Müvəqqəti kəbin həvəsbazlıq üçün deyil, zərurətə görədir.
Posted on : Video 10/16/2017 1:00:29 PM
Ayətullah əl-uzma Məkarim Şirazinin “Əl-Əzhər” universitetinin Şeyxinə açıq məktubu
Tashaio.com-Xəbərlərdə qeyd edilir ki, Əl-Əzhərin möhtərəm Şeyxi həmişəkindən
fərqli olaraq – hansı ki, məzhəbləri yaxınlaşdırmaq bəhsləri edirdi – Misir
mediyasında bəzi yanlışlıqları özündə birləşdirən sərt və xoşagəlməz sözlər
danışaraq müvəqqəti kəbinlə əlaqədar şiələrə kəskin hücumlar etmişdir.
Aşağıdakı mətn Şeyxin sözlərinə cavabdır:
Böyük mərcə təqlidi Ayətullah Məkarim Şirazinin Əl-Əzhər
universitetinin Şeyxi Əhməd ət-Təyyibin müvəqqəti izdivac xüsusunda Əhli-beyt (ə)
məktəbinə kəskin həmləsinə cavabı
Bağışlayan və mehriban Allahın adı ilə
Dəyərli alim, Əl-Əzhərin Şeyxi Dr. Əhməd ət-Təyyib
qardaşa
Salamun ələykum və rahmətullahi və bərakətuh.
Ümidvaram ki, sağ-salamatsınız. Müqəddəs vacibləri yerinə
yetirməkdə, eləcə də İslam dini və ümmətinə xidmət etməkdə Allah dayağınız
olsun; Allah eşidən və duaları qəbul edəndir!
Biz həmişə sizin İslam ümmətinin müxtəlif təbəqələri
arasında qardaşlıq bağlarının gücləndirilməsi uğrundakı qurucu səylərinizi
daima təqdir etmişik; ona görə ki, göstərdiyiniz bu səylər İslam ümmətinin
strukturunda yaranan çatları aradan qaldırmağa xidmət edir və bu addımlarınız
İslama qarşı pis niyyəti olanlara macal vermir!
Tarix, məğlubiyyətə uğramış vəhhabi məzhəbinin Əl-Əzhərə
yiyələnmək və ondan öz nəhs hədəflərini həyata keçirmək məqsədilə yararlanmaq
istiqamətindəki səyləri qarşısında müdrik və cəsur mövqeyinizi unutmayacaq.
Sizin bu mövqeyiniz parlaq sənəd kimi Əl-Əzhərin şərəfli
tarixində baqi qalacaq.
Dəyərli qardaşım! Müvəqqəti kəbinlə bağlı çıxışınız
televiziya xəbər proqramlarında yayımlanıb. Birbaşa vurğulayıram ki, deyilən bu
sözlər məni təəccübləndirməklə yanaşı, narahatlıq və narazılığıma səbəb oldu.
Ona görə ki, indiyədək siz alicənabda belə dil və danışıq ədəbiyyatına rast gəlməmişəm.
Sözləriniz olduqca kəskin və hiddətləndirici idi. Halbuki siz bugünədək ədalətsevər,
insaflı və yüksək məntiqli biri olmusunuz!
Misir televiziyasında müvəqqəti izdivac mövzusunda
çıxışınız Əhli-beyt (ə) məktəbinə sərt və ağır hücum kimi hesab olunur. Dahası
sözügedən çıxışınızda mövzu ilə bağlı fitva vermək istəyən bütün Əhli-sünnə
müftilərinə də həmlə etmiş oldunuz, çünki bu qəbildən olan fitvaları xəyanət
saymısınız və bu, birmənalı olaraq İslam fiqhi tarixində misli görülməyən qəribə
yanaşmadır! Məlum olduğu kimi – İbn Abbas onun (müvəqqəti izdivac) icazəli
olduğuna dair fitva verirdi. Ona xəyanət damğası vurmağınız düzgündürmü? Bu
sözlərdən töhmət vurmaq və həqiqəti danmaq qoxusu gəlmirmi?!
Mövzu ilə əlaqədar nəzərinizi aşağıdakı məqamlara yönəltməyi
lazım bilirəm:
1. Müvəqqəti kəbin həvəsbaz və şəhvətbazların sui-istifadə
aləti deyil! Elə buna görə də bizə ünvanlanan sualların cavabında yalnız zərurət
qarşıya gəldiyi təqdirdə müvəqqəti kəbinin icazəli olmasına fitva vermişik. Məsələn,
ailəsindən kənarda olan bir şəxsin bu hökmdən dəstək almasa, günaha düşəcəyi
qorxusu varsa, yaxud subay bir gəncin cinsi tələbatı olmasına rəğmən daimi
izdivaca imkanı yoxdursa... Bu əsasla müvəqqəti kəbinə “zərurət izdivac”ı desək,
yanılmarıq. Əhli-beytdən (ə) nəql olunan hədislər bu məsələni təsdiqləyir.
2. Aşağıda İbn Abbasın nəzərləri ilə bağlı Əhli-sünnənin
parlaq simalarından şahidlər gətiririk. Bu şahidlər önəmli işarələri ehtiva
edir, hansı ki əksər fəqihlərin müvəqqəti izdivac haqdakı şablon təsvirləri
sındıra bilər:
Osman ibn Əli Hənəfi “Təbyinul-həqaiq” kitabında “و بطل نکاح المتعه” (Müvəqqəti izdivac batil elan edilib) cümləsinin
şərhində açıq-aşkar yazır: Malik ibn Ənəs deyir: Müvəqqəti kəbin icazəlidir,
çünki şəriət hökmüdür, deməli ona nasix tapılmayınca bir hökm kimi qalmalıdır.
İbn Abbasın halallığına fitva verməsi məşhurdur və bir çox Yəmən və Məkkə səhabələri
bu məsələdə ona itaət ediblər. Bu zəmində Quranın bu ayəsinə istinad edilib: “فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ” (“Mütə etdiyiniz (bəhrələndiyiniz) qadınların mehriyyəsini ödəməyiniz
vacibdir”). Əta, Cabirdən nəql edir ki, biz Peyğəmbər (s) və Əbu Bəkrin
zamanında, eləcə də Ömərin xilafəti dövrünün yarısında müvəqqəti kəbini yerinə
yetirirdik. Sonra Əbu Səid Xudrinin sözünə görə Ömər ümməti bu işdən çəkindirdi,
amma şiələr hələ də hökmü dəstəkləyir” (1).
İbn Rüşd “Bidayətul-muctəhid” kitabında yazır:
“Bütün ölkələrin əksər səhabə və fəqihləri bu hökmü
haram bilib. İbn Abbasın bu xüsusda halallıq hökmü hər kəsə məlumdur. Məkkə və
Yəmən səhabələri də bu hökmdə ona tabe olmuş və nəql edirlər ki, İbn Abbas öz
sözlərində bu ayəyə “فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ
أُجُورَهُنَّ فَرِیضَةً وَلَا جُنَاحَ عَلَیْکُمْ” və bu ifadəyə “إلی أجل مسمی” (müəyyən vaxta qədər) istinad edirdi. İbn
Abbasdan belə dediyi nəql edilir: Müvəqqəti kəbin Allahın rəhmət və mərhəmətindən
başqa bir şey deyil. Belə ki, bu hökmlə Məhəmməd (s) ümmətinə rəhm etmişdir. Əgər
Ömər insanları bu hökmdən daşındırmasaydı, bədbəxtdən başqa heç kim zina etməyə
məcbur olmazdı” (2).
Sələbi “Əl-Kəşfu vəl-bəyan” kitabında yazır:
“... Dedim: İmran ibn əl-Həsin, Abdullah ibn Abbas və bəzi
şagirdləri və eləcə də Əhli-beytdən bir dəstədən başqa heç kim müvəqqəti kəbini
icazəli bilmir”.
Ardınca müvəqqəti kəbin haqda yazır:
“Bu ayənin möhkəm və ya mənsux olması haqqında fikir
ayrılığı var. İbn Abbas dedi: Bu ayə möhkəmdir və müvəqqəti kəbinin caiz (icazəli)
olması fitvasını verdi”. (3)
Zərqani “Əl-Muvətta” kitabına şərhində yazır:
“Sözünün ardınca (rafizilərdən başqa hamı müxalifdir)
deyir ki, Cabir, İbn Məsud, Əbu Səid, Müaviyə, Əsma bint Əbu Bəkr, İbn Abbas,
Əmr ibn Huvəyris, Sələmə kimi səhabələr və bir qrup tabeindən olanlar müvəqqəti
kəbinin hökmünü icazəli biliblər. İbn Abbasın nəzərini dəyişib bu işi haram
bilib-bilməməsi xüsusunda fikir ayrılığı vardı. İbn Əbdul-Birr dedi: Onun məkkəli
və yəmənli şagirdləri bu məsələni halal bilirlər”. (4)
İbn Həzm “Əl-Muhəlla” kitabında yazır:
“Allahın Rəsulundan (s) sonra bəzi sələflərin (Allah
onlardan razı olsun) bu hökmü halal saydığı isbatını tapıb. Bəziləri hətta səhabə
olan həmin şəxslər Əsma bint Əbu Bəkr Siddiq, Cabir ibn Abdullah, İbn Məsud,
İbn Abbas, Müaviyə ibn Əbu Süfyan, Əmr ibn Hureys, Əbu Səid Xudri, Sələmə, Mubəd
ibna Uməyyə ibn Xələf və başqalarından ibarətdir” (5).
İbn Teymiyyə “Məcməul-fətava” kitabında gətirir: “Daimi kəbinlə
müqayisədə müvəqqəti kəbin üç cəhətdən yaxşıdır... İkinci dəlil budur ki, İbn
Abbas və bir qrup sələf bu işi icazəli bilmişlər” (6).
Sərəxsi “Əl-Məbsut” kitabında yazır:
“Müvəqqəti kəbin məsələsi... Biz bu məsələni batil
bilirik, amma Malik ibn Ənəs, İbn Abbasın (Allah ondan razı olsun) rəyinə əsasən
onu caiz bilir” (7).
Bütün bu şahid və məzmunlar İbn Abbasın, bəzi səhabə və
tabeinlərin, eləcə də Əhli-sünnə fəqihlərinin nəzərlərini ortaya qoyur.
Qeyd edilənlərə nəzər saldıqdan sonra müvəqqəti izdivacın
caizliyinə hökm verənlərə həmin çirkin və xoşagəlməz sifətlər yapışdırmağımız
doğrudurmu?!!!
3. Çıxışınızda deyirsiniz: “... Bu, müvəqqəti izdivac məsələsidir
və Əhli-sünnə alimlərinin icmasına – yekdil rəyinə əsasən, həmin niyyətlə
oxunan kəbin (əqd) batildir...”.
Siz yuxarıdakı ifadənizdə “icma” iddiası etmisiniz,
halbuki bu metod və kontekslə, habelə yuxarıdakı dəlilləri təqdim etdikdən
sonra icma iddiası şəxsi nəzərlərin izharından və xətadan başqa bir şey deyil.
Alimlərinizdən biri də buna işarə edərək demişdir:
“Əhli-sünnə alimlərinin bu məsələni haram bilməsi
“şibhi-icma”dır, yəni icma halına bənzəyir. İcma kimidir – deyirik, çünki İbn
Abbasın bu hökmü icazəli bildiyi nəql edilir. Həmçinin bir çox şagirdləri Əta,
Tavus və İbn Cureyh də caizliyinə fitva veriblər...”
Əbu Bəkrin özü də bu məsələdə (sizin rəyinizdən) fərqli nəzərə
sahibdir. O demişdir: Müvəqqəti kəbin haram yox, məkruhdur; İbn Mənsur, Əhməddən
məsələ barəsində soruşdu və o da cavabında dedi: Mənə görə ondan çəkinmək daha
yaxşıdır və dedi: Bu sözün zahiri müvəqqəti kəbinin haramlığına deyil, məkruhluğuna
dəlalət edir...” (8).
İddia edilən icmanın durumu bax budur! Fiqhin
metodologiyası və konteksi bu cür deyilməsini tələb edir: Əhli-sünnə alimləri
yanında (yekdil nəzər yox) məşhur nəzər bu məsələnin haram olmasıdır!
Sonra etiraf edirsiniz: (On iki imam şiəsi əhli-sünnəyə
zidd gedib və müvəqqəti izdivacı mübah sayıb. Belə ki, əllərində olan hədislər
və Quranın bəzi ayələrindən şəxsi çıxarışları əsasında bu etiqada əməl ediblər,
əhli-sünnə alimləri isə onları inkar və təkzib ediblər. Bu xüsusda Dr. Əli Həsbullah
onlara (şiələrə) cavab verir: “Hərgah əqidənizə bəraət qazandırmaq istəsəniz,
Qurana istinad etməyin, çünki Quranda bu izdivacı mübah sayacaq bir kəlmə belə
yoxdur...”).
Burada diqqət çəkən məqam müvəqqəti kəbinin batil
olmasında əhli-sünnənin yekdil rəyi və icmasına təkid etməyinizdir. Və bunu
özünüzə arqument seçmisiniz, halbuki bir məqamı gözdən qaçırırsınız. Bütün
Əhli-beyt (ə) müvəqqəti kəbinin icazəli olmasına fitva veriblər, fəqihləri də
birmənalı olaraq bu məsələni caiz bilib. Bu əsasla, ikinci icmanı nəzərə
almadan birinci icmanı meyar qərar vermək doğrudurmu? Hərçənd, Ən-Nil kanalına
müsahibənizdə etiraf etmisiniz ki, mərhum Şeyx Mahmud Şəltutun nəzərinə uyğun
olaraq şiə məzhəbi beşinci məzhəb ünvanında tanınır və digər məzhəblərdən bu məzhəbə
yönəlmənin bir iradı yoxdur, bu yönəlmə maliki məzhəbindən şafei məzhəbinə yönəlmək
kimi doğrudur!
İkinci icmanı gözardına vurmaq və inkar etmənin səbəbi nədir?!
Daha da pisi sizin bu sözünüzdür: “Əhli-sünnə alimləri
onların (şiə) sözlərini inkar və təkzib ediblər” və ardınca Dr. Əli Həsbullahın
fikirlərini səsləndirirsiniz!
Bu söz, çox qəribə sözdür! Quru iddiadan başqa bir şey
deyil! Müsəlman alimləri nə vaxtdan bir iddianı müzakirələrində dəlil kimi qəbul
ediblər? Bu çıxış heç bir arqumenti və istinadı olmayan sözlərdir. Nəticə
etibarı ilə nə bir faydası var, nə də bir dərdə məlhəm qoyur!
Deyilənlərdən əlavə, Ömər ibn Xəttabdan məşhur bir söz
var ki, deyir: “... Peyğəmbərin (s) zamanında mövcud olan iki mütəni mən
qadağan etdim və hər kim onları icra etsə cəzalandıraram; biri qadınların mütəsi
və digəri həcc mütəsi...” (9).
Biz burada Abdullah ibn Ömərin həcc mütəsi barədə sözünü
“Sünəni-Tirmizi” də gəldiyi kimi nəql edirik:
“... İbn Şəhab, Salim ibn Abdullah və o da şamlı bir şəxdən
nəql edir ki, dedi: Şamlı bir şəxsin Abdullah ibn Ömərdən həcc mütəsi haqqında
soruşduğunu eşitdim. Abdullah cavabında dedi: Halaldır.
Şamlı kişi: Atan onu qadağan etmişdi.
Abdullah cavabında: Əgər atam onu haram edibsə, Allahın
Peyğəmbəri (s) isə bu hökmün qərarını veribsə, səncə mən atamın əmrinə tabe
olmalıyam, yoxsa Allahın Rəsulunun?
Şamlı şəxs: Allahın Rəsulunun (s).
Abdullah dedi: Bu hökmün qərarını Allahın Rəsulu
vermişdir”.
Əl-Əlbani bu hədisin mənbəyini səhih bilir.
Biz də qadınlar mütəsində Allah Rəsulunun (s) əmrinə tabe
olur və Ömərin göstərişini – oğlu Abdullah kimi – bir kənara qoyuruq!
Qeyd etməliyəm ki, Abdullah ibn Ömərin atasının göstərişi
qarşısında mövqeyində aşkar dəlil yatıb, çünki təkidlə bildirir ki, iki mütənin
qadağan olunması qərarı Ömərin şəxsi qərarına söykənir və bu məsələdə Peyğəmbərin
(s) nəzərinin göstəricisi deyil. Necə ki, Ömər özü - Fəxri Razi və onun kimilərin
bu xüsusdakı iddialarının əksinə olaraq - daha öncə bu mətləbə təkid edir.
Sonda Fəxr Razi və həmtaylarının Ömərin bu işinə bəraət qazandırmaq cəhdi nəticəsiz
qalmışdır! (10).
Məlum olduğu kimi Abdullah ibn Ömər bu etirafı ilə məsələyə
aydınlıq gətirmişdir; son dərəcə əhəmiyyətli mövzunu şəffaflaşdırmışdır. Onlar
isə iki mütəni haram saymaq məsələsində ayənin nəsxini bəhanə gətiriblər.
Əslində isə onlar şəxsi əsas tutaraq, İslam sünnəsini ikinci dərəcəli və haşiyə
qəbul ediblər. Hətta bu mirasdan xəlifə Ömərin şəxsiyyətini müdafiə etmək üçün
istifadə etmişlər.
Nəzərə çarpan budur ki, sözügedən metod çox təhlükəli bir
yanaşma olaraq bu dəstənin ədəbiyyatında əbədilik yer tutmuşdur!
4. Şiə əhkamındakı müvəqqəti kəbin barəsində təqdim
etdiyiniz təsvir qüsurlu, təhrifedilmiş və uyğunsuzdur. Belə ki, fərdlərin nəzərlərin
nəql edilməsində tələb olunan elmi əmanətə riayətin vacibliyinə müvafiq deyil!
İcazə verin, şəffaf danışım, siz bu xüsusda siyasətçilərin mövqeyindən çıxış
etmisiniz!
Halbuki Vaşinqtonda dinlərin dialoqu konfransında Əl-Əzhərin
rəhbərliyini öhdənizə götürərkən vədə verdiniz ki: “Bizimlə şiələr arasındakı
ixtilaf sünni maliki kimi mənimlə sünni hənəfi arasındakı ixtilaf mislidir... və
biz buna təkid edir və bağlılığımızı dilə gətiririk. Bu məsələlərin siyasi
oyunlara çevrilməsinə qarşı çıxırıq”. Belə isə sözünüzdən niyə boyun
qaçırırsınız?
Vəziyyətin öz təbii məcrasına dönəcəyinə, alimlərin məqbul
saydığı dildə danışacağımıza və ümmətin
mühüm, köklü məsələlərində adekvat dialoq prinsiplərinə uyacağımıza ümidvarıq!
Siz müvəqqəti kəbin haqqında demisiniz:
“Müvəqqəti izdivac sadəcə cinsi ehtiyacı təmin etmək məqsədilə
kişi və qadın arasında müvəqqəti görüşdən ibarətdir...”.
Müvəqqəti kəbinin hədəfi təkcə cinsi istəyi təmin etmək
deyil, həm də şəfqət ehtiyacını ödəməkdir, bəlkə də onun əhəmiyyəti şəhvət atəşini
söndürməkdən az deyil! Yuxarıda qeyd etdik ki, bu izdivac zəruri şərait
üçündür; cinsi istəyin ciddi və kəskin təzyiqi altında olanlara aiddir – belə
ki, bu işdən çəkinsələr hətta dəli olmaq ehtimalları var! Deməli, müvəqqəti kəbindən
məqsəd milyonlarla qadın və kişinin cinsi problemini həll etməkdirsə, həmin hədəfin
şəri olmasına kifayət edir!
5. Çıxışınızda deyilir: “... Hansı azad qadın bu xarlığı
qəbul edər? Bu iş bədənini pula satmaqdan başqa bir şeydirmi? Fahişəlikdən fərqi
nədir?!...”.
Çox təəssüf edirəm. İslamın əvvəlində Peyğəmbər (s) müvəqqəti
kəbin hökmünü sadir etdiyi zaman bu, azad qadın üçün xarlıq hesab olunur, bədənini
satmaq kimi dəyərləndirilir və azad qadın fahişə deyilirdimi?! Bu məsələ
hal-hazırda da belə deyil. Deməli, müvəqqəti izdivac kəbin tərəflərinin
qarşılıqlı ehtiyacı üzündəndir və onlara icazə verir ki, məhz iradə çərçivəsində
kəbin oxuyub hər biri digərindən müəyyən müddətə bəhrələnə bilsinlər. Daimi kəbində
də şərait eynidir! Mənə toxunan Allah hökmünün bu cür dəyərləndirilməsinin çox
və sonsuz olmasıdır, bu hökmün mənsux olduğunu fərz etsək belə!
Müvəqqəti izdivac bəzi şərtləri müstəsna edilən daimi kəbindir.
Bu məsələ qəribə iş sayıla bilməz. Əhli-sünnənin bəzi fəqihləri “misyar” kəbinini
(səfərdə izdivac) şəri bilirlər. Həmin izdivacda qadının nəfəqəsini vermək, məskənlə
təmin etmək istisna edilib. Əhli-sünnə fəqihləri tam ixtiyarla bu zəmində fitva
veriblər və heç kim bu fitvaya görə onları xəyanətkar adlandırmır! Müvəqqəti kəbinlə
“misyar” kəbini arasında nə fərq var?
Çıxışınızda izdivacdakı aramlıq, məhəbbət və
mehribançılıqdan bəhs edirsiniz. Bu hallar izdivacın hikmətinə aiddir. İzdivac
hökmü onları əhatə etmir. Ona görə ki, daimi kəbində bu halların olmaması kəbinin
batil olmasına gətirib çıxarmır. Bundan əlavə, bəzən bütün bu hallar müvəqqəti
kəbində gerçəkləşə bilir, çünki müvəqqəti kəbin bir gün, iki gün üçün deyil. Bəzən
kəbin bir neçə ay, bir neçə il üçün cari olunur. Bu əsasla, müvəqqəti kəbində də
aramlıq, məhəbbət və mehribanlıq vardır. Deməli, sözügedən hallar müvəqqəti kəbinin
şəri olmasını təkzib etmək üçün yetərli deyil.
6. Çıxışınızda bunları da qeyd etmisiniz:
Əl-Əzhərin etiqadı budur: “Müvəqqəti kəbin haram və fahişəlik
mislidir”.
Əl-Əzhərin rəsmi tanıdığı beş məzhəbdən birinin fitvasını
fahişəliyə sürükləyən fitva kimi vəsf etməsi doğrudurmu?!
“Səhihi-Muslim” də gəlib ki, Allahın Rəsulu üç dəfə Am
Əvtas adlı şəxsə müvəqqəti izdivac icazəsi vermişdir...” (11).
Görəsən, Peyğəmbər (s) - Allaha pənah aparıram – fahişəlik
icazəsi sadir etmişdirmi?!
Cabir ibn Abdullah “Səhihi-Muslim”də də gələn bir hədisdə
deyir: “Biz Peyğəmbər, Əbu Bəkr və Ömərin zamanında mütə (müvəqqəti) izdivaca əməl
edirdik” (12).
Həmçinin, “Səhihi-Muslim”də ondan (Cabir) nəql edilir:
“Biz Peyğəmbər və Əbu Bəkrin zamanında mütə izdivacı
hökmünü yerinə yetirirdik, sonunda Ömər “Əmr ibn Hureys” hadisəsində insanları
bu hökmün icrasından çəkindirdi...” (13).
Görəsən, Cabir ibn Abdullah və digər səhabələr günaha
mürtəkib olublar?!
Maraqlıdır ki, bütün bu şişirtmələrdən və müvəqqəti
izdivacı haram bilmələrdən sonra əhli-sünnə fəqihləri deyirlər:
“Bu məsələnin batil olmasına rəğmən, ona aid hökmlər
bunlardır:
a) Müvəqqəti kəbində qadına təlaq vermək yoxdur, eləcə də
“zihar”, “ila” və “lian” da yoxdur. Bu kəbində tərəflər bir-birindən irs
aparmır və heç biri üçün “ihsan” hökmu sabit olunmur. Həmçinin qadınına üç dəfə
təlaq verən kişi həmin qadınla müvəqqəti kəbin bağlaya bilməz.
b) Müvəqqəti kəbində kişi cinsi yaxınlıq etmədiyi müddətcə
mehriyyə, mütə və nəfəqə kimi hüquqları öhdələnmir. Cinsi yaxınlıq olduğu təqdirdə
isə “mehrul-misl” haqqı cari olur. Şafei məzhəbində, Əhməd ibn Hənbələ aid sözdə
və maliki məzhəbinin nəqlində “müsəmma mehri”ndən söz açılmasının səbəbi budur
ki, mehriyyə dəyərinin təyinində zaman qeydi təsirlidir. Əbu Hənifəyə görə
qadınla cinsi yaxınlıq edilərsə, müsəmma mehri olduğu təqdirdə, müsəmma mehri
ilə mehrul-misl arasından az olanı götürülür. Müsəmma mehri olmadığı halda,
miqdarından asılı olmayaraq, mehrul-misl ona aid edilir. Hənbəli və maliki məzhəbinə
görə isə cinsi yaxınlıqdan sonra müsəmma mehri ona sabit olur və bu nəzər Əlxəmi
Malikinindir.
c) Müvəqqəti kəbin dövründə qadın uşaq dünyaya gətirərsə,
həmin övlad yaxınlıq edən kişinin sayılır, istər o şəxs bu kəbini düz bilsin,
istərsə də yox. Çünki o kəbinə bənzər şəraitdədir və qadınla yatağa girib. Nəsəbi
təyin etmək üçün mötəbər zaman müddəti cinsi yaxınlıq vaxtından hesablanır. Hənəfilərin
fitvası da bu əsas üzərindədir.
d) Müvəqqəti kəbində də cinsi yaxınlıqdan sonra - daimi kəbində
olduğu kimi - qadın və kişi, valideyn və övlad arasında məhrəmlik yaranır.
e) Kişi və qadın olmasından asılı olmayaraq müvəqqəti kəbini
yerinə yetirən şəxsə şəri hədd vurulmur, çünki şübhənin olması həddi aradan
qaldırır (الحدود تُدرأ بالشبهات). Burada mövcud olan şübhə bu növ
izdivacın ixtilaflı məsələ olmasıdır. Hər kim bu işin haramlığını bildiyi halda
ona mürtəkib olarsa, günaha düşdüyü üçün tənbeh edilməlidir, amma hədd və kəffarəsi
sabit deyil (14).
Sonda bir daha bu mövzunu təkrar edir və təkidlə bildirirəm
ki, müvəqqəti kəbin cinsi dəliliyi dindirmək və avara meyillərin təminindən
ötrü deyil, əksinə Əhli-beyt (ə) məktəbinə əsasən bəşər ictimaiyyiətində mövcud
problemlərin həlli üçün Allahın göstərişidir. Bu həll yolu Peyğəmbərin (s)
Əhli-beytinin (ə) hədislərində gəlmişdir. Bu məsələ çıxılmaz hallarda keçərlidir,
günah və pozğunluğa bulaşıq təxəyyülat üçün deyil.
Növbəti mətləb budur ki, siz qız və oğlanlarınızdan istəmisiniz
ki, müvəqqəti kəbinin mübah olmasına fitva verənlərin kim olduğunu
araşdırsınlar:
“Soruşun, müvəqqəti kəbinin mübah olması hökmünü kim
sadir edib? Ondan soruşun bu hökmü öz qızına rəva bilirsənmi? Qəbul etməsə, ona
deyin: Müsəlman qızları barəsində də ilahi təqvaya riayət edin...”.
Birincisi: Allahın Rəsulu bu hökmün əsasını qoyduğu üçün
bu sual və bu məzəmmətə daha layiqdir!
İkincisi: Qeyd etdiyimiz kimi müvəqqəti kəbin hökmü zəruri
hallar üçün nəzərdə tutulub. O demək deyil ki, hər kim bu xüsusda fitva verirsə,
həmin məsələyə mübtəladır. Çünki elə mövqedə deyil ki, belə suallarla mühakimə
edək! Əlbəttə, əgər bu sualların məqsədi problem yaratmaq və fitva verəni çətinliyə
salmaq deyilsə!
Əlavə olaraq, mövcud fiqhi məsələlərin araşdırılmasında təhrikedici
metoddan istifadənin münasib və səmərəli olduğunu güman etmirəm!
Bu üzdən yaxşı olar ki, bu qəbildən olan ciddi və mühüm məsələlər
elmi-tədqiqati mərkəzlərdə, elmi-məntiqi müzakirələr yolu ilə, hər növ məzhəb təəssübkeşliyindən
uzaq şəkildə araşdırılsın. Bundan sonra hökmün doğru və yanlışlığına dair qənaət
əldə edilsin. Nəinki, təhrikedici və hiddətləndirici sözlər qalibində
mediyalarda ortaya atılsın və nəticədə İslam və müsəlmanların heç bir xeyrini
görməyə gözü olmayanların sui-istifadəsinə gətirib çıxarsın!
Ümidvarıq ki, hamılıqla – İslam ümmətinin düşdüyü bu ağır
şəraitdə - məzhəb fitnəsini qızışdıran və nifrət yayan tribunaların
susdurulmasında səy göstərəcəyik. Sizdən yaxşı və adınız kimi (Təyyib) pak xəbərlər
eşidəcəyik, hansı ki ittifaq və birliyə xidmət edir, ixtilaf və qarşıdurmanı kənara
qoyur, Allahı, Peyğəmbərini (s) və müsəlmanları sevindirir. Necə ki, daha öncələr
dilinizdən belə sözlər eşitmişik. Allahdan siz alicənaba xeyirli aqibət, uzun
ömür və sağlamlıq diləyirəm!
Allahın pənahında olun!
Vəssalamu ələykum və rahmətullah!
Qardaşınız Nasir Məkarim Şirazi
20 şəvval 1438 h.q. / 15 iyul 2017
İstifadə olunmuş ədəbiyyat:
(1) “Təbyinul-həqaiq
fi şərhi Kənzud-dəqaiq”, 2/115.
(2) “Bidayətul-muctəhid
və nəhayətul-muqtəsid”, 2/47.
(3) “Əl-Kəşfu vəl-bəyan”,
3/286 – 287.
(4) “Şərhul-Zərqani
ələl-Muvəttə”, 3/199.
(5) “Əl-Muhəlla”,
9/519-520.
(6) “Məcmuul-fətava”
– İbn Teymiyyə, 32/93.
(7) “Əl-Məbsut”,
5/152.
(8) “Zəvacul-mütə vəz-zəvacul-müvəqqət vəz-zəvacu
bunyətut-təlaq” tədqiqatı, mənbə: “قسم الأبحاث الشرعیة
بدار الإفتاء المصریة”.
http://www.dar-alifta.org/viewbayan...d=296&langld=1
(9) “Sunənu-Beyhəqi”,
7/206.
(10) Müraciət
edin: “Ət-Təfsirul-kəbir, 10/50 (“Darul-kutubil-ilmiyyə, Tehran, “فما استمتعتم...” ayəsinin şərhində).
(11) “Səhihi-Muslim”,
2/1033, hədis 18 (“Darul ihyait-turasil-ərəbi).
(12) Eyni mənbə,
hədis 15.
(13) Eyni mənbə,
hədis 16.
(14) “Zəvacul-mütə
vəz-zəvacul-müvəqqət vəz-zəvacu bunyətut-təlaq” tədqiqatı, mənbə: “قسم الأبحاث الشرعیة بدار الإفتاء المصریة”.