header

 Trampın “Fələstin Dövləti Modeli” dünyanı təəccübləndirmir

ABŞ prezidentinin qurucu maskasının yırtılması və dağıdıcı simasının ifşası üçün 30 gün bəs elədi

Dünya ictimaiyyətinin okeanın o tayına dikilmiş nəzərləri yavaş-yavaş çəkilməkdədir; beynəlxalq sülhə bu istiqamətdən yönələn təhdidlərin nisbətən azalacağı ehtimalı tədricən öləziyir. Başlıca səbəb Ağ Evin yeni sahibindən gözləntilərin birmənalı şəkildə özünü doğrultmamasıdır. Hər ötən gün Donald Tramp daha da “rəndələnir”, sürüşkənləşir, variantlanır, jandarmlaşır… qısası, yavaş-yavaş əsl Amerika Birləşmiş Ştatları prezidentinə oxşamağa başlayır. Amansız hərbdən, zorakı qloballaşmadan, ədalətsiz sanksiyalardan, adekvat cavab tədbiri reallaşdıran təcavüz aktlarından, üzücü regional münaqişələrdən bezən dinc bəşər, yürüdülən siyasətin qarşılıqlı anlaşmaya, bərabərhüquqlu əlaqələrə, iqtisadi əməkdaşlığa köklənməsinə çalışacaq bir amerikalı liderə bəslədikləri ümidləri ürəklərindəcə dəfn etməkdədir. Hiss olunur ki, seçki-inaqurasiya mərhələsində çoxsaylı qəribəlikləri ilə yadda qalan biznesmenin düşüncəsi, nitqi və hərəkətləri həm özü, həm də yönətmənləri tərəfindən ciddi redaktəyə məruz qalır. Başqa yol da yoxdur axı… Əks təqdirdə, kulisdən hər addımına göz qoyan mason lojasının qəzəbinə tuş gələr, sələfi Con Kennedinin taleyini yaşayar; bütün müttəfiqləri küsdürüb ölkəsinin beynəlxalq aləmdə təklənməsinə rəvac verər; Vanqa qarının proqnozları doğrular – ABŞ ştatlara parçalanar və sair.

 

Artıq Rusiya prezidenti Vladimir Putini qatil adlandıran teleaparıcının sözünü kəsən, vəzifə təhvil-təslimi zamanı nüvə çamadanını görəndə “dəhşətə gələn”, iş adamlarına yağlı vədlər verən, Fələstin ərazilərində qeyri-qanuni yəhudi məskənləri salan İsraili bu mövqeyindən “bir az çəkinməyə çağıran” zorən siyasətçidən əsər-əlamət qalmayıb. Onu öyüd-nəsihət, təbliğat-təşviqat, cahanşümul ideyalar, saksafonda (balabanda) qandırmaqla, sadalananlardan nəticə hasil olmadıqda isə zəhər damcılarının təsirini xatırlatmaq və snayper tüfənginin nişangahını göstərməklə tərbiyələndirdilər. Onun Çinin iqtisadi qüdrətini azaltmağa hesablanmış Trans-Sakit Okean Ortaqlıq müqaviləsini (TPP) ləğvi, İran və Şimali Koreya haqqında səsləndirdiyi reallıqdan uzaq fikirlər, ABŞ xarici siyasətinin ruporuna çevrilmiş KİV-lər (“The-New York Times", NBC, ABC, CBS, CNN) barədə twitter səhifəsində yazdığı “xalqın düşmənidirlər" statusu da yalnız acı bir lətifə, qaravəlli səviyyəsində xatırlanacaq. Hər şeydən öncə ona görə ki, primitiv düşüncə tərzinin nümayişindən əlavə, ucuz sensasiya, reformator libasında zühur, necəsə dünyanın diqqətini cəlb eləmək məqsədilə ortaya atılmışdı.


D.Trampın daha bir illuziyası da bir neçə gün öncə İsrailin baş naziriylə birgə keçirdiyi mətbuat konfransında - Yaxın Şərqdə hökm sürən 70 illik gərginliklə bağlı mövqeyinin faş olması ilə dağıldı. Əslində Benyamin Netanyahu okeanın o tayına yəhudilərin yeni rəhbərliyə ciddi “stavkasını” nümayiş etdirməklə, Barak Obama dönəmində soyuyan ABŞ-İsrail münasibətlərini istiləşdirmək, təcavüzkar niyyətlərinə köklü zəmanət almaqdan ötrü getmişdi. Eyni zamanda, prezidentə görünməklə bəzi mesajlar vermək, ən başlıcası isə İsrail-Fələstin münaqişəsinin özləri üçün sərfəli həllində rəsmi Vaşinqtonun sərgiləyəcəyi mövqeyi konkretləşdirmək amacı güdürdü. Daha dəqiq, növbəti cığal, hoqqabaz, gözə kül üfürən oyunları və işğalçılıq layihələrində qərəzli, tərəfkeş arbitri möhkəmləndirməyə, ona neçə davranacağı və nə söyləyəcəyi ssenarisinin diqtəsinə çalışırdı, şübhəsiz ki, məqsədinə də nail oldu. Əks təqdirdə, Ağ Ev sahibi indiyədək problemin həlli istiqamətində ölkəsinin üzdə də olsa nümayiş etdirdiyi görüntünün üstündən çalın-çarpaz xətt çəkməzdi. Həmin həlledici görüşdə Tramp iki dövlət arasındakı “qırılmaz bağları" xatırlayıb, İsraili "sevimli müttəfiq" adlandırdı. Və yəhudi əsilli kürəkəni Ceyerd Kuşnerin də sıx əlaqələrinin olduğu ölkə ilə Obamadan xeyli fərqli, sionizmin maraqlarını qoruyan siyasət yürüdəcəyini heç gizlətmədi də…


Bildiyiniz kimi, son proseslərə qədər həm Amerika, həm də BMT, Avropa İttifaqı, Ərəb Təşkilatı və digərləri Fələstin dövləti ilə sülh müqaviləsinin bağlanması zəminində konfliktin həllini dəstəkləyirdilər. Trampın seçki kampanyası dövründə İsrail "West Bank"da yeni yaşayış məskənləri salırdı və gələcək prezident hökuməti bunu davam etdirməyə çağırırdı. Lakin daha sonra bu addımın "sülh üçün yaxşı olmadığını" vurğuladı. Ötən çərşənbə reallaşan konfrans zamanı isə konfliktə münasibətdə iki dövlətdənsə "vahid dövlət" ideyasını dəstəklədiyi bəyanlandı. Ağ Evdən açıqlanıb ki, Fələstin dövlətinin tanınmasını nəzərdə tutan sülh müqaviləsini pozmaq istəyirlər, belə bir nəticə ilə davamlı sülh əldə etmək mümkün deyil. "Heç kəs sülh gətirməyəcək iki dövlətin yaradılmasını hədəf götürməyib. Hədəf sülhün əldə edilməsidir, əgər tərəflər istəyərsə, bu, baş verə bilər, ya da ki, başqa cür həll etmək olar "- deyə, rəsmi mənbə bildirib. Tramp hətta həmin məsələnin gerçəkləşəcəyi təqdirdə ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürüləcəyini də söyləyib: "Nə baş verəcək görəcəyik, məsələ bizim diqqətimizdədir."


Lakin absurd ideya anındaca sərt təpkilərlə qarşılandı. Ağ Evin və ardından Trampın Fələstinin dövlət kimi tanınmasını nəzərdə tutan "iki dövlət" konsepsiyasına qarşı çıxmalarına BMT-nin baş katibi Antonio Qüterres münasibət bildirdi: "Konfliktin həlli üçün iki dövlətin yaradılmasından başqa alternativ yoxdur və bundan ötrün biz əlimizdən gələni etməliyik!"


Bildiyiniz kimi, 1947-ci il noyabr ayının 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxarıb. Qərara əsasən, Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan bir faiz beynəlxalq ərazi оlmalı idi. Sionistlər 1948-ci il may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Digər dövlətinsə nəinki yaranmasına imkan tanımadılar, tədricən Fələstin ərazisinin 77%-ni (20770 kvadrat km) də müxtəlif xəyanət və basqınlarla tutdular. 1974-cü ildən sonra BMT fələstinlilərə hüquqlarını qorumağa, özlərinə münasib üsulla (silahlı da olsa belə) əllərindən zorla alınmış yerləri uğrunda mübarizə aparmağa icazə verən qətnamələr hazırlandı. Bu sənədlərdə siоnistlər irqçi və fələstinli köçkünləri dоğma vətənlərinə dönməkdən məhrum edən tərəf kimi göstərilmişdi. Lakin ABŞ və müttəfiqlərinin hər zaman siоnizmə dəstəkləri, "vetо" hüququndan məharətlə bəhrələnmələri sayəsində belə qərarların həyata keçməsi müşkülə çevrildi. Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də də müdaxiləçidən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoyulması tələbini səsləndirdi. Amma çifayda, İsrail hökuməti İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək, əlavə 2500 ev tikmək niyyətini var-gücü ilə reallaşdırmağa çalışır.


Hər şeydən öncə məkrli planların ta qədimdən gen-bol ərazilərə malik, amma başına bomba yağdırılaraq tarixi torpaqlarından didərgin salınmış böyük bir xalqın sınıq taleyi üzərində qurulduğundan, elə onların da rəyi, reaksiyası əsasdır. Və təbii ki, Fələstin rəhbərliyi, ayrı-ayrı müqavimət hərəkatları, vətənpərvər birliklərdən əlavə, uzun illər qanuni haqları uğrunda cihada qalxıb şəhidlik məqamına yüksələn, ölümdən, vücudunun bir hissəsini itirməkdən qorxmadan Saxal tankları və buldozerlərinin qabağına daşla çıxan uşaqlı-böyüklü sadə kütlələr bu qərarı da təcavüzün növbəti mərhələsi və dünya jandarmının sülhpərvər maskasının cırılması kimi qiymətləndirəcək. Bir sözlə, fələstinlilər ABŞ-ın on illərlə davam edən sülh prosesini poza biləcəyindən narahat və qəzəblidirlər. Prezident Mahmud Abbas dəfələrlə supergücləri problemi düyünə salmaqda, rəsmi Tə-Əvivi isə aradakı hərbi-siyasi dartışmaları dini zəminli münaqişəyə çevirməkdə suçlayıb. Belə köksüz və zərərli manipulyasiyalara HƏMAS-ın münasibəti bəri başdan aydındır. Fələstin Azadlıq Hərəkatı rəhbərliyinə daxil olan Hanan Əşrəvi məsələ ilə əlaqədar bildirib ki, Tramp administrasiyasının "iki dövlət" həll yolundan imtinası sülhün əldə edilməsi üçün bütün şansların itirilməsi deməkdir: "Bu, Amerikanın xarıcdə maraqlarını, duruşunu və etibarlılığını sual altına qoyacaq..."


Artıq qeyd edildiyi kimi, Donald Tramp çıxışı zamanı ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi ehtimalına toxunub. Məsələnin “vahid dövlət” röyası gerçəkləşərsə, Qüdsün paytaxt olacağı planından qaynaqlandığına şübhə yoxdur. Ancaq absurd fikirlər istehsalçıları yəqin unudublar ki, hələ 1980-ci ildə BMT TŞ 478 saylı qətnaməsi ilə, Knessetin Qüdsü İsrail paytaxtı adlandırması qərarını qanunsuz adlandırıb.



İkincisi, proselərin belə cərəyanı İslam aləmi, dövlətləri və cəmiyyətlərinin baş verənlər qarşısında susqunluq göstərməyəcəklərinə şübhə yeri qoymur. Çünki İslam dinində həmin yerlər müqəddəs və mübarək sayılır. Orada müsəlmanların ilk qibləsi olmuş Əqsa məscidi yerləşir. Əl-Əqsa Allah-təala üçün yer üzündə tikilmiş ikinci məsciddir və müqəddəs məscidlər arasında 3-cü yerdədir. Həzrət Məhəmmədin (s) bərəkətli meracına görə, məkan İsra (Merac) ərazisi də deyilir. Fələstin həm də Peyğəmbərlər tоrpağı adını daşıyır. Çünki bir çоx İlahi Elçilər bu ünvanda dünyaya göz açmış, ömür sürmüş və dəfn оlunmuşlar. İslama görə, bura həm mənşər (Allahın bəndələrini diriltdiyi), həm də məhşər (Qiyamət günündə insanların tоplandığı) yer kimi məşhurdur.


Qüdsün yəhudiləşdirilməsi də siоnizmin ilhaq planlarına daxildir. Belə ki, şəhərin 86%-nə ağalıq edən İsrail buranı yəhudi muhacirlərlə dоldurmağa çalışır. 2000-ci ilin statistik göstəricilərinə görə, yəhudilərin əlində olan hissədə 450 min yəhudi və 210 min fələstinli yaşayırdı. Şəhərin şərq hissəsində – Əqsa məscidinin yerləşdiyi ərazilərdə isə 200 min yəhudi yerləşdirildi və onların yaşadıqları qəsəbələri yəhudi yaşayış məskənləri ilə əhatəyə aldılar. Məqsəd şərqi Qüdsü ərəb yaşayış məskənlərindən təcrid etmək idi. Onun yanındakı Məğaribə qəsəbəsini dağıdaraq, bu yerləri də mənimsədilər. Əqsanın altında mərhələlərlə aparılan qazıntı işləri və çəkilən 4 tunel (keçid) məscidin hər an uçulub-dağılma təhlükəsini törədir. Siоnistlər 25-dən çox terror qruplaşması yaradıblar ki, məqsəd Əqsa məscidini dağıtmaq, yerində Süleyman məbədi tikməkdir. 1967-ci ildən sözügedən istiqamətdə 112 təxribat hadisəsi hazırlanıb, ən dəhşətlisi də 1969-cu ilin 21 avqustunda Əqsa məscidini yandırmalarıdır.


Lakin təəssüf ki, zorən məskunlaşdırma siyasəti təkcə Qüds və ətrafı ilə məhdudlaşmır. 1948-ci ildə işğal etdikləri ərazilərdə yerləşmələri üçün 756 şəhər və kənd inşa olunub. 1967-ci il müharibəsindən sonra qərb ərazilərinin 60%-nin müsadirəsi zəminində bu tоrpaqlarda özləri üçün 192 yaşayış məskəni salıblar. Bundan başqa sionistlər Qəzza zolağının 30%-ni də nəzarətə alaraq, burada 14 yeni yaşayış məskəni tikiblər. Fələstinlilərin həmin yerlərə qayıtmasının yasaqlandığı bir dövrdə İsrail xaricdə yaşayan yəhudilərin emiqrasiyası üçün bütün vasitələrdən bəhrələnir. Qarşı tərəfin statistikası isə tamamilə əksinə və faciəlidir: 1948-ci ildə işğal edilmiş tоrpaqlardan 5 milyon 400 min nəfər qaçqın düşüb. Həmçinin, Qəzza bölgəsindən və Qərb Sahilindən qоvulmuş təxminən 1 milyona yaxın fələstinli öz vətənlərinə qayıtmaqdan məhrumdur. Deməli, fələstinli didərginlərin ümumi sayı 6 milyon 400 nəfərdir ki, bu da xalqın 68%-ni təşkil edir. Göstərici həm də оnu təsdiqləyir ki, dünyada ən çоx qaçqın fələstinlilərin sıralarındadır.


Bununla belə, Fələstin yaşayır və döyüşür. Taleyüklü problemləri tez-tez beynəlxalq təşkilatlarda, prezident iqamətgahlarında masalar üzərinə gəlsə də, o istiqamətdən hər hansı ədalətli qərar və müsbət nəticə gözləmədən çarpışırlar. Çünki gözəl anlayırlar ki, düşmənlərinin dostu onların ən qatı düşmənidir. Yaxşı bilirlər ki, humanizm libasına bürünmüş canavar xislətliləri yaxına, ocaq başına buraxsalar, müşkülatların həllini tapmaq, dərdlərinə çarə qılmaq əvəzinə, problemi monopoliyaya alacaq, konservləşdirəcək, digər hüquqları kimi, onu çözmək haqqını da mənimsəyəcək, gələcəkdə heç bu barədə danışmağa belə, imkan verməyəcəklər... Necə ki, dünya təcrübəsində oxşar presedentlər çoxdan var... Hansı ki, Donald Trampın öz ölkəsinin mövqe və maraqlarını ifadə edən sərsəm sayıqlamaları artıq səslənməkdədir...

 

Qurban Cəbrayıl

 

ABŞ prezidentinin qurucu maskasının yırtılması və dağıdıcı simasının ifşası üçün 30 gün bəs elədi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap