Bu sözləri noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Abbas Hüseynov deyib.
Meydan
TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən
prosesdə "Müsəlman Birliyi " Hərəkatının həbsdə olan sədri Taleh
Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və ötən il noyabrın
26-da Nardaranda baş vermiş hadisələrdə təqsirləndirilən şəxslər
mühakimə olunurlar.
Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca verilsəydi...
İclasda
çıxış edən Abbas Hüseynov deyib ki, məhkəmə ədalətsiz şəkildə
keçirilir: "Bizə istintaq zamanı şərəf və ləyaqəti alçaldan işgəncələr
verilib. Deputat Zahid Oruc kimilər isə bununla bağlı özlərinə sərf edən
şəkildə danışırlar. Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca
verilsəydi, İlham Əliyevin üzünə durardı. Onun kimliyi hər kəsə
məlumdur. Ramil Usuobov bizim dostlarımıza əziyyət edib ifadə almaq
əvəzinə Zahid Oruc kimilərdən istifadə edə bilərdi. O, gəlib rahat üzə
dura bilər. Bizə işgəncə verənlərin kimliyi məlumdur. Təqsirləndirilən
şəxslərin ailə üzvləri təhdid olunub, şahidlərə təzyiq göstərilib. Xahiş
edirəm, həmin şəxslərin barələrində tədbir görülsün".
Vəkil
Yalçın İmanov isə deyib ki, Kərim Əlimərdanov dəhşətli bir əməliyyat
keçirib: "Bu adam özünü nə hesab edir? Doğurdanmı onun barəsində tədbir
görmək bu qədər çətindir? Şahidlərə təzyiq edilməsi məhkəməyə birbaşa
müdaxilədir".
F.
Qəhrəmanlı isə deyib ki, şahidlərə polis idarəsində işgəncə vermək artıq
vaxt aparır: "Təklif edirəm onlar məhkəməyə gətirilsinlər və burada
işgəncə verib əleyhimizə ifadə alsınlar. Məhkəmə də sürətli şəkildə
keçsin".
Qorxumdan gördüklərimi danışmıram
Təqsirləndirilən
İbrahim Xudaverdiyev bildirib ki, ona edilən işgəncələr barəsində
danışandan sonra hazırda həbsdə olan oğlunu incidiblər:"Ona görə
qorxumdan gördüklərimi danışmıram. Mənə desəniz ki, Əbülfəz Bünyatovun
evində namaz qılmağa görə sənə 20 il cəza veririk, qəbul edəcəm, əgər
desəniz ki, səndə qumbara olub və 2 il veririk, bunu qəbul etməyəcəm.
Çünki məndə qumbara olmayıb".
Daha
sonra vəkil Yalçın İmanov deyib ki, Taleh Bağırzadənin müraciət kitabı
adlanan kitabça iş materiallarında yoxdur: "Onlar Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. İstəyirik onunla tanış
olaq".
Hakim bununla bağlı həmin orqana müraciət ediləcəyini deyib.
Vəkil
Nemət Kərimli isə deyib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirlyinin
birgə məlumatında polislər qəhrəman, qarşı tərəf isə cinayətkar kimi
göstərilib. O, bununla təqsirsizlik prezumpsiyasının pozulduğunu deyib
və həmin məlumatın iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə
vəsatəti təmin edib.
Şahid ifadəsindən imtina etdi
Daha
sonra şahid qismində Balababa Allahnəzərov ifadə verib. O, F.
Qəhrəmanlının "Facebook"dakı paylaşımına şərh yazdığı üçün istintaq
zamanı dindirilib. Bildirib ki, istintaq zamanı təzyiqə məruz qaldığı
üçün yazılan ifadəni imzalamağa məcbur olub. O, istintaqa verdiyi
ifadədən imtina edib: "Bu, "Yuxu" filminə oxşayır. Bir statusa şərh
yazmağa görə istintaqa çağrılmışam. Hər kəs bilir ki, ölkədə problemlər
var. Bununla bağlı yazılan satusa şərh yazmaq cinayət deyil".
Vəkil: Sizin şərhiniz daha radikal olub
Daha
sonra şahid Elxan Məmmədov ifadə verib . Bildirib ki, F. Qəhrəmanlının
"Facebook"dakı paylaşımına şərh yazıb: "Mən şərh yazsam da, Fuad
Qəhrəmanlının fikirlərini dəstəkləmirəm. O, adamları mitinqə dəvət
edirdi".
Vəkil Yalçın
İmanov isə ondan bəyənmədiyi adamın statusuna niyə "like" işarəsi qoyub,
şərh yazdığını soruşub: "Sizin şərhiniz daha radikal olub".
Şahid isə sosial şəbəkəni ciddi hesab etmədiyi üçün şərh yazdığını deyib:
"Mən
istintaqa çağrılandan sonra anladım ki, səhv etmişəm. Burun girməyən
yerə baş soxmaq olmaz. Bundan sonra çalışıram heç kimə şərh yazmayım.
Bildim ki, dediyin sözün arxasında durmaq lazımdır".
Daha sonra onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaq zamanı verdiyi ifadələrin bəzi hissələrindən imtina edib.
İclasda
şahid qismində Zahid Mehdiyev də ifadə verib. Z. Mehdiyev deyib ki,
Balakən sakinidir və məhkəməyə çağrıldığı üçün rayondan gəlib: "Mən Fuad
Qəhrəmanlını ancaq mediadan və sosial şəbəkədən tanımışam. Onun bir
statusunu tam dərk etmədən şərh yazmışam və buna görə peşmanam".
Məhkəmədə
məlum olub ki, Z.Mehdiyev yazdığı şərhdə Avropanı ikiüzlü siyasət
aparmaqda qınayıb. O, Fuad Qəhrəmanlının fikirlərini dəstəkləmədiyini,
istintaq zamanı ona hər hansı təzyiq olunmadığını, xaos, iğtişaş, mitinq
təbliğ edən bütün fikirlərə qarşı olduğunu deyib.
Vəkil
Yalçın İmanov isə deyib ki, hər kəs fikrini sərbəst şəkildə ifadə etmək
hüququna malikdir. Vəkilin "Siz Avropanı ittiham etmisiniz. Burada
peşman olmalı nə var axı? Qərb ölkələri sizə təzyiq edib ki, peşman
olmusunuz" sualına şahid cavab olaraq "Yazmamalı idim. Tam dərk etmədən
yazdım" cavabını verib. Bundan əlavə şahid bildirib ki, hazırda heç
kimin siyasi statusuna şərh yazmır: "Ancaq idman və əyləncə xarakterli
statuslara şərh yazıram".
Fuad
Qəhrəmanlı isə şahidə bildirib ki, mitinqlə iğtişaş başqa-başqa
anlayışlardır. Şahid hər ikisinə qarşı olduğunu deyib: "Ölkədəki
sabitliyi qorumaq lazımdır".
Fuad
Qəhrəmanlı isə ona "Heç Oxford Universitetində yarım saata fikir
dəyişmək olmur. Necə oldu "Bandotdel"də ifadə verəndən sonra fikriniz
dəyişdi" sualını verib. Şahid ona heç bir təzyiq olmadğını deyib.
Fakt təsdiqini tapmayıb
Taleh
Bağırzadə isə bildirib ki, ölkədə təkcə müxalifət yox, iqtidar da
mitinq keçirir: "Bunun da başında İlham Əliyev dayanır. İndi siz İlham
Əliyevi iğtişaşçı hesab edirsiniz?"
Şahid isə ona "mənə dolandırıcı suallar verməyin" cavabını verib.
Daha
sonra hakim bildirib ki, şahidlər – Samir Babayev və Valeh Abbasovun
polis idarəsində təzyiqə məruz qalmaları faktının araşdırlması ilə bağlı
Bakı şəhər Prokurorluğuna etdikləri müraciətə cavab gəlib. Həmin
məktubda faktın təsdiqini tapmadığı qeyd edilib.
Abbas
Hüseynov isə bildirib ki, hazırda Azərbaycanda olan erməni hüquq
müdafiəçiləri və jurnalistləri Azərbaycanda bir sıra şəxslərlə dostluq
və sıx əməkdaşlıq etdiklərini deyiblər: "Onlar düz deyirlər.
Azərbaycanda hakimiyyətdə olan və ermənilərlə qohumluq əlaqələri olan
Artur Rasizadə, Ramiz Mehdiyev, Zakir Qaralov var. Gömrükdən hər il
erməni məhsulları ilə yanaşı tonlarla narkotik də keçirlir və bunu Aydın
Əliyev yox, Kəmaləddin Heydərov edir".
Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.
T.
Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin
120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam
öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4,
29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə
etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə
ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının
əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi
əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
AXCP
sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib.
O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü
( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və
220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe
olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq
etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.