Tofiq Yaqublu saxlanılıb
Tofiq Yaqublu saxlanılıb
Posted on : Digər sahələr 12/15/2023
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən gün Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və evində axtarış aparılıb.
Tofiq Yaqublunun qızı Nigar Həzi facebookda yazıb ki, axtarış zamanı evdən guya pul aşkarlanıb. O, bu pulu əməliyyatçıların qoyduğunu bildirib.
N.Həzi qeyd edib ki, evdən o cümlədən anasına aid olan mobil telefonlar və kompyuter da götürülüb.
Daha sonra məlum olub ki, Tofiq Yaqubluya qarşı dələduzluq ittihamı irəli sürülüb. Vəkili Aqil Layic deyib ki, Yaqubluya külli miqdarda ziyan vurmaqla dələduzluq, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma maddələri ilə cinayət işi açılıb:
“Bu, dələduzluq, saxta sənədlərin hazırlanması və ondan istifadə olunması deməkdir. Yəni bir növ mühacir alverinə bənzər bir şeydir. Tofiq bəy bu ittihamları rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir”,- Vəkili Aqil Layic deyib.
Cinayət işi faktla bağlı açılıb, hələlik işdə təqsirləndirilən şəxs yoxdur, deyə vəkil aydınlıq gətirib.
Qeyd edək ki, 1998-ci ildən Tofiq Yaqublu dəfələrlə müxtəlif ittihamlarla həbs edilmişdir.
2013-cü il İsmayıllı hadisələrində icra başçısının istefası tələbi ilə keçirilən etirazlarda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası almış, 2016-cı il martın 17-də Prezident sərəncamı ilə əfv edilmişdir.
2020-ci il sentyabrın 3-də Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardı.
Tofiq Yaqublu 2020-ci il sentyabrın 2-dən "ölüm aclığı"na başlamış, sentyabrın 12-dən reanimasiyaya yerləşdirilmişdir.
2020-ci il sentyabrın 18-də azadlığa buraxılmışdır.
Ötən il dekabr ayında da Tofiq Yaqublu xırda xuliqanlıq maddəsi ilə 30 sutkalıq inzibati qaydada həbs olunmuşdu.
Tofiq Yaqublunun son həbsi isə Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarından sonra qərbyönümlü jurnalistlərin həbslərinin artqığı bir dövrə təsadüf edir.