İLAHİ ZİYAFƏTƏ HAZIRLIQ – ORUCLUQ ÖNCƏSİ NƏ ETMƏLİ?
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Allaha ibadət və bəndəçilik etmək üçün zaman və məkanın rolu böyükdür.
Mənəvi məkanlara,
o cümlədən, Allahın evi Kəbəyə və yaxud Peyğəmbər və imamların türbələrinə
daxil olmaq üçün, xüsusi ədəb-ərkan qaydalrına riayət olunduğu kimi, əlamətdar
günlər də belədir. Məxsusən, ilahi ziyafət süfrəsinin açıldığı mübarək Ramazan
ayına daxil olmağın ədəb qaydalarına riayət insana bu bərəkətli aydan layiqincə
bəhrələnməkdə kömək edir. Elə bu səbəbdən, mübarək Ramazan ayına hazırlıqla
bağlı məsum rəhbərlərimizdən (ə) nəql olunan bir sıra faydalı tövsiyələri əziz
möminlərin diqqətinə çatdırır və Allah-Taaladan istəyirik ki, həmin tövsiyələrə
əməl etmək üçün tofiqatımızı daha da artırsın:
1. TÖVBƏ VƏ
İSTİĞFAR
Əba-Səlt adı ilə
tanınan Əbdüssalam ibn Saleh Hərəvidən belə nəql olunur: “Şəban ayının son cüməsi
imam Rzanın (ə) hüzuruna getmişdim. İmam (ə) buyurdu: “Ey Əba-Səlt! Şəban
ayının çox hissəsi keçdi və bu gün Şəban ayının son cüməsidir. Şəban ayının
qalan günlərində Allah-Taaladan keçən günlərdə qurşandığın günahların bağışlanmasını
istə, dua et, Allahın xalis və saleh bəndələrindən olmaq istəyirsənsə,
günahlarından tövbə et, Quran oxu, üzərindəki bütün haqları və əmanətləri ödə,
qəlbindən kin-küdurəti çıxar, günah işlərdən uzaq ol, Allahdan həya et, hər
zaman – gizli və aşkar – Allaha təvəkkül et. Allaha təvəkkül edən şəxsə Allah
kifayətdir. Bu ayın son günləri və saatlarında bu duanı təkrar-təkrar oxumağı
unutma:
اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى مِنْ شَعْبانَ،
فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ
Duanın oxunuşu: Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə`ban, fəğfir ləna
fima bəqiyə minh.
Duanın tərcüməsi: İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa,
onda, qalan günlərində bizi bağışla! (“Vəsail”, 10-cu cild, səh.301.)
2. ŞƏBAN YININ
SON GÜNLƏRİNDƏ ORUC TUTMAQ
Ramazan ayına
hazırlıq üçün tövsiyə olunan əməllərdən biri də Şəban ayının son günlərində
oruc tutmaqdır. Bu isə, bir növ mübarək Ramazan ayını qarşılamaq deməkdir. Nəql
olunur ki, hər kim mübarək Şəban ayının son üç gününü oruc tutub Ramazan ayına
birləşdirərsə, Allah-Taala ona iki ayın orucunun savabını əta edər. (“Məfatihul-cinan”,
“Şəban” ayının son günlərinin əməlləri” bölümü.)
3. HALAL QİDA
Mübarək Ramazan
ayına hazırlıq əməllərindən biri də qidanın islahıdır, başqa sözlə, halal yeməklə
qidalanmaqdır. Sözsüz, bu mühüm işə laqeydlik və ondan qəflət etmək mübarək
Ramazan ayının bütün əməl və ibadətlərini puça çıxması ilə nəticələnəcəkdir.
Peyğəmbəri-Əkrəm
(s) buyurmuşdur: “Qiyamət günü dağlar qədər yaxşı işlərə sahib olan bir zümrə məhşər
səhrasına daxil olar. Bir halda ki, onların bu işləri Allah-Taala dərghında qəbul
olunmaz. Bu zaman əmr olunar ki, onları yaxşı işlərə sahib olmadıqları üçün cəhənnəmə
atın.”
Salman: “Ey
Allahın Rəsulu! Onlar kimlərdir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Onlar
namaz qılıb oruc tutan və gecələri ibadətlə keçirən, lakin haram qida ilə üzləşdikdə,
onu əldə etmək üçün tələsən (yemək-içmək məsələsində halal-haramı gözləməyən) kəslərdir.”
Peyğəmbəri-Əkrəm
(s) başqa bir hədisdə belə buyurur:
الْعِبَادَةُ سَبْعُونَ جُزْءاً وَ أَفْضَلُهَا جُزْءاً طَلَبُ
الْحَلَالِ
“İbadət yetmiş
hissədən ibarətdir və onun ən fəzilətlisi halal qida qazanmaqdır.” (“Vəsailuş-şiə”, 17-ci cild, səh.24.)
İmam Sadiq (ə)
buyurur:
تَرْكُ لُقْمَةِ حَرَامٍ أَحَبُّ إِلَى اللَّهِ تَعَالَى مِنْ صَلَاةِ
أَلْفَيْ رَكْعَةٍ تَطَوُّعاً
“Haram tikədən
uzaqlaşmaq Allah-Taala dərgahında min rükət müstəhəb namaz qılmaqdan
sevimlidir.” (“Biharul-ənvar”, 92-ci cild,
səh.373.)
Ustad Qəraəti
necə də gözəl demişdir: “Təyyarə hər benzinlə deyil, xüsusi benzinlə işə düşür
və uçuş edir. Bizim ibadət və əməllərimiz də hər tikə ilə yuxarı qalxmır.
Onların qəbulu və bəhrə verməsi üçün halal və pak qidaya ehtiyac vardır.”
Qeyd etmək
lazımdır ki, malın zəkat və xümsünü ödəməmək günümüzün ən problemli məsələlərindən
biridir. Xüms və zakatı çıxarılmayan malın istifadəsi ibadətə, namaz və oruca mənfi
təsiri danılmazdır. Nə yaxşı olar ki, mübarək Ramazan ayı öncəsi malımız və
pulumuzu təmizləyək, haqq sahiblərinin və boynumuzda haqqı olanların haqqını ödəyək!
4. BAŞQALARINI
HALAL ETMƏK
“İstiğfar” ayı
və insanın günahlarının bağışlanmasına səbəb olan mübarək Ramazan ayına daxil
olmazdan öncə, yaxşı olar ki, haqqımızda haqsızlığa və nalayiq rəftarlara yol
verənlərin xətalarına göz yummaqla özümüzü Allahın bəxşiş və rəhmətinə doğru
tuşlayaq. Əgər qarşı tərəfi bağışlaya bilmiriksə, necə Allah-Taaladan istəyə
bilərik ki, bizi bağışlasın?! Elə isə, qəlblərimizdən kin-küdurəti çıxarmaqla,
saf və təmiz qəlblə bu mübarək aya qədəm qoyaq!
Rza Şükürlü
(Maide.az)