Qarabağ əlilləri Vəkillər Kollegiyasının və “Əmrahbank”ın ofisi qarşısında aksiya keçirəcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Dələduzluqla əmlakların göz dikdiklərinə görə...
Ölkədə ən geniş
yayılmış cinayət növünün dələduzluq olması gündəmi işğal edən xəbərlərdən də
bilinir. Bu dələduzluq növünün artıq məhkəmələrə ayaq açması da faktdır. Özəlliklə,
əmlakla bağlı dələduzluq hallarının məhkəmədə qanuni qüvvəsini alması faktları
da yetərincədir. Belə dələduzluqla Qarabağ əlillərinin üzləşməsindən, onlara
aid olmayan mübahisə üzrə əmlaklarına, sahibkarlıq subyektlərinə – “Galenvagen”
avtomobillərinə məhkəmə yolu ilə yiyələnmək çabasından söz açmışıq. Toplumun,
basının aktiv yardımı ilə bu faktdan ölkənin və hökumətin üzvləri xəbər tutub,
nəzarətə götürdüklərindən Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov
22.07.2016 tarixli qətnamə ilə maşını 7-ci alan Qarabağ əlillərinə qarşı
iddianı rədd etdi.
Amma iddiaçı Şahlar Abdullayev Vəkillər Kollegiyasının 1 saylı kontorunun vəkili
Tofiq Aslanovla birləşib mübahisəyə heç bir aidliyi olmayan Qarabağ əlillərinə
qarşı apelyasiya şikayəti veriblər. Deyə bilərsiniz ki, bu onların hüququdur.
Amma məhkəmənin də hüququdur ki, iddia müddəti keçdiyinə, iddia ona cavab verməli
olmayan şəxslərə qarşı qaldırıldığına, əsas cavabdeh bank olduğu halda ona
müraciət edilməsi barədə sənəd təqdim edilmədiyinə, əsassız iddia qaldırdığına
görə iddia tərəfini cərimələsin və cavabdeh Qarabağ əlillərini cavbdehlikdən
çıxarsın. Fikir verin: 7 il qabaq iddiaçı lizinqlə “Əmrahbank”dan 200 minlik
“Galenvagen” maşını aldığını, 1 il sonra bu bahalı maşını özbaşına qoyub
getdiyini bildirir və 7 ildən sonra maşını 7-ci alan Qarabağ əlillərini də
cavabdeh etməklə banka qarşı bankın digər maşını alan şəxslə müqaviləsinin
etibarsız sayılmasını tələb edir. Özü də məhkəməyə heç bir ödəniş qəbzi,
müqavilə, yaxud surətini təqdim etmədən. İddiaçı bunu belə əsaslandırıb ki, həmin
müqavilə və qəbzləri bank ondan alıb. Belə şeyin nağıllarda olması gizlin
deyil. Necə yəni, 200 minlik maşının nə müqaviləsi, nə də ödəniş qəbzləri elə-belə
banka verilir? İstənilən halda bu mübahisənin, tələbin maşını 7-ci alan əlillərə
nə aidliyi var? Axı əlillər maşını bankdan yox, 7-ci adamdan pulunu ödəməklə
alıblar. Özü də rəsmi sənədlərlə. Vəkil Tofiq Aslanov iddianı “peşəkarcasına”
elə yazıb ki, iddia təmin olunsa belə əsas cavabdeh “Əmrahbank”, BDYPİ heç bir
şey itirmir. Bankın pulunu Şahlar Abdullayev ödədi, ya başqası, bundan o nə
itirə bilər ki? BDYPİ bu nömrəni verməsin, o birini versin, nə itirir? İtirən
bu mübahisəyə aidliyi olmayan, maşını 7-ci alan Qarabağ əlilləridir. Vəkil etik
qaydanı da pozaraq mübahisəyə aidliyi olmayan Akif Çovdarovun da adını
hallandırıb, mətbuatda yazı ilə çıxış edib. “Əmrahbank”ın AZADLIQ filialının
müdiri Nigar Hacıyevanın da rolu az deyil. Bu müdir 2014-cü ilin dekabrında
maşını bankdan Ş.Abdullayevdən sonra alan Cahangir Hüseynova, bir il sonra
2015-in dekabrında isə Şahlar Abdullayevin vəkilinə arayış verib ki, borcları
yoxdur. Bunlar da bu saxta arayışı əsas tutub, C.Hüseynovu cavabdeh etməkdənsə,
maşını 7-ci alan şəxsləri cavabdeh ediblər. Heç C.Hüseynovun adını da çəkmirlər.
Axı onun maşını iddiaçının lizinq borcunu ödəyərək alması üzə çıxacaq! Bankın
3-5 manat qarşılığında belə arayış verməsi də adi hal alıb. Bu arayışı almaq vəkilin
əlində nədir ki? Sosial yardım və ya kredit götürməyə belə arayışlar tələb
olunur. Bunlar da çox güman, bankın müdirini belə aldadıb, tamahına qurban
veriblər.
Yəqin ki, maşını 7-ci alan Qarabağ əlillərinin bu mübahisəyə, dələduzluğa
aidliyi olmaması açıq-aşkardır. Sadəcə, “peşəkarlıqla” əlilləri məhkəmə ilə
şantaj edib pul qazanmaq istəyirlər. Apelyasiya şikayətinə hakim Vüqar Həsənovun
sədrliyi ilə 27.09.2016-da baxılacaq. Qarabağ əlilləri isə BŞİH-ə VK-nın və
“Əmrahbank”ın qarşısında aksiya keçirmək barədə müraciət ünvanlayıblar. 27
sentyabrda Qarabağ əlillərinin Bakı AM-də “dincələcəyi” şübhəsizdir. Dələduzluqla
əmlaklarına həbs seçilməsi qorxusu zavallı əlilləri sağlamlıq ocaqlarından məhkəmə
salonlarına yönləndirib.(azadliq.info)