İmam Rzanın(ə) məqbərəsi: Tarix boyu kimlər onu bərpa edib, kimlər qarət edib?
Posted on : Əqidələr 10/16/2017 1:00:19 PM
İmam Rzanın məqbərəsi: Tarix boyu kimlər onu bərpa edib, kimlər qarət edib?
Məşhəd Həzrət
İmam Rzanın (ə) dəfn olunduğu şəhər kimi əsrlərdən bəri müsəlmanların ən məşhur
ziyarət məkanlarından biridir. “Məşhəd” sözünün lüğəti mənası “şəhid olunan
yer” deməkdir və belə adlandırılması Həzrət İmam Rzanın (ə) orada şəhid edilməsi
ilə bağlıdır.
Qeyd edək ki,
indiki Məşhəd bir zamanlar Abbasi xəlifəsi Məmunun xilafət mərkəzi seçdiyi Tus
şəhəri ətrafında yerləşir. X əsrdə yaşamış məşhur tarixçi və coğrafiyaçı İbn Həvqəl
yazır: “Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan,
Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rzanın (ə) qəbri
Noğan şəhərinin yaxınlığında, Sənabad kəndində yerləşir”.
Həzrət İmam Rza
(ə) On iki Əhli-Beyt İmamının (ə) səkkizincisidir. O Həzrət (ə) Miladi təqvimlə
765-ci ildə Mədinə şəhərində dünyaya gəlib və 818-ci ildə 53 yaşında ikən Tus şəhərində
şəhid edilib.
İmam Rza (ə) xəlifə
Məmunun göstərişi ilə Mədinədən Tusa gətirilir və xilafətin vəliəhdi təyin
edilir. Lakin Abbasi xilafəti İmamın (ə) artan nüfuzundan ehtiyat etdiyi üçün
818-ci ildə o Həzrətin (ə) zəhərlətdirilərək şəhid edilməsini həyata keçirir.
Həzrət İmam
Rzanın (ə) pak cənazəsi Tus yaxınlığında, Sənabad adlanan məntəqədə, Xəlifə
Harun ər-Rəşidin məqbərəsində torpağa tapşırılmışdır. Elə o zamandan Sənabad “Məşhəd”
adı ilə tanınmağa başlamış və İmamın (ə) qəbri-şərifi müqəddəs ziyarətgaha
çevrilmişdir. Sonralar İmam Rzanın (ə) ziyarətgahı ətrafında yaşayış massivi
salınmış, müxtəlif yerlərdən köç edən ailələr orada məskunlaşmış və nəticədə Məşhəd
bölgənin ən iri şəhərlərindən birinə çevrilmişdir.
Qeyd edək ki, Səfəvilər
zamanı, xüsusilə Şah Təhmasibin hakimiyyəti dövründə Məşhəd regionun ən əhəmiyyətli
şəhərlərindən sayılmışdır.
İmam Rza (ə)
ziyarətgah kompleksi o Həzrətin (ə) məqbərəsi ilə yanaşı, Gövhərşad məscidi,
Pirizad mədrəsəsi, Balasər mədrəsəsi və məscidi, Şeyx Bəhainin məqbərəsi, Zərrin
Səqqaxanası, böyük kitabxana, muzey və digər tikililəri özündə birləşdirir.
Kompleksdəki
kitabələr məqbərə üzərində inşa edilən binanın tarixinin Samanilərdən Qacarlara
qədər böyük bir dövrü əhatə etdiyini göstərir. Bu yazılarda məqbərənin “ilk
abad edənləri” kimi Samanilərin adı çəkilir. Tarixi məlumatlara görə, Nuh ibn Mənsur
Samaninin yaxınlarından olan Əbubəkr Şahmərd İmam Rzanın (ə) şəhid olduğu yeri
abadlaşdırmış, Məhəmməd ibn Əbdürrəzzaq Tusi və Əmir Məhəmmədiyyə Samani
dövrünün əmirləri isə müqəddəs ziyarətgaha xüsusi ehtiram göstərərək məqbərə
binası üzərində müxtəlif bəzək işləri həyata keçirmişlər.
X əsrdə
Əzüdüd-dövlə Deyləminin əmri ilə İmamın (ə) məqbərəsi o dövrün İslam memarlığı
üslubu əsasında təmir edilmiş və bəzədilmişdir.
Daha sonrakı
dövrdə Qəznəvilər ziyarətgah kompleksində təmir-tikinti işləri aparmışdır. Yəminüd-dövlə
Sultan Mahmud Qəznəvi atası Səbüktəkin Qəznəvinin qübbədə törətdiyi dağıntıdan
sonra onu yenidən bərpa etmiş və orada gözəl bir bina inşa etdirmişdir. Dəbir
adı ilə tanınan Əbülhəsən Əraqi isə XI əsrdə müqəddəs ziyarətgahı təmir edərkən
məzarın baş tərəfində məscid inşa etdirmişdir.
XII əsrdə Səlcuqlar
məzarın üstündə ilk günbəzi inşa edərək məqbərə kompleksini təmir etmişlər. Döşəmə
və divarlar nəfis Səncəri kaşıları ilə bəzədilmiş, üzərində Hicri-qəməri təqvimlə
512-ci il (Miladi -1118) tarixi həkk edilmişdir.
XIII əsrdə, Xarəzmşahların
dövründə məqbərə kompleksində yenilənmə işləri aparılmış, kompleksin kaşıları
özünə yeni rəng almışdır.
Sonrakı dövrlərdə
məqbərə kompleksində mərhələli şəkildə təmir və yenidənqurma işləri aparılmış,
qəbirin ətrafı və üzbəüz hissəsi əla növ çini kaşılar və kitabə ilə bəzədilmişdir.
Bu kitabədə gözəl süls xətti ilə İmam Rzanın (ə) adı və soyu Həzrət Əliyə (ə) qədər
yazılmışdır.
XV əsrdə,
Teymurilər dövründə məqbərənin kənarında əzəmətli Gövhərşad məscidi
tikilmişdir. Bu tarixi tikili müqəddəs hərəmin cənub tərəfində yerləşməklə
Darül-Səyadə və Darül-Hifaz tağlarına birləşir. Məscid Cığatay əmirlərindən
olan Əmir Qiyasəddin Tərxanın qızı və Teymurun oğlu Şahruxun həyat yoldaşı Gövhərşad
xanımın tapşırığı ilə 1418-ci ildə məşhur memar Qəvaməddin Şirazi tərəfindən
Teymurilər dövrünün memarlığı üslubunda tikilmişdir. Məscidin kaşıları Teymurilər
dövrünün şah əsərlərindən hesab edilir, günbəz şəkilli tağları və xüsusi bəzəyə
malik minarələri qabarıq üsulla bəzədilmişdir.
Teymurilər
dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu)
tarixi və gözəl kitabəsi səlis süls xətti ilə eyvanda gözə çarpır. Məscidin
tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır.
Məscidin
mehrabı mərmər daşından ibarət olub oyma, bəzək və kitabə ilə o dövr
memarlığının göstəricisidir.
Gövhərşad məscidi
2800 kv. metrlik həyətə malikdir, təməli isə 9400 kv. metrdir. Məscid binasının
səkkiz böyük eyvanı və yeddi otağı var. Məscidi inşa etdirən Gövhərşad xanımın
adı tikilinin şimal eyvanında (Darül-Siyadə) sarı rəngli kaşı üzərində süls xətti
ilə yazılmışdır.
Kompleksdəki qədim
memarlıq nümunələrindən biri də eyvan mehrabının yanında yerləşən Sahibəz-zaman
(ə.c) minbəridir. Bu nəfis minbər ustad Məhəmməd Nəccar Xorasani tərəfindən Fətəli
şah Qacar əsrinin taxta üzərində naxış üslubu ilə, eləcə də mismar işlədilmədən
qoz və armud ağacından düzəldilmişdir.
Eyvan üzərindəki
hündür günbəz binanın əzəmətini daha da artırmışdır. Günbəzin hündürlüyü 41
metr, eni isə 10 metrdir, xarici səthi kərpic və kufi xəttində olan bir kitabə
ilə bəzədilmişdir. Eyvanın iki tərəfində məscidin döşəməsindən ucalan 43
metrlik iki minarə düzəldilmişdir və onlar bir neçə kitabəyə malikdir.
Səfəvilər
dövründə məqbərə kompleksində daha mükəmməl təmir və yenidənqurma işləri
aparılmışdır. Günbəzin və iki minarənin qızıl ilə işlənməsi, qəbir üzərində ilk
zərihin hazırlanması, Tövhidxana tağları, Allahverdi xan günbəzi, Hatəm xan
günbəzinin hamısı bu dövrə aiddir. Şah Təhmasib, Şah Abbas və Şah Süleyman əsaslı
işlərlə bu dövrdə adlarını məqbərə kompleksinin tarixinə yazmışlar. Şah Təhmasib
1525-ci ildə ilk dəfə günbəzi qızıl ilə bəzətdirmiş, 1550-ci ildə qəbir üzərində
ilk zərih düzəltdirmişdir. Bundan əlavə, Əmir Əlişir eyvanını və iki minarəni də
qızıl ilə zinətləndirmişdir.
Şah Abbasın
zamanında kompleksin həyəti genişləndirilmiş, onun şərq, şimal və qərb hissəsində
eyvanlar, hücrələr düzəldilmişdir. II Şah Abbasın dövründə isə həmin tikililər təmir
edilmiş və kaşı ilə bəzədilmişdir.
