header

 Azərbaycan xalqı belə alçaldıcı münasibətə layiq deyil və bunun qarşısını dinc, ardıcıl mübarizəsi ilə almalıdır

“Belə neomonarxik təyinat xalqa qarşı təhqirdir”

İlham Əliyevin 1-ci vitse-prezident təyinatı ilə bağlı Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir:

“Ölkə başçısı İlham Əliyev fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında həyat yoldaşı Mehriban Əliyevanı Azərbaycan Respiblikasının 1-ci vitse-prezidenti təyin etdiyini açıqladı. Hələ ötən ilin 26 sentyabrında saxta referendumla Konstitusiyaya bu istiqamətdə dəyişiklik ediləndə şübhə yox idi ki, İlham Əliyev ailə üzvlərindən birini dövlət aparatında ikinci şəxs statusuna yiyələndirmək istəyir. Bunun özü isə hansısa məqamda hakimiyyəti ailə daxilində rahatlıqla birindən digərinə ötürmək üçün düşünülüb.

Azərbaycanda 50 ilə yaxındır bir ailənin idarəçiliyi hökm sürür. 26 illik müstəqillik tariximizin 24 ili ata və oğul Əliyevlərin hər dəfə saxtalaşdırılmış seçkilərlə hakimiyyəti mənimsəməsi şəraitində keçib. Xüsusilə İlham Əliyevin hakimiyyəti zəbt etməsindən sonra ölkənin həm siyasi, həm də iqtisadi həyatında bir ailənin hegomonluğu gündən günə möhkəmlənməyə başladı. Hazırda Əliyevlər ailəsi bütün iqtisadi-siyasi hakimiyyəti tamamilə öz əlində cəmləşdirib. Bütün başqa hakimiyyət qolları hüdudsuz səlahiyyətlər verilmiş prezident hakimiyyətinin təsiri altında dekorasiyaya çevrilib. Bütün iqtisadi qərar və tədbirlərin arxasında Əliyevlər ailəsinin sərvətini artırmaq niyyəti gizlənir. Hakimiyyətdaxili münasibətlər və cəmiyyətin müxtəlif təbəqələrinə qarşı davranışlar bu ailənin mütləq hökmranlığını təmin etmək üzərində qurulub.

Lakin belə bir faktiki vəziyyət də İlham Əliyevi qane etmədi və o, həyat yoldaşını ölkənin vəzifəcə ikinci şəxsi təyin etməklə ailə hakimiyyəti etiketini rəsmiləşdirdi. İlham Əliyevin bu təyinatı ilk növbədə ailədaxili hakimiyyət ambisiyasının təzahürüdür. Bu təyinat göstərir ki, İlham Əliyevin ailəsində hakimiyyəti bir-birinə ötürməklə mümkün qədər uzun müddətə ölkəni nəzarətlərində saxlamaq, həm də hər hansı siyasi-iqtisadi islahatlar, mütərəqqi dəyişikliklərlə yox, cəmiyyəti daha çox əzib-alçaltmaq yolu ilə saxlamaq istəyi güclənib.

Əliyevlər ailəsinin mal-mülk məsələlərində olduğu kimi, siyasi planda da öz üzvlərindən başqasına güvənə bilmədiyi də bu təyinatın təzahürlərindən biridir. İlham Əliyev faktiki olaraq etiraf etdi ki, ətrafında olanlardan, “komanda” üzvlərindən heç birinə inam-etibarı yoxdur, onları özünə qarşı təhlükə mənbəyi kimi görür.

Bu təyinatın ən böyük həqarəti isə təbii ki, xalqadır. İlham Əliyev bununla rəhbərlik etdiyi xalqı nə qədər aşağı tutduğunu, ona hörmət qoymadığını sərgiləmiş oldu. Lakin bu, həm də bir dövlət başçısı kimi özünə hörmətsizliyin görsənişidir. Tarixin İlham Əliyevdən qat-qat artıq avtoritar, totalitar liderləri, hətta diktatorları belə, həyat yoldaşlarını özlərindən sonrakı ikinci vəzifəyə yiyələndirməyiblər. Dünyanın indiki müasir çağında belə bir təyinat vermək dövlət idarəçiliyi əxlaqının ikiqat pozulmasıdır.

Bütün bunlarla bərabər, İlham Əliyev öz təyinatı ilə ölkə qanunlarına, hətta özünün imzaladığı qanunlara açıq hörmətsizlik edib. Ölkənin ana qanunu – Konstitusiya bu təyinatla pozulub. Konstutusiyanın 1-ci maddəsində deyilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. İndiki halda isə xalqın heç dolayısı ilə də seçmədiyi, təyinatla vəzifə başına gəlmiş bir şəxs istənilən an dövlət hakimiyyətinin idarəçiliyinə yiyələnə bilər. Saxta referendumla belə bir Konstitusion əsas yaradılıb, lakin bu zaman həmin müddəanın Konstitusiyanın əsas və dəyişməz olan “Hakimiyyətin mənbəyi xalqdır” maddəsilə ziddiyət təşkil etdiyi nəzərə alınmayıb.

İlham Əliyevin təyinatı başqa qanunlarla da ziddiyyət təşkil edir. Məsələn, Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsində açıq şəkildə yazılır ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər və qanunun bu tələbini pozan şəxslər pozuntu müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmalı, əks halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, yaxud onlardan biri tutduğu vəzifədən azad olunmalıdır. Yəni, İlham Əliyevin öz imzası ilə qüvvədə olan bu qanunun tələblərinə görə, 1 ay ərzində ya onun özü prezidentlikdən, ya da həyat yoldaşı 1-ci vitse-prezident vəzifəsindən istefa verməlidir. Başqa bir hüquqi ziddiyyət isə 1-ci vitse-prezident – icra hakimiyyətinin ikinci şəxsi təyin edilən Mehriban Əliyevanın həm də deputat kimi qanunverici hakimiyyətin üzvü olmasıdır. İlham Əliyev öz təyinatında bu ziddiyyətin mövcudluğunu nəzərə almağa da lüzum görməyib. Bütün bunlar isə təəssüf ki, ölkənin birinci şəxsi tərəfindən cəmiyyətin yazılmış və yazılmamış qanunlarına eyni vaxtda tüpürməkdir.

Milli Şura bəyan edir ki, belə neomonarxik təyinat hələ 100 il qabaq bütün müsəlman şərqində ilk cümhuriyyət qurmuş, demokratik prinsipləri rəhbər seçmiş bir xalqa qarşı təhqirdir. Azərbaycan xalqı belə alçaldıcı münasibətə layiq deyil və bunun qarşısını dinc, ardıcıl mübarizəsi ilə almalıdır. Milli Şura inanır ki, xalqımız indiki hakimiyyətin ölkəni respublika üsul-idarəsindən tamamilə sapdıraraq, faktiki monarxiyaya çevirməsinə dözümlü yanaşmayacaq, demokratik dəyərlərin müdafiəsi uğrunda imkanlarını səfərbər edəcək. Milli Şura ölkədə demokratik dəyərlərin, cümhuriyyətçiliyin bərqərar olması naminə mübarizəni indiyədək olduğu kimi, bundan sonra da təşkilatlandırmağa və onun önündə getməyə hazır olduğunu bəyan edərək, Azərbaycanın özünü gerçək ziyalı, demokratik düşərgəyə aid ictimaiyyət nümayəndəsi, yaxud siyasətçi sayan hər kəsi bu qanuna və mənəvi prinsiplərə zidd addıma layiq olduğu qiyməti verməyə çağırır”.

“Belə neomonarxik təyinat xalqa qarşı təhqirdir”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap