SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN SƏBƏBLƏRİ
Posted on : Əqidələr 10/16/2017 1:00:15 PM
Psixoloji baxımından sui-zənn, bədbinlik və bədgümanlıq bəzən yüngül, bəzən də sərtləşərək ruhi-psixoloji xəstəlik kimi özünü büruzə verir.
Psixoloji
baxımından sui-zənn, bədbinlik və bədgümanlıq bəzən yüngül, bəzən də sərtləşərək
ruhi-psixoloji xəstəlik kimi özünü büruzə verir. Hər iki halın müxtəlif səbəbləri
ola bilər. Məsələn:
1. Bəzən bədbinlik
ədavət, kin-küdurət, paxıllıq və qisas hissindən qaynaqlanır. İnsan qarşı tərəfdən
zor gücü və yaxud dili ilə qisas ala bilmədiyindən, düşüncələrində fitnələrə əl
ataraq pis fikirlərə düşür, onu daim mühakimə və məzəmmət edərək nəfsinə təsəlli
verir. Yəni xarici aləmdə nail ola bilmədiyini təsəvvür və fikirlərində tapır və
beləcə, öz əməlindən saxta ləzzət, rahatlıq alır. Bu isə bir növ “təxəyyülə
uyma və sığınma”, “həqiqətdən ruhi sapınma” adlanır və müasir psixologiyanı da
maraqlandıran məsələlərdən biridir. Bir sıra izahlarda deyilir ki, istəklərinə
xarici aləmdə nail ola bilməyən insanlar özlərinə qapılaraq daxildə hiss etdiyi
boşluğu xam xəyallar və əbəs düşüncələrlə doldurmağa çalışırlar. Bəzən onları
yuxuda, bəzən də öz təxəyyül və poetik hisslərində axtarırlar. Adətən, böyük
şair adını qazananlar şairlik istedadından əlavə, həyatda itkilər,
narahatlıqlar, ağrı-acılar, uğursuz eşq və məhəbbətlərlə də üzləşirlər. Onlar məşuq
itkisini təxəyyülündə, poetik duyğularında, ədəbi incəliklərində
arayıb-axtardığından təxəyyül qüvvələri, poetik hissləri hədsiz artır. Necə deyərlər,
lirik şeirlər daha gözəl, daha cəlbedici olur. Bir sözlə, “təxəyyülə uyma”
insanda bir çox psixoloji hadisələri, o cümlədən, bədbinlik və bədgümanlıq kimi
hissləri cücərdə bilir.
2. Nikbinlik
insanın saflığından qaynaqlandığı kimi, bədbinlik və bədgümanlıq da mənəvi
çirkinlik və aludəlikdən baş qaldırır. Yəni “müqayisə” zamanı insan başqalarını
ya yaxşı, ya da pis görür. Bu xislət özünü savadsız və ya nadan təbəqə arasında
daha artıq büruzə verir.
3. Bəzən insan
vicdan məhkəməsində bədbinliyə düçar olur, günahlarına şərik axtarmağa
çalışaraq başqalarına qarşı pis fikirlərə düşür, öz çirkin əməllərini yozaraq
onları adiləşdirib, demək istəyir ki, belə işlərə əl atan təkcə o deyil.
4. Bəzən də bədbinlik
təkəbbür və xudbinlikdən baş qaldırır. Məsələn, özlərini başqalarından üstün
bilənləri çox vaxt başqalarının nöqsanları maraqlandırır, cürbəcür ehtimallarla
onların dəyərini endirir, özlərini isə yüksəldirlər.
5. Bəzən isə
ata-ana və ya müəllimin təlqinləri bədbinliyin amillərindən birinə çevrilir.
6. Pis
adamlarla yoldaşlıq da onun səbəblərindəndir. Bəzən insanın münasibətlərində
meyar oturub-durduğu, yoldaşlıq etdiyi adamlar olur. Hətta onun bir kənd, şəhər,
ölkə, yaxud millət barəsində təfəkkür tərzi yoldaşlıq əlaqələri ilə bilavasitə
bağlı olur. Yoldaşları pis olanlar, təbiidir ki, hamıya qarşı bədbin olurlar.
Bu məsələ hədislərdə belə açıqlanır:
مُجالَسَةُ
الْاَشْرارِ تورِثُ سُوءَ الظَّنِّ بالْاَخْيارِ
“Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədbinlik gətirir.”
(“Biharul-ənvar”, 74-cü cild, səh.197, hədis: 31.)
7. Bəzən də bədbinlik
səbəbsiz olmur. Yəni bir zaman və ya mühitə hakim olan fitnə-fəsaddan yaranan
“Oxşar hadisələrin yayılması və çoxluğu eyni faktorun reallığına əsas verir!” –
fikri insanda bədbinliyə səbəb olur. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah
Məkarim Şirazi, səh. 93-95.)
Rza Şükürlü