header

 Ərbəin karvanına qoşulmuş ilahiyyatçının dilindən Eşq səfəri-Video/Foto

Emil Rahiloğlu: "İyirmi milyonluq izdiham təbii ki, Amerika və İsrail üçün qorxuludur"

Bu il İmam Hüseynin şəhadətinin 40-cı günü olan Ərbəin günündə Kərbəla ziyarətinə kifayət qədər zəvvar qatılıb. Onların çoxu “eşq səfəri” və ya “eşq karvanı” adlandırılan yürüşlə kilometrlərlə yolu piyada gediblər. Bu yürüşdə ölkəmizdən də kifayət qədər dindarlar, həmçinin ruhani alimlərimiz də qatılıb. Onlardan biri, AİP-in sədr müavini, tanınmış ilahiyyatçı alim Hacı Emil Rahiloğludur.

 

İslamazeri.az səfərlə bağlı ilahiyyatçıdan müsahibə alıb.

 

Hacı sizi xoş gördük, Ərbəin yürüşünə qatıldınız və bu çətin karvanda iştirak etdiniz. Sizi bu eşq səfərinə cəzb edən şübhəsizki Əhli-Beytə(ə) olan məhəbbətinizdir. Bu səfərə qatılmanız haqda öz dilinizdən eşitmək istəyirik.

 

Mehriban və bağışlayan Allahın adı ilə. Ilk növbədə fürsətdən istifadə edərək sizi və bütün Əhli-Beytsevər xalqımızı salamlayıram. Həmçinin ötən bir neçə gündə islamazeri.az saytının on illiyini qeyd etdiniz, bu münasibətlə də bütün kollektivinizi təbrik edir və işlərinizdə daha da geniş müvəffəqiyyətlər arzu edirəm. Səsiniz daim uca zirvələrdən gəlsin.

 

Amma sual barəsində...

 

Təbii ki, insan mənəvi istəklərini nə qədər ibraz etsə və ya barəsində danışsa da həmin mənəvi istəyin yaratdığı halın heç yarısı belə demək mümkün deyil. Ümumiyyətlə məhəbbət dillə ifadə olunmur. Mənim bir müəllimim var idi. O deyirdi ki, “kim deyirsə səni sevirəm yalan deyir. Çünki məhəbbət maddiləşmədiyi üçün dillə ifadə olunmur”.

 

Ərbəin ziyarətinə getmək hər il arzumuz olsa da Allaha həmd olsun ki, bu gerçəkləşdi. Hər bir ziyarətçi ərbəin ziyarəti üçün evindən bayıra atdığı addımdan evinə qayıdana kimi əhli-Beytin(ə) qonağı sayılmaqla yanaşı onların mənəvi süfrələrinin qonağı olur. Səfərin olduqca ağır və maddi, cismi çətinlikləri olmasına baxmayaraq hədəfin aliliyi bütün çətinlikləri şirinliyə çevirir. Bu səfər mənim üçün səfər ayının etikafı idi. Bildiyimiz kimi etikaf zamanı mömin üç gün məsciddə qalaraq yalnız ibadətlə məşğul olur. Hətta onun istirahət zamanı yatması da ibadət sayılır. Bu səfər isə əvvəldən sona kimi ibadət sayılır. Xüsusən üç günlük müqəddəs Nəcəf şəhərindən Kərbəlaya gedilən piyada yürüş məhəbbətin və ibadətin kulminasiyasıdır. Əlbəttə bu barədə gecə-gündüz danışmaq olar. Amma vaxtın məhdudluğunu nəzərə alaraq suala bura kimi kifayət edirəm.

 

 

 

 

Ərbəin karvanına xidmət edənləri gördükdə sizdə hansı təəssürat yarandı? Xüsusilə azyaşlıların yolboyu əllərində ehsan olaraq su, yemək və meyvələr tutması, sizə necə təsir etdi?

 

İmam Hüseynin(ə) ordusunun əsgərləri xüsusi nizami hazırlıq görmüş eyni boyda, qüvvəli nizami döyüşçülərdən ibarət deyil. Burada yetmiş yaşlı Həbib ibn Məzahir, əlli yaşdan yuxarı yaşı olan Züheyr, heç bir yaşı tamam olmayan Əli Əsğər vardır. O cümlədən döyüşün davamında, yəni əsirlər karvanında müxtəlif yaşlı mübariz qadınlar vardır. O cümlədən az yaşlı Səkinə və imamın digər peyğəmbər nəvələri vardır. Bunu deməkdə məqsədim budur ki, piyada gedənlərin yolunun üstündə başında özündən də böyük xurma sinisi tutmuş balaca qız və ya oğlan uşaqları sanki bu əməlləri ilə əsirlər karvanında olan uşaqlara sədaqətlərini bildirirlər. Deyirlər ki, “siz qamçılanan, xarabalıqda yatan, kimsə sizinlə oynamayan zaman biz olsaydıq sizinlə birgə olardıq. O gün olmadıqsa bu gün sizin ziyarətçilərinizə nökərçilik edirik”.

 

Bu söz nəinki o uşaqların hətta bu gün bizim hər birimizin ürəyinin naləsi və təəssüfüdür. Qurani-Kərimdə Allah-taala “birr”(uca yaxşılıq məqamı) məqamının xüsusiyyətlərini sayır. Bu xüsusiyyətlərdən biri də tanımadığın insanlara Allha xatir yaxşılıq etməkdir. Yol boyunca ehsan edən insanlara Allahdan bu məqamın verilməsini diləyirəm. Onlar bizi tanımadıqları halda bizə ehsanlar edir, yorulanlara istirahət yerləri hazırlayır, pulsuz tibbi yardım göstərir, hətta ayaqları ağrıyanların ayaqlarını da belə ovurdular. Xülasə on milyondan çox insana yol boyunca xidmət etmək nə deməkdir??? Yani dillə ifadə olunası deyil.

 

 

Ərbəin haqqında bildiyimiz qədər əhli-Beyt(ə) hədislərində də tövsiyyələr vardır, bu haqda...

 

Şeyx Tusi “Misbahul mütəhəcid” kitabında hicri-qəməri tarixi ilə səfər ayının iyirmisi ilk dəfə Cabir ibn Abdullahın Kərbəlaya daxil olmasını yazır. Həmçinin tarixə əsasən də Şam əsirləri bu tarixdə Şamdan Mədinəyə gedərkən Kərbəladan keçmişlər. Ərbəin ziyarəti ilk dəfə peyğəmbərin ən yaxın səhabələrindən biri olan Cabir ibn Abdullah tərəfindən sünnə olaraq qeyd olunmuşdur.

 

Ətiyyə Ovfi deyir: "Mən Cabir ibn Adbullah ilə qərara gəldik ki, İmam Hüseyni (ə) ziyarət edək bu məqsədlə evdən çıxıb Kərbəlaya gəlib çatanda Cabir Fərat çayının yanına gedib qüsl aldı əyninə kəfən büküb özünü ətirlədi və hər addım atanda Allahı zikr edirdi. Gəlib bir qəbrə çatdı və mənə dedi: əlimi qəbrin üzərinə qoy! Mən də belə etdim elə bu an qəbrin üstünə yıxılıb huşunu itirdi. Mən onun üzünə su vurdum o ayıldı və üç dəfə dedi: Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn! Sonra bu sözləri dedi: Şəhadət veririəm ki, sən Peyğəmbərlərin ən yaxşısının oğlusan, möminlərin ağasının oğlusan, sən hidayət və təqva sülaləsinin oğlusan və "Əbada" olanların beşincisisən, sən rəhbərin oğlu və xanımlar xanımı Fatimeyi Zəhranın övladısan. Niyə də belə olmamalı idi ki, Peyğəmbərlərin ağasının əli ilə yemək yemisən və pərhizkarların ətəyində böyümüsən, iman sinəsindən süd içmisən. Sən pak yaşayıb pak dünyadan köçdün və möminlərin qəlblərini öz ölümünlə qəmləndirdin. Allahın salamı və Rizvanı sənə olsun sən qardaşın Yəhya ibn Zəkəriyyanın şəhidlik yolunu getdin." Bundan əlavə İmam Həsən Əsgəridən(ə) nəql olunan hədisdə möminin beş xüsusiyyəti sayılır. Bu xsusiyyətlərdən biri də ərbəin ziyarətidir. Hədisə istinadən demək ki, ərbəin möminin imanının kamil olma səbəblərindən biri olmaqla yanaşı möminin ayrılmaz ülvü ziyarətidir. Ərbəin ziyarətində olmaq və ya bu arzuda olmaq möminin imanını kamilləşdirir."

 

AİP rəhbərliyini ehsan süfrələrində xidmətini gördük...

 

Təbii ki, bütün ibadi məsələlərdə xidmət göstərmək, xüsusi ilə də ərbəin zəvvarlarının xidmətində durmaq hər bir əhli-beytsevər şəxsin arzusdur. Allahdan diləyim budur ki, hamımızı bu qapının xidmətçisi etsin. Həmçinin bu xidmətdən az da olsa AİP rəhbərliyinin bəhrələnməsi bizim üçün böyük səadətdir. İnşallah çalışacağıq ki, növbəti illərdə daha geniş və proqramlı şəkildə zəvvarlara xidmət edək. Yenə də əlavə edirəm ki, bu hər bir kəsin arzusudur. İmam Hüseynin və ailəsinin bəşəriyyət üçün nələrindən keçməsini xatırladıqda qiyamətə kimi bu qapıda xidmət etsək yenə də azdır.

 

 

Ərbəin – eşq səfərinin siyasi mesajı haqda nə deyə bilərsiniz?

