QƏBİR ƏZABINDAN QORXURSUNUZSA, MÜTLƏQ OXUYUN!
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
QƏBİR ƏZABINDAN QORXURSUNUZSA, MÜTLƏQ OXUYUN!
Hər bir kəs həyatında
heç olmazsa, bir dəfə də olsun, ölümü, qəbir evində Nəkir və Münkərin
sorğu-sualı, qiyamət hesab-kitabı, qəbir əzabı və sıxıntısı haqda düşünüb...!
Amma görən, qəbir əzabı və sıxıntısından qurtuluş yolu haqda düşünübsünüzmü? Əgər
ölümdən və qəbir sıxıntısından qorxu hissiniz vardırsa, mütləq oxuyun...
İnsan öldükdən
sonra ruhu bədənindən ayrılır və bədəninin üzərində dayanır. Meyyitə qüsl
verilib qəbiristanlığa aparılarkən, onun ruhu hazır olur, qüsl verənləri, dəfn
mərasimində iştirak edənləri görür, səslərini eşidir. Elə buna görə də, tövsiyə
olunur ki, dəfn mərasimində artıq danışıqlardan çəkinilsin, yalnız Quran tilavət
olunsun... “Qaf” surəsinin 22-ci ayəsində buyurulur:
لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ
فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
“(Ona
belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günü görəcəyindən)
qafil idin. Artıq, bu gün gözündən pərdəni götürdük. Sən bu gün (ölümdən
sonrakı hadisələri) aydın görürsən!”
Bu dünyada xəstəlik
yatağında ağrı-acının şiddətindən əziyyət çəkən insan öldükdən sonra xəstəlik və
ağrısı qaldırılacaq. Amma meyyit qəbrə qoyularkən, onu vəhşət bürüyəcək, qəfildən
müxtəlif yırtıcıların ona doğru hücum çəkdiyini müşahidə etdiyi halda, dəfn mərasimində
iştirak edənlər yalnız tamaşaçı rolunu ifa edəcəklər. Bu vəziyyətdə ölmüş insan
özü işə başlayacaq, çalışacaq ki, yırtıcıları öz ətrafından kənarlaşdırsın.
Bütün bu hadisələrdən sonra “ləhəd”in üstü bağlanacaq, qəbir torpaqlanacaq və hər
kəs, hətta yaxınlar belə, geri dönüb onu tək-tənha qoyacaqlar. Birdən qəbrin
divarları lərzəyə gələcək, Nəkir və Münkər adlı iki mələk qəbrə daxil olub,
sorğu-sual verməyə başlayacaq. Hər kəs bu dünyada sahib olduğu etiqadları əsasında
sualları cavablandıracaq. İnsandan soruşulacaq ilk sual belə olacaq: “Rəbbin
kimdir?” Əgər insanın yeganə Allaha imanı olubsa, “Mənim Rəbbim yeganə
Allahdır!” – deyə cavab verəcək. Soruşacaqlar: “Peğəmbərin kimdir?” Əgər müsəlmandırsa,
cavab verəcək: “Mənim peyğəmbərim Allahın son peyğəmbəri olan həzrət Muhəmməddir
(s).” Bu cavabdan sonra Nəkirlə Münkərin surəti açılacaq, qəbir sahibinin
qorxusu aradan qalxacaq, sonra isə “kitab”, “qiblə” və “imamlar”dan
soruşulacaq... Daha sonra növbə əməllərə yetəcək. Bu zaman biri xoşqiyafəli,
digəri isə bədqiyafəli iki nəfər şəxs qəbir sahibinə doğru addımlayıb, biri
sağ, digəri isə sol tərəfdə duracaq, onun dilini, qulağını, qəlbini, xəyal qüvvəsini
iyləyəcək, bütün əməllərini araşdıracaq və qeydə alacaq. Əməllər qeydə
alındıqdan sonra qəbir sahibinin boynundan asılacaq. Bu zaman qəbir sahibi qəbir
sıxıntısına məruz qalacaq. Bir sözlə, insan qəbrə qoyulduqdan sonra, əsasən, üç
mərhələdə şiddətlə qorxuya düşəcək: Nəkir və Münkərin sorğusu, əməllərin qeydə
alınması və qəbir sıxıntısı zamanı.
Bəli, qəbir əzabı
və sıxıntısı qəbir evində baş verəcək ən təhlükəli hadisələrdən biridir. Lakin
onun həddi, ağır-yüngüllüyü insanın əməllərinə nəzərən fərqlənəcək.
MÖMİNLƏR DƏ
QƏBİR SIXINTISINA MƏRUZ QALACAQMI?
Rəvayətlərdən
belə anlaşılır ki, çox az dəstə qəbir əzabı və sıxıntısından amanda qala biləcək
və azacıq günah sahibi olan bir mömin şəxs, təbii ki, qəbir sıxıntısına məruz
qalacaq və bu, onun günahının kəffarəsi və cəriməsi olacaq! Səd ibn Məaz İslam
Peyğəmbərinin (s) ən yaxın səhabələrindən biri idi. Vəfat etdikdən sonra, o həzrət
onun dəfn mərasimində iştirak etdi, onu öz mübarək əlləri ilə qəbrə qoydu. Nəql
olunur ki, onun dəfn mərasimində Cəbrail-Əmin başda olmaqla yetmiş min mələk
iştirak etdi. Amma Səd qəbir əzabına məruz qaldı. Peyğəmbər (s) bunun səbəbini
Sədin öz əhli-əyalına qarşı bəd əxlaqı ilə əlaqələndirdi. (“Əl-əmali”, Şeyx Səduq,
səh.385.)
İmam Əlidən (ə)
belə nəql olunur:
عَذَابُ الْقَبْرِ يَكُونُ مِنَ النَّمِيمَةِ وَ الْبَوْلِ وَ عَزَبِ
الرَّجُلِ عَنْ أَهْلِهِ
“Qəbir əzabının
səbəbi xəbərçilik (sözgəzdirmə), sidiyi saxlamaq (və yaxud təmizliyə riayət etməmək,
ayaqüstə sidiyə çıxmaq) və kişinin səbəbsiz yerə əhli-əyalını tək etməsidir!” (“İləlüş-şəraye”, 1-ci cild, səh.309.)
Bəzi rəvayətlərdə
də göstərilir ki, bəzi əməllər insanı qəbir əzabından qoruyacaq. O cümlədən: 1.
Bəzi mübarək günlərdə – cümə günü və yaxud cümə axşamı, Aşura günü, “Ərbəin”
günü və “Məbəs” günü dünyasını dəyişən iman əhli qəbir sıxıntısından amanda
qalacaq; 2. Hər cümə axşamı “Nisa” surəsini oxumaq; 3. Dörd dəfə həccə getmək;
4. Qurani-Kərimi çox oxumaq; 5. Çoxlu salavat demək; 6. Yoxsullara yardım etmək,
sədəqə vermək, xalqa xidmət etmək və xeyirxah işlərlə məşğul olmaq insanı qəbir
əzabından xilas edəcəkdir.
Bir sözlə, qəbir
əzabı və ölümdən qorxu hissi insanın əməllərindən asılıdır, belə ki, onun pis əməlləri
artdıqca, ölümdən qorxusu və axirət əzabı da şiddətlənəcək. Əgər qəbir əzabı və
sıxıntısından qorxursunuzsa, dilinizi qoruyun, gözəl əxlaqa sahib olun, təmizliyə
riayət edin, xeyirxah işlərlə məşğul olun, ilahi nemətləri zay etməyin,
onlardan layiqincə bəhrələnin, şükrünü də yerinə yetirin. /Maide.az