Ayət namazı necə qılınır? - QAYDA
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Məlum olduğu kimi cari ilin ikinci Ay tutulması avqustun 7-də müşahidə olunacaq və təbiət hadisəsi 2 saat davam edəcək
Proses saat
21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa
çatacaq.
Qeyd edək ki,
bu cür hadisələrdə, o cümlədən zəlzələ kimi təbii fəlakətlər zamanı ayət namazı
qılınmalıdır. 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş vermişdir.
Ayət namazı iki
rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib
olma səbəbləri aşağıdakılardır:
Günəş və ayın
tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına
səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi
olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və
ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması istisna olmaqla qalan
hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb
olarsa, onda onlar ayət namazının vacib olmasına səbəb olmaz.
Namazın qılınma
qaydası bu cürdür:
1. Niyyətdən
sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir.
Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya
gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir.
Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə
başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd
və salam oxunur.
2. Niyyət və təkbirdən
sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra
rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə
deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi
oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas”
surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”,
“Qul huvəllahu əhəd”, “Əllahus-səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu
kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci
rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə
başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam
oxunur.
Ayətullah
Xameneinin fətvasına əsasən, (Bismillahir-rəhmanir-rəhim , surənin tərkib hissəsi
olmadığından) ixlas surəsi bu qaydada beş yerə bölünməlidir:
1. “Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd”, 2. “Əllahus-səməd”,
3. “Ləm yəlid", 4. "və ləm yuləd”, 5. “və ləm yəkun
ləhu kufuvən əhəd”.
Ayət namazının
bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar.
Qeyd edək ki,
Günəş tutulması və Ay tutulması üçün qılınan ayət namazının vaxtı Günəşin,
yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə
qayıdanadək davam edir. Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz
qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır. / Maide.Az