Məhərrəm ayı sentyabrın 22-də başlayır - FƏTVA
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.
Fətvada deyilir
ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır.
Yeni Hicri 1439-cu
ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr
ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.
"Müqəddəs
aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və
münaqişələrin qadağan edildiyi aylardandır. Təəssüflər olsun ki, bu ayın
onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam
Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə
yetişdiyi bir gün kimi daxil olub.
Əzadarlıq moizələrində
Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, şəhidliyin əsl mahiyyətinin
açıqlanması, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, Qarabağ,
Xocalışəhidlərinin yad edilməsi tövsiyə olunur. Xütbə və moizələrdə bildirilməlidir
ki, torpaqlarımızın işğalına son qoymaq üçün çalışmaq əzadarlıq ruhiyyəsinin
ayrılmaz hissəsidir. Torpaqlarımızın işğalı davam etdiyi dövrdə gənclərimiz Ali
Baş Komandanın əmrinə daim hazır, millətə və Vətənə bağlı olmalı, dövlətimizin
mənafelərini uca tutmalıdırlar.
Məhərrəmlik mərasimləri
İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına yaraşan tərzdə keçirilməlidir.
Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və
onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından
kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında
təşkil oluna bilər. Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət
etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət
yetirmək, qan çıxarmaq müqəddəs şəriətimizə
və İslam əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini
izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər.
Son illər
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyası xalqımız tərəfindən xüsusi
təqdir edilir. Bu baxımdan, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin
xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir.
Buna görə də bu, həyat verən savab əməl din xadimləri tərəfindən təbliğ edilməlidir.
Ümid edirik ki, möminlər bu gözəl ənənəni yaşadacaqlar", - deyə fətvada
bildirilir.
QMİ Əhli Beytin
hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb
ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində
dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir./ Apa