“Əgər Azərbaycan höküməti məqbul hesab etmirdisə, özü USAİD-in yardımlarından imtina edərdi”
“Əgər Azərbaycan höküməti məqbul hesab etmirdisə, özü USAİD-in yardımlarından imtina edərdi”
Posted on : Digər sahələr 11/27/2023
“Əgər Azərbaycan höküməti məqbul hesab etmirdisə, özü USAİD-in yardımlarından imtina edərdi”
Dövlət katibinin köməkçisi Ceyms O ' Brayenin noyabrın 15-də Konqresin xarici işlər komitəsində "Dağlıq Qarabağ"ın gələcəyi ilə bağlı çıxışından sonra Azərbaycan ABŞ ilə münasibətlərində mübahisəli dəyişikliyin şahidi olduq. Çıxışdan sonra hökumətyönlü media ikitərəfli münasibətlərdə potensial gərginliyə işarə edərək ABŞ siyasətini pisləyən bir sıra məqalələr dərc etdi.
Hökumətlə bağlı media kanalları vasitəsilə yayılan bu məqalələr Azərbaycanda müstəqil media təşkilatlarına, qeyri-hökumət təşkilatlarına (QHT) və vətəndaş cəmiyyətinin üzvlərinə tənqidi şəkildə yönəldilib. Bu nəşrlər bu təşkilatların ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyə aldığı və sifariş icra etdiyi ehtimalını nəzərdə tutur.
Səbəb nədir? Bu təşkilatlardan gələn yardımlardan hökumət özü istifadə etməyibmi? Niyə müstəqil QHT-lərin, media qurumlarının adını bu təşkilatlarla bağlayıb, onları “xəyanətkar” adlandıran hökumət mediası bu vaxta qədər həmin təşkilatların Azərbaycan hökumətinə ayırdığı yardımlar barədə danışmır?
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ASTNA-nın suallarına cavab verib.
* * *
Sual: Bir neçə gündür hakimiyyətin yanında yer alan medialarda Azərbaycanda fəaliyyət göstərən bir sıra müstəqil media qurumları, eləcə də QHT-lər, vətəndaş cəmiyyətinin fəal üzvləri haqqında silsilə yazılar dərc olunur. Həmin məqalələrdə adıçəkilən təşkilat və şəxslərin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyələşdiyi və sifariş yerinə yetirdiyinə dair eyhamlar vurulur. Bu yazılanların əsası varmı?
Cavab: Bu yeni proses deyil. Azərbaycanda müstəqil mediaya, vətəndaş cəmiyyətinə qarşı münasibət həmişə mənfi olub. Bəzi dövrlərdə müxtəlif geopolitik maraqlar səbəbindən səngiyə bilər, amma ümumiyyətlə hakimiyyətin gündəliyindən heç zaman çıxmır. Yazılar daha çox ABŞ-Azərbaycan münasibətləri pisləşəndə və ya hansısa beynəlxalq təşkilat hesabat açıqlayanda yenidən davam edir. Biz artıq uzun illərdir bunun şahidi oluruq. Bu isə yaxşı hal deyil. Dövlətlərarası münasbibətlər hansısa qurumların ayağına yazıla bilməz.
USAİD ABŞ-ın əsas maliyyə qurumudur. 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. 1991-ci ildən bəri Azərbaycana 481 milyon dollar yardım edib. Ayırdığı maliyyə daha çox dövlət qurumlarına – səhiyyə, təhsil, iqtisadiyyat, ədliyyə və s. –sahədə vəziyyətin yaxşılaşdırılmasına xərclənib. Əgər Azərbaycan höküməti maliyyələşməni məqbul hesab etmirdisə, özü USAİD-in yardımlarından imtina edərdi. Üstəlik də Azərbaycan və ABŞ hökümətlərarası sazişə görə, ABŞ-dan gələn yardım vergidən azaddır. Yəni ABŞ yardımının Azərbaycanda gəlməsinə hökümət özü də yaşıl işiq yandırır. Yardımlarların çox kiçik hissəsi ölkədə vətəndaş cəmiyyətinə, azad medianın inkişafına sərf olunur. Bu da anlaşılandır. ABŞ və Avropa institutları maliyyə üzərində ictimai nəzarətin olmasında maraqlıdır. Burda hanısa sifarişlərin, tapşırıqların olmasını iddia etmək məlumatsızlıqdan irəli gələ bilər.
Sual: Maraqlıdır, niyə indi baş verir bu yazılar?
Cavab: Mən əvvəl də bu barədə qeyd etdim. Səbəb ABŞ-Azərbaycan münasibətlərində yaranmış soyuqluğa görədir. USAİD-in rəhbəri Samanta Pauerin ermənilərə qarşı açıq şəkildə rəğbəti Azərbaycan hakimiyyətində qıcıq yaradır. Azərbaycan höküməti birtərəfli münasibəti qəbul etmir və hesab edir ki, Samanta Pauerin fəaliyyəti, yanaşması qərəzlidir. Əslində mən də hesab edirəm ki, belə qurumların başında duranlar tərəfsizliklərini maksimum qorumalıdır. Ələlxüsus da bu cür münaqişələrə həssas yanaşılmalıdır. Bölgə, geopolitik reallıqlar nəzərə alınmalıdır. Azərbaycanın coğrafi yerləşməsi və icitmai-siyasi görüşləri nəzərdən keçirilməlidir. Belə olmadıqda nəticə uğursuz olur.
