YALAN – GÜNAHLARIN MƏNŞƏYİ
Posted on : Digər sahələr 10/16/2017 1:00:13 PM
YALAN – GÜNAHLARIN
Hədislərə əsasən,
düz danışmaq və doğruluq insanın əməllərini saflaşdırır, yalan isə onu
günahlara çəkir. İmam Əli (ə) buyurur:
اَلصِّدْقُ يَهْدِي اِلَى الْبِرِّ وَالْبِرُّ يَدْعُوا
اِلَى الْجَنَّةِ
“Düz danışmaq
(insanları) yaxşılığa yönəldir, yaxşılıq da behiştə çağırır.” (“Mişkatul-ənvar”, Təbərsi, səh.157.)
İmam Sadiq (ə)
buyurur:
اِذا صَدَقَ الْعَبْدُ قالَ اللهُ: صَدَقَ وَ بَرَّ، وَ اِذا كَذِبَ
قالَ اللهُ كَذَبَ وَ فَجَرَ
“Bəndə düz
danışdıqda, Allah-Taala “O düz danışdı və yaxşı iş gördü!”, yalan danışdıqda isə
“O, yalan danışdı və pis iş gördü!” – buyurar.” (“Mişkatul-ənvar”, Təbərsi, səh.156.)
İmam Həsən Əskəri
(ə) buyurur:
جُعِلَت الْخَبائِثُ كُلُّها فِي بَيْتٍ وَ جُعِلَ مِفْتاحُها
اَلْكِذْبُ
“Bütün
çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.” (“Biharul-ənvar”, 72-ci cild, səh.263.)
Bu hədisdən
aydın başa düşülür ki, yalan bütün günah və çirkinliklərin mənşəyidir. Aşağıda
insanın əməlində düz danışmağın və yalanın təsirlərini qeyd edirik:
1. Yalan nifaq və ikiüzlülük əlamətidir. Düz danışıqda dil ilə qəlb
uzlaşdığı halda, yalan isə onları qarşı-qarşıya qoyur. İnsanın zahiri ilə
batini arasındakı fərq də elə buradan başlanır və yalan danışan yavaş-yavaş
nifaqa doğru yönəlir. Qurani-Kərimdə bu həqiqət belə açıqlanır:
{فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ
يَلْقَوْنَهُ بِمَا أَخْلَفُواْ اللّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ
يَكْذِبُونَ}
“Allaha verdikləri
vədə xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə (bu əməl) onların ürəyinə
Allaha qovuşacaqları günə (qiyamət gününə) qədər nifaq saldı.” (“Tövbə” surəsi,
ayə 77.)
2. Yalan çox vaxt günahlar üçün bir vasitə olur. Məsələn, oğru,
xain, möhtəkir, vəfasız və qorxaq adamlar yalan danışmasalar əl-ayaqları
bağlanar, işləri keçməz.
3. Özündənrazı, paxıl, xəbərçi, dünyagir və tamahkar şəxslər məqsədlərinə
çatmaq üçün, adətən, yalana əl atır və bununla qarşı tərəfi camaatın gözündə
kiçildir, özlərini böyük və alicənab kimi göstərir, xalq arasında təfriqə
salırlar.
4. Düz
danışanlar və bu xislətin sahibləri, adətən, günahlardan qorunmağa çalışırlar.
Həmişə əyri və günah işlərin aqibətini düşünərək bir zaman rüsvay olacaqlarından
qorxub, günaha əl uzatmırlar. Bununla da həmin xislət onlarda bir növ sipərə
çevrilir.
5. Yalanlar çox
vaxt digər günahlara sövq edir. Çünki yalan danışan şəxs xilaf və çirkin işini
yozmaq üçün başqa-başqa yalanlara, yaxud yalanının üstü açılmamaq üçün digər
xilaf əməllərə də əl atır.
Bunlar göstərir
ki, həmişə düz danışmağı özünə vəzifə bilən insan yalan vasitəsilə baş verən
bir çox günahlardan uzaq olur. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim
Şirazi, səh.59-61.)
Rza Şükürlü