header

 Ya qudurğan məmur balaları, ya da bahalı maşınlar ölkədən yığışdırılsın

Bizim ölkədə zatən məmur binayi-qədimdən dövlət və xalq üçün problem olub

nur-az.com-Dövlət ciddi təhlükə ilə üzüzədir. Bu problemi bəsit bir problem saymaq olmaz. Zarafat deyil, təqribən hakimiyyətə gələndən prezident İlham Əliyev qudurğan məmur balalarından şikayətlənir. Demək olar ki, "qudurğan məmur balaları" ifadəsi İlham Əliyevin prezidentlik vəzifəsiylə həmyaşdır. 
Dövlət və İlham Əliyev (Hafiz Hacıyevi də bura əlavə etmək olar) məmurlardan bir cür çəkir, övladlarından bir başqa cür. O boyda "Əli Həsənov həngaməsindən" sonra daha iki qudurğan məmur balası faciəyə səbəb olub. Biri xəbər verildiyi kimi Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadovdur. O, qəzanı "Range Rover" maşını ilə törədib, amma Əli Həsənovun sahib olduğu "Galandwagen" maşınına da sahibdir. Özü də bu maşınla çox zaman şəhərdə veyillənibmiş. Üstəlik, özü də xaricdə dərs oxuyurmuş. Əlbəttə, bu iki nöqtəni əbəs yerə qeyd etmədik. Birincisi cinayətkarın sahib olduğu xarici maşın (xüsusilə "Galandwagen" markalı maşın) ikincisi isə xaricdə təhsil alması. 
İkinci cinayətkarın adı yenicə hallanmağa başlayıb. O isə Ağdaş rayon icra hakimiyyətinin başçısının müavini Əsgərxan Həsənovun oğludur. Saytın yazdığına görə o sükan arxasında olarkən içkili olub və maşını içkili vəziyyətdə idarə edib. Bununla da yüksək sürətdə idarə etdiyi "İnfiniti" markalı maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qoparıb rayonun 5 nömrəli məktəbinin həyətinə girib. 
Artıq məmurların qudurğanlığı o həddə çatıb ki, nəinki məmur balaları və nəvələri, üstəlik icra başçılarının müavinləri və onların övladları da qudurub. Bəli, özləri və övladları. Bu atalardan soruşmaq lazımdır ki, bu övladları bu cür maşınlara necə sahiblənir. Doğrudur, artıq prezident bu kimi məsələlərə yaman qəzəblənib. Baş prokurorluq, DİN də bu işin üstünə ciddi düşüb. Görünür uzun müddətdən sonra bu bəlanın fərqinə gec də olsa varıblar.
Bizim ölkədə zatən məmur binayi-qədimdən dövlət və xalq üçün problem olub, bu vəziyyətin qarşısı vaxtında alınmadı, ondan da betəri ürcah oldu bu xalqa. Məsələn, dövlət başçısı bir vaxtlar "Park bulvarda" ucalan binaların necə artıb çoxaldığını Bakının meri Hacıbala Abtalıbovdan soruşarkən Hacıbala Abtalubov bundan xəbərsiz olduğunu deyirdi. (Bütün bunları İlham Əliyev özü dilə gətirib) Həmin anda gərək prezident Hacıbalanın yaxasından tutub atardı bayıra, filmdə deyilən kimi qoy gedib tövlə təmizləyərdi. Vaxtında məmurlara ciddi qulaqburması verilmədi, indi məmurlar qudurğan balaların yanından yel olub ötə də bilmir.
Dövlət ciddi tədbir görməlidir. Misal üçün bir az qabaq qəza törətmiş qudurğan məmur balasının xarici maşınlarını və xaricdə təhsil almasını nahaqdan qeyd etmədik. Əslində dövlətə çarə axtarırıq. Gərək dövlət bu iki işdən birini görsün: Ya gərək bu cür qudurğan məmur balalarını ölkədən yığışdırıb ölkəni bu cür mikroblardan təmizləsin. Məsələn, elə qəza törədən şəxs xaricdə təhsil alır, qoy belə insanlar elə ölkədə kənarda yaşasınlar. Böyük ehtimalla bu cür qudurğanlar Afrika ölkələrində deyil, hansısa avropa ölkələrində yaşayır. O cür ölkələrdə isə bu cür qudurğanlıqlar edə bilməzlər. Onların ataları gərək bu cür fərsiz övladları ölkə hüdudlarından kənarda tərbiyə etsinlər. Əks halda DİN-də tərbiyələnməli olacaqlar. 
İkinci təklif bundan ibarətdir ki, birinci məsələ gerçəkləşmədiyi halda gərək ölkəyə idxal edilən xarici maşınların girişinə qadağa qoyulsun. Ya köhnə sovet maşınları, ya da öz yerli istehsalımızla kifayətlənilsin. Onsuz da hamı qəbul edər ki, bir ölkənin özünün ən geridəqalmış maşınını istehsal edə bilməsi, xarici ölkələrdən bahalı, lüks maşınlar almasından daha yaxşıdır. Məlum məsələdir ki, qudurğan məmur balaları özlərinin bahalı maşınlarıyla bir-biriylə rəqabətə girib, kolleksiyalarını çəkib sosial şəbəkələrdə paylaşırlar. Amma onların ən bahalı maşını Moskviç, Juquli, Volqa markalı maşınlar olsa xaricdə bahalı maşınları təkəbbürlüklə sürməyi "vətəndə ölməkdən" üstün hesab edərlər. 
Başqa bir variant isə budur ki, hər dəfə məmur balası bu cür qudurğanlıqlar etdikdə özü həbs edilsin, atası da işdən qovulsun. Amma bu gedişlə də həbsxanada boş yer, ölkədə məmur qalmayacaq. 
Hər nə çarə düşünür düşünsün, amma dövlət mütləq bir formada bir qərara gəlməlidir. Yoxsa bu minvalla dövlətin davamı gəlməyəcək.

Bizim ölkədə zatən məmur binayi-qədimdən dövlət və xalq üçün problem olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap