Atası və əri şəhid olan qadın iki körpəsi ilə daxmada yaşayır
Posted on : qafqaz 10/16/2017 1:00:15 PM
Zərqələm Quliyeva: “İki şəhid qızının sağlam böyüməsi üçün bir evimizin olması ən böyük arzumuzdur”
Onun
taleyinə iki dəfə şəhid ailəsi olacağı yazılıbmış... Zərqələm Quliyevanın atası
Gündüz Quliyev 1993-cü ildə Qarabağ döyüşlərində şəhid olub. 2014-cü ilin
avqustundakı 4 günlük müharibədə - Ağdamda gedən döyüşlərdə isə Zərqələm
xanımın həyat yoldaşı Sənan Quliyev vətən uğrunda şəhid olub.
İndi
Z.Quliyevanın bu həyatda anasından və iki qızından savayı kimsəsi yoxdur. Zərqələm
Quliyeva şəhid Sənan Quliyevin iki yadigarını, qız övladlarını təkbaşına
böyüdür. Ramana qəsəbəsində, köhnə neft zavodunun binası yaxınlığında, taxtadan
tikilmiş kiçik daxmada yaşayan şəhid ailəsinin həyat şəraiti çox acınacaqlıdır.
Yayın istisindən çətinliklə çıxan ailəni, indi qışın şaxtası gözləyir.
Havalar soyuyanda, yağış yağanda bu daxmada ailənin vəziyyəti daha da çətinləşir.
Hökumət tərəfindən ailəyə iki şəhidə görə aylıq müavinət ayrılsa da, onların mənzil
problemi həll olunmayıb.
2 il öncə şəhid
olan atasının ölümündən sonra dünyaya gələn 2 yaşlı Nişanənin və 5 yaşlı
Sevincin rahat yatması, oynaması üçün evdə şərait yoxdur. Uşaqlar günlərini
ensiz və havasız otaqda keçirirlər. Otaqların pəncərələrinin olmaması uşaqların
səhhətinə pis təsir göstərir. Anasının da dediyinə görə, ilin bütün fəsillərində
uşaqlar xəstələnirlər.
Vətən uğrunda
iki şəhid verib, iki uşağı ilə tək qalan Zərqələm Quliyeva ərinin həyatından,
ölümündən danışır: “Sənan 2008-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan
sonra evə qayıtdı. 2014-cü ilin avqust döyüşlərində isə ehtiyatda olan hərbçi
kimi, yenidən xidmətə çağırıldı. Azyaşlı uşağının olmasına baxmayaraq, o, getməyə
qərar verdi. Xahiş etdik, yalvardıq ki, getməsin. Ancaq israrlı idi. Deyirdi
ki,vətənin dar günündə gərək cəbhədə olum. 2014-ün avqustu hamının yadındadır;
müharibə başlamışdı. Həmin vaxtlar qızğın döyüşlər gedirdi. Sənan cəbhə xəttində
müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət göstərirdi. Avqust ayının 1-dən
2-nə keçən gecə ölüm xəbərini aldıq... (ağlayır-red.) Onun qara xəbərini
eşidəndə inanmadıq. Bir gün öncə telefonla danışmışdıq, demişdi ki, hər şey
yaxşıdır. Səhəri gün vurulduğunu eşidəndə inanmaq çətin gəldi”...
Zərqələm
Quliyeva həyat yoldaşının şəhidlik mərtəbəsinə yüksəlməsi ilə fəxr etdiyini
dedi: “Ailəmizin həyatında bu, ikinci şəhid
oldu. Atam Gündüz Quliyev də Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuşdu.
Anamın və mənim taleyimizə şəhid qadını olmaq yazılıb. Təki vətən sağ olsun”.
Ailə
başçılarını itirən Quliyevlərin ən böyük çətinliyi evlərinin olmamasıdır. Onlar
hökumətin şəhid ailələrinə göstərdiyi dəstəkdən razı qaldıqlarını dedilər.
Ancaq ən böyük arzuları iki azyaşlı şəhid qızının ağır şəraitdə yaşamaması üçün
rahat mənzillə təmin olunmasıdır: “Şəhid ailəsi olaraq hökumətimiz bizə aylıq
600 manat müavinət verir. Bu dəstəyə görə minnətdarıq. Ancaq bizim ən əsas
problemlərimizdən biri evimizin olmamasıdır. İki azyaşlı övladımın gələcəyi və
sağlamlığı mənim üçün hər şeydən önəmlidir. Bu daxmanın otaqlarının döşəməsi
torpaqla örtülüb. Qış aylarında rütubət yaranır, uşaqlar tez-tez xəstələnirlər.
Revmatizm xəstəliyi, soyuqdəymə artıq körpələrdə xroniki hal alıb. Hökumətimizdən,
Xocavənd Rayon İcra Hakimiyyətindən yardım əli uzatmalarını xahiş
edirəm. Əgər uşaqlarım azyaşlı olmasa idi, mənim üçün bura da rahat idi. Ancaq
onların sağlamlığını hər şeydən üstün tuturam”.
Başsız ailəyə
qucaq açan Zərqələm Quliyevanın nənəsi Ətirə Məmmədova uşaqların gələcəyindən
nigaran olduğunu dilə gətirdi: “Xocavənd
raayonunun, Kuropatkino kəndindən qaçqın düşmüşük. 18 ildir ki, gördüyünüz bu şəraitdə
yaşayırıq. Çətin şəraitdə övlad, nəvə böyütmüşük. Ancaq hələ də yaşamağa normal
evimiz, şəraitimiz yoxdur. Zərqələmi uşaq vaxtından mən saxlamışam. Atası şəhid
olandan sonra qızımı və nəvəmi də mən saxladım. Nəvəm Zərqələm uşaqlıqdan
yanımda böyüdü. Öz əmisi oğlu ilə ailə qurdu. Şəhid Sənan Quliyev həm xalam nəvəsi,
həm də yeznəm idi. Çox gözəl ailələri var idi. Rəhmətlik mehriban oğlan idi. Vətən
uğrunda qəhrəmancasına şəhid oldu. Çox vətənpərvər, ailəcanlı uşaq idi. Yazıq nəvəm
həm atasını, həm də həyat yoldaşını itirdi. Şəhid olandan sonra Xocavənd Rayon
İcra Hakimiyyəti onun yas mərasimini keçirdi. Mənzil verilən zaman ailəyə Beyləqandan
ev vermək istədilər. Orada heç kimimiz olmadığından nəvəm Zərqələm təkbaşına
oraya gedib yaşaya bilməzdi. Xahiş elədim ki, ailəyə evi Bakıdan versinlər.
Çünki şəhidin qeydiyyatı Ramana qəsəbəsində idi. Dayıları ilə birgə öz
yaşadığım yerin yanında, birtəhər birotaqlı daxma düzəldib, yanımıza gətirdik”.
Ətirə Məmmədova
şəhid ailəsinin mənzillə təmin olunması ilə bağlı aidiyyəti qurumlara
müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını dedi: “Xocəvənd Rayon İcra Hakimiyyətindən şəhidin hazırda
qeydiyyatda olduqları Ramana qəsəbəsindən ev verilməsini xahiş elədim. Ancaq
onlar kömək edə bilməyəcəklərini dedilər. O vaxtdan bu günə qədər, artıq 3 ilə
yaxındır ki, bu ailə ilə maraqlanan yoxdur. Məsələ ilə bağlı dəfələrlə
”Qaçqınkom"a getdim. Dedilər ki, ev yoxdur. Bizimlə maraqlanan da yoxdur
ki, necə yaşayırsız".
Ümid edirik ki,
bu yazıdan sonra ailə başçılarını vətən uğrunda itirən bu ailəyə aidiyyəti
qurumların diqqəti artar. Ən azı ona görə ki, o şəhidlər torpaq üçün
canlarından keçərkən geridə qoyduqları ailə üzvlərini bu millətə və dövlətə əmanət
ediblər./musavat/