İmam Zamanın (ə.f) zühuru ilə Novruzun bağlılığı varmı?
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Bir hədisdə 12-ci İmamın zühur etmə zamanının Novruza təsadüf edəcəyi ilə bağlı xəbər verilir. Bu nə dərəcədə doğrudur?
Dünyanın zülmlə dolacağı zaman Allahın izni ilə bir xilaskar
zühur edib onu ədalətə bürüyər. Bu fikir təkcə İslam dini deyil, digər səmavi
dinlərdə də mövcuddur. İslam dini daxili məzhəblərinin hamısında da bu xəbər
yer almışdır. Lakin İmamiyyə məzhəbində yer alan çoxsaylı tutarlı sənədlər və
sübutlara əsasən xilaskar qeybə çəkilmiş 12-ci İmamdır.
Mötəbər hədislərə əsasən İmam Zamanın zühur etmə vaxtını
elan edənlər yalançıdırlar. (Şeyx Tusi, Kitabul-Ğayba səh 261) Amma bununla
yanaşı İmam Zamanın zühur edən zamanında baş verəcək əlamətlərdən və bəzi
zamanlardan söz açılır. (Kəmaluddin cild-2, səh-653) Bu o deməkdir ki,
yalançılar İmamın zühur etməsininin vaxtını dəqiqliklə iddia edənlərdir. Amma
İmamın cümə günündə, yaxud şənbə günü, Aşura günü, yaxud da axşam namazı vaxtı
və sair ümumi zamanlarda zühur edəcəyini deyən hədis və ya kimsə yalançı
sayılmaz. Çünki burada dəqiq tarix qeyd edilməyib.
Qeyd edək ki, hədislərdə
cümə gününün İmam Zamana xas olduğu deyilir. Bu əsassız deyil. İmamın Aşura
günündə də zühur edəcəyi haqda hədislər var.
İndiyə qədər eşitmədiyimiz
hədislərdən biri də İmamın Novruzda zühur etməsini deyən kəlamdır.
Əllamə Məhəmməd Baqir
Məclisi qiymətli "Biharul-Ənvar" əsərində (cild-52, səh-208) İmamın
Novruzda zühur edəcəyini deyən hədisi gətirmişdir.
İmamın Novruzda,
Aşura, ya cümədə və ya axşam namazı vaxtı zühur etməsini deyən hədislər
arasında təzad yoxdur. Çünki novruz hicri-şəmsi tarixi, aşura isə hicri-qəməri
tarixi ilə hesablanır, bunların hər ikisinin cüməyə təsadüf etməsi də qeyri
mükün deyil.
Burada maraqlı bir məqam
da mövcuddur. Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-99 səh 101) İmam Zaman barədə deyilən
ziyarətnaməni gətirir. Ziyarətnamədəki bu sitat çox diqqət çəkir “Salam olsun sənə
ey insaniyyətin baharı, günlərin yaşıllığı”
Bu ifadələr daha çox
Novruzun rəmzi olduğu bahara və bu fəslin gəlişi ilə təbiətin yenidən dirilməsinə
işarədir. Təbii ki İmamın zühur etməsi də baharın təbiəti diriltdiyi kimi onun
zühuru yer üzünə yeni nəfəz verəcək (Ən gözəl bilici Allahın özüdür).
Nəticə etibarilə,
İmamın Novruzda (yeni gündə) zühur edəcəyini deyən hədisi tarixdə baş verə biləcək
hər bir yeni mövsümə yaxud yeni prosesə də aid etmək olar və sözügedən hədisi
yalnız bizim başa düşdüyümüz Novruzun zamanına həsr etməyimiz zəruri deyil.