İMAM ƏLİYYƏN-NƏQİ(ə)NİN HƏYATI
Posted on : Xüsusi buraxılış 10/16/2017 12:59:44 PM
O, belə cavab verdi: ”Mən İraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və İbn Zəyyat da xalq arasında məşhur olmuşdu.”
Həzrət (ə) ondan Abbasi xəlifəsi Vasiqin halını soruşdu. O, belə cavab verdi: ”Mən İraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və İbn Zəyyat da xalq arasında məşhur olmuşdu.”
İmam (ə) isə belə buyurdu: “Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölmüş, Mütəvəkkil onun yerinə keçmişdir. İbn Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülmüşdür.”
İraqlı səhabə soruşdu: “Nə vaxt?”
İmam (ə) buyurdu: “Sən Bağdaddan çıxdığın vaxtdan altı gün sonra.”
İMAM HADİ(ə)NİN HAKİMLİYİ
Mütəvəkkil zamanında bir qadın həzrət Fatimənin (s) qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona “Zeynəb çoxdan ölmüşdür, halbuki sən cavan bir qızsan” – dedi.
Həmin qadın belə dedi: “Doğrudur, amma Peyğəmbər əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram.” Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan “Bu qadının iddiası barədə nə deyirsiniz?” – deyə soruşdu.
Onların hamısı “Yalan deyir!” – dedi.
Mütəvəkkil: “Yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?” – dedi.
Onlar isə belə dedi: “Biz bilmirik, bu məsələni imam Hadi həll etməlidir.”
Mütəvəkkil dərhal İmamı çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət belə buyurdu: “Əgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin övladlarına toxunmaz və onların ətini yeməzlər.” Mütəvəkkil həmin qadına “Nə deyirsən?” – dedi. Qadın dedi: ”Bu adam məni öldürmək istəyir. Əgər düz deyirsə, özü bu işi görsün.”
Mütəvəkkil dedi: “Doğru deyir, özün əvvəlcə bu işi gör!”
İmam (ə) buyurdu: ”Eybi yoxdur!“ Sonra qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər İmamın qarşısında ehtiramla oturub və bəzən özlərini ona sürtür, Həzrət də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət (ə) daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir küncə çəkildir və İmam (ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib belə buyurdu: “Ey qadın! İndi növbə sənindir.” Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: “Mən filankəsin qızıyam, bir kələk qurmaq istədim, lakin kələyim baş tutmadı.”
İMAM HADİ (ə) MÜTƏVƏKKİLİN MƏCLİSİNDƏ
Xalqın həzrət Hadiyə (ə) bəslədiyi məhəbbətdən narahat olmuş xudbin Abbasi xəlifəsi Mütəvəkkil həmişə İmamı öldürməyi düşünürdü. Bir gün ona xəbər gətirdilər ki, İmam (ə) qiyam etmək istəyir və bu məqsədlə də evində silah və pul gizlədibdir. Mütəvəkkil məmurlarına əmr etdi ki, gecəyarısı Həzrətin evinə basqın edib hər yeri axtarsınlar, tapdıqları pul və silahları İmam ilə birlikdə onun hüzuruna gətirsinlər.
Mütəvəkkil sarayında kef məclisi qurmuşdu; çalğıçılar çalır, müğənnilər isə oxuyurdu. O, səbirsizliklə İmamı gətirəcəkləri anı gözləyirdi. Məmurlar nərdivanla İmamın evinin damına çıxıb oradan evə girdi və o həzrəti otaqların birində namaz halında gördü. Onlar otaqları nə qədər gəzsələr də az miqdarda pul və bir qılıncdan başqa bir şey tapmadılar. Onları götürüb Həzrətin özü ilə birlikdə Mütəvəkkilin hüzuruna apardılar.
İmam (ə) məclisə girəndə Mütəvəkkil onu öz yanında oturtdu və bir şərab badəsini o həzrətə vermək istədi. İmam (ə) belə buyurdu: “Allaha and olsun ki, əlimi ona vurmayacağam!” Sərxoş olan Mütəvəkkilin gözü heç bir şeyi görmürdü, buna görə də İmama “Onda mənim üçün bir şeir oxumalısan!” – dedi. Həzrət (ə) buyurdu: “Mən ulu babam Əlidən (ə) yadigar qalan şeirdən başqa heç bir şeir bilmirəm.” Mütəvəkkil “Onu oxu!” – dedi.
İmam (ə) babası Əlinin (ə) hidayət edici və təsirli şeirini oxuyub Mütəvəkkilin vücudunda tufan qopartdı. Elə ki, Mütəvəkkil özünə gəldi, ağladı. Sonra da əmr etdi ki, İmamı ehtiramla evinə qaytarsınlar. İmamın evindən gətirdikləri pulun üstünə bir miqdar da pul qoyub İmama qaytardı. İmamın oxuduğu şeirin bir hissəsinin tərcüməsi belədir:
“Onlar hündür zirvələri özləri üçün ev etdilər və daima silahlı kişiləri keşikçi qoydular, lakin heç biri ölümdən qaça bilmədi.
Nəhayət, təmtəraqlı saraylarından qəbir çuxruna çəkildilər və bədbəxtliklə ora girdilər.
Bu vaxt haqqın səsi ucaldı: Hara getdi o ziynətlər, taclar, təntənə və calal? Hara getdi başqalarının sərvəti ilə bəslənən və onlara iftixar edən ərköyün simalar?
Qəbir onları rüsvay etdi və onların üzü qurdların ziyafət meydanına çevrildi.
Onlar vaxtilə istəklərini yeyib içirdi, lakin bu gün heyvanlara yem olublar.”
İmamın səmavi ahənglə oxuduğu öyüd dolu şeriləri Mütəvəkkilə elə təsir etmişdi ki, badəni yerə vurub sındırdıqdan sonra ağlamağa başladı.
İMAM ƏLİYYƏN-NƏQİ(ə)NİN ŞƏHADƏTİ
Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra İmam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzzin əlilə şəhid olduğundan sonra Samirrada torpağa tapşırıldı.
İMAM ƏLİYYƏN-NƏQİ(ə)NİN TƏLƏBƏLƏRİ
İmamın şiddətli nəzarət altında olmasına və xalqla əlaqəsinin kəsilməsinə baxmayaraq, elm çeşməsinin aşiqlərindən bir qrup İmamla gizli şəkildə əlaqə saxlayıb o çeşmədən bacardıqları qədər içdi. Həmin şagirdlərdən bəziləri bunlardan ibarətdir:
1. Öz zəmanəsinin böyük alimlərindən sayılan və pərhizkarlığı ilə şöhrət qazanan Əbdüləzim Həsəni. İmam Hadi (ə) dəfələrlə öz əshabına buyurmuşdu: “Bir məsələ ilə qarşılaşdığınız zaman, Əbdüləzimdən soruşun və mənim salamımı ona yetirin!” Bir dəfə Əbdüləzim öz etiqadlarını İmama bəyan etdikdə İmam (ə) buyurdu:
“Allaha anda olsun ki, Allah-taalanın öz bəndələri üçün bəyəndiyi həqiqi etiqaddır.”
İmamların nəslindən olan Əbdüləzim təqibə məruz qalıb Rey şəhərində gizləndi və elə orada da xəstələnib vəfat etdi. Onu ziyarət etdiyi həzrət Həmzənin qəbrinin yanında dəfn etdilər.
2. Həzrət Rza (ə), həzrət Cavad və həzrət Hadinin əshabından olan və onların hamısından rəvayət nəql edən Həsən ibn Səid Əhvazi. O, əvvəlcə Kufədə yaşayırdı, sonra qardaşı ilə Əhvaza, oradan da Quma gəldi və Qumda da vəfat etdi. O, fiqh və İslam əxlaqı mövzularında otuz cildə yaxın kitab yazmışdır. Onun dedikləri və rəvayətlərini alimlər qəbul edir. Mərhum Məclisi və Əllamə onun məqamını yüksək qiymətləndirmişlər.
3. Savadlı, elmli fəqih və bacarıqlı bir natiq olan Fəzl ibn Şazan Nişaburi. Həmişə İmamın dostları ilə oturub-durar və onlardan faydalanardı. Özü də imam Hadinin (ə) dəyərli əshabından sayılırdı. Onun yazdığı kitabların sayı təxminən yüz səksən cilddir. O, imam Hadidən sonra imam Həsən Əskərinin əshabından oldu və bir gün İmamın məclisinə daxil olduqda o həzrət (ə) onu tərifləyib Xorasan əhalisinə tapşırdı ki, ondan və əsərlərindən istifadə etsinlər. Təqibə məruz qaldığına görə Beyhəqə gedib orada xəstələndi və imam Əskərinin (ə) zamanında vəfat etdi.