mey
dan tvistinadən xıbərə Yüz siyasi məhbus var idi, oldu yüz bir, nə
dəyişdi ki? Özü də Azərbaycanda siyasi motivli həbslər milli
hakimiyyətin sevimli idman növüdür. Mehman bəy sadəcə o biri siyasi
məhbuslara nisbətən daha mötədil və təmkinli birisidir. Bu iki
xalqımızda nadir və müsbət xüsusiyyət, hadisələrin göstərdiyi kimi, heç
kəsə təhlükəsizlik zəmanəti verə bilməz.
Mən araşdırmaçı Qərb
jurnalistlərinin bizim ağıllı və müdrik rəhbərlərimizin işlətdiyi
“Pulyuyan maşın”la bağlı yazdıqları hesabatın doğurduğu qalmaqalı
nəzərdə tuturam.
Qalmaqal deyəndə ki, arif adam üçün burada
heç bir mənfi məna yoxdur. Ərəbşünas kimi qulluğunuza ərz edim ki,
qalmaqal sözü ərəb mənşəlidir, “qalə mə qalə”, yəni “dediyini dedi”
istilahından götürülüb.
Dedi də, nə olar, onlar dedi, bizimkilər də dedi və deyəcək!
Qaldı
mətləbə, ayıb olsun Qərb jurnalistlərinə! Haram olsun onlara yedikləri
çörək, aldıqları maaş! Nə vaxta qədər onlar külli-əhli-Azərbaycanın
çoxdan bildiyi mətləbləri öz dərin araşdırmalarının nəticəsi kimi
bixəbər Qərb əhlinə sırıyacaqlar? Axı Azərbaycanda kim bilmir ki,
Qərbdən çapa-çapa gəlib Azərbaycan hakimiyyətinin analoqu olmayan
nailiyyətlərini tərifləyən diplomat, deputat, politoloq və dövlət
xadimləri bizimkilərdən aldıqları halal maaşı, xələti və ənamı yumaqla
məşğuldurlar? Hamı bilir.
Bilməyən tək-tük adam yəqin ki, Zamin Hacının tənəli-kinayəli yazılarını oxumayıb. Oxusaydı, o da bilərdi.
Hətta
bizimkilər bilməsə də, “ANB”, ABŞ-ın elektron kəşfiyyat idarəsi,
bunların hamısını bilir. Axı bu idarə Yer kürəsini elə bir elektron tora
bələyib ki, dünyada onun xəbəri olmayan bir telefon danışığı, bir pul
köçürməsi belə həyata keçə bilməz.
Təsəvvürünüzə gətirin ki,
Bakıda çoxmərtəbəli ev tikilir, fəhlə Tofiq mobil telefonla 16-cı
mərtəbədə işləyən həmkarından soruşur: “Qılman, ay öküz, niyə demirsən
neçə daş yükləyim?” Bəli, ANB bunu həmin anda qeydə alır, mükəmməl
kompüter təhlilindən keçirir və “spam” kimi atır zibil yeşiyinə. Lakin
Tofiq mobil rabitə ilə soruşsa ki, “Möhtərəm Qılman bəy, sizin sifariş
etdiyiniz əmanətdə neçə daş nəzərdə tuturdunuz?”, onda kompüter bu
məlumatı dərhal daha dərin və mükəmməl təhlil üçün ötürəcəkdi güclü
mütəxəssis qrupuna və onlar dərin düşüncələrə dalacaqdı. Zira onlar
“daş” sözünün dinamit və ya qeksogenin sinonimi olmamasına zəmanət
verməlidirlər.
Bir bankdan başqa banka köçürülən və miqdarı 3
min dolları keçən istənilən əməliyyat ANB-də təhlil qrupuna göndərilir.
Dünyanın bütün bankları ABŞ-dan qorxur və onun istənilən sorğusuna
dərhal cavab verirlər. Odur ki, ABŞ rəhbərliyi çox gözəl bilir, üçüncü
dünya ölkələrinin rəhbərləri öz məzlum və cahil xalqlarından nə qədər
çırpışdırıb hara dürtüşdürüblər.
Bilir, lakin demir. Niyə də
desin? Əvvəla, çırpışdırılan pulların dürtüşdürüldüyü yer adətən Qərbin
maliyyə sistemidir. Bu pullar Qərb banklarına oturandan sonra
başlayırlar Qərbin xeyrinə işləməyə. ABŞ dəlidir öz xeyrindən imtina
etsin? Dəli deyil, ona görə bilir, lakin demir.
İkincisi, bu
pullar orada yatanda əməli olaraq onların sahibi Qərb olur, bədə-bəd
ayaqda onları “çirki pul” adlandırıb müsadirə etmək da, dondurmaq da
olur. Necə ki, Liviyanın 230 milyard dollarını müsadirə etdilər, İranın
100 milyard dollarını 30 il “dondurub” fırlatdılar.
Sözümün
canı bu deyil. Bu, birinci maliyyə qalmaqalı deyil, sonuncu da
olmayacaq. Nizami Gəncəvinin bayquşu demişkən, “nə qədər ki, bu padşah
təxtdə əyləşib, sənə cehiz kimi neçə xərabə desən, verərəm”. Məni
yandıran dostumuz və qardaşımız Corc Sorosun adının nahaq yerə
çəkilməsidir.
A kişilər, nə tez yadınızdan çıxdı? 1990-ların
sonu, 2000-lərin əvvəli, Corc müəllim Bakıya gələndə və Ulu Öndər və
onun ingilisdilli oğlu ilə pünhan görüşlər keçirəndə, niyə ağlınıza
gəlmirdi ki, Soros maliyyə fırıldağçısıdır?
Niyə demirdiniz ki, Soros ermənilərə işləyir?
Bilirəm
niyə demirdiniz. Desəydiniz, Ulu Öndər sizə elə bir qulaqburması
verərdi ki, qulağınız şişib Ordubad küftəsi boyda olardı.
Elə bizim ingilisdilli prezidentimiz hər il Davos sammitinə gedəndə, kiminlə mütləq görüşür? Kiminlə? Bizim bu Corc müəllimlə!
Nədən
danışırlar? Təbii ki, maliyyə məsələlərindən. İndi mister Sorosa qara
yaxmaq istəyənlərdən mən soruşuram ki, İlham müəllim kiminlə görüşdüyünü
bilmir? Yoxsa sizdən icazə almalıdır?
Bəli, maliyyə məsələlərinin iki mükəmməl bilicisi pünhan görüşüb cox incə və həssas mətləbləri müzakirə edirlər.
Və bu mətləblər arasında, sizi inandırım ki, erməni məsələsi yoxdur və ola da bilməz. Sırf maliyyə məsələləri!
Keçək
cənab Sorosun inqilabçılığına, daha doğrusu, rəngbərəng inqilabların
təşkilindəki xidmətlərinə. Açıq demək lazımdır ki, Corc Sorosu onun
inqilabçılığı barədə deyilən və yazılan əfsanələr çox xoşbəxt edir.
Təsəvvürünüzə
gətirin ki, hamı boks üzrə sıravi SSRİ idman ustasını göstərib deyir
ki, “Bu cüllüt Mayk Taysonu döymüşdü”. Cüllüt nə edər? Hamıya qışqırar
ki, “Mən ömrümdə Mayk Taysonun üzünü görməmişəm”? Yoxsa susaraq vüqarla
hamını süzər?
Corc Soros məhz ikinci tərzi - hərəkətə üstünlük verir, zira bu əfsanə onun şənini və şöhrətini artırır.
Əslində
isə məsələ nə yerdədir? Bunu elə-belə, ağlıma gələndən demirəm, bunları
altı il Azərbaycandakı “Açıq Cəmiyyət (Corc Soros) Fondu”nun İdarə
Heyətinin üzvü, o cümlədən, dörd il onun sədri olmuş, üç dəfə onunla
görüşmək nəsibini yaşamış adam kimi söyləyirəm.
Corc Soros heç
yerdə və heç zaman inqilab təşkil etmir. Hər yerdə və hər zaman
inqilabı cəmiyyətin və zəmanənın tələblərini nəzərə almayan tamahkar və
kütbeyin dövlət başçıları təşkil edirlər! Soros yox! Zeyna-l-Abidin bin
Ali! Soros yox! Mühamməd Husni Mubarək! Soros yox! Muammar əl-Ğəzzafi!
Soros yox! Ali Abdallah Salih! Soros yox! Bəşar əl-Əsəd! Soros yox!
Eduard Şevardnadze! Soros yox! Viktor Yanukoviç!
Bundan sonra
da yenə cox yerdə xalq və ya xalqın fəal azlığı ayağa qalxıb inqilab
etsə və eşitsəz ki, hansısa ağıldan kəm və ya yalançı hiyləgər inqilabın
günahını yıxır Corc Sorosun üstünə, inanmayın!
Coros
fondlarının fəaliyyəti tam şəffafdır, maliyyələşdirdiyi bütün
layihələrin mətni və büdcəsi İnternetdə yazılıb, bir qəpik belə bank
hesabından keçmədən ödənilmir, dövlətin bütün maliyyə qaydalarına sərt
riayət edilir və qanunlara tam hörmət edilir.
Qanunlara oğru
və cahil məmurlar riayət etmirlər, onların tamahı və cəhaləti ucbatından
qəzəblənmiş insanlar cana gəlib küçələrə çıxırlar və oğruların və
müstəbidlərin rədd olmasını tələb edirlər!
Soros xalqa mövcud
qanunlar çərçivəsində şəffaf və ədalətli seçkilərin keçirilməsi
qaydalarını öyrədən qeyri-hökumət təşkilatlarına pul ayırır. Bu, xalqın
malını basıb yeyən və saxta seçki vasitəsilə hakimiyyətinin ömrünü
uzadan vicdansız və əliəyri məmurlar üçün ölümdən betər bir təhlükədir.
Məhz buna görə onlar Sorosu qorxulu bir təhlükə sayırlar.
Unudurlar ki, Sorosdan xeyli əvvəl bizim Mirzə Ələkbər Sabir demişdi:
Ah! Necə kef çəkməli əyyam idi!
Onda ki, övladi-vətən xam idi!
Soros çalışır ki, Sabirin acı şikayətinə son qoyulsun və övladi-vətən öz xamlığına son qoyub bu bədbəxt ölkəyə sahib çıxsın.
Bunun nəyi pisdir?!