Digər bir tərəfdən Qafqaz uğrunda böyük savaş, böyük kommunikasiya sisteminə nəzarət istər-istəməz bizi böyük oyunların ortasına atır. Biz özümüz də hiss etmədən qlobal savaşın bir parçasına çevrilirik. Belə hibrid savaşlarda da adətən yumşaq gücdən və ya mətbuatda basqılardan istifadə edilir.
Sual: Bütün bunların məqsədi nədir və nə ilə nəticələnə bilər?
Cavab: Qeyd etdiyim kimi, məqsəd bölgəyə və kommunikasiyalara nəzarətdir. Meqahabların hansı gücün nəzarətində olması qlobal gücün indiqatoru olacaq. Qərb artıq Ermənistanı prosesə cəlb edə bilib. Qalır regionun əsas açar dövləti, yəni Azərbaycan. Azərbaycan höküməti isə hər iki tərəflə eyni məsafədə durmağa üstünlük verir. Hakimiyyət böyük güclərlə elə də yaxın olmağın tərəfdarı deyil. Hesab edirlər ki, bunun nəticəsi Ukrayna ola bilər. Çünki baxın, Rusiya hökümət təmsilçiləri Ermənistanı Ukrayna yolu ilə getməkdə ittiham edirlər, hətta təhdid edirlər. Belə bir durumda Azərbaycan höküməti narahat olur. Və özlərini tərəfsiz, Qərbdən uzaq kimi göstrərməyə üstünlük verirlər. Ancaq bu da uğurlu taktika deyil. Ola bilər ki, on il öncə çağırışlar fərqli idi. Ancaq hazırda faktiki böyük müharibələrin ətrafındayıq. Rusiya-Ukrayna, İsrail-Fələstin yanan ocaqlardır. Azərbaycan-Ermənistan münaqişəsi bitmiş kimi görünsə də, ancaq közərtilər davam edir. Və kənardan hər an ocağa əlavə odunlar atıla bilər. Üstəlik erməni lobbisi vəcdlə çalışır ki, bizi bütün müstəvilərdə sıxışdırsın. Bütün bunları nəzərə almadıqda Azərbaycan haqlı olduğu durumda haqsız vəziyyətə düşə bilər.
Sual: ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) xeyli tənqidə məruz qalır həmin yazılarda. USAİD ancaq media və QHT-lərə dəstək ayırıbmı bu vaxta qədər?
Cavab: Əlbəttə yox. USAİD-ın indiyə qədər xərclədiyi 481 milyon dolları daha çox dövlət qurumlarına ayırıb. Məsələn son illərdə TƏBİB-in müxtəlif proqramlarını maliyyələşdirirdi. Bundan əlavə İqtisadiyyatın dirçəldilməsi, kiçik sahibkarlığın təşviq edilməsi üçün böyük yardımlar edib. Təhsil sahəsinə də həmçinin. Bu haqda USAİD-in veb səhifəsində kifayət qədər məlumat var. Ayrılan dəstəyin əhəmiyyətli hissəsi dövlət proqramlarının maliyyələşdirilməsinə yönəlib.
Sual: Vaxtilə 2013-2014-cü illərdə- sizin də həbsinizdən əvvəl medialarda belə silsilə yazılar gedirdi. Bu yazılar sanki bir basqı anonsu rolunu oynayırdı. Amma o dövr bitdi. Həmin insanlar azadlığa çıxdılar, Avropa Məhkəməsinin qərarları ilə kompensasiya və bəraət aldılar. Hakimiyyət niyə eyni ritorikadan əl çəkmir?
Cavab: O dövrdə də təxminən eyni proses idi. Necə deyərlər, „həmin dalğa, həmin koordinat“. Əslində dövr bitmədi, sadəcə formasını dəyişdi. Bəraət və kompensasiyalar da hamı üçün şamil edilmədi. Sadəcə o zaman neftin dəyərdən düşməsi və Azərbaycanın valyuta ehtiyatının sürətli əriməsi höküməti geri addım atmağa vadar etdi. Güclənən kimi, prosesi qaldığı yerdən davam etdirməyə başladılar. Qanunları sərtləşdirdilər. Fəaliyyəti məhdudlaşdırdılar. Təqiblər artdı, indi də həbslərə keçiblər.
Sual: Belə fikirlər vardı ki, Qarabağ problemi həll olunduqdan sonra hakimyyət islahatlara gedəcək. Demokratikləşmə yolu tutacaq. İndi baş verənlər deyilən fikirlərə uyğundurmu?
Cavab: Bu sadəcə gümanlar idi. İnsanları buna görə qınamağı doğru hesab etmirəm. Bizim xalqımız sülh, barışdan yana olduğu üçün hətta keçmişdəki incikləri də unudub gələcəyə nikbin baxmağa maraqlı idilər. Bu səbəbdən də çoxunda bu gözlənti var idi ki, ən böyük problemimiz olan Qarabağ nəhayət ki, həll olunduqdan sonra ölkədə vəziyyət yaxşılaşmalıdır. Artıq dərin islahatlar aparıb ölkəni sürətli şəkildə inkişaf etdirmək lazımdır ki, kənar təsirlər edib ölkəni öz maraqlarına tabe etməsinlər. O cümlədən Qarabağda müasir infrastrurktur qurulmalı, ölkədə də sosial ədalət bərpa edilməlidir. Təbəqələşmə aradan qaldırılmalıdır. Ancaq təəssüf ki, hakimiyyət yenə də əvvəlki siyasətini davam etdirir.
Sual: Sizin tövsiyyələriniz nədən ibarətdir?
Cavab: Hazırki durumda tövsiyyə ediləsi bir şey qalmayıb. Hakimiyyət proqress yox, reqress yolu tutub. Təqiblərin, həbslərin davam etməsi ölkəni qaranlığa doğru aparır.