Türkiyə İranla sərhəddə divar inşa edir
Posted on : iran 10/16/2017 1:00:27 PM
“Türkiyə rəsmiləri bizi iki ölkə sərhədində divar tikintisinə dair öz ideyaları ilə bağlı məlumatlandırıb”.
Bunu İran
Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi ənənəvi
brifinqdə Türkiyənin İranla sərhəddə divar inşa etməsi ilə bağlı suala
cavabında deyib. O bildirib ki, bu divar sərhəd xəttinin birləşdiyi nöqtədə
deyil, Türkiyə ərazisində tikilir: “Biz sərhədlərin təhlükəsizliyini və
sabitliyini təmin edəcək hər bir addımı alqışlayırıq. Sərhədlərin sabitliyi
bizim üçün də, türkiyəlilər üçün də önəmlidir. Hər iki ölkə bu məqsədə çatmaq
üçün səylərini artırmalıdır”.
B. Qasimi Səudiyyə
Ərəbistanı ilə münasibətlərdə yaranmış gərginliyə də toxunub: “Səudiyyə Ərəbistanının
bəzi rəsmilərinin əxlaqdankənar hərəkətləri və sözlərinə cavabımız budur ki,
biz gərginlik yaratmaq istəmirik və bu
ölkə ilə danışıqlar aparmağa hazırıq. Ümid edirik ki, onlar öz səhvlərini başa
düşəcək və keçmişdəki səhvlərini düzəltmək məqsədilə danışıqlar aparmaq və
anlaşmaq üçün atmosfer yaradacaqlar. Lakin bu, onların regionda və xüsusilə Yəmən
məsələsində siyasətini təsdiqləmək mənasına gəlmir”. (Xatırladaq ki, Səudiyyə
Ərəbistanı müdafiə naziri Muhammed bin Səlman İranla mümkün müharibənin Səudiyyə
sərhədlərinə çatmadan İran ərazisində aparılmasına çalışacaqlarını bəyan edib.
İran müdafiə naziri Hüseyn Dehqan isə cavabında bildirib ki, Səudiyyə tərəfi hər
hansı düşüncəsiz addım atsa, Məkkə və Mədinə istisna olmaqla, bütün krallıq məhv
ediləcək.)