İMAM ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMİŞDİMİ?
Posted on : Digər sahələr 10/16/2017 1:00:33 PM
İMAM ƏLİ (Ə) “QƏDİR-XUM” HƏDİSİNƏ İSTİNAD ETMİŞDİMİ?
Bəziləri bəhanə
axtarıb deyirlər ki, əgər əzəmətlə yad edilən “Qədir-Xum” hədisi həqiqətdirsə,
bəs, nə üçün Əli (ə), onun Əhli-beyti və dostları zəruri hallarda ona istinad
etmirdilər? Onların Əlinin (ə) xilafətini sübut etmək üçün bu mühüm sənədə əsaslanmaları
daha yaxşı olmazdımı?
Bu irad da digər
iradlar kimi təfsir, tarix və hədis kitablarından kifayət qədər xəbərsizliyin
ucbatından irəli gəlmişdir. Çünki əhli-sünnə alimlərinin bir çox kitablarında nəql
olunmuşdur ki, imam Əli (ə) özü, Əhli-beyt imamları, eləcə də onların dostları
“Qədir-Xum” hədisinə istinad etmişlər.
Xətib Xarəzmi Hənəfi
“Mənaqib” kitabında Amir ibn Vasilədən nəql edir ki, (Ömərdən sonra xəlifə təyin
etmək üçün altı nəfərdən ibarət olan) “Şura” günü həzrət Əli (ə) ilə birlikdə
idim. O, şura üzvlərinə belə deyirdi: “Sizə tutarlı bir dəlil göstərirəm ki, ərəb
və əcəm onu dəyişməyə qadir deyildir... Sizə Allahı and verirəm! Sizin aranızda
elə bir kəs varmı ki, Peyğəmbər (s) onun barəsində belə buyurmuş olsun: “Mən hər
kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onun dostunu Sən də dost
bil, onu sevəni Sən də sev!Hazır olanlar bunu qaib olanlara çatdırsınlar.”
Hamı dedi:
“Xeyr!” (“Mənaqib”, səh.217.)
Bu rəvayəti Həməvini
“Fəraidus-səmteyn” kitabının 58-ci bölümündə, İbn Hatəm “Durrun-nəzim”
kitabında və İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində, eləcə də İbn Həcər
“Əs-səvaiq” kitabında Daru-Qutnidən nəql etmişlər. (“Əl-qədir”, 1-ci cild, səh.161.)
“Əl-qədir”
kitabında imam Əlinin (ə) müxtəlif yerlərdə, o cümlədən, Osmanın və öz xilafəti
dövründə, Cəməl müharbəsində və yenidən Kufədə “Siffeyn” müharibəsi günü “Qədir-Xum”
hədisinə əsaslanmasına və onların mənbələrilə birgə bu məsələyə geniş yer
verilmişdir. Bundan əlavə, həzrət Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə), imam
Hüseyn (ə), bir qrup səhabə və qeyri-səhabələrin də on altı yerdə bu hədisə
istinad etmələrini nəql etmişdir ki, bu da müəllifin geniş məlumata malik və bu
hədisin müxtəlif zamanlarda diqqət mərkəzində olduğunu göstərir. Hərçənd, hər
dövrün xüsusi siyasətinə uyğun mümkün qədər bunu əhəmiyyətsiz göstərməyə
çalışmışlar. (Əlavə məlumat üçün: “Əl-qədir”, 1-ci cild, səh.159-213.)(Maide.az)