Qiyamət günündə kimlərin yükünü daşımalı olacağıq?
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
İslam dininin əsas təməl prinsiplərindən biri budur ki insanlar o dünyada təkcə öz əməllərinə görə cavab verəcəklər. Məsələn mən yaxşı insan olsam belə Allahın izni olmadan digəri üçün vasitəçilik edə bilmərəm və ya onun yükünü yüngülləşdirə bilmərəm. İnsanları yolundan azdıranlar əksinə olaraq digərlərinin yükünü də götürməli olacaqlar.
Fatir surəsinin
18-ci ayəsində buyurulur:
"Heç bir
günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq
üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa
belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını)
görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar
edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar
(savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!"
Bəzən müsəlmanlar
müşrikləri islama dəvət edəndə onlar iman gətirməzdilər ki heç bəzən də müsəlmanları
öz tərəflərinə çəkməyə can atırdılar. Onlar müsəlmanlardan Quranda gələn bu ayədəki
məsələni tələb edirdilər:
"Kafir
olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun.
Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç
bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar!"
(Ənkəbut-12)
Amma ayə nazil
oldu ki qiyamətdə günahkar digər günahkarın yükünü daşıya bilməyəcək. Bundan
sonra bəzi istisnaları ifadə edən ayələr nazil oldu.
Yeni ayələrə əsasən
insanları azdıran alim, insanları günaha sürükləyən, zülmün əsasını qoyan,
onları Allah yoluna getməkdən çəkindirən insanlar aldatdıqları insanların
yükünün bəzi qismlərini də daşımalı olacaqlar. Onlar bəzən məzlumun və
aldanmışın yerinə də cavab verməli olacaqlar.
"Qoy onlar
Qiyamət günü öz günahlarının hamısını və elmsizlik üzündən azdırdıqları kəslərin
günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də
pisdir!" (Nəhl -25)
Digər ayədə
buyurulur:
"Onlar həm
öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar.
Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər."
(Ənkəbut-13)
Bu ayələrdə əməlsiz
alimə, zalım hakimə, insanları azdıran şəxslərə ciddi xəbərdarlıq olunur.
Hədislərə görə
qiyamət günündə insan ona veriləcək əməl dəftərini açanda orada etmədiyi günahları
da görəcək və ya etdiyi savablardan bəzilərini orada tapmayaraq, təəccüblənəcək.
Orada ona "Sən filan şəxsin qeybətini etdin və ona görə savabların ona
yazılıb" və ya "onun günahlarından sənə yazılıb" deyiləcək. /
İslaminSesi