QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “NƏML” SURƏSİ
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Doxsan üç ayədən ibarət olan “Nəml” surəsi Qurani-Kərimin 27-ci surəsidir və məşhur nəzərə görə, “Şüəra” surəsindən sonra Məkkədə, müxtəlif münasibətlərlə əlaqədar nazil olmuşdur.
“Nəml” surəsi də
“müqəttəə” – “Ta, sin” – hərfləri ilə başlayır və müqəttəə hərfləri
ilə başlanılan surələrdə, bir qayda olaraq, Quranın vəsfindən danışıldığından,
bu surədə də həmin hərflərdən sonrakı ayədə Quran vəsf edilir və buyurulur:
طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ. هُدًى وَبُشْرَى
لِلْمُؤْمِنِينَ...
“Ta, sin. Budur
Quranın və açıq-aydın Kitabın ayələri! (Bu ayələr) möminlərə hidayət (doğru
yol göstərən rəhbər) və müjdədir...”
Surənin 18-ci
ayəsində qarışqalar və həzrət Süleymanın (ə) əhvalatından danışıldığından, surə
“Nəml” (Qarışqa) adlandırılmışdır. Bəzi rəvayətlərdə bu surə üçün “Süleyman” və
“Ta, sin” adları da qeyd olunmuşdur.
“Bismillahir-Rəhmanir-Rəhim”
cümləsi bu surədə iki dəfə qeyd olunmuşdur: surənin başlanğıcında və 30-cu ayəsində
– həzrət Süleymanın (ə) Səba mələkəsinə yazdığı məktubun əvvəlində.
Məkkədə yaşayan
azsaylı möminlərə təsəlli vermək, inadkar müşriklərə isə xəbərdarlıq etmək və
onların keçmiş zalımların tarixinə nəzər yetirməklə ayılmaqları məqsədilə, surədə
həzrət Musa, Davud, Süleyman, Saleh və Lut kimi beş böyük peyğəmbərin öz
dövrünün azğınları ilə mübarizələrindən bəhs olunur. Bu əhvalatların ən
genişində həzrət Süleymanın Səba mələkəsi ilə münasibətlərindən, mələkənin
Allaha necə iman gətirməsindən danışılır.
Surənin qalan
hissəsində hud-hud (şanapipik) kimi quşların, qarışqa kimi həşəratların
danışığı, Süleyman qoşununda və sarayında cinlərin hüzuru, nəhayət, Bilqeysin
taxtının Yəməndən Şama bir göz qırpımında gətirilməsi bəyan olunur.
Surə müjdə ilə
başlayıb təhdidlə sona yetir; surənin əvvəlində Qurani-Kərimin namaz qılıb zəkat
verən və axirətə möhkəm inanan möminlərə rəhbər və müjdə olduğundan söz açılır.
Sonunda isə doğru yoldan çıxanlar Allahın əzabı ilə qorxudulur, Məkkə müşrikləri
və kafirlərinə xəbərdarlıq edilir ki, Allaha-Taala Öz ayələrini, qüdrət nişanələrini
sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız və O, sizin etdiyiniz əməllərdən
əsla xəbərsiz deyildir! (“Təfsiri-nümunə”, 15-ci cild, səh. 392-393; “Nur təfsiri”,
uyğun surənin təfsirində.)
“NƏML” SURƏSİNİ
TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ
1. Peyğəmbəri-Əkrəmdən
(s) nəql olunan bir hədisdə belə buyurulur:
وَمَنْ قَرَأَ سُورَةَ طس كَانَ لَهُ مِنَ الْأَجْرِ عَشْرُ حَسَنَاتٍ
بِعَدَدِ مَنْ كَذَّبَ مُوسَى، وَسُلَيْمَانَ، وَصَدَّقَهُ، وَصَالِحًا، وَلُوطًا،
وَيَخْرُجُ مِنْ قَبْرِهِ وَهُوَ يُنَادِي: لَا إِلَة إِلَّا اللَّهُ.
““Ta, sin” (Nəml)
surəsini oxuyana Musa və Suleyman, həmçinin Saleh və Lut peyğəmbərləri təsdiq və
təkzib edənlərin sayı qədər on savab əta olunar və qiyamət günü qəbirdən “La
ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) nidası ilə baş qaldırar.” (“Məcməül-bəyan”, uyğun surənin təfsirində.)
2. İmam Sadiqdən (ə) nəql
olunan bir hədisdə belə buyurulur:
من قرأ طواسين الثلاثة في ليلة الجمعة کان من أولياء الله وفي جواره و
کنفه و لم يصبه في الدنيا بوس أبدا و اعطي في الاخرة من الجنة حتي يرضي و فوق
رضاه...
“Hər kim “Ta,
sin”lə başlayan üç surəni (“Şüəra”, “Nəml” və “Qəsəs” surələrini) cümə axşamı
tilavət etsə, Allahın dostlarından olar, Onun lütf və mərhəməti sayəsində qərar
tutar, dünyada çətinliklə əsla üzləşməz və axirətdə ona razı olduğu qədər və hətta
ondan da çox behişt əta olunar...” (“Səvabul-əmal”,
“Nurus-səqəleyn”dən nəqlən, 4-cü cild, səh.74; “Təfsiri-nümunə”, 15-ci cild, səh.393.)
Rza Şükürlü
(Maide.az)