1588-ci ildə
özbək xanı Əbdülmömin ziyarətgahı və günbəzdə olan qızılları qarət etmişdir. I
Şah Abbas Məşhədə etdiyi səfər zamanı yenidən günbəzi qızılla bəzətdirmişdir.
Əlirza Abbasi Şah Abbasın Məşhədə gəlişini və günbəzin qızıl ilə bəzədilməsini
süls xətti ilə abidənin aşağı hissəsindəki kitabədə həkk etmişdir.
Şah Süleyman Səfəvi
də Darül-Siyadə tağını təmir elətdirmiş və 1673-cü ildə zəlzələ nəticəsində
günbəzin qopmuş qızıllarını yenidən düzəltdirmişdir. Bu işlər Məhəmməd Rza
İmami tərəfindən günbəzin alt hissəsində yerləşən kitabədə qeyd edilmişdir.
Əfşarlar
dövründə kompleksdəki Ətiq həyətinin şimalındakı minarə və Əmir Əlişir eyvanı
yenidən qızıl ilə bəzədilmişdir.
Memarlıq
baxımından Qacarlar dövrü də ziyarətgah kompleksi tarixinin mühüm dönəmlərindən
sayılır. Belə ki, həmin vaxtlarda məqbərə kompleksi genişləndirilərək yeni həyətlər
salınmış, hazırda Azadlıq adlanan həyətin qərb hissəsi qızıl ilə bəzədilmiş və
Nasir eyvanı adı ilə məşhurlaşmışdır. Bundan əlavə, 1858-ci ildə Qaimməqam Nuri
müqəddəs Rövzənin güzgü ilə bəzədilməsinə dair göstəriş vermişdir. Bu dövrdə
Tövhidxana, Darül-Hifaz və Darül-Səyyarə tağları da güzgü ilə bəzədilmişdir.
1912-ci ilin
martında İmam Rzanın hərəminin Çar Rusiyası ordusu tərəfindən topa tutulması, hərəmin
bəzi hissələrinin dağılması xəsarət alması və oradakı bəzi əşyaların qarət
edilməsi ilə nəticələndi.
Həzrət İmam
Rzanın (ə) ziyarətgah kompleksi müasir dövrümüzdə daha da genişləndirilmiş,
burada möhtəşəm abadlıq işləri aparılmış, yeni həyətlər və binalar salınmışdır.
Son illərdə inşa olunmuş binaların həcmi əvvəlkilərdən beş dəfə çoxdur.
Binaların ərazisi 12 əsr ərzində təqribən 12 hektar olmuşdursa, son dövrdə təxminən
90 hektara çatmışdır. Son illərdəki çalışmalar nəticəsində üstü örtülü 26 bina,
üstü açıq 9 həyət və 4 giriş qapısı düzəldilmişdir. Bütün binalarda müasir
istilik və sərinləşdirmə sistemi quraşdırılmışdır.
Hərəmin iki tərəfdən
(cənub və şimal) qızıl qapılar vasitəsilə tağlara yol var və başqa iki tərəfdən
(şimal və qərb) iki böyük otaqla başqa tağlara və məzarın baş tərəfindəki məscidə
birləşir.
Qeyd edək ki,
ziyarətgahın idarəçiliyi xüsusi təsisat olan İmam Rza (ə) ziyarətgah kompleksi
tərəfindən həyata keçirilir. Bu kompleks bir təsisat olaraq Səfəvilər
zamanından fəaliyyətə başlayıb. Həmin təsisatın mülkündə çoxlu sayda əkin əraziləri,
heyvandarlıq fermaları, zavod və fabriklər, ticarət mərkəzləri və s. obyektləri
var. Ziyarətgah kompleksinin əmlakı olan torpaq sahələrinin təqribi dəyərinin
20 milyard ABŞ dolları məbləğində olduğu bildirilir. Təsisat gəlirləri hesabına
Rəzəvi İslam Elmləri Universiteti və İmam Rza (ə) Universiteti olmaqla iki ali
təhsil müəssisəsi, bir neçə elmi araşdırma mərkəzi, eləcə də kitabxanalar, xəstəxana
və klinikalar, idman kompleksi, internet televiziya kanalı, internet portalı,
“Qüds” qəzeti və s. fəaliyyət göstərir.
İmam Rza (ə)
ziyarətgah kompleksi bir təsisat olaraq İranın ən zəngin qurumu hesab edilir.
Bu quruma bağlı müəssisələrdə 15 min nəfərin çalışdığı, illik gəlirinin isə 130
milyon dollardan artıq olduğu bildirilir.
Məqbərə
kompleksinin tikili hissəsinin sahəsi 267 079 kv. metr, həyətləri ilə birgə
ümumi sahəsi isə 598 657 kv. metrə çatır. Burada eyni zamanda 700 min nəfər
ibadət edə bilir.
Həzrət İmam Rzanın
(ə) məqbərə kompleksini hər il 20 milyondan çox zəvvar ziyarət edir.