Məşhur azərbaycanlı alim Əllamə Təbatəbainin dünya istəyənlərə sözü
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Əllamə Təbatəbainin həyatı böyük elmi dəyərə malik olduğu kimi onun həyatının mənəvi dəyərləri də saysiz-hesabsızdır.
Bu gün Məhərrəm
ayının 18-dir. Məşhur azərbaycanlı alim, filosof, arif və çoxsaylı qiymətli
kitabların sahibi Əllamə Seyyid Məhəmməd-Hüseyn Təbatəbai (1892- 1981)məhz
bu gündə vəfat edib.
Əllamə islam fəlsəfəsində
son əsrlərdə ən böyük söz sahibi olduğu kimi, Quranın təfsirində də dövrünün
dahisi sayılır.
Əllamə Təbatəbainin
həyatının elmi dəyəri hamıya məlumdur. Burada onun həyatının mənəvi dəyərlərini
əks etdirən iki məqama toxunmaq istəyirik:
1- Əllamə Təbatəbainin xatirələrində
deyilir:
“Mən təhsil
üçün Nəcəfə gedəndə Mərhum Qazinin yanına tez-tez gedirdim. Bu mənlə onun
arasında qohumluğun olmasına görə idi. Bir gün Nəcəfdə mədrəsənin həyətində
idim. Ayətullah Qazi də gəlib oradan keçirdi. Mənə çatanda əlini çiynimə qoyub
dedi: Oğlum, əgər dünya istəyirsən gecə namazı qıl, əgər axirət istəyirsən yenə
gecə namazı qıl”
2- Əllamə Təbatəbai deyir: Mən yeniyetmə
dövrümdə Ayətullah Seyyid Əhməd Qazinin evinə tez-tez gedərdim. Günlərin çoxunu
onların evində qalıb, gələn qonaqları qarşılayıb, onlara xidmət göstərərdim.
Bir gün Ayətullah Qazinin yanında oturmuşdum. Həyat yoldaşı bizim olduğumuz
otağın qapısının arxasından səsləndi və çörək almaq üçün Ayətullah Qazidən pul
istədi. Ayətullah Qazi dedi ki, pulum yoxdu. Həyat yoldaşı onun bu cavabından
narahat olub acığlanaraq dedi: Bu da oldu yaşayış?!. O bunu deyib getdi.
Mən gördüm ki,
ustadın halı pərişan oldu. Bu zaman həyəti bir külək basdı, sanki kiçik bir
fırtına qopdu və sonra külək çəkildi.
Ayətullah Qazi
mənə dedi: Get həyətə yığılmış yarpaqların altında bir iki tümənlik var, onu
götür ver bizim xanıma. Mən getdim və o yarpaqların arasından bir iki tümənlik
gördüm və götürüb, ustadın buyurduğu kimi onun xanımına verdim. Mən belə bir
hadisənin baş verməsindən heyrətdə idim. Buna görədir ki, Mütəal Allah buyurur:
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən
ölçüdə endiririk. (Hicr-21)". / İslaminSesi