmuşdur. Həmin vaxt həzrət Peyğəmbər (s) Mədinədə Əlini özünə canişin təyin etmişdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap