header

 ''Nardaran işi'': Təqsirləndirilən şəxslərin ailə üzvləri təhdid olunur

"Hakimin mikrafonundan səs gur, bizimkimdən zəif çıxır. Ədalətsizlik bundan bilinir. İstəyirəm səsim elə gur olsun ki, Prezident Aparatı, Milli Məclisdə eşidilsin".

Bu sözləri noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı Abbas Hüseynov deyib.
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə "Müsəlman Birliyi " Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və ötən il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdə təqsirləndirilən şəxslər mühakimə olunurlar.
Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca verilsəydi...
İclasda çıxış edən Abbas Hüseynov deyib ki, məhkəmə ədalətsiz şəkildə keçirilir: "Bizə istintaq zamanı şərəf və ləyaqəti alçaldan işgəncələr verilib. Deputat Zahid Oruc kimilər isə bununla bağlı özlərinə sərf edən şəkildə danışırlar. Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca verilsəydi, İlham Əliyevin üzünə durardı. Onun kimliyi hər kəsə məlumdur. Ramil Usuobov bizim dostlarımıza əziyyət edib ifadə almaq əvəzinə Zahid Oruc kimilərdən istifadə edə bilərdi. O, gəlib rahat üzə dura bilər. Bizə işgəncə verənlərin kimliyi məlumdur. Təqsirləndirilən şəxslərin ailə üzvləri təhdid olunub, şahidlərə təzyiq göstərilib. Xahiş edirəm, həmin şəxslərin barələrində tədbir görülsün".
Vəkil Yalçın İmanov isə deyib ki, Kərim Əlimərdanov dəhşətli bir əməliyyat keçirib: "Bu adam özünü nə hesab edir? Doğurdanmı onun barəsində tədbir görmək bu qədər çətindir? Şahidlərə təzyiq edilməsi məhkəməyə birbaşa müdaxilədir".
F. Qəhrəmanlı isə deyib ki, şahidlərə polis idarəsində işgəncə vermək artıq vaxt aparır: "Təklif edirəm onlar məhkəməyə gətirilsinlər və burada işgəncə verib əleyhimizə ifadə alsınlar. Məhkəmə də sürətli şəkildə keçsin".
Qorxumdan gördüklərimi danışmıram
Təqsirləndirilən İbrahim Xudaverdiyev bildirib ki, ona edilən işgəncələr barəsində danışandan sonra hazırda həbsdə olan oğlunu incidiblər:"Ona görə qorxumdan gördüklərimi danışmıram. Mənə desəniz ki, Əbülfəz Bünyatovun evində namaz qılmağa görə sənə 20 il cəza veririk, qəbul edəcəm, əgər desəniz ki, səndə qumbara olub və 2 il veririk, bunu qəbul etməyəcəm. Çünki məndə qumbara olmayıb".
Daha sonra vəkil Yalçın İmanov deyib ki, Taleh Bağırzadənin müraciət kitabı adlanan kitabça iş materiallarında yoxdur: "Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. İstəyirik onunla tanış olaq".
Hakim bununla bağlı həmin orqana müraciət ediləcəyini deyib.
Vəkil Nemət Kərimli isə deyib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirlyinin birgə məlumatında polislər qəhrəman, qarşı tərəf isə cinayətkar kimi göstərilib. O, bununla təqsirsizlik prezumpsiyasının pozulduğunu deyib və həmin məlumatın iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
Şahid ifadəsindən imtina etdi
Daha sonra şahid qismində Balababa Allahnəzərov ifadə verib. O, F. Qəhrəmanlının "Facebook"dakı paylaşımına şərh yazdığı üçün istintaq zamanı dindirilib. Bildirib ki, istintaq zamanı təzyiqə məruz qaldığı üçün yazılan ifadəni imzalamağa məcbur olub. O, istintaqa verdiyi ifadədən imtina edib: "Bu, "Yuxu" filminə oxşayır. Bir statusa şərh yazmağa görə istintaqa çağrılmışam. Hər kəs bilir ki, ölkədə problemlər var. Bununla bağlı yazılan satusa şərh yazmaq cinayət deyil".
Vəkil: Sizin şərhiniz daha radikal olub
Daha sonra şahid Elxan Məmmədov ifadə verib . Bildirib ki, F. Qəhrəmanlının "Facebook"dakı paylaşımına şərh yazıb: "Mən şərh yazsam da, Fuad Qəhrəmanlının fikirlərini dəstəkləmirəm. O, adamları mitinqə dəvət edirdi".
Vəkil Yalçın İmanov isə ondan bəyənmədiyi adamın statusuna niyə "like" işarəsi qoyub, şərh yazdığını soruşub: "Sizin şərhiniz daha radikal olub".
Şahid isə sosial şəbəkəni ciddi hesab etmədiyi üçün şərh yazdığını deyib:
"Mən istintaqa çağrılandan sonra anladım ki, səhv etmişəm. Burun girməyən yerə baş soxmaq olmaz. Bundan sonra çalışıram heç kimə şərh yazmayım. Bildim ki, dediyin sözün arxasında durmaq lazımdır".
Daha sonra onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaq zamanı verdiyi ifadələrin bəzi hissələrindən imtina edib.
İclasda şahid qismində Zahid Mehdiyev də ifadə verib. Z. Mehdiyev deyib ki, Balakən sakinidir və məhkəməyə çağrıldığı üçün rayondan gəlib: "Mən Fuad Qəhrəmanlını ancaq mediadan və sosial şəbəkədən tanımışam. Onun bir statusunu tam dərk etmədən şərh yazmışam və buna görə peşmanam".
Məhkəmədə məlum olub ki, Z.Mehdiyev yazdığı şərhdə Avropanı ikiüzlü siyasət aparmaqda qınayıb. O, Fuad Qəhrəmanlının fikirlərini dəstəkləmədiyini, istintaq zamanı ona hər hansı təzyiq olunmadığını, xaos, iğtişaş, mitinq təbliğ edən bütün fikirlərə qarşı olduğunu deyib.
Vəkil Yalçın İmanov isə deyib ki, hər kəs fikrini sərbəst şəkildə ifadə etmək hüququna malikdir. Vəkilin "Siz Avropanı ittiham etmisiniz. Burada peşman olmalı nə var axı? Qərb ölkələri sizə təzyiq edib ki, peşman olmusunuz" sualına şahid cavab olaraq "Yazmamalı idim. Tam dərk etmədən yazdım" cavabını verib. Bundan əlavə şahid bildirib ki, hazırda heç kimin siyasi statusuna şərh yazmır: "Ancaq idman və əyləncə xarakterli statuslara şərh yazıram".
Fuad Qəhrəmanlı isə şahidə bildirib ki, mitinqlə iğtişaş başqa-başqa anlayışlardır. Şahid hər ikisinə qarşı olduğunu deyib: "Ölkədəki sabitliyi qorumaq lazımdır".
Fuad Qəhrəmanlı isə ona "Heç Oxford Universitetində yarım saata fikir dəyişmək olmur. Necə oldu "Bandotdel"də ifadə verəndən sonra fikriniz dəyişdi" sualını verib. Şahid ona heç bir təzyiq olmadğını deyib.
Fakt təsdiqini tapmayıb
Taleh Bağırzadə isə bildirib ki, ölkədə təkcə müxalifət yox, iqtidar da mitinq keçirir: "Bunun da başında İlham Əliyev dayanır. İndi siz İlham Əliyevi iğtişaşçı hesab edirsiniz?"
Şahid isə ona "mənə dolandırıcı suallar verməyin" cavabını verib.
Daha sonra hakim bildirib ki, şahidlər – Samir Babayev və Valeh Abbasovun polis idarəsində təzyiqə məruz qalmaları faktının araşdırlması ilə bağlı Bakı şəhər Prokurorluğuna etdikləri müraciətə cavab gəlib. Həmin məktubda faktın təsdiqini tapmadığı qeyd edilib.
Abbas Hüseynov isə bildirib ki, hazırda Azərbaycanda olan erməni hüquq müdafiəçiləri və jurnalistləri Azərbaycanda bir sıra şəxslərlə dostluq və sıx əməkdaşlıq etdiklərini deyiblər: "Onlar düz deyirlər. Azərbaycanda hakimiyyətdə olan və ermənilərlə qohumluq əlaqələri olan Artur Rasizadə, Ramiz Mehdiyev, Zakir Qaralov var. Gömrükdən hər il erməni məhsulları ilə yanaşı tonlarla narkotik də keçirlir və bunu Aydın Əliyev yox, Kəmaləddin Heydərov edir".
Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.
T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

"Hakimin mikrafonundan səs gur, bizimkimdən zəif çıxır. Ədalətsizlik bundan bilinir. İstəyirəm səsim elə gur olsun ki, Prezident Aparatı, Milli Məclisdə eşidilsin".
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:33 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap