“Mövsüm Səmədovun həyatı üçün təhlükə var” – Yenidən Qobustana göndərilir
Posted on : qafqaz 10/16/2017 1:00:27 PM
Vəkil Yalçın İmanov bu gün 12 saylı Cəza Çəkmə Müəssisəsində AİP lideri Mövsüm Səmədovla görüşüb. Bu barədə “İslaminSesi”nə vəkilin özü məlumat verib
Vəkilin sözlərinə
görə, 12 saylı CÇM-nin rəhbərliyi Mövsüm Səmədovun yenidən “kriti”yə (Qapalı
Tipli Həbsxana) göndərilməsi ilə bağlı məhkəməyə müraciət edib. Müraciətin məhkəməyə
dünən göndərildiyini söyləyən Yalçın İmanov, məhkəmənin müraciətə nə vaxt
baxacağının isə bəlli olmadığını bildirdi.
“May ayının
21-i Doktor Səmədovun yarım kars tipli cəza müddəti başa çatmasına baxmayaraq,
ona bildiriblər ki, həbsxanada həyatınız üçün təhlükə olduğuna görə təhlükəsiz
saxlanma şəraitinə keçirilirsən. Guya ki, həbsxanada Mövsüm Səmədovun şəxsiyyətinə
sağlamlığına və təhlükəsizliyinə digər məhbuslar tərəfindən təhlükə yarana bilər.
Bu tədbir yalnız məhbusun öz ərizəsi ilə həyata keçirilə bilərdi ki, Mövsüm Səmədov
da nə yazılı, nə də ki, şifahi formada belə bir müraciət ünvanlayıb. O, özünə
qarşı hər hansı bir təhlükə hiss etmədiyini söylədi.”
Vəkil onu da
qeyd etdi ki, Mövsüm Səmədov baş verənləri CÇM-nin rəhbərliyinin öz fəaliyyəti
kimi qiymətləndirir:
“Müəssisə rəhbərliyi
ilə görüş zamanı mənə bildirdilər ki, onlar Əməliyyat Aparatından daxil olmuş məlumat
əsasında belə bir addım atıblar. Guya ki, Mövsüm Səmədovun həyatı üçün təhlükə
var. Qanunsuzluq bundan ibarətdir ki, həbsxana rəhbərliyi Mövsüm Səmədovu
xüsusi mühafizə tipli otağa keçirdiyi gün, paralel olaraq Qapalı Tipli Həbsxanaya
göndərmək barədə məhkəməyə müraciət edib. Eyni zamanda müəssisə rəhbərliyi
Mövsüm Səmədova onun zon üçün təhlükəli olduğunu söyləyib. Səbəb isə Doktor Səmədovun
məhbuslar arasında ilahi və əxlaqi dəyərləri yaymasıdır.”
Vəkilin sözlərinə
görə, Mövsüm Səmədov baş verənləri əvvəlcədən hazırlanmış ssenarinin tərkib
hissəsi olduğu qənaətindədir: “Mövsüm Səmədov bildirdi ki, 12 saylı CÇM-nə gəldiyi
gündən ona qarşı baş verənlər onu yenidən Qapalı Tipli Həbsxanaya göndərmək
üçün idi. Mənə qarşı baş verənlərin hamısı qanunsuz, şər və böhtandır. Doktor Səmədov
onu da xatırlatdı ki, onun üçün həbsxanaların fərqi yoxdur. İstər qapalı olsun
istərsə də açıq.”
Sonda Yalçın
İmanov qeyd etdi ki, Mövsüm Səmədovun ayağında damar genişlənməsi xəstəliyi var
və qapalı həbsxana şəraiti müvəkkilinin səhhətinə mənfi təsir göstərəcək:
“Çünki damar genişlənməsindən əziyyət çəkən insanların daima hərəkətdə
olmalarına ehtiyac vardır ki, Qapalı Tipli Həbsxana şəraitində bu mümkün
deyil.”/ İslaminSesi