header

 Dünya xalçaçılığının “Şeyx Səfi” möcüzəsi - FOTO

Bu gün dünya xalça sənətindən söz düşəndə onun çoxəsrlik uğurlarını təsdiqləyəcək nümunələr arasında ilk növbədə məşhur “Şeyx Səfi” xalısının adı çəkilir, desək, yanılmarıq.

Onun bu birinciliyi əldə etməsi təbii ki, səbəbsiz deyil. Bu səbəblər sırasında onun qədimiliyini və orijinal kompozisiyaya malik olmasını, xalça yox, xalı adlandırılmasını şərtləndirən ölçüsünün böyüklüyünü, ən nəhayət, bu sənət nümunəsinin toxunmasında nümayiş etdirilən yüksək ustalığı vardır. Bu səbəblərin qaynaqlandığı məkanın bilavasitə Azərbaycan olmasının qarşılığında, demək lazımdır ki, xalçaçılıq miniatür kimi çox qədimlərdən xalqımıza dünya şöhrəti gətirən, onun tanınma nişanına çevrilmiş sənət sahələri olmuşdur. Arxeoloji materialların və ədəbi - tarixi mənbələrin hələ eramızdan əvvəl II minillikdə Azərbaycanda xalçaçılığın yüksək inkişafından xəbər verməsi də onun müasir uğurlarının təsadüfi olmadığını təsdiqləyir. Qənaətimizcə, xalça üzərində dünyaya gəlib onun üzərində iməkləməyə başlayan, sonda da xalça arasında bir dünyadan digərinə köçən xalqın həyatında bu sənət növünün bu cür geniş yayılması və dünya şöhrəti qazanması da bir qanunauyğunluqdur. Hər gün Allahına ruhən pənah aparan azərbaycanlı müsəlmanın namazlıq xalçası üzərində ibadət etməsi də yəqin ki, bu sənətə olan ehtiramın göstəricisidir.

Etiraf etmək lazımdır ki, Azərbaycan xalçaçılığının çoxəsrlik təşəkkül tarixini yüzlərlə unikal sənət nümunələri bəzəsə də, onların arasında “Şeyx Səfi” xalısı xüsusi yer tutur. Şaşırdıcı naxış örtüyü və böyük ölçüsü ilə insan ağlını ovsunlayan bu xalı yüksək sənətkarlığı danılmaz olan xalqımızın dünya incəsənəti xəzinəsinə verdiyi çox layiqli töhfələrdən sayılır. Doğrudan da 1539-cu ildə ərsəyə gətirilən, ümumi sahəsi 52,12 kvadratmetr olan və mütəxəssislər tərəfindən sənət möcüzəsi kimi dəyərləndirən bu toxuculuq nümunəsi istənilən millətə başucalığı gətirə biləcək bir əsərdir. Amma təbrizli ustaların əllərinin sehri, ürəklərinin hərarəti ilə toxunan bu sənət incisinin sonda bizim yox, özgə bir məmləkətin sərvəti olması hər birimizi təəssüfləndirir. Bunun da çox maraqlı tarixçəsi vardır...

Öncə deyək ki, Azərbaycanda “Şeyx Səfi” adı ilə tanınan bu ecazkar sənətkarlıq nümunəsi Londondakı Viktoriya və Albert muzeyində “Ərdəbil xalçası” kimi nümayiş etdirilir. “Şeyx Səfi” adını bu xalıya Azərbaycan xalça elminin banisi Lətif Kərimov vermişdir. O, bunu I Təhmasibin sifarişi ilə Təbrizdə 1539-cu ildə toxunan xalının Səfəfiyyə təriqətinin başçısı Şeyx Səfiəddin İshaqın Ərdəbildəki məscid-türbəsinə vəqf (dini və xeyriyyə məqsədilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınan və daşınmaz əmlak) edilməsi ilə əlaqələndirmişdir.

Ümumi sahəsi 56,12 kvadratmetr olan (10,51 m x 5,34 m) xalının bədii əsasını “Ləçək-türünc” kompozisiyası təşkil edir. Xalının mərkəzindəki onaltı guşəli göl-türünc günəşi, qübbələr isə ondan ayrılan şüaları andırır. Ara sahənin künclərində yerləşdirilmiş üçbucaq şəkilli türünclərin istiqaməti mərkəzi sahəyə yönəldiyindən bütünlükdə kompozisiyanı çox yaxşı tamamlayır. Mərkəzlə bu künclər arasındakı əlaqəni isə sürməyi rəngli yerliyə ritmik şəkildə səpələnmiş müxtəlif rəngli (ağ, qırmızı və şəkəri) gözoxşayan nəbati naxışlar “seli” yaradır. Bu ecazkar görüntünü xalının enli haşiyəsindəki bulud rəsmləri ilə bəzədilmiş kətəbə silsiləsi, ensiz haşiyə və mədaxili təşkil edən bulud və “xətai” (formaca uzun olub, enli yarpağa bənzəyən, kənarları büzməli diliklər ilə əhatələnən naxış elementi) elementləri əhatələyir. Bütünlükdə, kodlaşdırılmış kimi görünən naxış örtüyünün əsl mənasını çox vaxt açmaqda acizlik çəkənlərin xalçalarımızı “gələcəyə göndərilmiş məktub” kimi dəyərləndirilməsinin qarşılığında, “Şeyx Səfi”nin də məna-məzmunun “alt qata” – sirliliyə bələnməsi də ehtimal olunandır.

Uzun müddət Şeyx Səfi kompleksini bəzəyən xalı mədəni irsə biganəlik üzündən 1893-cü ildə Londonda auksiona çıxarılmış və burada ingilislərin ianəsi hesabına Viktoriya və Albert muzeyi (o vaxt auksionda 25 min funt sterlinqə satılan xalçanı almağa muzeyin vəsaiti olmayıb) üçün alınmışdır. Bu biganəliyin kökündə isə Ərdəbildə baş vermiş zəlzələdən zərər çəkmiş Şeyx Səfi kompleksinin təmirinə yerli imkanlı adamların vəsait ayırmaması durur. Şəhərin rəmzinə çevrilmiş dini-memarlıq tikilisinə ərdəbillilərin biganəliliyini görən kompleksin xidmətçiləri, bərpa işləri aparmaq üçün buradakı bəzi əşyaları auksiona çıxarmağa məcbur olmuşlar. Məscid-türbənin döşəməsinə salınmış bir cüt xalı da satılan əşyaların arasında olub. Onları zamanında İngiltərənin xalça satışı ilə məşğul olan “Ziqler” şirkəti alıb və son nəticədə onlardan biri Londondakı auksiona çıxarılıb və muzey üçün alınıb. Uzun müddətdir ki, məşhur xalı burada şüşə örtük altında qorunur. Xalının rənglərinin solmaması üçün şüşənin altındakı işığı yalnız hər saatda 10 dəqiqə yandırırlar...

Ümumiyyətlə, bu xalılar barəsində müxtəlif fikirlər mövcuddur. Bunlardan biri xalçaların zədələndiyinə görə onlardan birinin hər iki kənarının kəsilərək digərinə tikilməsidir. Başqa sözlə desək, zəlzələdən sonra zədələnmiş xalıların bərpası həyata keçirilmiş və son nəticədə bir “tam” və bir “yarımçıq” əsər alınmışdır. Elə onlardan biri, yəni “tam” xalı London auksionuna çıxarılaraq satılmışdır. Eyni ölçülü digər zədəli xalı isə bir amerikalı kolleksionerə satılmışdır. Deyilənə görə 1530-cu ildə toxunan və hazırda Los-Anceles (ABŞ) muzeyində nümayiş etdirilən də elə həmin xalıdır. Amma həmin xalının fotosu onun zədəli olmadığını açıq-aydın göstərir. Ola bilsin ki, sonradan onun da üzərində bərpa işi aparılıb. Bu yerdə deyək ki, bir qayda olaraq “Şeyx Səfi” xalısı ilə bağlı yazılarda yalnız Londondakı əsərin adı çəkildiyindən, digər xalı demək olar ki, unudulub. Çox vaxt belə təsəvvür yaranır ki, Şeyx Səfi məscid-türbəsində iki yox, bir xalı olub. Amma adi məntiq belə bunun əksini təsdiqləyir. Belə ki, yalnız iki xalı yan-yana salınanda məscid-məqbərənin döşəməsi tam örtülərmiş. Deməli, bu cür məşhur və çox nüfuzlu dini tikilinin döşəməsini “qurama” örtük yox, bir-birini tamamlayan iki xalı bəzəyə bilərmiş. Odur ki, buranı iki xalının bəzəməsi daha inandırıcıdır...

Müstəqillik illərində üzə çıxarılan və hazırda Tehrandakı Xalça muzeyini bəzəyən eyni çeşnili xalı isə yuxarıda adları çəkilən iki nümunədən daha əvvəl - 1505-ci ildə ərsəyə gətirilmişdir. Eyni naxış örtüyünə malik olan bu xalıların bilavasitə Səfəvilərin hakimiyyəti dövründə, yəni, 1505-ci ildən başlayaraq mövcudluğu göstərir ki, klassik “Ləçək-türünc” kompozisiyalı bu toxuculuq nümunəsi zamanında ölkədə geniş yayılıbmış. Ecazkar çeşniyə malik olan belə xalıların ikisinin sonda o dövr üçün çox əhəmiyyətli sayılan Şeyx Səfi məscid-məqbərəsinə yol tapması da heç şübhəsiz bu kompozisiyanın əhali arasında geniş rəğbət qazanmasının göstəricisidir. Yeri gəlmişkən deyək ki, bu çeşniyə maraq göstərənlərin çoxluğunu nəzərə alan xalça istehsalçıları elə XVI əsrdə yaşayış evlərində istifadə etmək üçün onun kiçik variantlarını da hazırlamışdılar. Ötən əsrin səksəninci illərinin sonlarında Hindistandan Bakıya gətirilmiş bir dekorativ-tətbiqi sənət sərgisinin ekspozisiyasına həmin kiçik ölçülü xalçalardan biri daxil edilmişdi...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

AzerTac


Bu gün dünya xalça sənətindən söz düşəndə onun çoxəsrlik uğurlarını təsdiqləyəcək nümunələr arasında ilk növbədə məşhur “Şeyx Səfi” xalısının adı çəkilir, desək, yanılmarıq.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap