header

 Hüseyn (ə) qəhrəmanlığı

Hüseyn (ə) qəhrəmanlığı

Hər il əvvəlki illərlə müqayisədə daha da coşqu ilə keçirilən, həmçinin “Şəhidlər sərvəri” məktəbinin aşiqlərinin ah-naləsi, göz yaşı ilə müşayiət olunan İmam Hüseyn (ə) adına əzadarlıqlar və əza məclisləri o həzrətin qəhrəmanlıq ruhunu bizə aşılamaqdadır. Əgər Kərbəla tarixinə ilk gündən bu günədək dəqiq nəzər salsaq, həmin tarixdən etibarən bu məktəb barəsində formalaşan düşüncələrdə aşkar dəyişikliklərin olmasını müşahidə edərik. Aşura başlanğıcda bir qəhrəmanlıq hadisəsi kimi meydana çıxsa da, sonralar yalnız ah-nalə, göz yaşları ilə müşayiət olunan qəmli bir hadisə şəklini almışdı. Son dövrdə isə özünün əsl simasını yenidən əldə etdi, yəni Hüseyn (ə) məktəbi aşiqlərinin göz yaşları arasında öz qəhrəmanlıq ruhunu göstərdi və müsəlmanları hərəkətə gətirdi.

"Heyhat minnəz-zillət! – Zillət bizdən uzaqdır!", "İnnəl-həyatə əqidətun və cihadun! – Həqiqi həyat əqidə və cihaddadır!" kimi Kərbəla tarixindən götürülən inqilabi şüarlar, kənarında Möhtəşəm Kaşani kimi görkəmli şairlərin göz yaşları ilə söylədiyi şeirlər: "Məzəmmətə yer olmayan müqəddəs məkanda müqəddəslərin başı qəmli halda diz üstündədir. Cinlər, mələklər insana növhə, mərsiyə deyir, sanki Adəmin ən şərəfli övladının əzasıdır!" – xətib, şair və məddahların təfəkküründə çevriliş yaratdı. Eyni zamanda, qədim dəyərlərə malik əzadarlıqla yanaşı, Kərbəlanın qəhrəmanlıq cəhətləri, səciyyələri də şərh edildi. Bu qəhrəmanlıq hadisəsi bəzi ölkələrdə, məxsusən, son zamanlar İraqda keçirilən Aşura və Ərbəin mərasimlərində həddən artıq təsirli rol oynadı və "Hər yer Kərbəla, hər gün Aşura!" – nidası İslam ölkələrinin səmasına yayıldı.

Doğrudan da, Aşura əslində bir qəhrəmanlıq hadisəsi idi, çünki İmam Hüseyn (ə) Məkkədən İraqa yola düşdüyü gün belə buyurmuşdu:

مَنْ كَانَ بَاذِلًا فِينَا مُهْجَتَهُ وَ مُوَطِّناً عَلَى لِقَاءِ اللَّهِ نَفْسَهُ، فَلْيَرْحَلْ معنا

"Kim canını fəda etməyə – şəhid olmağa və Allahla görüşə hazırdırsa, mənimlə birgə hərəkət etsin!" ("Biharul-ənvar", c.44, səh.367.)

O, Kərbəla yaxınlığında sözünə bir daha təkid edərək buyurdu:

الا وإن الدعي ابن الدعي قد تركني بين السلة والذلة، وهيهات منا الذلة

"Agah olun, zinakar oğlu zinakar məni qılınc və zillət seçimi qarşısında qoymuşdur. Mən qılıncların üstünə gedirəm və əsla zillətə razı olmaram!" ("Ə-ihticac", Təbərsi c.2, səh.24.)

İmam Hüseyn (ə) tərəfdarları Aşura gecəsi bu sənədi imzalayıb demişlər: "Bir dəfə yox, yetmiş dəfə yox, hətta min dəfə öldürülsək və yenidən dirilsək, yenə sənə köməyimizi əsirgəmərik." ("Nasixut-təvarix", c.2, səh.180.)

O həzrətin (ə) şücaətli oğlu Əli Əkbər (ə) Kərbəla yolunda "Haqq olduğumuz üçün ölümdən qorxmuruq!" – deməklə, bu qəhrəmanlıq hadisəsinə öz möhürünü vurdu. ("Biharul-ənvar", c.44, səh.367.)

Həzrətin (ə) dostları Aşura günü, döyüş səhnəsində öz rəcəzləri, qəhrəmanlıq şeirləri ilə, düşmən qarşısında məğlubedilməz ruhiyyədən qaynaqlanan sözləri ilə düşmənin təəccübünə səbəb oldular. İmam Hüseynin (ə) bacısı Zeynəbi-Kübra (ə) qardaşının qanlı bədəni kənarında əyləşdi, qanlı bədəni iki əli ilə yerdən qaldırdı və belə dedi: "İlahi! Bu qurbanı bizdən (Peyğəmbərinin ailəsindən) qəbul et!" ("Məqtəlul-Huseyn (ə)", Muqərrəm, səh.307.)

Kərbəlanın şirürəkli qadınının Kufədəki atəşli xütbəsində açıq şəkildə qeyd edilmişdir: "Ağlayırsınız, nalə edirsiniz?! Allaha and olsun, çox ağlayın və az gülün! Sizin əlləriniz elə bir zillət ləkəsinə bulaşmışdır ki, heç bir su ilə təmizlənməz. Siz, Peyğəmbər (s) nəvəsinin, çətinliklərdə sığındığınız şəxsin öldürülməsinə və cəmiyyətinizin nurlu çırağının söndürülməsinə necə icazə verdiniz?!" ("Biharul-ənvar", c.45, səh.109 və 165.)

Qaniçən, qəddar və bir o qədər də təhlükəli olan İbn Ziyadın cavabında böyük bir şücaətlə buyurmuşdu: "Kərbəlada gözəllikdən başqa bir şey görmədim!"

هَؤُلَاءِ قَوْمٌ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْقَتْلَ فَبَرَزُوا إِلَى مَضَاجِعِهِمْ

"Onlar talelərində şəhidlik yazılmış, özlərinin əbədi rahatlıq yerinə tələsən bir dəstə idilər və tezliklə, sən də ilahi ədalət məhkəməsində onların qarşısında dayanacaqsan!" ("Biharul-ənvar", c.45, səh.133-135.)

Şamda Yezidin qarşısında söylədiyi digər atəşli xütbəsində belə demişdir: "Əgər zəmanənin ağır və acı hadisələri məni səninlə danışmağa məcbur edirsə, deməliyəm ki, mən səni alçaq və ləyaqətsiz, hər məzəmmətə layiq biri hesab edirəm... Əlindən gələni əsirgəmə! Ancaq əsla bizim nurumuzu söndürə, nişanələrimizi məhv edə bilməyəcəksən!" ("Biharul-ənvar", c.45, səh.116.)

İmam Səccadın (ə) Şam və Mədinə yaxınlığında söylədiyi unudulmaz xütbələrində qeyd edilənlər tarixin bu böyük hadisəsinin qəhrəmanlıq ruhunu bəyan edir. Tarix boyu Əhli-beyt (ə) şairlərinin bir çoxu Aşuranın qəhrəmanlıq ruhunu öz şeirlərində yaşatmağa çalışmışlar. Qorxmaz və həqiqətsevər şair Dibil özünün məşhur qəsidəsini bu cür başlayır:

مدارس آيـاتٍ خلـت مـن تـلاوةٍ

ومـنزل وحـى مقـفر العرصــات

"Ey Muhəmməd ailəsi, evləriniz ilahi ayələri insanlara aşılama məkanı idi. Düşmənlər Quranın tilavət nurunu onda söndürdülər. Və ilahi vəhyin nazil olma məkanı idi. İndi hər şeydən məhrum olmuşdur." ("Biharul-ənvar", c. 49, səh.147.)

Müasir şairlərimiz də, ona yeni rəng və çalar qataraq bu qəbildən olan şeirlərlə Əhli-beyt (ə) şairlərinin yolunu davam etdirmişlər:

إن كان دين محمدٍ لم يستــــــقم

إلاّ بقتلي يا سيوف خذيــــــني

"Gər mənim ölməyim ilə qalacaq dəhridə din,

Onda ay qılınclar, məni öz qanıma qəltan eləyin." ("Əyanuş-şiə", c.1, səh.581.)

Yaxud da, digər bir şairin Kərbəla şəhidlər sərvərinin zəban-halı ünvanında söylədiyi şeri kimi:

قف دون رأيك في الحياة مجاهدا

إن الحياة عقيدة وجهاد

"Öz məktəb və əqidəni qorumaq üçün həyatda qal və mübarizə apar, çünki həqiqi həyat əqidə və cihaddan başqa bir şey deyil."

(Əlbəttə, şeir müsəlmanlar və Əhli-beyt (ə) məktəbinin ardıcıllarına ünvanlanmışdır).

Bu gün İslam düşmənləri onların qeyri-şəri mənfəətlərinə qarşı çıxan bu pak dini məhv etmək məqsədilə İmam Hüseyn (ə) əzadarlığının mahiyyətini dəyişməyə, qəhrəmanlıq ruhunu ondan almağa, böyük tarixi qəhrəmanlıq hadisəsində yer tutan dərslərini unutdurmağa çalışırlar.

Məlumatlı və agah xətiblər, qərəzsiz məddahlar, ayıq-sayıq yazıçıların bu böyük tarixi qəhrəmanlıq salnaməsinin məzmununun qorunması üçün çalışması və dünyanın məzlum xalqlarının, xüsusilə zülmə məruz qalmış müsəlmanların qurtuluşu üçün ondan müsbət örnək götürməsi labüddür. (Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.3-10.)

Maide.az 

Hüseyn (ə) qəhrəmanlığı
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap