header

 Dünən Şeyx Sərdarın məhkəməsi keçirilib - VİDEO

Dünən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin Masallıda məhkəməsi keçirilib.

Maide.Az xəbər verir ki, məhkəmə keçirilən binanın önünə Azərbaycanın tanınmış ruhaniləri, ictimai şəxsləri və ölkəmizdə akkreditə olmuş diplomatik korpusların nümayəndələri toplaşıb. Məhkəmə zalının tutumunun kiçik olması əsas gətirilərək insanlar məhkəməyə buraxılmayıb.

 

Məhkəmə başlayan zaman ilk olaraq Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillər onun zalda əlləri qandallı olmasına etirazlarını bildirib. Qanunvericiliyə görə məhkum əli qandallı məhkəmə zalına gətirilə bilər, lakin zalda onun əlləri açılmalıdır. Bu etirazdan sonra hakim qandalların açılması barədə göstəriş verib.

 

Vəkillər ötən məhkəmə zamanı baxılmamış qalan vəsatətləri yenidən qaldırıb. Belə ki, Şeyx Sərdarın vəkillərin yanında əyləşməsi və məhkəmə prosesinin video və audio qeydə alınmasının təmin edilməsi yenidən tələb edilib. Lakin hakim məhkəmənin açıq keçirildiyini bildirərək vəsatətləri təmin etməyib.

 

Vəkillər yeni vəsatətlə çıxış edərək Şeyx Sərdarın həbs edilməsi barədə şikayət edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun məhkəməyə gələrək şahid qismində çıxış etməsini tələb edib. Lakin dövlət ittihamçısı bu vəsatətə də etiraz edib.

 

Növbəti vəsatət Şeyx Sərdarın həbs qəti-imkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması oldu. Lakin dövlət ittihamçısı etiraz edərək bu vəsatətin təmin olunacağı təqdirdə Şeyx Sərdarın şahidlərə təzyiq edə biləcəyi, həmçinin məhkəmədən yayınacağını əsas gətirdi. Müdafiə tərəfi isə deyilənlərin əsassız olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, artıq bütün şahidlər ifadə verib və onların ifadələrini dəyişməsi mümkünsüzdür. Həmçinin, bu yaxınlarda ölkə başçısının sərəncamı ilə az ağır cinayət törətmiş şəxsləri həbs qəti-imkan tədbiri ilə deyil alternativ vasitəlilərlə saxlanılması təsdiq edilib.

 

Daha sonra vəkillər növbəti vəsatətlə çıxış edib. Vəkil Osman Kazımov bildirib ki, Şeyx Sərdarın ittiham olunduğu maddə Konstitusiya ilə ziddiyyət təşkil edir. Belə ki, Konstitusiyanın 48-ci maddəsinə görə hər bir kəs qanunvericilik çərçivəsində sərbəst toplaşmaq və dini ayinləri fərdi, yaxud birlikdə icra etmək hüququna malikdir. Əgər iddia edilirsə ki, Şeyx Sərdar qanunu pozub və elə maddə də deyildiyi kimi insanların hüquqlarını pozaraq onlara namaz qıldırıb bu daha absurd görünür. Çünki bu dəqiqə bayırda yüzlərlə insan var ki, elə Şeyxin arxasında namaz qılanlardır. Aydındır ki, şeyx kiminsə iradəsinə zidd bu işi görməyib. Həmçinin “Cümə” namazının qılınması vaxtı hər hansı neqativ hal baş verməyib. O zaman bu maddənin özü keyfiyyətsizdir.

 

Həmçinin bu qanun Avropa Konvensiyasının 9-cu maddəsinə də ziddir və fərdin hüquqlarını pozur.

 

“Bu qanun Nardaran hadisələrindən 8 gün sonra qəbul edilib. Sual olunur ki, 1400 ildir İslam dini var və ayinləri icra edilir. Necə oldu ki, birdən-birə bütün bunlar qanun pozuntusu oldu? Deməli burada siyasi sifariş var”.

 

Vəkil tələb edib ki, bununla bağlı Konstitusiya məhkəməsinə sorğu göndərilsin və məsələ araşdırılsın.

 

Dövlət ittihamçısı əvvəlki vəsatətlər kimi buna da etirazını bildirdi. Lakin fikrini əsaslandıra bilmədi. Hakim isə qaldırılan heç bir vəsatəti təmin etmədi.

 

Daha sonra məhkəmədə dövlət ittihamçısı tərəfindən ittiham aktı oxundu.

