Dünən Şeyx Sərdarın məhkəməsi keçirilib - VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:27 PM
Dünən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin Masallıda məhkəməsi keçirilib.
Maide.Az xəbər
verir ki, məhkəmə keçirilən binanın önünə Azərbaycanın tanınmış ruhaniləri,
ictimai şəxsləri və ölkəmizdə akkreditə olmuş diplomatik korpusların nümayəndələri
toplaşıb. Məhkəmə zalının tutumunun kiçik olması əsas gətirilərək insanlar məhkəməyə
buraxılmayıb.
Məhkəmə
başlayan zaman ilk olaraq Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillər
onun zalda əlləri qandallı olmasına etirazlarını bildirib. Qanunvericiliyə görə
məhkum əli qandallı məhkəmə zalına gətirilə bilər, lakin zalda onun əlləri
açılmalıdır. Bu etirazdan sonra hakim qandalların açılması barədə göstəriş
verib.
Vəkillər ötən məhkəmə
zamanı baxılmamış qalan vəsatətləri yenidən qaldırıb. Belə ki, Şeyx Sərdarın vəkillərin
yanında əyləşməsi və məhkəmə prosesinin video və audio qeydə alınmasının təmin
edilməsi yenidən tələb edilib. Lakin hakim məhkəmənin açıq keçirildiyini bildirərək
vəsatətləri təmin etməyib.
Vəkillər yeni vəsatətlə
çıxış edərək Şeyx Sərdarın həbs edilməsi barədə şikayət edən Masallı rayon İcra
Hakimiyyətinin başçısı Rafil Hüseynovun məhkəməyə gələrək şahid qismində çıxış
etməsini tələb edib. Lakin dövlət ittihamçısı bu vəsatətə də etiraz edib.
Növbəti vəsatət
Şeyx Sərdarın həbs qəti-imkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz
olunması oldu. Lakin dövlət ittihamçısı etiraz edərək bu vəsatətin təmin
olunacağı təqdirdə Şeyx Sərdarın şahidlərə təzyiq edə biləcəyi, həmçinin məhkəmədən
yayınacağını əsas gətirdi. Müdafiə tərəfi isə deyilənlərin əsassız olduğunu
bildirdi. Eyni zamanda qeyd etdi ki, artıq bütün şahidlər ifadə verib və
onların ifadələrini dəyişməsi mümkünsüzdür. Həmçinin, bu yaxınlarda ölkə
başçısının sərəncamı ilə az ağır cinayət törətmiş şəxsləri həbs qəti-imkan tədbiri
ilə deyil alternativ vasitəlilərlə saxlanılması təsdiq edilib.
Daha sonra vəkillər
növbəti vəsatətlə çıxış edib. Vəkil Osman Kazımov bildirib ki, Şeyx Sərdarın
ittiham olunduğu maddə Konstitusiya ilə ziddiyyət təşkil edir. Belə ki,
Konstitusiyanın 48-ci maddəsinə görə hər bir kəs qanunvericilik çərçivəsində sərbəst
toplaşmaq və dini ayinləri fərdi, yaxud birlikdə icra etmək hüququna malikdir.
Əgər iddia edilirsə ki, Şeyx Sərdar qanunu pozub və elə maddə də deyildiyi kimi
insanların hüquqlarını pozaraq onlara namaz qıldırıb bu daha absurd görünür.
Çünki bu dəqiqə bayırda yüzlərlə insan var ki, elə Şeyxin arxasında namaz
qılanlardır. Aydındır ki, şeyx kiminsə iradəsinə zidd bu işi görməyib. Həmçinin
“Cümə” namazının qılınması vaxtı hər hansı neqativ hal baş verməyib. O zaman bu
maddənin özü keyfiyyətsizdir.
Həmçinin bu
qanun Avropa Konvensiyasının 9-cu maddəsinə də ziddir və fərdin hüquqlarını
pozur.
“Bu qanun
Nardaran hadisələrindən 8 gün sonra qəbul edilib. Sual olunur ki, 1400 ildir
İslam dini var və ayinləri icra edilir. Necə oldu ki, birdən-birə bütün bunlar
qanun pozuntusu oldu? Deməli burada siyasi sifariş var”.
Vəkil tələb
edib ki, bununla bağlı Konstitusiya məhkəməsinə sorğu göndərilsin və məsələ
araşdırılsın.
Dövlət
ittihamçısı əvvəlki vəsatətlər kimi buna da etirazını bildirdi. Lakin fikrini əsaslandıra
bilmədi. Hakim isə qaldırılan heç bir vəsatəti təmin etmədi.
Daha sonra məhkəmədə
dövlət ittihamçısı tərəfindən ittiham aktı oxundu.
Şeyx Sərdar
Hacıhəsənli məhkəmədə çıxış etdi. Əvvəlcə prosesdə iştirak edənlərə təşəkkürünü
bildirdi. Ruhani üzünü hakimə tutaraq İslam dininin hakimlər barəsində xüsusi
hökmlərinin olduğunu diqqətə çatdırdı: “İnsanın arxasında divar nə qədər böyük
olsa, qaranlıqda kölgəsi o qədər böyük olur. İslamda hakimlər barədə deyilir
ki, hətta onun ayaqqabıları ayağını sıxarsa və bu onun narahatlığına səbəb
olarsa, məhkəməni aparmamalıdır. Hakimlər başqa insanlardan asılı olmamalı,
müstəqil qərarlar verməlidir. İslam hakimlərə xüsusi məqam sahibləri kimi qiymət
verir və daim onları ədalətli olmağa səsləyir. Cənab hakim siz ən adi vəsatətləri
təmin etmirsiniz. Görünür bu işdə sizə basqılar var. Ümid edirəm ki, qanunun
aliliyini qoruyacaqsınız. Əgər siz mənə bu barədə təminat verirsinizsə, o zaman
bizim məhkəməyə ümidimiz yaranır və ədalət gözləyə bilərik. Yox əgər bunu
bacarmayacaqsınızsa, o zaman heç bu məhkəməyə gəlməyə dəyməz. Çünki bundan əvvəl
keçirilən heç bir məhkəmədə ədalətin şahidi olmadıq.
Mənim ittiham
olunduğum maddə üzrə deyə bilərəm ki, Quranda ibadət hesab edilən məsələ Azərbaycan
qanunlarına görə cinayətdir. Quranın hökmü cinayət işi hesab edilir. Bununla
sanki bəndə ilə Allahı üz-üzə qoymağa çalışırlar. İndi siz məndən soruşursunuz
ki, cinayəti törətmişən ya yox? Əgər desəm ki, hə, o zaman belə çıxır ki,
Allaha deyirəm ki, bağışla səhv etmişəm. Sənin buyurduğuna əməl etmişəm və
namaz qılmışam.
Bu məsələnin
özü absurddur. Çünki ateizm qanunu ilə İslam dini mühakimə olunur. Deyirsiniz
ki, “Cümə” namazı qıldığım üçün məni həbs ediblər. Azərbaycanda cümə günləri
50-dən çox məsciddə “Cümə namazı” qılınır və mahiyyət etibarı ilə aralarında
heç bir fərq yoxdur. Yəni mənim qıldığım “Cümə namazı” ilə digər bir ruhaninin
qıldırdığı namaz eynidir. O zaman niyə məhz mənə cinayət işi açılır? Onda gərək
bütün “Cümə namazı” qılanlar mühakimə olunsun. Həmçinin mən bölgəyə QMİ-nin rəsmi
nümayəndəsinin dəvəti ilə gəlmişəm. Odur ki, əməlimdə heç bir qanun pozuntusu
olduğunu düşünməmişəm. Həmçinin qanun qəbul edildikdən sonra da bu barədə mənə
şifahi və yaxud yazılı hər hansı irad bildirilməyib. Odur ki, qəbul edilən
qanunu da özümə aid etməmişəm. Digər tərəfdən də mənim xaricdə təhsil almağım
Sovet dövründə olub. Ondan əvvəl də elə öz ruhanilərimizdən dərs oxumuşam”.
Bu zaman dövlət
ittihamçısı Şeyx Sərdarın çıxışına müdaxilə edərək bildirib ki, qanunu dövlət qəbul
edib və hər kəs buna tabe olmalıdır. Əgər Sərdar Hacıhəsənli namaz qılanda 3
addım geridə dayansaydı o zaman ittiham olunmayacaqdı. Dövlət ittihamçısının bu
sözləri zalda gülüşə səbəb olub. Özü də bilmədən qanunu 3 addımlıq adlandırıb.
Daha sonra dövlət
ittihamçısı Şeyx Sərdara təhsil aldığı müəssisə barədə sual verib və “Cümə
namazının” mahiyyəti barədə soruşub. Sərdar Hacıhəsənli qeyd edib ki, təhsil
aldığı Universitet Beynəlxalq səviyyədə tanınıb. Həmçinin cümə günü İslamda
xüsusi olaraq qeyd edilib. Quranda 114 surədən biri də “Cümə” surəsidir və onun
sonuncu ayəsində insanlara “Cümə namazı” qılmaq Allah tərəfindən əmr olunur.
Bu zaman Azan
verilib. Şeyx Sərdar Azana hörmət əlaməti olaraq çıxışını dayandırdırdığını
bildirib. Daha sonra məhkəmədə fasilə elan edilib.
Hakim Anar Alməmmədovun
sədrliyi ilə keçirilən prosesin ikinci hissəsində şahidlərin ifadələri dinlənilib.
Dini Qurumlarla
İş Üzrə Dövlət komitəsinin cənub zonası üzrə baş məsləhətçisi Kamil Bağırov
ifadəsində Şeyx Sərdar Hacıhəsənlini 2013-cü ildən tanıdığını bildirib və
xaricdə dini təhsil aldığı üçün ona məsciddə xütbə söyləməsinin qanuna zidd
olduğu haqda bilgi verdiyini deyib.
Lakin Şeyx Sərdar
Hacıhəsənli şahidin verdiyi ifadələrin həqiqəti əks etdirmədiyini bildirib.
Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə danışdıqları arasında ziddiyyətlərin
olduğunu vurğulayıb.
Digər şahid
Masallı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər
üzrə şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev də məhkəmədə ifadə verərkən
çaşqınlıq yaşayıb. Belə ki, onun istintaqa verdiyi ifadəsindən xəbərsiz olduğu
vəkillərin sualları əsasında ortaya çıxıb. Buna baxmayaraq şahid Şeyx Sərdara
yaxınlaşaraq məsciddə xütbə söyləməsinin qanuna zidd olması barədə xəbərdarlıq
etdiklərini məhkəmə heyətinin diqqətinə çatdırıb.
Şeyx Sərdar
Hacıhəsənli isə öz növbəsində şahidin dediklərinin yalan olduğunu deyib.
Bildirib ki, insanları bu qədər kişilikdən salmaq olmaz. Ümumiyyətlə məhkəmə
prosesi zamanı vəkillər tərəfindən verilən suallar əsnasında, onların saxta və
qondarma ifadələr verdikləri, həmçinin yalançı şahidlər olduqları üzə çıxıb. Bu
onların ifadələrindəki çaşqınlıqlardan aydın hiss olunub.
Şeyx Sərdar
çıxışının davamında bildirib ki, “Biz “Cümə namazı”nı namaz adı ilə qılırıq.
Necə ki, meyit namazı, ayət namazı namaz adı ilə tanınır. İndi bizə
aydınlaşdırsınlar ki, əgər dini ayin dedikdə namaz nəzərdə tutulursa, o zaman
bizim fərdi namazımız da cinayətdir”.
Ruhani qeyd edib
ki, Azərbaycanda tarixən savadlı ruhanilərin hamısı xaricdə təhsil alıb. Hətta
Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadənin atası ki, ruhani idi, o
da Nəcəfdə təhsil almışdı. “Bunun da səbəbi odur ki, ölkəmizdə yüksək dini təhsil
verən müəssisə yoxdur. Burda qəribə heç nə yoxdur. Necə olur ki, digər sahələr
üzrə xaricdə təhsil alanlar yüksək mütəxəssis elan edilir, dini təhsil alanlar
kənarlaşdırılır. Milli Məclisdə bu cür qanunların qəbul edilməsini əsas səbələrindən
biri də bu işlə məşğul olanların din sahəsində mütəxəssis olmamasıdır. Çünki
qanunvericiliyə görə din xadimi parlamentdə təmsil oluna bilməz. Məhz bunlar da
qanunlarda bu cür boşluqların yaranmasına səbəb olur”.
Ruhani
çıxışının davamında ona ünvanlanan suallara cavab olaraq qeyd edib ki, onu “Cümə
namazı” qılmağa rəsmi şəkildə dəvət ediblər: “QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi
mənə zəng edib bildirdi ki, idarənin qərarı ilə “Cümə namazları” bərpa olunub və
sizdən xahiş edirik ki, Masallıda bunu icra edəsiniz.
Keçən məhkəmə
prosesində də aydın oldu ki, Mirqiyas Təhməzovun ifadəsində mənə qanun qəbul
olunandan sonra bu işi dayandırmağım barədə birbaşa xəbərdarlıq etməyib.
Masallı rayonu məscidinin dini icmasının sədri Hacı Əhməd vasitəsi ilə mənə xəbər
göndərib. Hacı Əhməd də məhkəmədə ifadə verdi ki, bununla bağlı mənə söz deməyi
unudub. Buradan da aydınlaşır ki, nə rəsmi, nə yazılı, nə şifahi şəkildə mənə xəbərdarlıq
olmayıb”.
Növbəti
prosesin iyun ayının 7-si saat 14:00-də təyin olunduğunu açıqlayıb.