ÜMMÜL-BƏNİN KİMDİR?
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
ÜMMÜL-BƏNİN KİMDİR?
Bu gün – Cəmadius-sani
ayının 13-ü (Martın 12-si) imam Əlinin (ə) həyat yoldaşı və həzrət Əbülfəzl-Abbasın
(ə) anası Ümmül-Bəninin vəfat günüdür. Elə bu məqsədlə, onun həyatı ilə bağlı
qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:
Adi Fatimə, künyəsi
Ümmül-Bənin (Oğullar anası), atası Hizam, anası isə Şəmamə və yaxud Leyladır. Bəni-Kilab
qəbiləsindəndir. Həmçinin onun nəsli bir neçə vasitə ilə Peyğəmbəri-Əkrəmin (s)
ulu babası Əbdü-Mənafa çatır. O, imam Əli (ə) ilə evlənmiş və bu evlilikdən
dörd oğul dünyaya gəlmişdir: Şücaət nümunəsi həzrət Əbülfəzl-Abbas (ə),
Abdullah, Osman və Cəfər. Hər dörd oğul Kərbəla faciəsində imam Hüseynin (ə)
rikabında şəhadətə yetmişdir. Təqribən, 70 yaşında ikən vəfat etmiş və Mədinə şəhərinin
“Bəqi” qəbiristanlığında torpağa tapşırılmışdır.
Tarixdə onun
doğum tarixi barədə dəqiq məlumat verilməmişdir. Amma onların qeydlərinə görə,
Ümmül-Bəninin 26 yaşında ikən, böyük oğlu həzrət Əbülfəzl-Abbası (ə) dünyaya gətirmişdir.
(Bəzi tarixçilər də onun təqribən, 5-ci hicri ilində dünyaya gəldiyini ehtimal
vermişlər.)
Tarixdə göstərilir
ki, həzrət Ümmül-Bəninin ata-babaları, eləcə də dayıları İslamdan öncə ərəblər
arasında şücaət, qəhrəmanlıq və igidliklə tanınırmışlar. Tarixçilər onların
döyüş zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları xüsusi vurğulamışlar. Ərəblərin
ən böyük nəsəbşünası Əqilin öz qardaşı imam Əliyə (ə) dediyi söz bu mətləbə
şahiddir: “Mən ərəb tayfaları arasında Ümmül-Bəninin ata-babaları kimi şücaətlisini
tanımıram.” (“Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.9.)
Xanım
Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra, imam Əli (ə) ərəb tayfalarını
yaxşı tanıyan qardaşı Əqilə belə buyurur:
اُنْظُرْ لِى اِمْرَأَةً قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ
لِاَتَزَوَّجَها فَتَلِدَ لِى غُلاماً فارِساً
“Mənə ərəblərin
şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul
dünyaya gəlsin.” (“Umdətut-talib”, İbn Ənbə, səh.357.)
Əqil, Fatimə
Kilabiyyəni məsləhət görür və imam Əli (ə) onun seçimi ilə razılaşır. İmam Əli
(ə) qardaşı Əqili Ümmül-Bəninin atasının yanına göndərir. Ata bu mübarək vüsala
razı olsa da, qızı və qızın anası ilə məsləhətləşmək istəyir. O, qızı və həyat
yoldaşının otağına daxil olmaq istədikdə, qızının öz anasına gördüyü yuxunu
danışdığını eşidir: “Ana can! Yuxuda gördüm ki, merli-meyvəli bir bağda əyləşmişəm.
Bağın içində çaylar axır, ay və ulduzlar parlayırdı. Mən də gözümü onlara
dikmişdim və Allahın yaratdıqları haqda düşünürdüm. Bu zaman ay göydən enib
qucağıma düşdü, onun nurundan gözlərim qamaşdı. Heyrətdə ikən, digər dörd nur
da qucağıma düşdü.”
Ümmül-Bəninin
atası Hizam ibn Xalid yuxunu eşitcək xoşhal oldu və qızını müjdələyərək dedi:
لَقَدْ حَقَّقَ اللَّهُ رُؤْیاكِ یا بُنَیتِى فَاَبْشِرِى بِسَعادَةِ
الدُّنِیا وَالْآخِرَةِ
“Qızım!
Allah-Taala sənin yuxunu gerçəkləşdirdi. Səni dünya və axirət səadəti ilə müjdələyirəm.”
Sonra həyat
yoldaşı Şəmaməyə dedi: “Qızım Fatiməni (“Ümmül-Bənini) həzrət Əliyə (ə) layiq
bilirsənmi? Bil ki, onun evi vəhy, nübüvvət, elm, hikmət, ədəb və əxlaq evidir.
Əgər qızını bu evə layiq bilirsənsə, bu mübarək vüsalı qəbul edək!”
Həyat yodaşı Şəmamə
dedi: “Ey Hizam! Mən onu yaxşı tərbiyə etmişəm və Allahdan istəyirəm ki, onu
xoşbəxt eləsin!...”
Beləliklə,
onlar iftixarla Əqilə öz razılıqlarını bildirdilər və Ümmül-Bəninlə imam Əli (ə)
arasında həmişəlik nikah bağlandı. (“Umdətut-talib fi ənsabi ali-Əbi Talib”, səh.34;
“Biharul-ənvar”, 42-ci cild, səh.74.)
Ümmül-Bənin, həm
imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı,
ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə)
xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi
bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki,
imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl
adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl
adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş
acı xatirələri xatırlamasın, anasızlıq əzabını hiss etməsinlər. (“Əl-Əqilətu vəl-Fəvatim”,
Hüseyn Şakiri, səh.118.)
Onun “Aşura”
faciəsindən sonra dörd oğlunun şəhadət xəbərini eşitdiyi zaman dilinə cari
etdiyi məşhur cümləsi onun böyük məqamını aşılayır, Kərbəla tarixinin səhifələrini
zinətləndirir. O, 34 yaşlı həzrət Əbülfəzl-Abbasın, 24 yaşlı Abdullahın, 21
yaşlı Osmanın və 19 yaşlı Cəfərin şəhadət xəbərini eşitdikdə, yalnız zəmanəsinin
imamının, şəhidlər sərvəri imam Hüseynin (ə) halını soruşur. (“Qəməri Bəni-Haşim”,
Əbdürrəzzaq Müqərrəm, səh.19.)
Rza Şükürlü
(Maide.az)