İMAM RZANIN (Ə) HƏYATI
Posted on : Digər sahələr 10/16/2017 1:00:12 PM
İMAM RZANIN (Ə) HƏYATI
Əziz
və hörmətli möminlər və saytımızın izləyiciləri! 14 avqust 2016-cı il Peyğəmbər
(s) ailəsinin səkkizinci nuru həzrət İmam Rzanın (ə) mübarək təvəllüdü münasibəti
ilə öndə zəmanəmizin sahibi həzrət mövla İmam Mehdini (ə) və sonra siz əzizlərimizi
təbrik edir uca Allahdan hamınıza səadət dolu ömür arzu edirik.
İmam Rza (ə)
148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O həzrətin adı Əli,
künyəsi Əbülhəsən, məşhur ləqəbi Rzadır və atası imam Kazim (ə) (183-cü hicri
ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə
çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci
il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat
etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna
toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o həzrətin vəfat
gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anasına Xeyzəran
deyilirdi; bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin
olduğunu qeyd etmişlər.
İmam Rza (ə)
201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə
getmiş və nəhayət, 203-cü ilin Səfər ayında 55 yaşında ikən, xəlifə Məmunun əli
ilə şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.
İMAM RZANIN (Ə)
ƏXLAQINDAN NÜMUNƏLƏR
Tarixçilər imam
Rzanın (ə) gözəl əxlaqına aid bir çox nümunələr qeyd etmişlər ki, biz də burada
onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik:
1. İbrahim ibn Abbas imam Rzanın (ə) əxlaqı barəsində belə nəql
edir:
–İmam Rza (ə)
heç kimə zülm və cəfa etməzdi; istər dostu olsun, istərsə də düşməni. Hamını təbəssümlə
qarşılayardı.
–Heç kimin
sözünü kəsməz və qarşı tərəfin sözü qurtarana qədər onu dinləyərdi.
–Onunla bir
yerdə oturanın qarşısında ayaqlarını uzatmazdı.
–Onunla bir
yerdə oturandan əvvəl belini dayamazdı. Ona ehtiram əlaməti olaraq ondan sonra
divara söykənərdi.
–Öz xidmətçiləri
və qulamlarına acı söz deməzdi.
–Özünü xidmətçiləri
və qulamlarından üstün tutmaz və həmişə onlarla birlikdə süfrə başında
oturardı.
–İbadəti uzun çəkərdi.
Gecələri az yatar, çox vaxt ehya saxlayar, gecələri ibadətlə keçirər, namaz
qılar və Allah-Taalanın kitabını tilvaət edərdi.
–Bir möhtacı
heç zaman əliboş qaytarmazdı, yoxsullara həmişə ehsan edər, çoxlu sədəqə verərdi.
Onlara gecə ikən ehsan edərdi ki, onu tanımasınlar.
2. İbadət imam Rzanın (ə) mənəviyyat və təqva ilə dolu həyatının
böyük hissəsini təşkil edirdi. İmamın (ə) bəzi şiələri deyirlər: “Hər dəfə o həzrəti
görəndə Allah-Taalanın bu kəlamı yadımıza düşərdi:
كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ
“Onlar (təqvalılar)
gecənin az bir hissəsini yatırdılar.” (“Zariyat”
surəsi, ayə 17; “Əl-ittihaf bihubbil-əşraf”, səh. 59.)
3. İmam Rzanın (ə) ən çox xoşladığı iş yoxsullara yardım etmək
idi. O həzrət Xorasanda olarkən “Ərəfə” günü bütün malını yoxsullara payladı.
Bunu görən Fəzl ibn Səhl dedi: “Bu, ziyana uğramaqdır.” İmam (ə) buyurdu:
“Əksinə, bu qənimətdir. Savab qazandıqların zərər sayılmaz.” (“Peyğəmbər (s) və
Əhli-beytin (ə) əxlaqı”, Ustad Baqir Şərif əl-Qürəşi, səh. 272.)
Bəli,
Allah-Taalanın yolunda xərc çəkmək ziyan deyil, əksinə, bu, insanı
Allah-Taalaya yaxınlaşdıran bir qənimətdir; elə bir qənimət ki, bütün xeyirlər
ondadır.
Rza Şükürlü