 

Bildiyimiz kimi ibadət yalnız namaz qılmaqdan, oruc tutmaqdan, zəkat verməkdən sair ibarət deyil. İnsan həyatının bütün sahələrində ibadət edə bilər. Burada artıq ibadət müxtəlif qollara ayrılacaqdır. Məsələn kimsə ailəsinin rifahı üçün gecə-gündüz çalışırsa bu da ibadətdir. Buna ibadi-iqtisadi deyilir. Kim ölkəsinin, vətəninin düşməndən hifz olunması üçün səngərlərdə əziyət çəkirsə bu da ibadətdir. Bunda ibadi-hərbi deyilir. Ərbəin ziyarəti isə əvvəldən sona kimi ibadi-siyasidir. Hətta ərbəin ziyarətnaməsinin sözlərinə diqqət yetirdikdə bunu başa düşmək olur. Xüsusiilə bu gün dünyanın hegomonları bu məktəbi aradan aparmaq istəyirlər. Dünya tarix boyunca bu məktəbə kölgə salmaq istəsə də bu alınmamışdır və alınmayacaqda. Bu gün ərbəin ziyarətinə belə bir təhlükəli şəraitdə getmək dünyaya “zülmə göz yummayacağıq!” mesajını verməkdir. İmam Hüseyn(ə) zülmə qarşı etiraz edərək şəhid olubsa, təbii ki, onun ziyarətçiləri ədalətsevərlər olmalıdır. Tarixə nəzər saldıqda bütün zalım xəlifələr məhz İmam Hüseynin ziyarət olunması ilə müxalif olublar. Halbuki biz bu təpkini digər imamların və peyğəmbərin(s) ziyarətlərində görmürük. İmam Hüseynin mübarək məzarı belə zalımların kabusudur. İmam Hüseynin ziyarətindən yalnız onu tanıyan zalımlar qorxur. Çünki bu ziyarətin verdiyi töhfələrdən agahdırlar.

 

Düşmənlər bu eşq səfərini istər mediada hədəfə alır, istərsədə terrorla qorxutmaq istəyirlər. Bunlar Ərbəindən niyə bu qədər qorxurlar?

 

Onların qorxusu uzun illərdir dünyada apardıqları anti-şiə layihəsinin fiaskoya uğramasıdır. Onlar uzun illərdir şiəni terrorçu kimi tanıtdırmağa çalışıblar. Amma bu gün həmin “terrorçular” eşq səfərinə çıxıblar. Terrorçu hara eşq hara? Budur ki, İmamın məktəbinin qarşısında məğlub olmalarını iqrar etməsinlər deyə anti-təbliğata əl atmağa məcburdular. Xüsusən bu gün dünyanın diqqəti şərq müsəlman ölkərində olduğu bir vaxtda iyirmi milyonluq izdiham təbii ki, Amerika və İsrail üçün qorxuludur. Onlar həmin iyirmi milyonun birdən-birə Qüdsə tərəf yönəlməsini təsəvvür etdikcə yuxularında belə kabus görürlər.

 

Yol boyu sosial şəbəkələrdə eşq səfərinə qoşulanların bəzisi tərəfindən islamçı məhbuslar, şəhidlərimiz və digər məsələləri şəkillər vasitəsilə təbliğ etdiklərinin şahidi olduq, bu nə anlama gəlir?

 

Ərbəin səfəri on dörd əsr öncə Yezid ibn Müaviyənin törətdiyi cinayətdən xəbər versə də məsələnin mahiyyəti göründüyündən çox genişdir. Hüseyn əleyhissəlamın qiyamı zülmə və zalıma etirazdırsa, əvvəldə qeyd etdiymiz kimi onun ziyarətçiləri də ədalətsevərlər olmalıdır. Budur ki, ziyarətçinin nahaqdan həbs olan məhbus şəklini qaldırması və ya Suriyada, Fələstində, İraqda, Əfqanıstanda Qarabağda törədilən cinayətləri də iyirmi milyonun qarşısında ifşa etməsi təbii haldır.

 

Sizcə ziyarətçi özü necə olmalıdır? Yəni əməl və ibadət baxımdan hansı məsuliyyəti daşıyır?

 

Təbii ki, hər bir mömin şəxs Allah qarşısında ilahi vəzifəyə mükəlləfdir. Amma qısa desək insan oxuduqca, gördükcə bu vəzifə daha da artmaqdadır. İmam Hüseynin zəvvarı olmazdan öncə heç olmasa İmamın həyatından orta həddə yazılmış kitab mütaliə olunmalıdır. İnsan oxuduğu tarixi həmin yerlərdə gəzdikcə yaşamağa başlayır. Bu da onun ruhunda və əməlində böyük təsirə malikdir. Bundan əlavə ziyarət edib gəldikdən sonra isə çalışmalıdır bu səfərdə qazandığını göz bəbəyi kimi qoruyub saxlasın. Həm əməllərində, həm ibadətində daha da məsuliyyətli olmalı, ən azından bu ada xələl gətirməməlidir. Allahın salamı haqq əhlinin üzərinə olsun. Bir daha sizə öz təşəkkürümü bildirirəm.

 

Emil Rahiloğlu: "İyirmi milyonluq izdiham təbii ki, Amerika və İsrail üçün qorxuludur"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap