Qeyd edək ki, özünü İslam təşkilatı elan edən, hətta İraq və Suriya
ərazisində “İslam xilafəti” yaratdığını elan İŞİD daxilində İraq,
Suriya kimi ölkələrlə yanaşı, ərəb ölkələrindən, o cümlədən dünyanın az
qala bütün nöqtələrindən gələn savaşçılar toplaşıb.
Analitiklər İŞİD-in təkfirçi cərəyandan güc aldığını, üzvlərinin
əsasən məhz təkfirçi, xəvaric düşüncəsində olduğunu qeyd edirlər. Bu
səbəbdən faktiki olaraq İŞİD heç bir müsəlman ölkəsi və ya təşkilatı
tərəfindən dəstəklənmir. Baxmayaraq ki, bir sıra müsəlman ölkələri və ya
qurumlarının, ayrı-ayrı şəxslərin adları bu qruplaşmaya dəstək verənlər
siyahısında çəkilir.
Ən maraqlısı odur ki, İŞİD-in arxasında dayan ölkələr sırasında
Qərb ölkələrinin, o cümlədən İsrailin adı hallanır. Hətta qruplaşmanın
Yaxın Şərqi yenidən parçalamaq, xaos yaratmaq üçün ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsi (CIA) və NATO tərəfindən qurulduğu və dəstəkləndiyi iddia
olunub. Eyni zamanda İsrail kəşfiyyatının belə bir qruplaşmanı
yaratdığı, indi özünü xəlifə elan edən İŞİD rəhbəri Əbubəkr
əl-Bağdadinin qruplaşmanın içinə yeridilmiş Şimon Eilot adlı agent
olduğu ilə bağlı iddialar da ortaya atılıb. Ancaq hələlik bütün bunlar
iddia olaraq qalır. Onları sübut etmək isə faktiki olaraq mümkün deyil.
Yeri gəlmişkən, İŞİD-in S.Ərəbistanı, o cümlədən Qətər və Türkiyə,
nəhayət, Suriya hakimiyyəti tərəfindən qurulduğu ilə bağlı fərqli
mənbələrin iddiaları da var. Təbii ki, sıralamadan göründüyü kimi, indi
məhz biri-birinə rəqib olanlar öz rəqiblərini İŞİD-i yaratmaqda və ya
ona dəstək verməkdə ittiham edir.
Yeri gəlmişkən, hazırda ABŞ və qismən Britaniya aviasiyası İraqın
şimalında kürd bölgələrinə hücum edən İŞİD yaraqlılarını bombalayır.
Britaniyanın baş naziri isə İŞİD-ə qarşı təcili ciddi tədbirlər
görülməsi çağırışı edib. Devid Kamerun açıq şəkildə deyib ki, “İslam
Dövləti”nin NATO-ya qonşu olmasından narahatdır.
Əslində iki diqqət çəkən məqam ondan ibarətdir ki, hətta Talibana
haradasa kimlərsə açıq şəkildə dəstək versələr də, İŞİD-lə bağlı belə
deyil. Heç bu təşkilat ona sahib çıxmaq, hətta adının belə onunla
çəkilməsini istəmir. Halbuki, İraqda irəliləyərkən bəzi ərəb ölkələrində
bu qruplaşmaya rəğbət göstərənlər özlərini büruzə verdilər.
Aydın məsələdir ki, bütün bunların əsas səbəbi İŞİD-in qanlı
yöntəmləridir. Bu qruplaşmanın həddən artıq qəddarlığı, amansızlığı,
edamlar, dinc insanlara, hətta qadın və qocalara, uşaqlara belə aman
verməməsi ona qarşı qorxu qarışıq nifrət yaratdı.
Eyni zamanda “necə oldu da İslam dini daxilində bu cür düşünən
minlərlə insan yetişdi və bir araya gələ bildi” sualının cavabını
tapmaqdan ötrü İslam tarixinə nəzərə salmaq lazım gəlir. Belə hesab
olunur ki, ötən 1400 illik tarixi mərhələ İslam daxilində müəyyən tarixi
və ideoloji proseslərin təsiri ilə radikal, təkfirçi, inkarçı
cərəyanlar yaranıb.
Bu cərəyanlar əsasən İslam ümmətinin üzləşdiyi problemlərin
səbəbini mövcud cərəyanların, ideoloji görüşlərin təhriflərindən
doğduğunu iddia edərək son nəticədə həm xaricə, həm də daxildəki “yolunu
azmışlara” qarşı ən sərt münasibəti dinin təmizlənməsi, yəni müqəddəs
vəzifə kimi görən cərəyanların formalaşmasına səbəb oldu.
Həm sovet-əfqan müharibəsi, daha sonra ABŞ-ın Əfqanıstana, İraqa
müdaxiləsi, son illərdə Suriyada, indi isə İraqda baş verən savaşlar bu
cür ideologiyaların güc qazanması, özünü təsdiqi üçün mühüm məqam oldu.
Çünki insanlar həm yaranmış böhranı öz gözləri ilə gördülər, həm də
bunun çıxış yolu kimi “cihad hərəkatı”na şərait yarandı. Bu isə
sözügedən cərəyanın ayaq açması, özünə tərəfdar qazanması üçün mühüm
amildir. Nəticə isə göz qabağındadır.