DEVAMM Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının pozulması kimi qiymətləndirir
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) və İçərişəhər “Cümə” məscidi dini icması tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının baş redaktoru Hacı Sərdar Hacıhəsənlinin (Hacı Sərdar Babayevin) həbsini pisləyən bəyanat qəbul etmişdir.
DEVAMM-ın sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı
İlqar İbrahimoğlunun yaydığıl bəyanatda bildirilir: “Verilən xəbərlərə görə, hörmətli ruhani Hacı Sərdar Hacıhəsənli
barəsində Masallı rayon məhkəməsi tərəfindən həbs qəti-imkan tədbirinin seçilməsi
barərə qərar çıxarılmışdır.
Əvvəla, onu qeyd etməliyik ki, Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli,
ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması
dostlara da, bədxahlara da bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq
mövqeli bir insandır. Belə bir insanı cümə namazı qılmasına görə həbs etmək (maddə
168-1.3. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən aparılması – təkrar edildikdə) –
absurd bir haldır.
Ən acısı budur ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət
qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə
istintaqdan yayınmamışdır və həbs üçün əsas verməmişdir. Bu, onun fonunda baş verir
ki, yaxın günlərdə prosessual və cəza sisteminin liberallaşması ilə bağlı ölkə
səviyyəsində konseptual xüsusi sərəncam da qəbul edilmişdir.
İttihamın özünə gəldikdə, Hacı Sərdar Hacıhəsənlinin heç bir
günahının olmaması hamıya, o cümlədən, istintaq orqanlarına da bəllidir. Belə
ki:
1. Hacı Sərdar Hacıhəsənli ilkin dini təhsilini Azərbaycanda alıb;
2. Hacı Sərdar xaricdə dini təhsil almağa hələ Sovet vaxtı gedib;
3. Hər bir halda, qanunun geriyə qüvvəsi yoxdur;
4. Hacı Sərdar Hacıhəsənli heç bir kəsin hüququna qəsd etməyib,
ictimai asayişi pozmayıb;
5. Masallıda cümə namazı qılmağa bölgənin rəsmi qazisi tərəfindən dəvət
olunub;
6. Hər bir halda, Hacı Sərdar Hacıhəsənli cümə namazını
professional fəaliyyət kimi həyata keçirməyib, dini ayinləri kollektiv surətdə
həyata keçirmək barədə konstitusion hüququnun realizəsi kimi yerinə yetirib. Və
buna görə insanı təqib etmək – yolverilməzdir və haqların pozulmasıdır.
7. Konstitusiyanın:
48.II maddəsinə görə, hər kəsin dinə təkbaşına və ya başqaları ilə
birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır.
71.II maddəsinə görə, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
71.IV maddəsinə görə, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini
açıqlamağa görə təqsirləndirilə bilməz.
71.V maddəsinə görə, Konstitusiyanın heç bir müddəası insan və vətəndaş
hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə
bilməz.
Bundan əlavə, Azərbaycan hökumətinin qoşulduğu BMT-nin Mülki və
Siyasi Hüquqlar haqqında Paktında (maddə 18), BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsində
(maddə 18), İnsan Haqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa
Konvensiyasında (maddə 9) birmənalı olaraq, dini etiqad azadlığı, o cümlədən
kollektiv ibadət hüququ birmənalı surətdə təsdiqlənir.
Beləliklə, Hacı Sərdar Hacıhəsənlinin təqibinin heç bir qanuni və
huquqi əsasının olmadığını bəyan edirik.
Bunları nəzərə alaraq, Hacı Sərdar Hacıhəsənlinin həbsini insan
haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndirir, ona qarşı edilən
hərəkətləri təqib kimi dəyərləndiririk.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa
buraxmaqla bağlı çağırış edirik". (deyerler.org)