 

Şeyx Sərdar Hacıhəsənli məhkəmədə çıxış etdi. Əvvəlcə prosesdə iştirak edənlərə təşəkkürünü bildirdi. Ruhani üzünü hakimə tutaraq İslam dininin hakimlər barəsində xüsusi hökmlərinin olduğunu diqqətə çatdırdı: “İnsanın arxasında divar nə qədər böyük olsa, qaranlıqda kölgəsi o qədər böyük olur. İslamda hakimlər barədə deyilir ki, hətta onun ayaqqabıları ayağını sıxarsa və bu onun narahatlığına səbəb olarsa, məhkəməni aparmamalıdır. Hakimlər başqa insanlardan asılı olmamalı, müstəqil qərarlar verməlidir. İslam hakimlərə xüsusi məqam sahibləri kimi qiymət verir və daim onları ədalətli olmağa səsləyir. Cənab hakim siz ən adi vəsatətləri təmin etmirsiniz. Görünür bu işdə sizə basqılar var. Ümid edirəm ki, qanunun aliliyini qoruyacaqsınız. Əgər siz mənə bu barədə təminat verirsinizsə, o zaman bizim məhkəməyə ümidimiz yaranır və ədalət gözləyə bilərik. Yox əgər bunu bacarmayacaqsınızsa, o zaman heç bu məhkəməyə gəlməyə dəyməz. Çünki bundan əvvəl keçirilən heç bir məhkəmədə ədalətin şahidi olmadıq.

 

Mənim ittiham olunduğum maddə üzrə deyə bilərəm ki, Quranda ibadət hesab edilən məsələ Azərbaycan qanunlarına görə cinayətdir. Quranın hökmü cinayət işi hesab edilir. Bununla sanki bəndə ilə Allahı üz-üzə qoymağa çalışırlar. İndi siz məndən soruşursunuz ki, cinayəti törətmişən ya yox? Əgər desəm ki, hə, o zaman belə çıxır ki, Allaha deyirəm ki, bağışla səhv etmişəm. Sənin buyurduğuna əməl etmişəm və namaz qılmışam.

 

Bu məsələnin özü absurddur. Çünki ateizm qanunu ilə İslam dini mühakimə olunur. Deyirsiniz ki, “Cümə” namazı qıldığım üçün məni həbs ediblər. Azərbaycanda cümə günləri 50-dən çox məsciddə “Cümə namazı” qılınır və mahiyyət etibarı ilə aralarında heç bir fərq yoxdur. Yəni mənim qıldığım “Cümə namazı” ilə digər bir ruhaninin qıldırdığı namaz eynidir. O zaman niyə məhz mənə cinayət işi açılır? Onda gərək bütün “Cümə namazı” qılanlar mühakimə olunsun. Həmçinin mən bölgəyə QMİ-nin rəsmi nümayəndəsinin dəvəti ilə gəlmişəm. Odur ki, əməlimdə heç bir qanun pozuntusu olduğunu düşünməmişəm. Həmçinin qanun qəbul edildikdən sonra da bu barədə mənə şifahi və yaxud yazılı hər hansı irad bildirilməyib. Odur ki, qəbul edilən qanunu da özümə aid etməmişəm. Digər tərəfdən də mənim xaricdə təhsil almağım Sovet dövründə olub. Ondan əvvəl də elə öz ruhanilərimizdən dərs oxumuşam”.

 

Bu zaman dövlət ittihamçısı Şeyx Sərdarın çıxışına müdaxilə edərək bildirib ki, qanunu dövlət qəbul edib və hər kəs buna tabe olmalıdır. Əgər Sərdar Hacıhəsənli namaz qılanda 3 addım geridə dayansaydı o zaman ittiham olunmayacaqdı. Dövlət ittihamçısının bu sözləri zalda gülüşə səbəb olub. Özü də bilmədən qanunu 3 addımlıq adlandırıb.

 

Daha sonra dövlət ittihamçısı Şeyx Sərdara təhsil aldığı müəssisə barədə sual verib və “Cümə namazının” mahiyyəti barədə soruşub. Sərdar Hacıhəsənli qeyd edib ki, təhsil aldığı Universitet Beynəlxalq səviyyədə tanınıb. Həmçinin cümə günü İslamda xüsusi olaraq qeyd edilib. Quranda 114 surədən biri də “Cümə” surəsidir və onun sonuncu ayəsində insanlara “Cümə namazı” qılmaq Allah tərəfindən əmr olunur.

