Eldar
Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə
alınacağı gözlənilirdi. 1 ay sonra E.Mahmudovun tutduğu postdan
uzaqlaşdırılmasının 2 ili yekunlaşacaq, o isə azadlıqdadır. Ara-sıra
sorağı gəlir. Rəsmilər ləğv olunmuş Milli Təhlükəsizlik
Nazirliyində(MTN) başlanan ildırım sürətli yoxlama və həbslərdən sonra
verdikləri açıqlamalarda sabiq nazirin də həbsinin gerçəkləşəcəyinə
işarələr vururdular. Artıq rəsmilər bu mövzudan danışmır, Eldar
Mahmudovun adını belə çəkmirlər.
“MTN
işi” üzrə Bakı Hərbi Məhkəməsində 20-yə yaxın sabiq MTN-çi mühakimə
olunur. Tutulanların demək olar ki, hər biri vaxtilə Eldar Mahmudovun
yaxın ətrafına daxil olan, onun komandasının üzvləri olaraq MTN-də
yüksək postlar tutmuş, onun təqdimatı ilə general rütbəsinə qədər
yüksəlmiş şəxslərdir. Eldar Mahmudov isə onların arasında deyil. Baş
prokuror Zakir Qaralov 2016-cı il oktyabrın 1-də Eldar Mahmudovun həbs
edilməməsinin səbəbi ilə bağlı suala cavab verərkən demişdi ki, Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır
Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam edir.
Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.
Sitat:
“Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə
göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin
həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə
vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin
baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür.
kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.
Bu
gün məhkəmədə mühakimə olunan arasında Eldar Mahmudov yoxdur. Ara-sıra
zərəçəkənlər onun məhkəməyə heç olmasa şahid qismində çağırılmasını
tələb etsələr də, ali savadlı hakimlər bu tələbləri də cavabsız
buraxmağa üstünlük verirlər.
Bu
gün Eldar Mahmudovdan savayı onun müavinləri Əli Şəfiyevlə Hilal
Əsədovun da statusları bəlli deyil. MTN-dəki məlum əməliyyatlardan sonra
Hilal Əsədovun saxlanılması haqda xəbərlər dolaşsa da, sonradan bu
məlumatlar təsdiqini tapmadı. Əli Şəfiyevin barəsində isə bir növ
məlumat kasadlığı var. Bilinən odur ki, MTN ləğv olunandan sonra
bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətini davam
etdirib.
Ə.Şəfiyev
E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub.
Ə.Şəfiyev Eldar Mahmudovun əmisi qızının həyat yoldaşıdır. Eldar
Mahmudovun nazirliyi dövründə polkovnik-leytenantdan general leytenant
rütbəsinə qalxıb, müavin təyin olunub. Mahmudov onun yaxasından 1 orden,
2 medal asıb.
Sabiq
nazirin əmisi oğlu, 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilən
“Azərtürkbank” ASC-nin “Bakı” filialının sabiq müdiri İlham Mahmudovu da
1 həftə əvvəl məhkəmə zalında azad etdilər. Vəzifə səlahiyyətlərindən
sui-istifadə etməkdə təqsirli bilinən İlham Mahmudov 2015-ci il martın
3-dən etibarən tutduğu vəzifədə işləyərkən saxtakarlıq etməkdə təqsirli
bilinirdi. Ittihama görə İlham Mahmudov vəzifəsindən sui-istifadə edərək
qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları
açıb. Həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manat
köçürüb. Həmçinin qardaşı İlqar Mahmudovun adına 10 min dollar, onun
həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min
avro depozit hesablarına qoyulub. 2015-ci ilin iyulun 16-da həyat
yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil
olunmasını təşkil edən İlham Mahmudov etibarnamələr əsasında həmin
hesablar üzrə əməliyyatları idarə etməkdə də təqsirləndirilirdi.
İlham
Mahmudov bundan başqa 2015-ci ilin 4 noyabrında qardaşı Vüqar
Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi “Kapitalbank”
ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi
filiala dəvət edib. İttihama görə o, N.Məmmədovun etibarından istifadə
etməklə ona hər hansı məlumat vermədən adına bank hesabı açıb. Hesabı
açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan qardaşı Vüqarın həyat
yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min dolları
qanunsuz olaraq çıxarıb. İttiham bir kənara qaldı, hakim sabiq nazirin
əmisi oğlunu məhkəmə zalından açıb buraxdı. ğ
MTN-in
ləğvindən sonra baş verənləri də nəzərdən keçirəndə belə fikir yaranır
ki, sanki, Eldar Mahmudov bu gün də vəzifədədir və əlində hər kəsə,
hakimlərdən tutmuş onun barəsində tədbir görməli şəxslərə qədər təsir
imkanlarını saxlayır.