Taleh Bağırzadə: Nardaranda öldürülən beşinci adam kimdir?
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
"Tərxan dedi ki, sən poçt vasitəsilə məhkəməyə məktub göndər, bildir ki, ifadəni təsdiq edirsən"
"Azadlıq"
qəzetinin saytında Nardaran hadisələri barədə yazdığı yazıya görə Taleh
Bağırzadə 5 gündür "kars"a salınıb. Onun kitablar və radiosu əlindən
alınıb".
Bunu məhkəmədə
"Nardaran işi" üzrə mühakimə olunan Abbas Hüseynov deyib.
Noyabrın 28-də
Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədri
Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin növbəti
məhkəmə iclası keçirilib.
Müstəntiq dedi,
imzalamasam başım ağrıyar
Meydan TV-nin məlumatına
görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclas başlamazdan əvvəl Abbas
Hüseynov çıxış edərək Taleh Bağırzadənin vəziyyətindən danışıb.
Sonra iclas
başlayıb və Nardaran sakini olan 17 yaşlı Yusif Fərəcov ifadə verib. Şahid
qismində dindirilən Y. Fərəcov istintaq zamanı ifadəni təzyiq altında
imzaladığını deyib: "Mən oxumaq istədim. Müstəntiq əlini qaldırıb dedi ki,
deyəsən döyülmək istəyirsən. Dedi, imzalamasam başım ağırıyar. Lakin məni
vurmadı".
Y. Fərəcov
bildirib ki, noyabrın 23-də məhkəməyə gəlmək istəyib, lakin 42-ci Polis Bölməsinin
əməkdaşları onu tutaraq bölmənin rəisi Tərxan adlı şəxsin yanına aparıblar:
"Tərxan dedi ki, sən poçt vasitəsi ilə məhkəməyə məktub göndər, bildir ki,
ifadəni təsdiq edirsən. Mən də dedim ki, gedib ifadə verəcəm. Ona görə həmin
gün məni buraxmadılar. Mənim şəxsiyyət vəsiqəmi orada aldılar. Bir gün bölmədə
saxladıqdan sonra buraxdılar. Guya məni oğurluqda şübhəli biliblər. Dedilər ki,
Lahıc bağlarında oğurluq olub, səndən şübhəlib saxlanıldığımızı deyərsən. Mən də
bu gün səhər saat 7-də evdən çıxıb gəldim buraya ki, məni görən olmasın".
Nə vaxta kimi
bu haqsızlığa göz yumacaqsınız?
İclasda onun
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq İsmayıl Əliyev tərəfindən
dindirildiyi, dindirilən zaman 17 yaşının tamam olmadığı, dindirmədə nümayəndənin
iştirak etmədiyi məlum olub.
Abbas Hüseynov
isə hakimə "Nə vaxta kimi bu haqsızlığa göz yumacaqsınız" sualını
verib.
Hakim Əlövsət
Abbasov bildirib ki, şahidin iclasa gəlməsinə mane olan polis əməkdaşları barədə
tədbir görülməsi və faktın araşdırlması üçün Bakı şəhər Prokurorluğuna müraciət
ediləcək.
T. Bağırzadə isə
deyib ki, şahid adından yalan ifadə yazanların rəhbərləri saxtadırlar: "Tərxan
2013-cü ildə məni həbs edəndə cibimə narkotik atmışdı. Sonra iclasa əli sınıq vəziyyətdə
gəldi. Yenə də ona dərs olmayıb".
Fuad Qəhrəmanlı
isə bildirib ki, iclas şahidlərə görə yubadılır: "Bu gün şahid gəldi
danışdı və məlum oldu ki, onlara polis bölməsində təzyiq edilir və məhkəmə də məhz
buna görə bilərəkdən yubadılır. Tələb edirik bütün şahidlər məhkəmədə
dindirilsin. Şahidlərin poçtla məhkəməyə göndərdikləri məktublar qəbul edilməsin".
"Rüşvət
götürürsüz, konfet yox?"
İclasda Taleh
Bağırzadə isə hakimə konfet vermək istəyib. Bu isə hakimin narazılığına səbəb
olub. Fuad Qəhrəmanlı isə bildirib ki, hakimin aqressiv münasibəti psixoloji
basqıdır: "Lakin bilməlisiniz ki, burada belə şey keçmir. Nəzərə
almalısınız ki, aqressiv davranmaq mənasızdır. Belə şeyə ehtiyac yoxdur".
Hakim isə
bildirib ki, məhkəmə qaydaların pozulmasına görə iradını bildirib.
Taleh Bağırzadə
isə "konfer verdim də. Rüşvəti götürürsünüz, konfeti yox" - deyib.
Hakim isə ona "Siz fərz edirsiniz. Heç nəyi bilmirsiniz" cavabını
verib.
Şahidin
statusuna xitam verilsin
Daha sonra
iclasda Nardaran sakini olan Allahverdi Hadıyev ifadə verib. O, yazıb-oxumaq
bilmədiyini, istintaq zamanı ifadəni imzalamadığını deyib. İclasda məlum olub
ki, A. Hadıyev də bir neçə gün əvvəl 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən
oğurluqda şübhəli bilinərək saxlanılıb: "Dedilər, bağda oğurluq olub. Sonra
oğruları tapdılar, məni də buraxdılar".
Vəkil Nemət Kərimli
onun şahidlik statusuna xitam verilməsini istəyib. Hakim qanunvericlikdə bunun
nəzərdə tutulmadığını bildirib.
Vəkil Yalçın
İmanov isə şahid Yusif Fərəcovu dindirən müstəntiq İsmayıl Əliyev, Allahverdi
Hadıyevi dindirən müstəntiq Fikrət Quliyev və 42-ci Polis Bölməsinin rəisi Tərxan
adlı şəxslərin iclasa çağrılmaları barədə vəsatət verib. Lakin vəsatət təmin
edilməyib. Vəkil Yalçın İmanov ötən iclas zamanı ifadə verən polis əməkdaşı
Emin Babayevlə bağlı da vəsatət verib. Bildirib ki, o, iclasda yalan ifadə
verib və bununla bağlı sübutlar var. Vəkil onun barəsində cinayət işi
başlanılması üçün prokurorluğa müraciət edilməsini istəyib. Hakim deyib ki,
buna sonra qiymət veriləcək.
Ramil Usubov məhkəmədə
ifadə versin
Taleh Bağırzadə
isə Ramil Usubovun məhkəmədə ifadə verməsini istəyib: "Ramil Usubov çıxışı
zamanı Nardaranda beş nəfəri məhv etdiklərini deyib. Onlardan dörd nəfərin qəbri
Nardarandadır. Bir nəfər kimdir, onu bilmirik. Ramil Usubov gəlib buna aydınlıq
gətirsin. Bu, bizim üçün çox vacibdir. Bəlkə öldürülən polisi nəzərdə
tutur?"
Hakim bildirib
ki, onlarda bu barədə məlumat yoxdur: "Siz o, çıxışı bizə təqdim edərsiniz,
müzakirə edərik".
Şamil Abduləliyev
isə deyib ki, iclasa gələn şəxslərin şəxsiyyət vəsiqələri məhkəmədə girov
götürülür: "Siz dediniz tədbir görəcəksiniz. Lakin nəsə etmədiniz. Bura gəlib
zalda oturan şəxslərdən Faiq Şahbazova 30 sutka həbs cəzası verilib, bundan
başqa da cəzalandırılanlar olub".
Hakim zalda
oturanların şəxsiyyət vəsiqələrinin yoxlanıldığını deyib.
F. Qəhrəmanlı
isə bildirib ki, yoxlamağa etiraz etmirlər: "Onların şəxsiyyət vəsiqələri
icraçılarda saxlanılır və siz də bunu himayə edirsiniz, qanuna uyğun don
geyindirməyə çalışırsınız. Siz qanunu təhrif edirsiniz. Xahiş edirəm, bu, mətbuat
tərəfindən işıqlandırılsın. Bundan sonra da sizə sifarişli işlər veriləcək. Heç
olmasa elə edin ki, formallığı saxlaya biləsiniz". Hakim ona xəbərdarlıq
edib. Bildirib ki, hakimə hörmətsizlik edir.
Proses noyabrın
30-da davam edəcək.
Ötən il
noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis,
6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən
çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir).
Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər
1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və
daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar
qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər
bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını
bildirirlər.