HAQQI EŞİTMƏYƏNLƏR “KAR”, HƏQİQƏTİ GÖRMƏYƏNLƏR “KOR”DUR!
Posted on : Digər sahələr 10/16/2017 1:00:34 PM
HAQQI EŞİTMƏYƏNLƏR “KAR”, HƏQİQƏTİ GÖRMƏYƏNLƏR “KOR”DUR!
Rəhman Allahın
həqiqi bəndələrinin səciyyələrindən biri də haqq sözü dinləyən qulağa və həqiqəti
görən gözə malik olmalarıdır. Allah-Taala Qurani-Kərimdə bu xüsusiyyəti belə
açıqlayır:
وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا
عَلَيْهَا صُمًّا وَعُمْيَانًا
“(Allahın
həqiqi bəndələri) Rəbbinin (vəhy, Quran və moizə kimi) nişanələri xatırlandıqa,
ona kar və kor (kimi) itaət etməzlər.” (“Furqan” surəsi, ayə 73.)
Bu ayə ilə
bağlı bir neçə məsələ diqqəti cəlb edir:
1. Rəbbin nişanələrini
yada salanlar kimlərdir? Peyğəmbərlər və imamlardır, yoxsa alimlər və yaxud hər
kəs? İlahi nişanələrin kimlər tərəfindən yada salınmasının həqiqi bəndələrə fərqi
varmı?
Cavab: Ayədə
“xatırladan” şəxsin kimliyi haqda söz açılmır. Odur ki, ilahi bəndələr Allahın
nişanələri xatırlandığı zaman kar və kor deyillər, onların eşidən qulaqları,
görən gözləri vardır.
2. “Rəbbin
nişanələri” nədir?
Cavab: Bu haqda
iki ehtimal var:
a) Məqsəd “təşrii
nişanələr”dir, yəni Quran ayələri, vəhy və s.
b) Məqsəd “təkvini
nişanələr”dir, yəni yaradılış aləmində Allahın əzəmət və böyüklüyünü,
nizam-intizamı, elm, qüdrət və s. qəribəlikləri bildirən nişanələr nəzərdə
tutulur. Əlbəttə, üçüncü ehtimal kimi hər iki qismi birgə nəzərə almaq da olar.
Hər halda onlar Allahın təşrii və təkvini aləmə dair nişanələri xatırlanan
zaman bunu eşidən qulaq və görən gözlə qarşılayarlar.
3. Ayədə qeyd
olunan “summ” sözü “kar insanlar” mənasını daşıyan “əsəmm” sözünün, “umyan”
sözü isə “kor insanlar” mənasını verən “əma” sözünün cəm formasıdır. Demək, ayədəki
“ləm yəxirru ələyha summən və umyanən” – ibarəsi haqda deməliyik ki, bir sıra
müsəlmanlar ilahi nişanələri görüb-eşitsələr də, onun möhtəvasından çox zahirinə
qapılırlar. Belələri ilahi nişanələrə qarşı gözləri kor, qulaqları isə kar
sayılır. Məsələn, o zaman Nəhrəvanda baş qaldıran “xəvaric” qrupu və ya indiki
dövrdə zahir olan taliban, İŞİD və vəhhabilər eynilə bu tip insanlardır. Onları
İslam və şəriətin yalnız zahiri maraqlandırır, nə qədər Quran tilavət etsələr də,
gecələri ibadətlə keçirib alın və dizləri pinə bağlasa da, ilahi nişanə və ayələrin
möhtəvasından bəhrəsizdirlər. Şübhəsiz, cahil və nadanların səhv, xəta və təhlükəsi
düşmənlərlə müqayisədə olduqca çoxdur.
Rəhman Allahın
həqiqi bəndələri isə haqqı tam mənası ilə eşidən, həqiqəti bütün aydınlığı ilə
görən insanlardır.
Qurani-Kərimə
görə, həyat mənəviyyatla məna kəsb edir və onsuz həyat puçdur.
İnsanların çoxu
zahirən diri olsalar da, yəni nəfəs alıb-versələr də, yemək yesələr də, işləsələr
də, nəsil artırsalar da Qurani-Kərim onları ölü adlandırır. “Ənfal” surəsinin
24-cü ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ
إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ ...
“Ey
iman gətirənlər, (Peyğəmbər) sizi həyat verən şeyə tərəf dəvət edən zaman
Allahın və Peyğəmbərin çağırışını qəbul edin...”
Belə ayələr
zaman və məkana görə ölçülmür və hər kəsə şamildir. Biz də ona şamil oluruq.
Allah-Taala bu ayədə diri və maddi həyata malik olan insanları yeni həyat verən
şeyə dəvət edir və bu da məhz mənəvi həyatdır. “Nəml” surəsinin 80-81-ci ayələrində
bu mətləb daha aşkar bəyan edilir:
إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء
إِذَا وَلَّوْا مُدْبِرِينَ. وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ
إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ
“(Ey
Peyğəmbər!) Şübhəsiz, sən (sözünü) ölülərə eşitdirə bilməzsən və öz dəvətini üz
çevirib dönən karlara çatdıra bilməzsən. Sən (o) korqəlbliləri azğınlıqdan düz
yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (həqiqətən) iman gətirənlərə
eşitdirə bilərsən. Elə buna görə də, (onlar Bizim müqabilimizdə) təslimdirlər.”
Ayədə qeyd
olunan “ölülər” torpaq altında yatanlar deyil, əksinə maddi həyata
malik və mənəvi həyatdan uzaq, eşidən qulaqları, və görən gözləri olmayan diri
insanlardır. Belələri haqq sözü eşitməz, Peyğəmbəri-Əkrəm (s) Quran tilavət
etdiyi zaman onlar barmaqları ilə qulaqlarını tutar, hələ libaslarını da
başlarına çəkərlər! Onlara ən böyük hidayətçi və xilaskarın sözü belə təsir etməz.
İmam Əli (ə) Kumeyl ibn Ziyada buyurur: “Sərvət yığanlar zahirdə dirilərin
sırasında olsalar da, ölüdürlər. Alimlər isə dünya durduqca diridirlər. Onların
ruhu dünyadan getsə də, çöhrələri qəlblərdə (və xatirələrdə) yaşayır.” (“Nəhcül-bəlağə”,
qısa kəlamlar 147.)
Bu hədisdə bir
neçə məsələ diqqəti cəlb edir:
1. İmam Əli (ə) mal-dövlət toplayıb, nə özləri, nə də
başqalarının bəhrələnməsinə icazə verən sərvətliləri ölü adlandırır.
2. Cəmiyyətin inkişafı üçün çalışan din alimləri, imam Əlinin (ə)
təbirincə, “rəbbani-ilahi alimlər” həmişə diri və mənəvi həyata
sahibdirlər, hətta dünyalarını dəyişsələr belə! Çünki onların adı və xatirəsi,
düşüncələri, əsərləri, təlimləri və şagirdləri yaşayır və bu da onları
yaddaşlarda əbədi saxlayır.
İslam nöqteyi-nəzərindən
hər bir şeyin həyat və ölümü onun təsiri və bərəkətindən asılıdır. Xeyir-bərəkəti
davamlı olan hər bir şey xarici vücudu olmasa da diridir, xeyir-bərəkəti və
müsbət təsiri olmayan şey isə diri olsa da, ölüdür. Elə buna görə də, İslam mədəniyyətində
haqqı eşitməyənlərə “kar”, həqiqəti görməyənlərə isə “kor” deyilir. (“İlahi bəndələrin
səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.146-149.)
Rza Şükürlü (Maide.az)