nur-az.com-Dövlət
ciddi təhlükə ilə üzüzədir. Bu problemi bəsit bir problem saymaq olmaz.
Zarafat deyil, təqribən hakimiyyətə gələndən prezident İlham Əliyev
qudurğan məmur balalarından şikayətlənir. Demək olar ki, "qudurğan məmur
balaları" ifadəsi İlham Əliyevin prezidentlik vəzifəsiylə həmyaşdır.
Dövlət
və İlham Əliyev (Hafiz Hacıyevi də bura əlavə etmək olar) məmurlardan
bir cür çəkir, övladlarından bir başqa cür. O boyda "Əli Həsənov
həngaməsindən" sonra daha iki qudurğan məmur balası faciəyə səbəb olub.
Biri xəbər verildiyi kimi Nərimanov rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadovdur. O, qəzanı "Range
Rover" maşını ilə törədib, amma Əli Həsənovun sahib olduğu "Galandwagen"
maşınına da sahibdir. Özü də bu maşınla çox zaman şəhərdə
veyillənibmiş. Üstəlik, özü də xaricdə dərs oxuyurmuş. Əlbəttə, bu iki
nöqtəni əbəs yerə qeyd etmədik. Birincisi cinayətkarın sahib olduğu
xarici maşın (xüsusilə "Galandwagen" markalı maşın) ikincisi isə xaricdə
təhsil alması.
İkinci
cinayətkarın adı yenicə hallanmağa başlayıb. O isə Ağdaş rayon icra
hakimiyyətinin başçısının müavini Əsgərxan Həsənovun oğludur. Saytın
yazdığına görə o sükan arxasında olarkən içkili olub və maşını içkili
vəziyyətdə idarə edib. Bununla da yüksək sürətdə idarə etdiyi "İnfiniti"
markalı maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini
yerindən qoparıb rayonun 5 nömrəli məktəbinin həyətinə girib.
Artıq
məmurların qudurğanlığı o həddə çatıb ki, nəinki məmur balaları və
nəvələri, üstəlik icra başçılarının müavinləri və onların övladları da
qudurub. Bəli, özləri və övladları. Bu atalardan soruşmaq lazımdır ki,
bu övladları bu cür maşınlara necə sahiblənir. Doğrudur, artıq prezident
bu kimi məsələlərə yaman qəzəblənib. Baş prokurorluq, DİN də bu işin
üstünə ciddi düşüb. Görünür uzun müddətdən sonra bu bəlanın fərqinə gec
də olsa varıblar.
Bizim
ölkədə zatən məmur binayi-qədimdən dövlət və xalq üçün problem olub, bu
vəziyyətin qarşısı vaxtında alınmadı, ondan da betəri ürcah oldu bu
xalqa. Məsələn, dövlət başçısı bir vaxtlar "Park bulvarda" ucalan
binaların necə artıb çoxaldığını Bakının meri Hacıbala Abtalıbovdan
soruşarkən Hacıbala Abtalubov bundan xəbərsiz olduğunu deyirdi. (Bütün
bunları İlham Əliyev özü dilə gətirib) Həmin anda gərək prezident
Hacıbalanın yaxasından tutub atardı bayıra, filmdə deyilən kimi qoy
gedib tövlə təmizləyərdi. Vaxtında məmurlara ciddi qulaqburması
verilmədi, indi məmurlar qudurğan balaların yanından yel olub ötə də
bilmir.
Dövlət ciddi
tədbir görməlidir. Misal üçün bir az qabaq qəza törətmiş qudurğan məmur
balasının xarici maşınlarını və xaricdə təhsil almasını nahaqdan qeyd
etmədik. Əslində dövlətə çarə axtarırıq. Gərək dövlət bu iki işdən
birini görsün: Ya gərək bu cür qudurğan məmur balalarını ölkədən
yığışdırıb ölkəni bu cür mikroblardan təmizləsin. Məsələn, elə qəza
törədən şəxs xaricdə təhsil alır, qoy belə insanlar elə ölkədə kənarda
yaşasınlar. Böyük ehtimalla bu cür qudurğanlar Afrika ölkələrində deyil,
hansısa avropa ölkələrində yaşayır. O cür ölkələrdə isə bu cür
qudurğanlıqlar edə bilməzlər. Onların ataları gərək bu cür fərsiz
övladları ölkə hüdudlarından kənarda tərbiyə etsinlər. Əks halda DİN-də
tərbiyələnməli olacaqlar.
İkinci
təklif bundan ibarətdir ki, birinci məsələ gerçəkləşmədiyi halda gərək
ölkəyə idxal edilən xarici maşınların girişinə qadağa qoyulsun. Ya köhnə
sovet maşınları, ya da öz yerli istehsalımızla kifayətlənilsin. Onsuz
da hamı qəbul edər ki, bir ölkənin özünün ən geridəqalmış maşınını
istehsal edə bilməsi, xarici ölkələrdən bahalı, lüks maşınlar almasından
daha yaxşıdır. Məlum məsələdir ki, qudurğan məmur balaları özlərinin
bahalı maşınlarıyla bir-biriylə rəqabətə girib, kolleksiyalarını çəkib
sosial şəbəkələrdə paylaşırlar. Amma onların ən bahalı maşını Moskviç,
Juquli, Volqa markalı maşınlar olsa xaricdə bahalı maşınları
təkəbbürlüklə sürməyi "vətəndə ölməkdən" üstün hesab edərlər.
Başqa
bir variant isə budur ki, hər dəfə məmur balası bu cür qudurğanlıqlar
etdikdə özü həbs edilsin, atası da işdən qovulsun. Amma bu gedişlə də
həbsxanada boş yer, ölkədə məmur qalmayacaq.
Hər
nə çarə düşünür düşünsün, amma dövlət mütləq bir formada bir qərara
gəlməlidir. Yoxsa bu minvalla dövlətin davamı gəlməyəcək.