PEYĞƏMBƏR (S) CANINI FƏDA ETDİ Kİ...
Posted on : Əqidələr 10/16/2017 1:00:19 PM
PEYĞƏMBƏR (S) CANINI FƏDA ETDİ Kİ...
Heç bir ictimai
məqam və vəzifə hidayət məqamı və cəmiyyətə rəhbərlik kimi dəyərli, eyni
zamanda ağır deyildir! İnsan bütün əxlaqi gözəlliklərə və insani keyfiyyətlərə
sahib olmayınca, bu məqama layiq görülə bilməz. İslam Peyğəmbəri (s) son peyğəmbər
və gətirdiyi din cahanşümul olduğundan, o həzrətin peyğəmbərlik və rəhbərliyi də
olduqca çətin idi. O həzrət öz vəzifəsini layiqincə yerinə yetirmək üçün çoxlu
işgəncələrə məruz qaldı, əzab-zəiyyətlərə sinə gərdi, məşəqqətlərə dözdü. Öz
gözəl əxlaqı ilə insanları İslam və imana dəvət etdi. Qurani-Kərimin bir neçə
ayəsində ümmətin doğru yola yönəlməsi ilə bağlı o həzrətin nigarançılığına
toxunulur. O cümlədən, “Tövbə” surəsinin 128-ci ayəsində buyurulur:
لَقَد جاءَكُم رَسولٌ مِن أَنفُسِكُم عَزیزٌ عَلَیهِ ما عَنِتُّم
حَریصٌ عَلَیكُم بِالمُومِنینَ رَءوفٌ رَحیمٌ
“Həqiqətən, sizə
(mələklərdən və cinlərdən deyil,) özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyət
və zərərə düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən)
ötrü təşnədir, möminlərə çox mərhəmətli və mehribandır.”
Peyğəmbər (s)
ümmətinin nicatı, islahı və hidayətinə təşnə idi. Agah və mehriban bir ata tək
övladının səadət və xoşbəxtliyə, elmi kamala çatması üçün çox çalışdı.
Övladının azğın yolda olduğunu görən ata, təbii ki, qəlbən ağrıyır,
nigarançılığı artır. O həzrət bir hədisdə buyurur: “Mən və Əli bu ümmətin
atasıyıq.” (“Biharul-ənvar”, 16-cı cild, səh.95, hədis 29.)
“Kəhf” surəsinin
6-cı ayəsində Peyğəmbərin (s) öz ümmətinin doğru yolda olmasına şiddətli əlaqə
və sevgisin, təşnəliyindən söz açılır və buyurulur:
فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ یُوْمِنُوا
بِهَذَا الْحَدِیثِ أَسَفًا
“(Ya Rəsulum!) Bəlkə (kafirlər) bu
sözə (bu Qurana) inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) onların arxalarınca
təəssüflənib özünü həlak edəcəksən?!
İlahi rəhbərlər
belədir! Ümmətinin azğınlığından narahatdır və onların iman gətirməsinə təşnədirlər.
Onlar insanlardan bəzilərinin azğın yolda olduqlarını gördükdə, gecə-gündüz,
aşkar və gizlincə onları səadət və hidayət yoluna dəvət edirdilər. İslam Peyğəmbəri
(s) bu istiqamətdə o qədər canfəşanlıq edirdi ki, bəzən canı təhlükə ilə üzləşirdi.
Allah-Taala o həzrətə xəbərdarlıq edir ki, bu qədər canfəşanlıq lazım deyil, sən
vəzifəni ən yaxşı şəkildə yerinə yetirdin, azğınların inadkarlığı və müxalifətinə
görə qəmgin olma! Onlar haqqı qəbul etmirlərsə, yalnız özlərinə zərər yetirirlər.
“Şüəra” surəsinin 3-4-cü ayələrində Öz Peyğəmbərinə xitabən belə buyurur:
لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ
“(Ya Rəsulum!)
Onlar (Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən?”
Allah-Taala bu
ayədə Öz Peyğəmbərinə (s) başa salır ki, təlim, təbliğ və dəvətində əsla səhlənkarlığa
yol vermədin, əzm və iradə ilə insanları İslama dəvət etdin. Əgər onlardan bəziləri
səni qəbul etmirlərsə, onların özlərində irad var, qəlbləri qəsavət bağladığı,
paslaşdığı üçün haqqı qəbul etmək istəmirlər. “Taha” surəsinin 2-ci ayəsində də
Peyğəmbərə (s) belə buyurulur:
مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَي
“Biz Quranı sənə məşəqqət
çəkməyin üçün nazil etmədik!”
İmam Əli (ə) “Nəhcül-bəlağə”də
İslam Peyğəmbərinin (s) mədhində buyurur: “Peyğəmbər (s) haqqı (din
və şəriəti) haqla (əqli və elmi dəlillərlə) aşkarladı, batilin və
nadürüstlüklərin (cahiliyyət fitnələrinin) coşub-daşmasının önünü kəsdi,
azğınlıqların hökmranlığını yox etdi. Vəzifəsinin ağırlığı onun öhdəsinə
qoyulduqda, var gücü ilə dözdü, Sənin (Allahın) əmrinlə qalxdı (haqq olan
dini, elm və maarifi camaata öyrətdi). İrəliyə keçmədən və geridə
qalmadan, iradə və qərarında süstləşmədən Sənin razılığını qazanmağa (risalətin
təbliğinə) tələsdi. Sənin vəhyini qorudu, əhd-peymanını saxladı və
atəşi alovlandırana qədər (Allahı tanımaq, elm və biliklərini xalq
arasında yayana qədər) Sənin fərmanının icrasına israr etdi, əyri yolda
olanlara haqq yolu aşkar edib göstərdi. Fitnə və azğınlıqlara qərq olmuş ürəklər
o həzrətin vasitəsilə doğru yola yönəldi. O böyük şəxs aydın nişanələri və şəriət
hökmlərini ucaltdı...” (“Nəhcül-bəlağə”, 72-cü xütbə.)
O həzrət başqa
bir xütbədə Peyğəmbəri (s) belə tərifləyir: “Peyğəmbər (s) öz tibbi və
müalicəsilə (cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə
gəzən(ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini
nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək
hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla
qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini,
dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (haqqı
görməyən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (haqqı
dinləməyən) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət,
nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir...” (“Nəhcül-bəlağə”,
xütbə 108.)
Peyğəmbər (s)
ruhi-mənəvi xəstələrin sorağını tutan bir təbib idi. Əgər ucqar bir məntəqədə
bir nəfərin hidayətə qabilliyini bilsəydi, özünü ona yetirər, onu doğru yola dəvət
edərdi.
Bəli, Peyğəmbər
(s) canını fəda etdi ki, ümmət hidayət olunsun, doğru yola yönəlsin; canını fəda
etdi ki, ümmət nadanlıq, azğınlıq və zəlalətdən qurtulsun; canını fəda etdi ki,
insanın əbədi səadət və xoşbəxtliyinə xidmət göstərən ilahi maarif və həqiqətlər
qəlblərdə yer tutsun!
Rza Şükürlü