"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi
Posted on : Əqidələr 10/16/2017 1:00:15 PM
Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırsa da, bu misilsiz mənəvi səfərin ləzzəti hər bir şeyi asanlaşdırmışdı
Bismillahir Rəhmanir Rəhim
"Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil
olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə
yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən)
qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”
Surə-Maidə.Ayə-67
Ayənin nazil olma səbəbi
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və
tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam
Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o
cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas,
Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql
etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və "Qədir-Xum”
hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin
bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın
hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql
olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə)
qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
–Hafiz Əbu Nəim İsfahani: "Ma nuzzilə
minəl-Quran fi Əliyyin” kitabı ("Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri:
"Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: ("Əd-durrul-mənsur”
kitabından nəql, 2-ci cild, səh. 298);
–Fəxri-Razi: "Kəbir” təfsiri, 3-cü cild,
səh. 636;
–Əbu İshaq Həməvini: "Fəraidus-səmteyn”
kitabı;
–İbn Səbbağ Maliki: "Füsusul-muhimmə”
kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: "Əd-durrul-mənsur”
kitabı, 2-ci cild, səh. 298;
–Qazi Şovkani: "Fəthul-qədir” kitabı, 3-cü
cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: "Ruhul-məani”
kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi:
"Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: "Umdətul-qari fi şərhi
Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
–Şeyx Məhəmməd Əbduh Misri: "Əl-mənar”
təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q)
(Süyutinin "Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin
bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı,
sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə
iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində
onların nəzərlərini dəqiq araşdıracağıq.
Qədir-xum hadisəsi
Ötən bəhslərdəki bir dəlilə əsasən,
"təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda
(həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin
sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə,
digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə "Qədir-Xum” hadisəsinə
və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana
aiddir. Əllamə Əmini "Əl-qədir” kitabında "Qədir-Xum” hədisinin 110
səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə
almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, "Qədir-Xum”
hədisi "təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu,
kim onun "təvatür” həddinə çatmasına şəkk etsə, "təvatür” həddində
olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan
xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə
deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı
geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–"Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–"Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah
Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–"Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–"Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi;
bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–"Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci
cild.
Qədir-xum rəvayətlərinə bir baxış
"Qədir-Xum” hadisəsini qeydə alan
rəvayətlərin məcmusundan (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə daha geniş,
bəzilərində qısa, bəzilərində hadisənin bir qismi, bəzilərində isə digər bir
qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün
sonuncu ilindəki həcci ("Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona
çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük
ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri
bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə
Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail
olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman
həzrəti müşayiət edirdi.
Hicazın qızmar günəşi dağ və düzənlikləri
yandırırdı. Amma bu misilsiz mənəvi səfərin ləzzəti bütün çətinlikləri
asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra
isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər
məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə
(İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura
çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona
yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla
bir-birlərindən ayrılırdılar.
Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban
bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara
dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın
önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib
çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı "Allahu-Əkbər” səsi ilə
camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən
hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da
başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası
onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa
nə gölgəlik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca
sığınmışdılar.
Nəhayət, günorta namazı qurtardı. Ağacların
birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma
yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə
gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki,
hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun.
Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini
görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər.
Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha
tapşıraraq camaata belə buyurdu: "Mən tezliklə Allahın dəvətini qəbul
edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət
daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
Camaat uca səslə dedi: "Biz şəhadət
veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin
və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: "Siz Allahın
təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq
olmasına şəhadət verirsinizmi?”
Hamı bir ağızdan "Bəli, şəhadət veririk” –
dedi.
Peyğəmbər (s) dedi: "İlahi, şahid ol...”
Sonra davam etdi: "Ey camaat, səsimi eşidirsinizmi?”
Dedilər: "Bəli!”
Bundan sonra səhra tamamilə sükuta büründü,
isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s)
səsi eşidildi: "İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki
böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
Cəmiyyətin içərisindən bir səs gəldi: "Ey
Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”
Peyğəmbər (s) dərhal buyurdu: "Birincisi
bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır!
Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım
Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət
behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan
irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak
olarsınız!”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz
ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən
tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu
tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s)
səsini bir az da ucaldaraq buyurdu: "Ey camaat! Möminlərə onların
özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
Dedilər: "Allah və Peyğəmbəri daha yaxşı
bilir!”
Peyğəmbər (s) buyurdu: "Allah mənim mövlam
və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən
daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən
irəlidir)!” Sonra buyurdu: "Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun
mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə,
dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ
وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه
وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:
"İlahi! Onun dostunu Sən də dost bil, onun
düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də
qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil
et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”
Sonra buyurdu: "Hazır olanlar bu xəbəri
burada olmayanlara çatdırsınlar!”
Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin,
Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki,
vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...
"Bu gün sizin dininizi təkmilləşdirdim,
nemətimi sizə tamamladım...”
Peyğəmbər (s) buyurdu: "Allahu-Əkbər,
Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim
risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə
başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən
tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin
qarşısında bu sözləri dillərinə gətirdilər:
بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ
وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:
"Afərin sənə, afərin sənə, ey Əbu Talibin
oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu
zaman İbn Abbas dedi: "Allaha and olsun! Bu əhd-peyman hamının boynunda
qalacaqdır.”
Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s)
bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi:
Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,
Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.
Fəqalə, fəmən movlakum və nəbiyyukum?
Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,
İlahukə movlana və əntə nəbiyyuna,
Və ləm təlqi minna fil-vəlayəti asiyən.
Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,
Rəziytukə min bədi imamən və hadiyən,
Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,
Fəkunu ləhu ətbaə sidqin muvaliyən!
Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,
Və kun lilləzi ada Əliyyən muadiyən!
"Qədir-Xumda Peyğəmbər nidası,
Yayıldı carçısıyla hər sədası.
Dedi: "Kimdir sizin mövla, nəbiniz?”
Bir ağızdan: "Allah bizim Rəbbimiz!
Ondan sonra sən də peyğəmbərimiz!
Vilayətə asi olmaz birimiz!”
Peyğəmbərin Əliyə buyruğuyla:
"Qalx ayağa, həqiqət sorağıyla.
Məndən sonra imam, hidayətçisən,
Mövlası olduğumun rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma,
Allahdan əmanət qoyduqlarıma!
Allah, Sən də sev, onu sevənləri
Düşməninə düşmən olsan, var yeri
Bu, şiə və sünni alimlərinin kitablarında nəql
olunan "Qədir-Xum” hadisəsinin xülasəsi idi!
Təbliğ ayəsi üzərində yeni araşdırma
Əgər biz "təbliğ” ayəsinin nazil olma
səbəbi, eləcə də, "Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri
nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mənasını diqqətlə nəzərdən
keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi
ayırd edə bilərik.
İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm
məsələyə toxunur:
1. Ayədən məlum olur ki, bu məsələ İslam
baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən
Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər
çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ
peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin
(s) vəzifəsi yarımçıq qalacaqdı!
Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə
tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin
zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun
birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.
2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc,
cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə
"Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu
surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda artıq
İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.
3. Ayənin ifadələri göstərir ki, elan olunacaq
xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s)
həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi
himayəsini bildirərək buyurur: "Allah səni xalqdan (onların ehtimal
verilən təhlükələrindən) qoruyacaq!”
Ayənin sonunda daha təkidlə buyurur:
"Allah kafir cəmiyyəti hidayət etməz!”
Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks
mövqe tutacaqlarını göstərir.
Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə
alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil
olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə
çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli
vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki
Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt
mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən
məsələ məhz budur! Əgər "təbliğ” ayəsini imamət, vilayət və xilafət
məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən
uyğunlaşmayacaq.
Əhli-sünnənin təfsir alimlərinin bu ayənin
mənası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla
uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə "acizdirlər” (çünki imamət
və vilayətə etiqadlı deyillər).