 

Bu zaman Azan verilib. Şeyx Sərdar Azana hörmət əlaməti olaraq çıxışını dayandırdırdığını bildirib. Daha sonra məhkəmədə fasilə elan edilib.

 

Hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesin ikinci hissəsində şahidlərin ifadələri dinlənilib.

 

Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin cənub zonası üzrə baş məsləhətçisi Kamil Bağırov ifadəsində Şeyx Sərdar Hacıhəsənlini 2013-cü ildən tanıdığını bildirib və xaricdə dini təhsil aldığı üçün ona məsciddə xütbə söyləməsinin qanuna zidd olduğu haqda bilgi verdiyini deyib.

Lakin Şeyx Sərdar Hacıhəsənli şahidin verdiyi ifadələrin həqiqəti əks etdirmədiyini bildirib. Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə danışdıqları arasında ziddiyyətlərin olduğunu vurğulayıb.

Digər şahid Masallı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev də məhkəmədə ifadə verərkən çaşqınlıq yaşayıb. Belə ki, onun istintaqa verdiyi ifadəsindən xəbərsiz olduğu vəkillərin sualları əsasında ortaya çıxıb. Buna baxmayaraq şahid Şeyx Sərdara yaxınlaşaraq məsciddə xütbə söyləməsinin qanuna zidd olması barədə xəbərdarlıq etdiklərini məhkəmə heyətinin diqqətinə çatdırıb.

 

Şeyx Sərdar Hacıhəsənli isə öz növbəsində şahidin dediklərinin yalan olduğunu deyib. Bildirib ki, insanları bu qədər kişilikdən salmaq olmaz. Ümumiyyətlə məhkəmə prosesi zamanı vəkillər tərəfindən verilən suallar əsnasında, onların saxta və qondarma ifadələr verdikləri, həmçinin yalançı şahidlər olduqları üzə çıxıb. Bu onların ifadələrindəki çaşqınlıqlardan aydın hiss olunub.

 

Şeyx Sərdar çıxışının davamında bildirib ki, “Biz “Cümə namazı”nı namaz adı ilə qılırıq. Necə ki, meyit namazı, ayət namazı namaz adı ilə tanınır. İndi bizə aydınlaşdırsınlar ki, əgər dini ayin dedikdə namaz nəzərdə tutulursa, o zaman bizim fərdi namazımız da cinayətdir”.

 

Ruhani qeyd edib ki, Azərbaycanda tarixən savadlı ruhanilərin hamısı xaricdə təhsil alıb. Hətta Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadənin atası ki, ruhani idi, o da Nəcəfdə təhsil almışdı. “Bunun da səbəbi odur ki, ölkəmizdə yüksək dini təhsil verən müəssisə yoxdur. Burda qəribə heç nə yoxdur. Necə olur ki, digər sahələr üzrə xaricdə təhsil alanlar yüksək mütəxəssis elan edilir, dini təhsil alanlar kənarlaşdırılır. Milli Məclisdə bu cür qanunların qəbul edilməsini əsas səbələrindən biri də bu işlə məşğul olanların din sahəsində mütəxəssis olmamasıdır. Çünki qanunvericiliyə görə din xadimi parlamentdə təmsil oluna bilməz. Məhz bunlar da qanunlarda bu cür boşluqların yaranmasına səbəb olur”.

 

Ruhani çıxışının davamında ona ünvanlanan suallara cavab olaraq qeyd edib ki, onu “Cümə namazı” qılmağa rəsmi şəkildə dəvət ediblər: “QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi mənə zəng edib bildirdi ki, idarənin qərarı ilə “Cümə namazları” bərpa olunub və sizdən xahiş edirik ki, Masallıda bunu icra edəsiniz.

 

Keçən məhkəmə prosesində də aydın oldu ki, Mirqiyas Təhməzovun ifadəsində mənə qanun qəbul olunandan sonra bu işi dayandırmağım barədə birbaşa xəbərdarlıq etməyib. Masallı rayonu məscidinin dini icmasının sədri Hacı Əhməd vasitəsi ilə mənə xəbər göndərib. Hacı Əhməd də məhkəmədə ifadə verdi ki, bununla bağlı mənə söz deməyi unudub. Buradan da aydınlaşır ki, nə rəsmi, nə yazılı, nə şifahi şəkildə mənə xəbərdarlıq olmayıb”.

 

Növbəti prosesin iyun ayının 7-si saat 14:00-də təyin olunduğunu açıqlayıb.

 

 


Dünən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin Masallıda məhkəməsi keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap