6 ayda 6 min ailənin ayrılmasına səbəb nə olub?
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 6 ayda
Azərbaycanda 6 min ailə boşanıb. Bu statistika yəqin ki, dünyanın hər
hansı ölkəsi ilə müqayisə oluna bilməz.
Digər dünya
ölkələrinin rəsmi statistikasına nəzər yetirdikdə boşanan ailələrin
sayına görə Azərbaycanın ilk yerlərdə dayandığını görürürk.
2010-cu ildə boşanmaların sayına görə siyahıya Rusiya, Belarus və Ukrayna liderlik edib.
2013-cü
ildə açıqlanan hesabata görə, boşanan kişilərin sayına görə Dominikan
siyahıda birincidir. Daha sonrakı yerdə Latviya və Çexiya qərarlaşır.
Kuba,
Kipr, Meksika, Hollandiya, İsveçrədə kənd yerləri ilə müqayisədə
şəhərdə yaşayan cütlüklər arasında boşanma faktları daha çox qeydə
alınıb. Azərbaycanda da qadına qarşı zorakılıq halları var. Çox
təəssüflər olsun ki, hər il bu rəqəm artmaqdadır. 2014-cü ilin tam
statistikası hələ ki, açıqlanmayıb. Azərbaycanda isə 6 aylıq göstərici
çox dəhşətlidir.
Ölkəmizdə cütlüklərin ayrılmasının səbəbini axtardıq.
Elşən Mustafaoğlu. İlahiyyatçı
- Zənnimcə, ailələrin dağılmasının
başlıca səbəbi bütün dünyada eynidir Hər yerdə olduğu kimi, Azərbaycanda
da boşanmaya əsas səbəb ərlə arvad arasında mənəvi bağlılığın
qırılmasıdır. Bu, müxtəlif faktorlardan qaynaqlana bilər - kimiləri
xasiyyətlərin uzlaşmaması, kimiləri qarşı tərəfin narkoman olması,
tüfeyli həyat sürməsi, ailəyə etinasız yanaşması, laqeydlik göstərməsi,
kimiləri maddi ehtiyac, kimiləri utopik arzuların gerçəkləşməməsi,
kimiləri qısqanclıq, yaxud xəyanət, kimiləri daha nələri səbəb kimi
göstərib, artıq ailə həyatının belə davam etdirməyin mümkün olmadığı
qənaətinə gəlir. Yəni burada sosial-iqtisadi-məişət, psixoloji amillər
ərlə arvad arasında qurulmuş mənəvi “ailə ocağı” ittifaqının arasına
girir və bu ittifaqı pozur. Qeyd edək ki, heç də bu ittifaqın pozulduğu
bütün ailələr formal olaraq dağılmır. Nikah rəsmən pozulmur, boşanma baş
vermir, amma mənəvi cəhətdən ailə ocağı dağılır və artıq bir evin
içində bir-birinə mənəvi cəhətdən yad olan kişi və qadın yaşayır. Ərlə
arvadın cəmiyyətdəki ictimai statusu, "qohumlar-tanışlar nə deyər?"
amili, övladların aqibəti və s. kimi məsələlər bəzi ailələri formal
boşanmadan sığortalayır. Amma bir çox ailələrdə vəziyyət daha kritik hal
alır və belə amillər də artıq işləmir. Amma tərəflər mənəvi baxımdan
bir-birinə uyğun olarlarsa, belə mənəvi ittifaq ailədə qarşıya çıxan
söz-söhbətləri, problemləri həll etməyə zamin olar. Bu zəmanət Quran
təbiri ilə desək, iki möhkəm əsasa söykənir - qadınla kişi arasında
doğmalıqla olan sevgi (ərəbcə “əl-məvəddə”) və mərhəmət (“ər-rəhmə”).
Qurani-Kərimin “Rum” surəsinin 21-ci ayəsində oxuyuruq: “Sizin üçün
onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən (insan cinsi) zövcələr
xəlq etməsi, aranızda doğmalıqla olan sevgi və mərhəmət yaratması da
Onun qüdrət əlamətlərindəndir”. Allah-Təala məhz bu iki möhkəm dayağa
söykənən ailə ittifaqının qurulmasını buyurur. Bax, tərəflər arasında bu
iki prinsip pozulduqda boşanma baş verir, ailə dağılır. Bu iki prinsip
möhkəm olduqda isə sosial-iqtisadi və məişət problemləri bu ailə
ittifaqını pozmaqda aciz olur - tərəflər ailəni dağıtmağa yox,
bir-birinə olan məhəbbəti və mərhəməti ilə üzləşdikləri problemləri
çözməyə çalışırlar. Bir sözlə, ər öz səadətini xanımını xoşbəxt
etməsində görür, xanımı da öz xoşbəxtliyini ərini xoşbəxt etməkdə. Allah
hər bir ailə ocağına Rəbbimizin buyurduğu həmin sevgi və mərhəməti bəxş
etsin...
Qurban Yaquboğlu. Jurnalist
-Fikrimcə, boşanmaların sürətlə
artmasının əsas səbəbi gender bərabərliyidir. Riyazi bərabərliyə sözüm,
iradım və etirazım yoxdur, amma istənilən strukturda, sistemdə ikibaşlı
və bərabər idarəçilik iflasa gətirəcək. Kişi hökmranlığı qadının
aşağılanması anlamına gəlmədən ailənin möhkəmliyini qorumağa qadirdir.
Avropadan,
daha doğrusu, Hollandiyadan gəlmiş bir tanışım deyir ki, cinsi
münasibətlərdə bütün hoqqalardan çıxmış bu qoca qitə yenidən ailə
institutunun qorunması qənaətinə gəlib. Çünki ailə insanlığın və nəsil
artımının ən münasib formasıdır. Bizim mühitdə isə ailəninn əleyhinə
çoxsaylı vasitələr fəaliyyətdədir - sosial şəbəkələrdən tutmuş ailəni
cəhənnəm elan eləyən aktivist yazarlara qədər. Yəni hazırda ailə
əleyhinə güclü mexanizm işləyir. Azərbaycan dövləti ailənin təşviqi üçün
təcili tədbirlər görməlidir. Əlbəttə, Ailə, Uşaq və Qadın Problemləri
üzrə Komitə kimi mənasız bir quruma etibar eləmək yetərsizdir...
Elçin Bayramlı. Sosioloq
-Ailələrin boşanmalarının artması və
bu sahədə vəziyyətin acınacaqlı hala gəlməsinin bir çox səbəbləri var.
Əvvəla, son dövrlərdə cəmiyyətimizdə mənəvi-psixoloji vəziyyət son
dərəcə dəyişib. Dəyərlər dəyişib, altruist təfəkkürdən eqoist təfəkkürə
keçmişik. Psixoloji gərginlik artıb. Həyat tərzi gərgin vəziyyətə keçib.
Burada cəmiyyətə daim zərərli şeylər təbliğ etməkdə olan
televiziyaların rolu da böyükdür. Bunlar mənəvi tərəflərdir.
Boşanmaların yarıdan çoxunda xəyanət faktoru rol oynayır.
Məsələnin
sosial, maddi tərəfləri də var. Bir çox ailələrdə boşanmalar sosial
problemlərlə bağlıdır. Kirayələrdə, ağır şəraitdə yaşamağını həzm edə
bilməyən bəzi qadınlar ətrafdakıların cah-cəlal içində yaşadığını
görəndə hər şeyə inamı ölür. Kişilər isə ailəsini dolandıra
bilmədiyindən düşkünləşir, qumara, cinayətə, içkiyə qurşanır, nəticədə
ailə dağılır. Ya da ailəsini dolandıra bilmək üçün Rusiyaya üz tutur,
ildə bir dəfə ancaq gəlib ailəsinə baş çəkə bilir, nəticədə ailə
münasibətləri pozulur.
Bundan başqa, zorakı
evləndirmələr, ya da yaşı az olan, həyat təcrübəsi olmayan gənclərin
düşünmədən həyat yoldaşı seçməsi kimi hallar da təsir göstərir. İndi
insanların xasiyyətləri, zövqləri, arzuları, dünyaya, həyata baxışları,
psixologiyası o qədər fərqlidir ki, bir-birinə azacıq da olsa oxşayan 2
nəfər tapmaq az qala mümkün deyil.
Sonsuzluqla bağlı
problem də var. Son vaxtlar GMO qidalanma, səhv həyat tərzi, ekoloji və
psixoloji problemlər sonsuzluq hallarının sayını artırıb. Əksəriyyəti
də uşaqsız ailədə yaşamaq istəmir və boşanır.
Ümumiyyətlə,
boşanmaların artmasına həddən artıq çox sayda faktorlar təsir göstərir,
lakin onları ümumiləşdirsək deyə bilərik ki, əsas səbəblər belədir-
mənəvi deqradasiya, psixoloji-tibbi problemlər və sosial problemlər.
Boşanmanın
qarşısını almaq üçün dövlət səviyyəsində bu sahədə bir sıra layihələr
həyata keçirilir, lakin təəssüf ki, bunlar kifayət etmir. Əvvəla,
cəmiyyətdə mənəvi-psixoloji vəziyyəti sağlamlaşdırmaq üçün təbliğat və
maarifləndirmə işləri aparılmalıdır. Lakin təkcə sözlərlə də problem
həll olunmaz. Dövlət ailələrin mənzil problemlərinin həllinə kömək
etməli, işsizliyi sıfıra endirməli, ailənin qurulmasını, uşaq doğumunu
stimullaşdırmaq üçün lazımi adımlar atmalıdır. Əksər ölkələrin
təcrübəsindən bunu hamı bilir.
Bundan əlavə,
məhkəmələr boşanma prosedurunu asanlaşdırmaq əvəzinə, onu daha da
çətinləşdirməlidir. Evlənmə yaşı bir az da qaldırılmalıdır. Evlənənlər
tibbi yoxlamadan keçməlidirlər. Bunlar çox vacibdir, həll olunmasa
vəziyyət getdikcə pisləşəcək.
Fərhad Mehdiyev. Politoloq
-Boşanmaların qarşısını almaq üçün
evlənmə prosedurunu da uzatmaq lazımdır. Evlənən cütlərin mütləq
psixoloq intervyusundan keçirmək, psixoloqun uyğun gördüyü şəxsləri
məcburi psixolojik məsləhətlərə göndərmək 1-2 ayliq kurs kimi zəruridir.
Yəni
cütlük evlənir, ilkin ehtiras gedir və cütlüklərin şəxsiyyəti bir
birinə maraqlı gəlmir. Digər səbəb də tərəflərin evlənməkdə
məqsədlərinin düzgün müəyyənləşdirə bilməməsi, habelə evlilikdə yaşanan
çətinliklərə hazır olmamalarıdır.
Əlbəttə evlənəcək ailə əvvəlcə hesablamalıdır ki öz ayaqları üzərində necə duracaq.
Əgər gənc ailənin öz ayaqları üzrəində durmaq imkanı yoxdursa onda psixoloji xidmət evlənməyi gecikdirməyi tövsiyə etməlidir.
Müstəqil
yaşamaq imkanı olmayan ailə adətən ana-atanın yanında qalır. Bu zaman
valideynlərin gənc ailəyə davamlı müdaxiləsi qarşı tərəfin ayrılmasına
gətirib çıxarır.
Əsəd Qaraqlan. Yazar
-Məncə, dünya özünün ən çoxbilmiş və
ən tənhalıq dövrünü yaşayır. Hamı bir-birinin sirrini açıb-tökmək,
bir-birindən qaçıb-uzaqlaşmaq istəyir sanki... Hər şey o qədər aydın və
ortadadır ki, bu da insanları tənbəlləşdirir və. s.
Bizə gəldikdə isə ailələrin dağılmasının səbəbləri, məncə, aşağıdakılardır:
1.
Çətinliklə böyüyən Azərbaycan valideynlərinin bircə düşüncəsi var:
gərək övladım mən çəkən əziyyəti çəkməsin və çox gözəl yaşasın. Belə
olanda da axırı o övladın cəmiyyətə, ailə həyatına atılmasıyla uğursuz
insan həyatı başlayır.
2. Texnologiyanın bu qədər
inkişafı insanın özünü də robotlaşdırıb və hisslərini də alıb aparıb.
Buna görə də xırda narazılıq ailə dağılması üçün əsl bəhanə olur. Çünki
hər kəs rahat və məsuliyyətsiz yaşamaq istəyir ki, bu ad ailə həyatına
ziddir.
3. Sosial durumu yaxşı olmayanların yaşadığı
daha bir faciə ailələrinin dağılmasıdır. Çox vaxt nə evi, nə normal
gəliri olur ki, bu da artıq ailənin dağılması üçün gerçək səbəb olur.
Çünki yuxarıdakı bəndlərdə deyilən əsaslarla böyüyən biri çətin şəraitdə
yaşamaqla əziyyət çəkir.
4. İnternetin inkişafı da
insanların gözünü açır ki, bu insanların çox halda fil qulağında
yatdığını, aldadıldığını, ya da gerçək hisslərini yaşamadığını ortaya
qoyur. Gerçəklərin gün üzünə çıxmasıyla çox vaxt yaxşı sosial şərait də,
başqa səbəblər də arxa plana keçir ki, bu da əksər hallarda ailənin
dağılmasına səbəb olur...
Boşanmaların qarşısını almaq
üçün dövlət həm mənəvi, həm də maddi tərəfdən yaxşı bir cəmiyyət, mühit
yaratmalı, insanların içlərindəki kədəri azaldıb üzlərini güldürməli və
gerçək hisslərini onlara qaytarmağa çalışmalıdır ki, bu qədər faciəvi
rəqəmlərlə qarşılaşmayaq. Ən çox da insanlar özü bunu düşünməlidirlər...
Fərid Ələkbərli. Professor
-Boşanmalar
dünyanın hər yerində olur. Varlı Avropa ölkələrində boşanmalar
bizimkindən daha çoxdur. Lakin bizim şəraitdə iş tapa bilməyən, yaxud az
qazanan gənclərin ailələrinin dağılması problemi var. Çünki yaşayış
standartları kifayət qədər yüksəkdir. Gənclər müasir tələblərə uyğun
yaşamaq, mövcud olan bahalı məhsul və xidmətləri istehlak etmək
istəyirlər. Lakin həyat göründüyündən mürəkkəb alınır və gənc ailələrin
tez bir müddətdə gəlirli iş tapmaq, özlərinə ayrıca ev almaq imkanı
olmur. Bir qədər hövsələ və qarşılıqlı yardım lazımdır ki, bu günləri
yaşayıb yavaş-yavaş daha yaxşı həyat şəraitinə, qazanca nail olsunlar. O
səbr də çox vaxt olmur. Xüsusən də kişilərdən gözləntilər çoxdur, çünkü
kişi milli adətlərimizə görə ailəni tam saxlamalı və təmin etməlidir.
Bu da mövcud şəraitdə hamıda alınmır. Ona görə gənclərin daha yüksək
gəlirli işlə təmin olunmasına qayğı göstərmək lazımdır. Bununla dövlət
strukturları məşğul olmalıdır.
Təzə yaranmış
ailələrə dövlət tərəfindən maddi və sosial yardımı genişləndirmək,
uzunmüddətli kreditlər vermək, onları evlə təmin etmək ölkədə
boşanmaların sayını azaldar.
Ailələrin dağılmasında
maddi səbəblərdən başqa psixoloji amillər də rol oynayır. Cəmiyyətimizdə
avropalaşma prosesleri getdiyindən cavan insanlar, xüsusən, qadınlar
xeyli müstəqil olublar və ən gənc yaşlarından başlayaraq istədikləri
kimi yaşamaq, işləmək və karyera qurmaq arzusundadırlar. Özü özlüyündə
bu, pis deyil. Lakin yeni tendensiyalar köhnə adət-ənənələrlə
toqquşduğundan gənc ailələr arasında bəzən anlaşılmazlıq olur.
Yeni
və köhnə nəsil nümayəndələrinin, evlənən gənclərin öz valideynləri,
qaynana-qaynataları, qohum əqrabaları ilə anlaşılmazlıqları da olur.