QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “HİCR” SURƏSİ
Posted on : Əqidələr 10/16/2017 1:00:19 PM
“Hicr” surəsi 99 ayədən ibarətdir və Qurani-Kərimin “İbrahim” surəsindən sonra 15-ci surəsində yer tutsa da, məşhur təfsirə görə, hicrətdən öncə Məkkədə, “Yusif” surəsindən sonra və “Ənam” surəsindən öncə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir.
“HİCR”
SURƏSİNİN MÖHTƏVASI
Surə “müqəttəə
hərfləri” – “Əlif, Lam, Ra” ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan
surələrdə Quranın əzəməti və vəsfindən danışıldığından, bu surənin də ilk ayəsində
Quran vəsf edilir və buyurulur:
الَرَ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ
“Əlif, Lam, Ra!
Bu, kitabın və açıq-aydın Quranın ayələridir.”
Surənin 6-cı ayəsinə
əsasən, kafirlər Peyğəmbəri (s) divanə hesab edir və ona nazil olan kitabın
qaynağının məlum olmadığını deyirdilər. Surənin 9-cu ayəsində Allah-Taala
onlara cavab verir və buyurur
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
“Həqiqətən, Biz
Özümüz Quranı nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq.”
Əgər kafirlər
Peyğəmbəri (s) təkidlə divanə sayırdılarsa, Allah-Taala daha artıq təkidlə
Quranın nazil olmasını və qorunmasını Öz müqəddəs zatına aid edir. Ayədə
bildirilir ki, Quranda heç bir dəyişiklik və təhrif olunmamışdır. Bu müddəa
“Fussilət” surəsinin 42-ci ayəsində də gözə dəyir:
لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ
تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ
“Nə öncə,
nə də sonra batil ona yol tapa bilməz. (Heç bir batilin Qurana yolu
yoxdur). O, hikmət sahibi, tərifə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən
nazil edilmişdir.”
Bəli, Allah
Quranı qoruyacağını vəd etmişdir. Müsəlmanlar da ilk gündən Quranı qorumuş,
onun yazıya alınması və hifzində ciddilik göstərmişlər. Hətta tarixdə Quran təlimi
qadınlar üçün mehriyyə təyin olunmuş və müxtəlif insanlar vəhyi qələmə almaqla
məşğul olmuşlar. Onlardan biri də Əmirəlmöminin Əlidir (ə). “Səqəleyn” hədisində
də Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: “Mən sizin aranızda iki
qiymətli əmanət qoyub gedirəm: biri Allahın kitabı Quran, digəri isə
Əhli-beytim...”
Sözügedən surənin
9-cu ayəsində buyurulduğu kimi, Quran “zikr”dir və qəlblər yalnız Allahı zikr
etməklə və Quran oxumaqla aramlıq tapar.
Ümumiyyətlə,
“Hicr” surəsi aşağıdakı mətləblərdən bəhs edir:
–Qurani-Kərimin
əzəmət və əhəmiyyəti, onun təhrifdən, əskilib-artırılmaqdan qorunması;
–Peyğəmbərə (s)
yaxılan iftira və töhmətlər;
–Yaradılış sirlərini
mütaliə etməklə varlıq aləminin Rəbinə iman gətirmək;
–Məad, ölümdən
sonrakı həyat və azğınların əzabı;
–Həzrət Adəmin
(ə) yaradılış dastanı və İblisin üsyankarlığı;
–Keçmiş qövmlərin,
o cümlədən, İbrahim, Lut, Saleh və Şüeyb peyğəmbərlərin qövmlərinin sərgüzəştləri;
–Təsiredici xəbərdarlıqlar,
təşviqlər, qorxutma və müjdələr;
–Müsəlmanların
müxaliflər müqabilində müqavimət göstərməsi.
SALEH PEYĞƏMBƏR
VƏ SƏMUD QÖVMÜ
“Hicr” ifadəsi
surənin Saleh peyğəmbərin qövmündən, yəni “Səmud” qövmündən danışan 80-cı ayəsindən
götürülmüş və Mədinə ilə Şam arasında yerləşən bir şəhərin adıdır.
Surənin
80-83-cü ayələrində buyurulur:
وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الحِجْرِ الْمُرْسَلِينَ وَآتَيْنَاهُمْ
آيَاتِنَا فَكَانُواْ عَنْهَا مُعْرِضِينَ وَكَانُواْ يَنْحِتُونَ مِنَ
الْجِبَالِ بُيُوتًا آمِنِينَ فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
“Həqiqətən,
Hicr əhalisi (Səmud qövmü) peyğəmbərləri təkzib etdilər. Biz Öz nişanələrimizi
onlara göstərdik, amma onlar Bizim nişanələrimizdən üz çevirdilər. Onlar
dağları yonub (özlərinə) əmin-aman evlər düzəltdilər. (Amma sonda) səhər çağı dəhşətli
(ölümcül) səs onları yaxaladı.”
Bəzi alimlər
sözügedən surənin 82-ci ayəsinə əsaslanaraq, belə qeyd etmişlər: “Hicr “daş” mənasını
verir və Səmud qövmü dağlardan özlərinə evlər yonduqları, həmin evlər daşla
örtüldüyü üşün, onlara “Hicr” (Daş) əhalisi deyilirdi. (“Əl-mufrədatu fi qəribil-Quran”,
Rağib İsfahani, səh.220, “hicr” sözü; “Qamuse-Quran”, Seyid Əliəkbər Qurəşi,
2-ci cild, səh.108.)
Səmud qövmü
“Hicr” şəhərində rifah, eyş-işrət, fitnə-fəşad və qəflət içində yaşadıqları
üçün Allah-Taala onların islah və hidayəti üçün Saleh peyğəmbəri göndərdi.
Lakin onlar var-dövlətləri ilə qürrələnərək Saleh peyğəmbərin dəvətinə qarşı
çıxdılar və ilahi ayələri masqaraya tutdular. Nəticədə, Allahın qəzəbinə tuş gəldilər.
Dəhşətli və ölümcül səmavi nida ilə cansız bədənə çevrildilər. (Şenaxte
surehaye Quran”, səh.219-220.)
Göründüyü kimi,
Qurani-Kərim Səmud qövmünü peyğəmbərləri təkzib edən xalqlar sırasında
tanıtdırır. Bir halda ki, onlar həzrət Salehin (ə) dönəmində yaşamış və o həzrəti
təkzib etmişdilər. Saleh peyğəmbəri təkzib etməklə bütün peyğəmbərlərin təkzibinin
də həmin qövmə nisbət verilməsində səbəb budur ki, bütün peyğəmbərlərin dəvəti
bir məqsədi izləyirdi. Buna əsasən, hər kim ilahi peyğəmbərlərdən birini təkzib
edərsə, sanki bütün peyğəmbərləri təkzib etmişdir. Əlbəttə, bu təfsir bəzi
alimlərin fikridir. (“Məcməül-bəyan”, 6-cı cild, səh.6; “Əl-mizan”, 12-ci cild,
səh.185.) Bəzi alimlər də qeyd edirlər ki, Hicr əhalisinə həzrət Salehdən öncə
peyğəmbərlər göndərilmiş və onlar həmin peyğəmbərləri təkzib etmiş, yalançı
saymışdılar. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 11-ci cild, “Hicr”
surəsinin təfsiri; “Nur təfsiri”, Ustad Qəraəti, 6-cı cild, “Hicr” surəsinin təfsiri;
“Ruhul-bəyan” təfsiri, 4-cü cild, səh.482.)
“HİCR” SURƏSİNİ
TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ
1. Peyğəmbəri-Əkrəm
(ə) buyurmuşdur:
من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات
بعدد من عبد الأصنام و بعدد من لم يعبدها
“Hər kim
“İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin
sayından on dəfə çox ona savab verilər.” (“Məcməül-bəyan”,
4-cü cild, səh. 193.)
2. Peyğəmbəri-Əkrəm (ə)
buyurmuşdur:
من قرأ هذه السورة اعطی من الحسنات بعدد المهاجرین و الانصار.
“Hər kəs bu surəni
(“Hicr” surəsini) oxusa, ona mühacir və ənsar zümrələrinin sayı qədər savab əta
olunar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci
cild, səh.42.)
Rza Şükürlü /Maide