Bir ruhaniyə hökm oxundu, digəri isə karsa salındı
Bir ruhaniyə hökm oxundu, digəri isə karsa salındı
Posted on : Digər sahələr 02/15/2024
Azərbaycan Respublikasında inanclılara qarşı təzyiq çərçivəsində bir ruhaniyə hökm oxunub, digəri isə karsa salınıb.
Fevralın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində daha bir ruhani saxta ittihamlarla azadlıqdan məhrum edilib. 2023-cü il yanvarın 30-də saxlanılan Sabirabad rayonu Zəngənə kənd sakini ilahiyyatçı Seyid Rza Ələkbərov narkotik ittihamı ilə məhkəmə önünə çıxarılıb. Hakim ruhanini narkotiklərlə bağlı ittihamda müqəssir bilərək, onu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Hazırda həbsdə olan ruhanilərin sayı 50-dən artıqdır.
Bu arada belə bir məlumat yayılıb ki, ilahiyyatçı Sərdar Babayev cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra karserə salınıb.
Vəkil Elçin Sadıqovun bildirdiyinə görə, Babayev yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməkdən imtina etdikdən və ittiham hökmü qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb.
Babayev vəkilə deyib ki, cəzaçəkmə müəssisəsinin yüksək rütbəli məmurlarından biri onun karserə salınması haqqında qərarın "yuxarıdan" gəldiyini və onun qapalı Qobustan həbsxanasına göndərilməsi üçün zəmin hazırlandığını bildirib.
Hüquq müdafiəçiləri deyirlər ki, din xadimlərinin Qobustan həbsxanasına salınması onların digər məhbuslarla ünsiyyətdən və onlara təsir imkanından məhrum edilməsi üçün onların tam təcrid olunması məqsədinə xidmət edir.
Xatırladaq ki, Babayev 2021-ci ilin payızında Azərbaycan-İran münasibətlərinin pisləşməsi fonunda saxlanılıb və iki il sonra guya İranın xeyrinə casusluq ittihamı ilə 17 il müddətinə həbs edilib.
Bu il fevralın 1-də Avropa İnsan Haqları Məhkəməsi Babayevin hüquqlarının pozulduğunu təsdiq edib və ona mənəvi ziyan üçün 6000 avro və məhkəmə xərcləri üçün 2500 avro təzminat ödənilməsi barədə qərar verib.