Müslim Azərbaycani əfsanəsi
Posted on : qafqaz 10/16/2017 1:00:17 PM
Tarixi saxtalaşdırmaq hesabına şərəf qazanmaq olmaz!
Füzulinin qələmindən
çıxmış "Hədiqətüs-süəda" kitabının onuncu babında oxuyuruq ki, aşura
faciəsində şəhid olanlar sırasında Müslimi-Azərbaycani adlı bir şəxs də var
imiş. Əsərdə Müslimi-Azərbaycaninin və oğlunun şücaəti çox poetik və təsirli
boyalarla ifadə olunmuşdur.
FÜZULİ
"MÜSLİMİ-AZƏRBAYCANİ" DEYƏRKƏN KİMİ NƏZƏRDƏ TUTUB?
Hər şeydən öncə,
bunu qeyd edək ki, Kərbəlada Müslimi-Azərbaycani adlı bir şəxsin döyüşüb şəhid olması
barədə məlumata "Hədiqətüs-süəda"dan savayı heç bir mənbədə rast gəlmirik.
İstər qədim hesab olunan mənbələrdə, istərsə də sonradan qələmə alınmış mötəbər
kitablarda Kərbəla şəhidlərinin heç biri “Azərbaycani” ləqəbi ilə
adlandırılmamışdır. "Hədiqətüs-süəda"nın Ümumdünya Əhli-beyt Mərkəzi
tərəfindən 1995-ci ildə Qum şəhərində çap olunmuş nəşrinin
"Qaynaqlar" bölümündəki aşağıdakı qeyd də dediklərimizi sübuta
yetirir: "Müslimi-Azərbaycaninin Kərbəlada döyüşüb şəhid olmasını ancaq
Molla Məhəmməd Füzuli qeyd etmişdir" (səh. 638).
İkincisi, mərhum
Füzulinin "Hədiqətüs-süəda"sı hər şeydən əvvəl, bədii əsərdir və bədii
ədəbiyyat nümunəsidir. Tarixi mövzuları işləyərkən, bilavasitə bu sahənin mütəxəssisləri
tərəfindən qələmə alınmış, mötəbər sayılan, tarix, hədis, rical və sair elmlərin
tələblərinə cavab verən kitabları kənara qoyaraq, bədii əsərlərə istinad etmək
və onun əsasında qəti hökm çıxarmaq qətiyyən düzgün deyil. Halbuki, "Hədiqətüs-süəda"dakı
bir çox məqamlar, məsələn, elə Kərbəla şəhidlərinin adı, Qasimin toyu və sair
mövzular başqa etibarlı mənbələrlə dərin ziddiyyət təşkil edir. Ümumiyyətlə,
Füzuli özü də etiraf etmişdir ki, əsəri yazarkən, Molla Hüseyn Vaiz Kaşifinin
"Rövzətüş-şühəda" kitabını əsas mənbə kimi götürmüşdür. "Rövzətüş-şühəda"
isə, məşhur müsəlman tədqiqatçı alimləri tərəfindən təhriflərlə dolu kitab kimi
tənqid olunmuşdur (bax: Şəhid Mütəhhəri – "Həmaseyi-Hüseyni" kitabı).
Nəhayət,
üçüncüsü, "Hədiqətüs-süəda"da Füzulinin Müslimi-Azərbaycani kimi təqdim
etdiyi şəxsin başına gələn hadisələri digər kitablardakı məlumatlarla müqayisə
etdikdə görürük ki, söhbət sənədli tarix kitablarında Müslim ibn Övsəcə Əsədi
kimi xatırlanan şəxsdən gedir. Füzuli qeyd edir ki, Müslimi-Azərbaycani döyüşüb
ağır yaralarla meydana yıxılanda, İmam Hüseyn (ə) Həbib ibn Müzahirlə birlikdə
onun başı üstünə gəldi, can verməkdə olan Müslimə xitabən buyurdu: "Ey
Müslim, əhli-behiştə salamımı yetir ki, mən də mütəaqib gəlməkdəyəm".
Həbib ibn
Müzahir öz köhnə dostu Müslimə söyləyir: "Ey Müslim, əgər bilsəydim səndən
sonra qaldığımı, iltimasi-vəsiyyət edərdim". Bu zaman Müslim son sözlərini
söyləyir: "Ey Həbib, vəsiyyət budur ki, Həzrəti-İmama canın fəda qılasan və
onun xidmətin səadəti-dünyavü axirət biləsən". Bunu deyib, Müslim canını
tapşırır. Bütün bu detallar bəzi xırda əlavələrlə tarixi mənbələrdə Müslim ibn
Övsəcə barəsində yazılmışdır.
Sonra Füzuli
Müslimin oğlunun da döyüş meydanına girib mübarizə apardığını və şəhid olduğunu
yazır ki, bu məlumatı da heç bir mötəbər mənbə təsdiq etmir.
MÜSLİM KİMDİR?
Müslim ibn Övsəcə
ibn Səd ibn Sələbə ibn Dudan ibn Əsəd ibn Cüzeymə Əbu Məcd Əsədi Bəni-Əsəd qəbiləsinin
böyüklərindən olub, Kufədə yaşayırdı. Tarix kitablarında onu Məhəmməd Peyğəmbərin
(ə) səhabələri sırasında qeyd etmişlər. Müslim Həzrət Əlinin (ə) silahdaşlarından
olmuş, onun qoşununun tərkibində bütün döyüşlərdə iştirak etmişdir.
İmam Hüseyn (ə)
əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərəndə , Müslim ibn Övsəcə onunla beyət
edir və gələcək qiyam üçün silah tədarükü görməyə başlayır. Müslim ibn Əqil onu
Bəni-Əsəd və Bəni-Məzhic qəbilələrindən olan Əhli-beyt tərəfdarlarının başçısı
təyin edir. İbn Ziyadın gəlişi ilə Kufədə vəziyyət dəyişdikdən və Müslim ibn
Əqil şəhid edildikdən sonra Müslim ibn Övsəcə Həbib ibn Müzahirlə birlikdə gecə
vaxtı şəhərdən çıxıb, Kərbəlaya gəlir və İmam Hüseynə (ə) qoşulur.
Aşuraya keçən
gecə İmam Hüseyn (ə) öz tərəfdarlarına dağılışıb-getmələri üçün icazə verərkən,
başqaları kimi Müslim ibn Övsəcə də etiraz edir və söyləyir: "…Bu düşmənlərin
sinəsini nizəmlə deşəcəyəm, qılıncım əlimdən düşənə kimi onlarla vuruşacağam.
Əgər silahım olmasa, daş götürüb ölənə kimi vuruşacağam, amma səni tək buraxıb
getməyəcəyəm! Vallah, əgər bilsəm ki, məni öldürüb sonra dirildəcəklər,
diri-diri yandırıb külümü havaya sovuracaqlar və bu işgəncə yetmiş dəfə təkrar
olunacaq, yenə də səni tərk etmərəm! Halbuki, burada qalıb döyüşsəm, bircə dəfə
öldürüləcəyəm, əvəzində əbədi kəramət və ləzzət qazanacağam!"
MÜSLİM İBN
ÖVSƏCƏNİN AZƏRBAYCANLA NƏ KİMİ ƏLAQƏSİ VARDIR?
Yuxarıdakı məlumatlardan
göründüyü kimi, Müslim ibn Övsəcənin azərbaycanlı olması sadəcə mümkün
deyildir. Çünki onun özünün, atasının, ulu əcdadlarının adı sırf ərəb mənşəlidir.
Müslim mənşəcə ərəb qəbiləsindən olan Bəni-Əsədə mənsubdur. Və nəhayət, "Hədiqətüs-süəda"dan
başqa heç bir mənbədə Müslimə "Azərbaycanlı" ləqəbi aid edilməyib.
Qarşıya belə
bir sual çıxa bilər: Bəs, nə üçün Füzuli onu öz kitabında "Müslimi-Azərbaycani"
adlandırmışdır? Doğrudanmı, Füzuli kimi mükəmməl dini savada malik bir şair səhv
edib?
Məsələ
burasındadır ki, Füzuli "Müslimi-Azərbaycani" yazarkən, heç də
Müslimin əsil-nəsəbcə azərbaycanlı olduğunu iddia etməmişdir.
Müasir oxucular
"Hədiqətüs-süəda"nın mətnini oxuyarkən, sözlərin zahiri mənasını əldə
əsas tutaraq, tələsik nəticə çıxarırlar. Füzuli əslində Müslim ibn Övsəcənin həyatında
Azərbaycanla bağlı bir məqamı əsas tutaraq, onun adını Azərbaycanla əlaqələndirmişdir.
Müslimin həyatında
Azərbaycanla bağlı bu məqamı öyrənmək üçün mərhum İmadzadə İsfahaninin
"İmam Hüseynin (ə) həyatı" kitabına müraciət edək: "Şəbi yazır
ki, Müslim şücaətli və qəhrəman adam idi; cihadlara və Azərbaycanın fəthi kimi
İslam fəthlərinə aid mənbələrdə onun adı çox xatırlanmışdır" (səh. 522).
Yenə həmin
kitabda müəllif Müslimin şəhadətini təsvir etdikdən sonra yazır ki, düşmən
qoşununun başçılarından olan Şibs ibn Rəbi öz silahdaşlarına xitabən dedi:
"Görün necə bir şəxsiyyət öz canını Hüseynə (ə) fəda etdi. Mən Azərbaycanın
fəthi zamanı Müslimin göstərdiyi igidliyi heç vaxt unutmaram".
Hədis və tarix
elminin ustadlarından sayılan mərhum Şeyx Şeyx Abbas Qummi "Nəfəsül-məhmum
və nəfsətül-məsdur" əsərində bu məsələyə daha da aydınlıq gətirərək yazır:
"Düşmən qoşunundan Əmr ibn Həccacın dəstəsi şadlıq edib çığırmağa
başladılar ki, "Müslim ibn Övsəcəni də öldürdük". Bu zaman Şibs öz ətrafındakılara
acıqlanıb dedi: "Ananız halınıza ağlasın! Sevinirsiniz ki, Müslim ibn Övsəcə
kimi adamı öldürmüsünüz? İman bəslədiyim Allaha and olsun ki, mən Müslimi müsəlmanlar
üçün iftixarlı olan döyüş meydanlarında görmüşəm. Azərbaycanın fəthi zamanı Sələq
döyüşündə hələ müsəlman süvariləri öz yerlərindən tərpənməmişdilər ki, Müslim
düşməndən altı nəfəri öldürdü" ("Nəfəsül-məhmum və nəfsətül-məsdur",
səh. 120). Bu hadisəni məşhur tarixçi Təbəri də qeyd etmişdir.
Beləliklə, bu
qaranlıq məsələ də aydın oldu. Mərhum Füzuli Müslimi Azərbaycanlı olduğuna görə
deyil, Azərbaycanın fəthində şücaət göstərdiyi üçün "Azərbaycani"
adlandırmışdır. Ümumiyyətlə, ərəblərin adətincə, bəzən çox mühüm bir döyüşün
iştirakçılarını öz əsil-nəsəbləri ilə yanaşı, həm də həmin döyüşün adı ilə
çağırırlar. Yaxşı məlumdur ki, İslam tarixinin həlledici nöqtələrindən sayılan
Bədr savaşının iştirakçıları "Bədri" ləqəbini daşıyırdılar. Bədrilər
bütün səhabələr arasında xüsusi ehtiram sahibi idilər. Bu təbəqənin nümayəndələri
fəzilətli, adil və doğrucul olduqlarını öz qanları bahasına sübut etdikləri
üçün, onların şahidliyi xüsusilə mötəbər sayılırdı.
Bu ənənəvi
üsluba riayət edən Füzuli də Müslim ibn Övsəcənin Azərbaycan fəthində müstəsna
xidmətlərini nəzərə alaraq, onun adına "Azərbaycani" fəxri ləqəbini
qoşmuşdur.
Qeyd etmək
yerinə düşər ki, Müslim ibn Övsəcənin Azərbaycanda göstərdiyi igidlik barədə Təbəri
tarixində, Şeyx Abbas Qumminin "Müntəhal-amal", Seyyid Rza Sədrin
"Pişvaye-şəhidan" (Şəhidlərin rəhbəri), Seyyid Mustafa Hüseyni Dəştinin
"Məarif və məariyf", Seyyid İbrahim Musəvi Zəncaninin "Vəsilətüd-dareyn"
kitablarında və sair mənbələrdə məlumat verilmişdir.
Natiq Rəhimov