header

 Şahid: “Mənə mənəvi təzyiq elədilər… Mən bilməzdim ki, ruhanilərimizə qarşı məndən belə ifadə alarlar".

Şahid Samir Babayev dindirilərkən prokurorun "bu şəxsləri tanıyırsınızmi?" sualına belə cavab verib: "Bu adamlar hər ay yetimlər evinə gedib, yetimlərin başına əl çəkənlərdir, bu şəxslər hər ay qocalar evinə gedib onlara qayğı göstərənlərdir”.

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, eləcə də Nardaran hadisələrilə əlaqədar həbs olunan digər şəxslərin əleyhinə ifadə verənlər indi həmin ifadələrdən imtina edirlər.

 

Nardaran işi üzrə 12 nəfərlik üçüncü qrupun məhkəməsində dindirilən şahidlər belə deyiblər.

 

Şahidlər Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyiblər ki, Tale Bağırzadə və digərlərinin silahlanması, dövlətin konstitusion quruluşunu dəyişməyə, dövlət çevrilişinə cəhd göstərmələri haqda yazılan fikirlər onlara aid deyil. Onlar sadəcə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hazır ifadələrə imza atıblar.

 

İlahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfərdən ibarət üçüncü qrupun işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

 

 

KÜÇƏDƏ YÜKSƏK SƏS SÖYÜŞ SÖYDÜYÜNƏ GÖRƏ...

 

Mayın 15-də məhkəmədə öncə vəkil Şəhla Hümbətova təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, vəkillərin təqsirləndirilən şəxslərlə ünsiyyətində çətinliklər var.

 

Şəhla Hümbətova təqsirləndirilən şəxslərin vəkillərinin yanında əyləşməsi, onların ünsiyyətində problem yaradılmaması, lazım olanda sənədlərin verilməsinə şərait yaradılması haqda vəsatət qaldırıb.

 

Hakimlər təqsirləndirilən şəxslərin vəkillərinin yanında əyləşməsi barədə vəsatəti təmin etməsə də, bildirilib ki, onların istədikləri vaxt məsləhətləşməsinə şərait yaradılacaq.

 

Ardından "Azadxəbər" saytının baş redaktor əvəzi İlkin Məmmədov ifadə verib. Bildirib ki, 2015-ci il dekabrın 1-də yaşadığı evin qarşısından naməlum şəxslər onu tutub aparıblar. Əvvəlcə Sabunçu Rayon Polis İdarəsinə, sonra 13-cü polis bölməsinə, ardınca da 5-ci bölməyə aparıblar. Deyiblər ki, guya küçədə yüksək səslə söyüş söydüyünə görə inzibati formada həbs olunub. Şahidin sözlərinə görə, dekabrın 2-də müstəntiqlər ondan ifadə alıb, Hacı Tale və Müsəlman Birliyi hərəkatı ilə bağlı suallar veriblər: "Bildirmişəm ki, onları tanıyıram, məclislərdə olmuşam və onlardan müsahibələr almişam, onlardan dövlətçilik əleyhinə heç bir çıxışlarını eşitməmişəm".

 

 

 

İFADƏNİ OXUMADAN İMZALAYIB

 

Ardınca dindirilən digər şahid Nəzir Hüseynov da Tale Bağırzadə və digərlərindən zorakılıqla bağlı heç bir fikir eşitmədiyini deyəndə prokuror ona istintaqdakı ifadəsini xatırladıb. N.Hüseynov bildirib ki, məktəbi ikinci sinfə qədər oxuyub və yazıb-oxumağı bacarmır, ona görə ifadəni oxumadan imzalayıb.

 

İfadə elan olunanda isə deyib ki, hətta anasının və həyat yoldaşının adı da ifadədə səhv yazılıb.

 

"Hacı Taleh Bağırovu bir neçə ildir tanıyıram. O, həmişə Nardarana qara rəngli "KİA" avtomobili ilə gəlirdi. Ətrafında həmişə çoxlu adamlar olurdu. Bundan əlavə, eşitmişdim ki, onlar qəzet və kitabça çıxarırlar. Mən əvvəllər ona inanırdım. Taleh Bağırov çıxışlarında deyirdi ki, dövləti çevirmək, yeni dini dövlət qurmaq lazımdır. 25 noyabrda adını xatırlamadığım adam dedi ki, birliyə üzv yazıl. Amma kitabçadakı bəzi şeyləri oxuyandan sonra ona münasibətim dəyişdi", – istintaqdakı ifadədə belə yazılıb.

 

Şahid bildirib ki, bu fikirlərin heç biri ona aid deyil, "bandotdel"də özləri yazıblar: "Məndən soruşanda dedim ki, heç nədən xəbərim yoxdur və həmin ərəfədə kənddə olmamışam".

 

Digər şahid Valeh Abbasov da bənzər ifadə verib. O da yazıb-oxumağı bacarmadığını, müstəntiqin yazdıqlarını oxumadan imzaladığını bildirib.

 

 

 

“O, DÖVLƏTİMİZİ HAMIDAN ÇOX SEVİRDİ”

 

Şahid Samir Babayev dindirilərkən prokurorun "bu şəxsləri tanıyırsınızmi?" sualına belə cavab verib: "Bu adamlar hər ay yetimlər evinə gedib, yetimlərin başına əl çəkənlərdir, bu şəxslər hər ay qocalar evinə gedib onlara qayğı göstərənlərdir”.

 

Bu şahid də ifadəsindən imtina edib: "Taleh Bağırzadə heç vaxt dövlətçilik əleyhinə çıxışlar etməyib. O, dövlətimizi hamıdan çox sevirdi. Həmçinin Hicab Azadlığı haqda bağlı danışırdı".

 

O, ifadələri təzyiq altında imzaladığını bildirib: "Mənə mənəvi təzyiq elədilər, dedilər bu ifadəni imzalamalısan. Mən imzaladım, dedim ya narkotik qoyacaqlar, ya da cihad. Mən bilməzdim ki, ruhanilərimizə qarşı məndən belə ifadə alarlar".

 

Prokuror ondan soruşub ki, təzyiqlər haqda hansısa orqanlara müraciət edibmi? Samir Babayev prokurora belə cavab verib: "Xeyr, qanun var?”

 

Təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılov da əlavə edib ki, qanun olsaydı, onlar indi burda olmazdı. Onlar başlarına gələn qanunsuzluqlarla bağlı hər yerə yazıblar, amma hələ də dəmir barmaqlıqlar arxasındadırlar.

 

Məhkəmə mayın 22-də davam edəcək.

 

 

 

XATIRLATMA

 

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

 

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

 

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər. / ABNA

Şahid Samir Babayev dindirilərkən prokurorun "bu şəxsləri tanıyırsınızmi?" sualına belə cavab verib: "Bu adamlar hər ay yetimlər evinə gedib, yetimlərin başına əl çəkənlərdir, bu şəxslər hər ay qocalar evinə gedib onlara qayğı göstərənlərdir”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:27 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap