Azərbaycanın tanınımış siyasi-ictimai
şəxsiyyətləri və ruhaniləri Mövsüm Səmədovla həmrəylik və həmdərdlik
nümayiş etdirmək məqsədi ilə 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısına
toplanıblar. Onlar arasında Azərbaycan Ruhanilər Məclisinin (ARM)
üzvləri Hacı Sərdar Hacıhəsənli, Hacı Qədir Məmmədov, Hacı Əlihüseyn
Nuri, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən
Əhmədli, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM)
sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, AİP-in sədr əvəzi
Hacı Elçin Manafov, “Azadxeber.net” saytının baş redaktoru Emil
Rahiloğlu, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin
(MMDİB) sədri Ruhullah Novruzzadə, Nardaran Ağsaqqallar Şurasının sədri
Hacı Natiq Kərimov, AİP sədr müavini Hacı Akif Heydərli, AİP MNTK sədri
Hacı Fəyyaz Nəbizadə, Hacı Elmar Səmədov, digər ictimai fəallar və
inanclılar da olub.
Maide.az saytı olaraq həmin şəxslərdən bəzilərinin fikirlərini oxucularımıza çatdırırıq.
Hacı Sərdar Hacıhəsənli: “Hamıya
bəlli olduğu kimi bu gün Azərbaycan İslam Partiyasının lideri Hacı
Mövsüm Səmədovun bəlli işi ilə əlaqədar buraya toplaşmışıq. Hamıya
bəllidir ki, Hacı şərlənərək həbs olunub. Onun həbsini bir qədər də
ağırlaşdırmaq üçün qərara gəliblər ki, daxildə məhkəmə keçirib və Hacını
3 illik Qobustanda ciddi rejimli həbsxanaya göndərsinlər. Bizlər də
Hacı ilə həmrəylik nümayiş etdirmək, etirazımızı bildirmək üçün
burdayıq. Gəlmişik göstərək ki, xalq hacının günahkar olduğuna deyil,
pak təqvalı, bu xalqa faydalı bir insan kimi tanıyır. Bu gün göründüyü
kimi burada gərginlik yarandı. Üç kilometr qabaqdan postlar qurulub,
gələn insanları, maşınları yoxlayırlar, şəxsiyyət vəsiqələrini tələb
edirlər. Nəhayət, çox danışıqlardan sonra bura gəlməyimizə icazə
verdilər, amma daxilə, məhkəməyə heç kəsi buraxmadılar. Biz buna da
kifayətləndik. Səbəb də budur ki, hər birimiz özümüzü Allah müqabilində
görəvli bilirik. Dinimizin, inancımızın tələbi budur. Haqqı tapdalanan,
məzlum tanınan insanın yanında olaq. Bu gün biz fiziki cəhətdən də
Hacının yanında ola bilmiriksə, mənən, ruhən, dualarımızla onun
yanındayıq. Bu tək mənim deyil, bütün Azərbaycan dindarlarının,
ruhaniyyətinin, ağsaqqalların, İslami təşkilatların, ziyalıların
sözüdür. Bu nurani simalar özü bir göstəricidir ki, bizim daxildə olan,
məhbəs həyatı yaşayan qardaş elə bu simaların biridir və biz onu
dəstəkləmək məqsədi ilə buradayıq. Allah-təaladan istəyirik ki,
ölkəmizdə haqsız yerə həbs olunan hər bir məhbusun – Hacı Mövsümün, Hacı
Abgülün, Hacı Talehin, ölkənin azadlığı, çiçəklənməsi, insanların haqqı
olan həyatı yaşaması naminə zəhməti, fəaliyyəti olan hər bir insanın
azadlığını Mütəal-Allah diləyirik. Əminik ki, Azərbaycan dəyərli,
düşünən xalqımızın dəstəyi ilə xalqa xidmət edən şəxslər tezliklə bu
xalqın içinə qayıdacaqlar.”
Hacı İlqar İbrahimoğlu: “İnanclılar
bir böyük ailədir. Biz hamımız bir ailənin üzvləriyik. Və bizim ailənin
bir üzvünün həbsxana şəraitinin daha da ağırlaşdırılması üçün bu gün
məhkəməsi var, ona görə hamımız gəlmişik bura. Ölkənin ictimai-siyasi
xadimləri, inanclılar, dəyərli insanlar buradadır, açıqlamalar veriblər.
Hesab edirik ki, bu gün durduğu yerdə, heç bir əsas olmadan məhkəmənin
keçirilməsi qayda pozuntusunu daha da böyütməkdir. İslama qarşı, inanca
qarşı bir dalğa başladılmışdı. Bu dalğaya etiraz edən qardaşlarımızın
bəziləri bu gün həbsdədir. Biz onların adlarını da tez-tez çəkirik,
onlara qarşı, məxsusən Hacı Mövsümə qarşı olunan haqsızlığın aradan
götürülməsini istəyirik. Hesab edirik ki, ölkənini hər bir vicdanlı
vətəndaşı, xüsusən ruhaniyyəti, ümumən öz məsuliyyətini dərk edən hər
bir inanclı insan ayıq olmalıdır, narazılığını büruzə verməlidir və
içəridə olan ailə üzvlərimizin azadlığı üçün əlindən gələni eləməlidir.
Xüsusən qeyd eləmək istəyirəm ki, bu məsələdə sionist rejimin buradakı
nökərlərinin səylərinin nəticəsi olaraq nəsə baş versə, bu ölkədə
sionizmə qarşı, onların Qəzzada törətdiyi cinayətlərə qarşı onsuz da
nifrət var və bu nifrət bir qədər də artacaq. Və onsuz da biz bilirik
ki, bu ölkədə inanclı insanlara qarşı baş verənlər bir neçə il qabaq 33
günlük müharibə dövründə, Qəzza hadisələri dönəmində Azərbaycanda
fələstinlilərlə, müsəlman qardaşlarımızla həmrəyliyinin bir növ əvəzi
olaraq İslama qarşı dalğa başlamışdı. Biz onu da yaxşı bilirik ki, bu
gün islamçılara qarşı olan təqiblərin əsas sifarişçilərindən biri də
bunlardır. Ona görə də bu mesajımızı veririk ki, onlara nifrət bir qədər
də artacaq, düşünməsinlər ki, ölkədə onlara qarşı hər hansı bir
mülayimləşmə olacaq, cinayətləri göz qabağındadır. Son 51 günlük
müharibədə məğlub olublar və bundan sonra məğlubiyyətləri daha da böyük
olacaq. ”
Hacı Elçin Manafov: “Mən
dəfələrlə demişəm ki, bunlar etdikləri işlərlə nəyə nail olmaq
istəyirlər, heç özləri də bilmirlər. Amma bircə biz onu bilirik ki,
bizim qardaşlarımızın nəinki nüfuzuna xələl gəlmir, əksinə bu işi
görənlərin nüfuzu aşağı düşür. Hacı Mövsümü, Hacı Abgülü, Hacı Talehi
təsadüfi deyil ki, üçünü də eyni yerə, ucqar bir yerə göndəriblər. Amma
özləri də gördüyü kimi onları sevənlər buradadır. Bu işi görənlər öz
əməlləri ilə nüfuzlarını yerə vururlar.”
Hacı Rövşən Əhmədli: “Hacı
Mövsüm Səmədov öz doktorluğuna və ruhani alimliyinə görə həbs
olunmayıb. O həm də böyük bir partiyanın siyasi lideridir. O, siyasi
fəaliyyətinə görə həbs olunub. Mövsüm Səmədov ölkədə baş verən
rüşvətxorluq, korrupsiya, dövlət çökdürülməsi və digər digər neqativ
hallara etirazını bildirdiyinə görə həbs olunub. Təbii ki, nəinki
inanclı insanlar, Azərbaycanda elə bir şəxs tapmaq olmaz ki, bizim digər
ruhani və alim qardaşlarımızın şərlənərək həbs olunmasın, onlara qarşı
irəli sürülən ittihamlara inanmış olsun. Hamı bilir ki, Hacı Mövsüm
qardaşımız başda olmaqla 60-dan çox digər inanclı insanımız saxta
ittihamlarla məhbəsdədirlər. Təbii ki, dövlət iki halda sarsılır:
birincisi, cinayətkar cəzasız qalanda, bir də günahsız insana cəza
veriləndə. Hər iki hal təəssüf ki, bizim dövlətimizdə baş verir. Bu gün
heç bir günahı olmayan insanlar həbsxana həyatı yaşayırlar və bu gün
dövlətin etibar olunmuş postlarında əyləşmiş insanlar isə cinayət
törətməklə mühakimədən kənarda qalırlar. İnanclı insanlar bu dövlətin ən
güvənc yeridir, ən etibarlı qüvvələridr. Heç zaman da milli dövlət
maraqlarımızı heç bir güc qarşısında güzəştə getməmişik. Azərbaycana
uzanan əllər, əleyhinə yönəlmiş qüvvələr qarşısında hər zaman islamçı
qüvvələr dayanıblar və dayanacaqlar da. Bu cür insanların cəmiyyətdə
olması həm dövlətin möhkəmlənməsinə, həm cəmiyyətin saflaşmasına böyük
xidmət göstərir. Əslində bu işi görənlər həm dövlətimizə, həm
millətimizə böyük ziyan vurmuş insanlardır. Baxmayaraq ki, bu gün təkcə
Doktor Səmədovu mühakimə edirlər, amma əslində bu, bütün inanclılara
qarşı atılmış addımdır. Doktor Səmədov layiq olduğu azadlığına qovuşacaq
və biz buna əminik. Bu cür saxta ittihamlarla, qapalı həbsxanaya
köçürməklə onun mübarizə əzmini qıra bilməzlər. Ümid edirik ki, bu
insanları tezliklə xalqımızın iradəsi ilə azadlıqda görəcəyik.”
Hacı Natiq Kərimov: “Biz
də Allahın razılığına görə bura gəlmişik və Hacı ilə həmrəyliyimizi
bildiririk. Hacılar kifayət qədər ətraflı danışdılar. Mən də bir dənə
bunu demək istəyirəm: hakimiyyət özünün söykənə biləcəyi ağacı kəsir.
Uçurumu daha da dərinləşdirir. Alimləri, ruhaniləri həbsə atmaq, ancaq
hakimiyyətə olan etibarı sarsıdır. Bir dənə xalqımızdan bunu istəyirəm
ki, qəlbən etirazlarını heç vaxt söndürməsinlər. Qəlbdə etiraz olsa,
müəyyən zaman sonra bayıra çıxacaq. Qəlbdəki etirazı istəyirəm
kəndlərimdə, şəhərlərimdə, məscidlərimdə, hüseyniyyələrimdə görüm. Qələb
etiraz dalğası olsa, bunlar da bu qədər zülm edə bilməzlər.”
Hacı Elmar Səmədov: “Hacı
Mövsüm bu gün təkcə bir ailəni, nəsli, regionu təmsil etmir. O
Azərbaycanını ictimai bir xadiminə çevrilmişdi. Həm ruhani, həm ziyalı,
həm Azərbaycan xalqına məxsus olan İslam Partiyasının sədriu kimi təmsil
olunur. O, yerlərdə dindarlar, qeyri-dindarlar tərəfindən müdafiə
olunur. Haqqında çox maraqlanırlar, soruşurlar və çox narahatdırlar ki,
niyə ona qarşı bu qədər təzyiqlər olunur?”
Vəkil
Anar Qasımlının Maide.az-a verdiyi məlumata görə, məhkəmənin nəticəsi
olaraq Mövsüm Səmədovun 2 il müddətinə Qobustana göndərilməsi barədə
hökm çıxarılıb. Oktyabrın 10-da bu məhkəmə hökmündən apelyasiya şikayəti
veriləcək.