header

 Məhərrəm ayına az qalıb

Azərbaycanda Məhərrəmlik necə olmalıdır?

Xalqımız həmişə bu ayın hörmətini saxlayıb, hər il qeyd etməklə onu yaşadıb. Bəzi İslam ölkələrindən fərqli olaraq Azərbaycanda məhərrəmlik mərasimlərinin günləri qısa olur, cəmi 10 gün (o da, əsasən, axşamlar iki-üç saat). Çoxluq təşkil edən qeyri-dindarlar əzadarlıq etməyə, əsasən, Aşura gününə (məhərrəm ayının 10-una) bir-iki gün qalmış gedir. Bu tarixi mərasimdə iştirak etməyə on günü davamlı gedənlər demək olar ki, dindarlardır.

Azərbaycanda ümumi kütlə tərəfindən qeyd edilən mərasimlərdən biri də İmam Hüseynin qırxıdır-ərbəindir.

***
Məhərrəmliyin hər il keçirilməsinin səbəbi var. Bunu müsəlmanlara din böyükləri tövsiyə edib. Hüseyn ibn Əliyə babası, Allahın elçisi-həzrət Məhəmməd də yas saxlamış, onun qatillərini lənətləmişdir. Eləcə də imamlar da onun yasını saxlamış və ardıcıllarına da hər il onu anmağı tövsiyə etmişlər.

Nə üçün? Aşura hərəkatının və Hüseynin ibn Əlinin amallarının yaşaması, nəsildən-nəsilə ötürülməsi üçün. Demək bu mərasimlərin məqsədi Hüseyn əleyhissalamın amallarını yaşatmaqdır. Demək, məhərrəmlik münasibəti ilə təşkil olunmuş mərasimlərin əsas məqsədi İmam Hüseynin məqsədlərini aydınlaşdırmaq və cəmiyyətə çatdırmaq olmalıdır. Sinəyə vurub əzadarlıq etmək isə məclislərin ikinci hissəsinə aiddir. Yəni, əvvəl dərk etməlisən Hüseyn kim olub, sonra ona yas saxlamalısan. İnsan tanımadığı bir şəxsin ölümünə necə təəssüflənə və necə qəlbi riqqətə gələ bilər?!

***
Hüseyn ibn Əlinin amalı nə olub? Əvvəlcə onu qeyd edim ki, Hüseyn ibn Əli öz evindən məğlub olmaq və ölmək üçün çıxmayıb. O məğlub etmək və İslam sahəsini basmış və İslam məhsulllarının axırına çıxacaq “alaq otlarını” kökündən çəkib qoparmağa getmişdi. İslam məntiqinə görə əsgər döyüşə ölməyə yox, öldürməyə getməlidir. Yəni zəiflik ruhiyyəsi rədd olunur. Demək, Hüseynin amalı şəhid olmaq olmayıb. O amalını gerçəkləşdirmək istəyib, bu yolda şəhid olub. Dində şəhidlik məqsəd deyil. Döyüşə gedən əsgər də anasına: “ana, şəhid olmağa gedirəm”, yox, “ana, düşməni məhv etməyə gedirəm” deyir. Ana da övladına: “get, şəhid ol!”-yox, “get, şəhid olmaq bahasına olsa da, vətənini qoru!”-deməlidir.

***
Hüseyn ibn Əlinin nə üçün mübarizə aparmağını onun özündən soruşaq. O deyib ki, mən elimdən-obamdan fitnə-fəsad yaratmaq, qarışıqlıq salmaq, vəzifəyə üçün yox, yezid xislətlilərin alovlandırdığı fitnə-fəsadların qarşısını almaq, İslamda daxil edilmiş xurafatları aradan qaldırmaq, gözəl və insani keyfiyyətləri dirçəltmək, yaymaq, pis işləri, nalayiq əməlləri ifşa etmək üçün çıxmışam. Məqsədim müsəlmanlara olan zülmə mane olmaqdır. Məqsədim vəzifəpərəstliyə, şəhvətpərəstliyə, qarınqululuğa, mənafepərətsliyə, rüşvətxorluğa dur deməkdir. Məqsədim müsəlmanları düşüncəyə, aydınlığa, inkişafa, xeyir işlərdə, gözəl səciyyələrdə bir-biri ilə ötüşməyə səsləməkdir. Məqsədim insanlar arasındakı ayrıseçkiliyi önləməkdir, qardaşlıq bağlarını möhkəmlətməkdir. Bir müsəlman qonşusundan, qohumundan, çevrəsində olanlardan necə xəbərsiz qala bilər? Necə deyə bilər ki, nəyimə lazımdır? Bir halda ki, İslam deyir: siz müsəlmanlar bir-birinizlə bağlı məsuliyyət daşıyırsınız. İmam Hüseyn deyir ki, məqsədim bir-birindən xəbərdar müsəlman ümmətinin, ilkin müsəlmanların xatirəsini və yolunu diriltməkdir. Məqsədim camaat ac-yalavac ola-ola qızıl-gümüş yığanlara öyüd-nəsihət verməkdir, yaradılışın qayəsini onlara xatırlatmaqdır, onları şərab məstliyindən də ağır olan qəflət məstliyindən ayıltmaqdır. Məqsədim eyş-işrətə qurşanmış müsəlmanlara yadlara kölə olacaqlarını, əldə etdikləri yüksəklikləri əldən verəcəklərini, torpaqlarını və canlarını itirəcəklərini, namus və qeyrətlərinin ləkələnəcəyini, dəyərlərinin dəyişdiriləcəyini xatırlatmaqdır. Xatırlatmaqdır ki, pis işlərə qarşı ictimai qınaq olmasa, cəmiyyətin başbilənləri sussa, cəmiyyətdə günahlar adiləşir, pis işlər rəvac tapır. Bir sözlə, məqsədim İslama yadlaşmış, Quranı unutmuş müsəlmanlara İslam və Quranı xatırlatmaqdır. Xatırlatmaqdır ki, bu gün İslamın adı, Quranın kağızı qalıb. Kim gəldi “İslam evi” barədə mülahizə yürüdür, o “ev”in içində nə olması ilə bağlı şəxsi rəyini açıqlayır, pafosla, əl-qol ölçə-ölçə əllaməlik edir, bir halda ki, “ev”in içindən ən yaxşı xəbərdar olan elə o “ev”də yaşayanlardır, o “ev”in, o “beyt”in əhlidir, yəni Əhli-beytdir… Hüseyn ibn Əli həmin “ev”in içində böyümüşdü və indi də onun içində idi…

***
Məscidlərimiz İmam Hüseynin amalını açıqlayırmı? Bəzi xətiblərimiz yüksək minbər tribunasından aşağılara doğru nə söyləyirlər? Ağlamağı və onun savablarını? Heç olmasa bir damcı göz yaşı çıxarmağımı? Bəzi xətiblərimiz məhərrəm minbərində nə işlə məşğuldurlar? İran-İraq rövzəxanlarını yamsılamaqla? Hüseyn ibn Əlidən xəbəri belə olmayanlardan bircə damcı göz yaşı dilənməklə?

Təəssüf ki, Azərbaycan üçün, Azərbaycan xalqının milli xüsusiyyətlərini nəzərə alan məhərrəm məclisləri yox dərəcəsindədir. “Allah cəmi şəhidlərimizə rəhmət eləsin”, “Allah işğal olunmuş torpaqlarımızı qaytarsın” deməklə millimi oluruq?! Bizim ki, mərsiyə ədəbiyyatımız iki yüz əvvəlin mərsiyə ədəbiyyatından çıxa bilməyib. Mərsiyədə oxunan şerlər qəliz, çox çətin anlaşılan sözlərlə doludur. Mərsiyəyə qulaq asan gənc heç nə anlamayaraq gözünü döyür. Qulağını şəkləyir ki, bəlkə nə isə bir doğma söz eşitsin. Bəzən on beş dəqiqəlik mərsiyənin içində bir-iki cümlə tanış söz eşidir, vəcdə gəlib bərk-bərk sinəyə döyür. Beləmi olmalıdır?!

Bizim inanclı qələm adamları hara yoxa çıxıb? Niyə əsrin mərsiyə ədəbiyyatını yaratmırlar? Niyə mərsiyə şerləri yazmırlar? Sabir, Seyid Əzim, Qasım bəy Zakir, Natəvan və onlarla şairin yeri niyə boş qalıb?

Mən bəzi şairlərə təəccüb edirəm. XXI əsrdə hələ də klassik sözlərdən imtina edə bilmirlər. Görəsən, o şerlər kimin üçündür? XIX əsrin qəbirdə yatanları üçün? Yoxsa, biz o şerləri lüğət kitabı ilə oxumalıyıq?!

Nə üçün digər ölkələrin milli adət-ənənələri, danışıq tərzləri, mədəniyyəti İslam adı ilə bizə təlqin olunur? Məgər Azərbaycan mədəniyyətində kişiyə “alagöz”, “nazlı”, “ayüzlü” deyilir? Azərbaycan mədəniyyətində oğul anası barədə deyərmi ki, mənim anam filan elin maralıdır? Bəs necə olur ki, imamların dilindən həzrət Fatimeyi-Zəhra barədə belə mərsiyə yazılır və oxunur? “Bər qatelani əba əbdillahil-hüseyn ta be ruzi qiyam qiyamət biş lənət” sözünü mənasını bu günün nəinki gənci, heç ağsaqqalı da bilmir. Nə üçün məscidlərin içində divarları fars sözləri yazılan parçalarla doludur? Məgər bu ölkədə fars dilli xalq yaşayır?! Əksəriyyət heç Quranı üzündən oxuya bilmir, hələ müxtəlif xətt növləri ilə yazılmış şerləri, şüarları başa düşmək qalsın bir tərəfdə.

***
Milli duyğularla dini duyğular arasında get-gəl edən yolunu itirmiş bəzi din adamları elə bilirlər ki, İranda və ya İraqda xətiblərdən, rövzəxanlardan eşitdikləri sözləri gəlib burada eynilə danışmaq olar, onların minbərdəki hərəkətlərini burada təkrarlamaq olar.
Bəzi İran və İraq rövzəxanları eşidiblər ki, Hüseyn müsibətinə ağlaya bilməsən də ağlamsınmaq savabdır, buna görə də elə səslər çıxarırlar ki, eşidəndə adamın tükləri biz-biz durur. Bizim bəzi dindar rövzəoxuyanlar da eynilə onlardan dəstur götürür və onların çıxardıqları səslərdən çıxarırlar. Adamın gəncliyə yazığı gəlir. Nə etdiyinin fərqində deyil, ağlı qəbul etmədiyi şeylərə etirazını imanı ilə susdurur. Bəziləri də, cürət tapır, ümumiyyətlə hər şeydən imtina edirlər. Unutmayaq, nə İran və nə İraq, nə də digər İslam ölkələri İslama bərabər deyil. Yəni onlar İslam demək deyil, onların din adı altında etdiyi bəzi hərəkətləri dini olmaya da bilər. İranın özündə din xadimləri belə artistliyə qarşı çıxırlar. Bəziləri ifşa edir, bəziləri isə müəyyən məsləhətləri nəzərə alıb susurlar.
Sözüm müasir qələm sahiblərinədir. Mərsiyə ədəbiyyatını yüz, iki yüz illik əsarətdən qurtarmaq lazımdır. Yeni şerlər yazın, savadlı yazın, saxta emosional sözlərlə kimlərisə hönkürtmək üçün yox, həqiqət naminə yazın. Şerə dəyər verən Tanrı sizin niyyətinizin səmimiliyini görsə, qəlblərdə qələminizə sevgi yaradacaq. Əmin olun.

***
Demək, oxunulan mərsiyələr Azərbaycan xalqının ruhiyyəsinə və mədəniyyətinə uyğun olmalıdır. Hökmən milli süzgəcdən keçməlidir. Əgər sizin oxuduqlarınızla gənclər Hüseyn ibn Əli və onun amalına arxa çevirirlərsə, siz buna görə cavab verməli olacaqsınız. Mən nə qədər gənclər tanıyıram ki, məscidlərdən uzaq düşüblər. Bax, belə axundlara və onların çıxardıqları artistliklərə görə. Bəzi axundlar bəlkə də öz evlərində belə açıq, ölçüsüz söhbət etməzlər, ancaq qarşısındakı insanların vaxtına və ömrünə acımayaraq nə gəldi danışırlar. Nə gəldi danışmaq təkcə xurafat danışmaq deyil, yersiz, lazımsız, insanların dərkini və şəraitini nəzərə almadan danışmaq da elə nə gəldi danışmaqdır, əlavə olaraq, müqəddəs mətnləri təhqir etməkdir. Yerində deyilməyən hər bir söz o sözün təhqir olunmasıdır, o sözün mənsub olduğu Böyük Həqiqətin təhqir olunmasıdır.

***
Nə üçün qəhrəman, zülmlə barışmayan Hüseynin adına təşkil olunan məclislərdə gənclər ağlamaqdan, o da ürəyincə olmayan ağlamaqdan savayı heç nə görmürlər? Niyə məhərrəmlik məclislərində Qarabağın hüseynləri yad olunmur? Niyə Qarabağ aşurası yada salınmır? Niyə süngülənən ələsgərlər, ələkbərlər yad olunmur? Niyə onların başına gələnlər danışılmır? Niyə Qarabağ zeynəblərinin əsirliyindən və əsirlikdə qalmalarından söz açılmır? Niyə başları kəsilən, hasarlara sancılan hüseynlərdən danışılmır? Niyə avtomat süngüsü ilə deşik-deşik edilən uşaqlar yad olunmur? Niyə? Məgər Hüseyn ona görə şəhid olub ki, ona ağlamaqla kifayətlənsinlər? Hüseyn amalına görə şəhid olub və göstərib ki, amallar və ideallar uğrunda axıra kimi savaşmaq lazımdır! Erməni köpəyi müsəlman torpağını işğal edir, İslam dəyərlərini təhqir edirsə, hüseynçilər necə sakitcə sinə döyə bilərlər? Vətəni qorumağa səsləməyən məhərrəmlik mərasimləri kimə və nəyə görə lazımdır? Hüseyn ibn Əli buyurdu ki, məni kimilər Yezid kimilərə boyun əyməz. Burada artıq şəxs yox, xarakterlər qarşılaşmasıdır, amal məsələdir, əqidə mübarizəsidir. Hüseynin əqidəsini və amalını dərk edən gənc heç vaxt yad millətin onun torpağına soxulmasına, onu əsir almasına, qətlə yetirməyinə dözməz. Məgər bizim Qarabağda Kərbəla yaşanmayıb? Hüseynlər ölməyib? Ələsgərlər süngülərə sancılmayıb? Zeynəblər əsir olmayıb? Hüseyn ibn Əli bu gün sağ olsaydı, Azərbaycana gəlsəydi və görsəydi ki, torpaqlarımız düşmən əlindədir, bizə deyərdi ki, öz torpağınız boş şeydir, siz Fələstinin dərdini çəkin?! Öz şəhidlərinizi unudun, İran, İraq, Suriya və Fələstin şəhidlərindən danışın?! Əvvəl evinə soxulmuş yağını çıxar ki, sonra qonşulara nə olduğunu görə biləsən. Nə yazıq ki, biz evə soxulan düşməni görməmək üçün o gələn kimi pəncərədən qaçıb qonşulara köməyə getmişik. Molla Nəsrəddin Qarabağı görməzliyə vurub İŞİD-ə qoşulanları görsəydi qəhqəhə çəkərdi. Bəli, Suriyanı, Fələstini cihadla, Qarabağı isə ATƏT, AŞPA, ABŞ, Rusiya, Almaniya və ikiüzlü Fransa ilə qurtarmaq lazımdır! Hər şeyi danışıqla həll olunmalıdır, əsrlər ötsə də, nəsillər keçsə də…!

***
Məhərrəmlik bir fürsətdir. Məscidlər inanclı gənclərlə dolur. Onlara milli-mənəvin dəyərlərin düzgün aşılanma vaxtıdır. Onlara yazığınız gəlsin, dinin prinsipial məsələlərini qoyub, neçənci dərəcəli məsələlərdən danışmayın, şəxsi mülahizələrini onlara qəbul etdirməyə çalışmayın. Onlara nə üçün Qurandan, Quran həqiqətlərindən, İslamın tövhidindən danışmırsınız?! Nə vaxta kimi əxlaq, əxlaq, irfan, irfan, zahidlik, zahidlik?! Nə üçün gənclərin çoxu Quranı üzündən oxuya bilmir, ancaq mərsiyələri əzbər bilir? İki nəfər Quran qarisinin adını çəkə bilmir, on iki nəfər İran-İraq mərsiyəxanının adını əzbərdən deyir, hətta onların oxuduğu rövzələri, mərsiyələri içindəki fars ibarələri ilə birlikdə deyir. Ancaq İslamın ana kitabı-Qurandan, ərəb dilində, bir ayəni əzbər bilmir. Bəs necə olur ki, fars dilində mərsiyələri əzbərləyirlər? Məgər axundlar demirlər ki, Hüseyn ibn Əli gecələr durar, həzin səslə Quran oxuyardı? Nə üçün o gecələr atasına və babasına mərsiyə oxumur, ancaq Quran oxuyurdu? Hətta tarixdə yazılana görə Hüseynin nizəyə sancılmış başı da övladlarının, qardaşının öldürülməsinə görə mərsiyə oxumur, Quran oxuyurdu. Nə üçün bizim məscidlər gəncləri Qurana yox, mərsiyəyə istiqamətləndirir?! Bax, buna görədir ki, ümmətin rəhbəri həzrət Məhəmməd Qiyamət günü deyəcək: “Ey mənim Rəbbim, həqiqətən Qövmüm bu Quranı tərk etdi”.

Mən mərsiyəyə qarşı deyiləm. Hüseynin amallarını öyrənmək biliklə, idrakla, mərsiyəni dinləmək və ya mərsiyə oxumaq isə insanın könlü ilə əlaqəlidir. Heç biri digərinin yerini verməz. Hərəsinin öz yeri var, ancaq bu “yer”ə qətiyyən riayət olunmur. Bilik vermək yerinə bəzi minbərlərdə cəfəngiyyat danışılır. Gənclərimiz də boğula-boğula Hüseyn ibn Əlinin hörmətinə bəzi şarlatanlara dözürlər.

Mənim savadlı din alimlərindən öyrəndiyim budur ki, artıq şeylərə çox da ehtiyac yoxdur. Siz sadəcə “Lühuf” kimi mötəbər “məqtəl” kitablarında yazılanları üzündən oxusanız insanları mütəəssir etmək üçün kifayətdir. İnanın, kifayətdir, özünüzü zəhmətə salmağa gərək yoxdur. Qəlblərin mütəəssir edə bilmək az əhəmiyyətli deyil, hökmən ağlatmaq olmalıdır deyə bir şey yoxdur. Unutmayaq, insanları ağlatmağın bir şərti də çıxış edən şəxsin özünün öz dediklərindən mütəəssir olmasıdır.

***
İmam Hüseyn məclisləri üçün yeni mərhələ başlanmalıdır. Bu, XXI əsr yezidlərinə qarşı yazılan, milli vətənpərvərlik ruhiyyəsini gücləndirən, şəhidlərimizi yad edən, Qarabağda faciəli şəkildə öldürülən insanları yada salan mərsiyə şerlərinin ərsəyə gəlməsidir. Bəzi dini icmalar buna az da olsa əməl edirlər, ancaq bu çox azdır. İmam Hüseyn hərəkatı sadəcə tarixi bir hadisə kimi qalmamalıdır, o həmişəyaşar hərəkat bu günümüzə işıq salmalıdır, yol göstərməlidir, örnək olmalıdır, dərs verməlidir, bizə gündəlik işlərimizdə dayaq olmalıdır.

Həyatının bütün istiqamətlərində Hüseynə oxşamaq istəməyən şəxs Hüseyni həqiqi mənada sevə bilməz. Hüseynə oxşamaq nədir? Yəni Hüseyn kimi düşünmək (onun düşüncəsi Qurandır. Ancaq biz Qurandan uzağıq), Hüseyn kimi yaşamaq (o Quranın təlimi ilə yaşayıb. Ancaq biz Quranı üzündən oxuya bilmirik), Hüseyn əxlaqına yiyələnməkdir (o Quran əxlaqı ilə əxlaqlanıb, Quran işığı ilə aydınlanıb, ancaq biz mərsiyə sərhədlərindən qırağa çıxa bilməmişik. Hüseyn deyəndə yadımıza qan, inqilab, gərginlik, ağlamaq düşür), dünyaya Hüseyn kimi baxmaqdır (o həyata Quranın baxışı kimi baxır. Quran həyata necə baxır? Xəbərimiz yoxdur.) və nəhayət Hüseyn kimi ölməkdir-əqidə uğrunda, İslam uğrunda, müsəlman uğrunda, müsəlman cəmiyyətini, onun dəyərlərini qorumaq uğrunda, müsəlman xalqını təhdid edən qüvvələrə qarşı vuruşmaq uğrunda! Buna görədir ki, Hüseyni ziyarət edərkən Allaha dua edirik: Ey Allah, mənim həyatımı da, ölümümü də Məhəmməd və onun ailəsinin həyatı və ölümü kimi et”.

Təklif edirəm ki, məclislərinizə Qarabağ qazilərini dəvət edəsiniz, “Qarabağ xatirələri” danışsınlar; xətiblər hər axşam bir neçə dəqiqə işğal olunmuş torpaqlar barədə məlumat versinlər; tarixi hadisələr hökmən günümüzlə əlaqələndirsinlər. Təklif edirəm ki, ya xətib, ya da onun tərəfindən təyin olunmuş bir gənc hər gün bir Milli Mübarizə Qəhrəmanı barədə məlumat versin, onun həyatından və həyat tərzindən örnəklər göstərsin. Misal üçün, Allahverdi Bağırov, Fred Asif, Əliyar Əliyev, Çingiz Mustafayev, Mübariz İbrahimov və digər Milli Qəhrəmanlar barədə danışmaq olar. Kişilik, mərdlik məktəbinin yetirmələri olan bu igidlərin həyatında öyrənməli cəhətlər var.

Fred Asif demişdi: “Əlinə silah götürüb əsl döyüşən oğlanlar mənim qardaşlarımdır... Mən arzu eləyərdim ki, hamı əl-ələ verib, bir Allah şahiddir ki, bütün hisslərdən kənar hal-hazırda dövlətimizin azad olmağına xidmət eliyəydi. Namusu, qeyrəti olan oğlan-hamı köməklik eləməlidi, bir nəfər kimi... Məndə neçə nəfər şəhid olub. İlahi, o oğullarla dünyanı zəbt etmək olardı... hamısı da bir-birindən iyid... Özümə verəcəyim suallardan biri də o olardı ki: sən necə tab eliyirsən, sən necə dözürsən Şuşasız, Ağdamsız? Kəlbəcərin o gözəl nemətlərini erməni daşıyır. Özümə bu sualı verərəm: sən necə dözürsən, o torpaq, o şəhid qanları, sənnən döyüşmüş oğlanların qanları, ruhları erməni tapdağı altındadır. İndi lalələr bitib orda... Torpağı qaytarmaq lazımdır, qardaş! Həmişə toylarda arzum bu olub: ... Deyəndə ki, bəylə gəlinə nə arzu eliyirsən, demişəm ki, arzu eliyirəm ki, elə bir oğul dünyaya gətirsinlər ki, bütün xalq yekdil olaraq onun prezident olmağını tələb eləsin...” Bax, bizim belə oğullarımız olub. Onlar bu günün gəncinə örnəkdir. O örnəyi gənclərə göstərən varmı?!

***

Hüseyn əleyhissalam üçün mərsiyə şeri qıtlığı yaşadıqlarını deyənlər nə üçün mötəbər ziyarətnamələrdən ilham almırlar? Nə üçün minbərdə “Müqəddəs nahiyə” ziyarətnaməsinin ürək parçalayan hissələrini sadəcə üzündən oxumurlar? Hüseyn əleyhissalamın fəzilətlərini danışanlar niyə “Futrus mələk”in dən yuxarı qalxa bilmirlər? Məgər Quran Hüseyni tanıtdırmır?! Tarixçilər onun necə insan olmağını yazmayıblar?! “Böyük Camiyə ziyarətnaməsi” onun hansı ailədən olmağını öyrətmir?! Onlarla belə dəyərli və sanballı mənbələr varkən nə üçün beyni suallarla dolu olan gəncləri özümüzdən uzaq salaq? Heyf deyilmi?!

Bunlar mənim ürək sözlərimdir, savadlı dindarlarla, müsəlmanlarla ortaq dərdimdir. Məqsəd kimi və ya kimlərisə təhqir etmək deyil. Tənqid dostlar üçündür.

Dilman Şahmərdanlı,
İlahiyyatçı və yazıçı-tərcüməçi
Azərbaycanda Məhərrəmlik necə olmalıdır?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap